Azərbaycan
muğamı dünyanı fəth edir
Azərbaycan muğamı dünya ölkələrində birmənalı olaraq qəbul edilir, dünyanın mədəni irs siyasında nadir əsər tək qorunur və təqdim olunur. 26 avqust tarixi bütün muğamsevərlərin, xüsusilə də, bu sənət növünü yaşadan və onun təbliğinə daim yaradıcılıq və həyat yolunu həsr edən şəxslərin bayramıdır. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir. Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də, onun Azərbaycan bəstəkarlarının, rəssamlarının, heykəltəraşlarının və şairlərinin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ermənilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır.
Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı “bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri” elan etmişdir.
Muğam - Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onlardan hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəstgah, muğam və zərbi-muğamdır.
Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəstgahdır. Professional muğam sənətinin tarixinə mənbələr əsasında diqqət yetirsək, görərik ki, 1922-ci ildə muğamın tədrisi Bakıda açılmış ilk Avropa tipli musiqi tədris müəssisəsinin dərs proqramına daxil edilmişdir. Tədris proqramının tərtibi sonda Azərbaycan dəstgahlarının strukturunda xeyli islahatlara və ənənəvi məhəlli məktəblərin nisbi unifikasiyasına gətirib çıxardı. Muğamın tarixinə diqqət etdikdə, görürük ki, Üzeyir Hacıbəylinin göstərişinə əsasən, o vaxtın ən nüfuzlu musiqiçilər qrupu dəstgahların ixtisar edilmiş tədris versiyalarını işləyib hazırlamışdır. 20-ci və 30-cu illərdə tədris versiyaları ilə yanaşı, böyük sənətkarların - o vaxtın ustadlarının genişləndirilmiş versiyaları da mövcudluğunu davam etdirirdi. Muğam ifaçılığının yayılmasında və onun professional şəkil almasında XIX yüzilin 20-ci illərindən XX yüzilin əvvəllərinə qədər Azərbaycan şəhərlərində yaranmış ədəbi və musiqi məclisləri böyük rol oynamışlar. Onlardan ən məşhuru Şuşada “Məclisi-Fəramuşan”, “Məclisi-Üns”, Musiqiçilər Cəmiyyəti, Şamaxıda “Beytüs-səfa” və Mahmud ağanın musiqi məclisi, Bakıda “Məcmə-üş-şüəra”, Gəncədə “Divani-hikmət”, Ordubadda “Əncümən-üş-şüəra”, Lənkəranda “Fövcül-füsəha” idi. Bu məclislərdə şairlər, ədiblər, musiqiçilər, sadəcə, ziyalı şəxslər, klassik poeziyanın və musiqinin sərrafları və biliciləri toplaşır, muğamları diqqətlə dinləyir, musiqinin və şeirin incə ifası ətrafında müzakirələr aparırdılar. Məclislər özlüyündən XIX yüzildə və XX yüzilin əvvəlində Azərbaycan musiqiçilərinin professional baxımdan kamilləşmələrində güclü stimul rolunu oynamışdı.
XX yüzilin 20-ci illərindən başlayaraq -
sovet dövründə Azərbaycanda musiqi təhsili, o
cümlədən, muğamın tədrisi 3 mərhələli
sistem üzərinə köçürüldü: məktəb
- texnikum - konservatoriya. Beləliklə,
muğam sənətinin tədrisi prosesi indi formal olaraq 14-15 il
vaxt aparır. İfaçılar özləri hesab edirlər
ki, professional yetkinlik musiqiçiyə 5-10 il praktik
çıxışlardan tez olmayaraq çatmaq olar. Beləliklə,
muğam ifaçısının ustad, yəni öz peşəsində
əsil professional olmasından ötrü 20-25 il vaxt tələb
olunur. Tələbin bu səviyyəsi özlüyündə
muğamı şifahi ənənəli professional sənət
səviyyəsinə qaldırır.
Azərbaycanda
sovet rejimi qurulduqdan sonra, xüsusən də, 30-cu illərdən
başlayaraq, musiqi mədəniyyəti tamamilə dövlətin
nəzarəti altına keçir. Sovet dövlətinin
yürütdüyü “dəmir pərdə” siyasəti uzun
müddət Azərbaycan musiqisi üçün beynəlxalq
musiqi məkanına çıxışı
bağlamışdı. XX yüzilin əvvəllərində,
Şərq incəsənəti Qərb auditoriyasında maraq
doğurduğu vaxtlarda Azərbaycan musiqiçiləri məlum
siyasi vəziyyətə görə, ona sərbəst
çıxışa malik olmadıqları kimi sovet Şərqinin
ənənəvi musiqiçiləri də belə bir
çıxışa malik deyildilər. Müvafiq olaraq Qərbin
bədii məkanında müsəlman Orta Şərqinin
musiqi mədəniyyətlərindən daha çox yeri ərəb,
İran və türk ənənəvi musiqisi tutmuşdur.
Xarici mədəni məkanda Azərbaycan muğamının
mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın
özünün daxilində də keçən yüzilin
20-30-cu illərin məlum şüarlarında ifadə
olunmuş nihilist tendensiya (“doloy tar!”, “doloy muğam”