Azərbaycan qadını obrazını dünyaya tanıdan xanım

 

Ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını bir varlıq olaraq cəmiyyətdə nüfuz sahibi olub. Onun qadın gözəlliyi, qadın idarəsi, saflığı və sədaqəti xalqımızın milli-mənəvi dəyərləri sistemində formalaşmışdır. Azərbaycanın mütəfəkkir qadınları həyat mənbəyi və müdriklik mücəssəməsidir. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir.

Tarixdən bizlərə yaxşı tanış olan Qızıl Arslanın həyat yoldaşı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, Şirvanşah Xəlilullanın xanımı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları Azərbaycan qadınının nümunəsidir. Bu gün müasirimiz olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da məhz belə qadınların davamçısı olaraq Azərbaycanın ictimai-siyasi və mədəni həyatında müstəsna rola malikdir. Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti, genişmiqyaslı layihələri nəticəsini verib. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində fondun böyük mahiyyət daşıyan addımları Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir. Bu gün əməli fəaliyyəti ilə nüfuz qazanan Mehriban Əliyevanın doğum günüdür. Belə bir əlamətdar gündə Azərbaycanın ictimai həyatında tanınan simalar Mehriban xanımın şaxəli həyatı ətrafında fikirlərini söylədilər:

 

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Rəbiyyət Aslanova:

 

- Öz varlığı ilə məmləkətinə şərəf gətirən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva haqqında danışmaq, fikir söyləmək qürurlu bir hissdir. O, Azərbaycan qadını, Azərbaycan insanı obrazını yaradıb. Onun bütün fəaliyyəti Azərbaycan haqqında olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələndi. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür Onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxdı. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail oldu. Öz peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə humanist insan obrazını canlandırdı. Biz xaricdə olarkən Azərbaycan haqqında danışanda ilk anda Mehriban xanımın adı həmin ölkədə çəkilir. Mehriban xanım güclü siyasətçidir.

Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə daxil olmasında atdığı addımlar çox əhəmiyyətli hadisədir. YUNESKO-nun elə bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi dəyərlərindən, mədəniyyətindən söz açılmasın. O, tarixi həqiqətləri, tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının iştirakı olan tədbirlərdə qonaqlara çatdıraraq, maraqlı faktlar əsasında çıxışı ilə ölkə həyatında baş verən hadisələrin təbliğinə nail olmuşdur.

Onun humanizminin nəticəsi olaraq Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi geniş bir sferanı əhatə etmişdir. Belə ki, ahıllara, qocalara, uşaqlara qayğı ilə yanaşmaq məsuliyyəti Mehriban xanımın fəaliyyətində özünü təsdiqlədi. Mövcud humanizm bu gün ölkəmizdə örnəkdir. Yaradıcı düşüncəsi geniş layihələrin gerçəkləşməsinə gətirib çıxarıb. Beynəlxalq əhəmiyyət daşıyan layihələr nəticəsində mədəniyyətlərarası dialoqa nail oldu. Paytaxtımızda “Mədəniyyətlərarası dialoq” forumu keçirildi. Bu, Mehriban xanımın Şərq və Qərb dəyərlərini özündə cəmlənməsinə gətirib çıxardı. 

Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indi Mehriban Əliyevanın fəaliyyətində davam edir.

  Dünyanın bütün prezidentlərinin xanımları ölkənin birinci xanımıdır. Mehriban xanım təkcə Prezidentin xanımı olduğuna görə deyil, həm də bütün proseslərdə fəal iştirakına görə Azərbaycanın birinci xanımıdır. Bütövlükdə, potensialını ortaya qoyan Mehriban xanım fəaliyyəti ilə Azərbaycan iqtisadiyyatına, mədəniyyətinə, siyasətinə yenilikləri ilə töhfələrini verir. Mən Mehriban xanıma hər şeydə birinci olmağı arzulayıram. Bütün Azərbaycan xanımlarını Mehriban xanımdan örnək götürməyə səsləyirəm. Onun ad günü münasibətilə Azərbaycan xanımlarının timsalında təbrik edib uğurlar diləyirəm.

 

YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova:

 

 - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Ulu Öndərin ideyalarının daşıyıcısı kimi fəaliyyəti Azərbaycana öz töhfələrini verib. Onun fəaliyyət dairəsi olduqca əhatəli və şaxəlidir. Qeyd edək ki, hələ Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri olduğu zamanda, nəinki Azərbaycanda, eləcə də, dünya miqyasında böyük layihələrin gerçəkləşməsinə nail olub. Azərbaycan mədəniyyətinin, onun imicinin yüksəldilməsində böyük xidmətlər göstərib. Milli-mənəvi dəyərlərin təbliğatı istiqamətində gördüyü işlər ölkənin gələcək həyatının uğurlu nailiyyətləri ilə nəticələnib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, Onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Mehriban Əliyeva tərəfindən yaradılan Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Fond yarandığı zamandan bu günə qədər görkəmli siyasi xadim Heydər Əliyevin ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir.

Bu yol Heydər Əliyevin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə doğru yönəlib.

Mehriban xanım Əliyeva Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşdırır. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirərək, respublikanın və xarici ölkələrin fondları ilə əməkdaşlığı genişləndirir. Qısa bir zamanda xalqlararası münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətini genişləndirdi. Məhz buna görə Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər yaratmağı, eləcə də, bu ölkələrdə fəaliyyət göstərən analoji qeyri-hökumət qurumları ilə əməkdaşlıq əlaqələri qurmağı məqsədyönlü hesab edərək Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Fondun nümayəndəliklərinin dünya ölkələrində yaradılmasının dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli mövqeyə malik olmasını da qeyd etməliyik. Fondun Rusiya təmsilçisi Leyla xanım Əliyevanın həyata keçirdiyi bir sıra layihələr, xüsusilə, “Xocalıya ədalət” kampaniyası qeyri-millətlərə Azərbaycan həqiqətlərinin çatdırılmasında, onun təcavüzkar erməni siyasətinin qabardılmasında rola malikdir.

Mehriban xanım Əliyeva humanizm prinsiplərinə əsaslanaraq, köməyə ehtiyacı olan şəxslərə yardım edərək onların müalicəsinin təmin olunmasını təşkil edir. Belə ki, kimsəsiz və dəstəyə ehtiyacı olan insanlara ehtiramla yanaşır. Qeyd edim ki, çox zaman kütləvi informasiya vasitələrinin xəbəri olmadan belə bir çox xeyriyyə aksiyalarına imza atır. Bir fakt olaraq qeyd edim ki, təkcə Şəmkir rayonunda neçə-neçə kimsəsiz və imkansız şəxslərə, ailələrə kömək əlini uzatmışdır. Bu,  Xaçmazda və digər rayonlarda da baş verib. Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqlara bir anadır. Valideyn himayəsindən məhrum olan uşaqların maddi-texniki bazasının yenidən qurulmasında gördüyü işləri xüsusi qeyd etməliyik. Həmin müəssisələr Avropa standartlarına uyğun bir şəkildə təşkil olunub.

Bu gün Qarabağ probleminin tanıdılmasında təşkil etdiyi konfranslar, eləcə də, apardığı təbliğatlar nəticəsini verməkdədir. Bir məqamı da xüsusilə qeyd etmək istərdim ki, bu gün dünya adamı siyasi debatlardan yorulub. Dünya insanı mədəniyyət, humanizm, prinsipləri əsasında danışıqlara üstünlük verir. Mehriban xanımın uzaqgörənliyinin nəticəsidir ki, mədəniyyətlə, incəsənətlə Qarabağ problemlərinin tanıdılmasına nail olur. Təsadüfi deyil ki, Qarabağ İctimai Forumu tərəfindən Mehriban xanıma “Qarabağın səsi” ali mükafatı təqdim olunub. Bu gün də Mehriban xanım geniş və şaxəli fəaliyyəti ilə məşğuldur. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri tək yorulmadan böyük işlər görür.

Azərbaycan Gimnastika Federasiyasının prezidenti tək uğurlarını da qeyd etmək istərdim. Onun fəaliyyəti dövründə Azərbaycana böyük uğurlar nəsib oldu. Beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanda təşkili, eləcə də, bir çox mükafatlarının giminastlar tərəfindən əldə olunması məhz Mehriban xanımın məqsədyönlü fəaliyyətinin nəticəsidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı keçirildi. Ölkəmizdə ilk dəfə təşkil olunan Avropa çempionatında 33 ölkəni təmsil edən  gimnast mübarizə apardı. Sevindirici haldır ki, Azərbaycan komandası bu yarışda böyük uğurlar qazandı.Fəaliyyətində ictimai həyatın digər sahələri kimi, idmana da daim diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək tikilən məktəblərin əksəriyyətində idman meydançaları, lazımi avadanlıqla təchiz olunmuş idman salonları yaradılmışdır. Uşaqlar və gənclər arasında idmanın təbliğini diqqətdə saxlayan Mehriban Əliyeva Azərbaycanda keçirilmiş bir çox yarışlara hamilik edib.

Onu da qeyd edim ki, Mehriban xanım Milli Məclisin deputatı kimi amnistiya ilə bağlı müraciət edib və azadlıqdan məhrum olunmuş çoxlu sayda insanların humanizm prinsiplərinə əsaslanaraq azadlığa buraxılmasına nail olub. Bütün bu reallıqlar Mehriban Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətini göz önündə canlandırır.

 

YAP Binəqədi rayon təşkilatı idarə heyətinin üzvü, YAP Binəqədi rayon qadınlar şurası idarə heyətinin üzvü Adilə Orucova:  

 

- Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər bir əsrin tarixi qədər möhtəşəm və alidir. Onun vətənpərvərlik, milli heysiyyat kimi mənəvi dəyərləri məhz dünya arenasında Mehriban xanım Əliyevaya böyük bir məhəbbət yaradıb. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusisiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlər tarixin bugünü üçün deyil, zamanın axarında əsrlərin yaddaşında iz buraxacaq hadisələlərə bağlıdır.

Azərbaycan cəmiyyətində gənc nəslin biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını prioritet məsələlərdən hesab edən təhsilin inkişafına yönəlmiş genişmiqyaslı proqram və layihələri qısa bir zaman məsafəsində böyük uğurlara səbəb oldu. “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublika üzrə uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş, kommunal şərait yaxşılaşdırılmışdır. Eyni zamanda, uşaq evləri və internat məktəblərində kitabxanalar yaradılmış, müvafiq tədris vəsaitləri ilə təmin olunmuş, bu müəssisələrin əksəriyyətində kompüter avadanlığı quraşdırılmış, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır.

Mehriban xanım Əliyeva “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı əsasında təhsil sahəsində mövcud olan problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqla proqram çərçivəsində müasir standartlara cavab verən məktəb binaları inşa olunaraq yenidən qurulmuşdur. Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir.

Mehriban Əliyeva gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşaraq uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onları sağlam ruhda tərbiyə etmək istiqamətində müxtəlif layihələr həyata keçirir. Onun təşəbbüsü ilə inşa olunan orta məktəb və məktəbəqədər müəssisələrdə idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini-stadionlar, idman qurğuları ilə təchiz olunmuşdur. Mehriban Əliyeva bir qadın, ana olaraq, cəmiyyətin sosial qayğılarına daim diqqət yetirir, həyata keçirdiyi layihələrlə əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasına nail olur. O, uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərir.  “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirməklə Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq qayğı göstərilir, dərman preparatları ilə təmin edilirlər. Bu yöndə olan layihələri çərçivəsində Azərbaycanda yayılan talassemiya xəstəliyinin qarşısının alınması məqsədi ilə Talassemiya Mərkəzi inşa edildi. Belə bir mərkəzin inşası bu xəstəlikdən əziyyət çəkən uşaqların burada müalicə olunurlar.

Gördüyümüz kimi, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib. İnanırıq ki, Mehriban xanım  Əliyeva gələcək fəaliyyətində də bu strateji istiqamətlərdə möhtəşəm layihələrin həyata keçirilməsini davam etdirəcək.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 26 avqust.- S. 3-4.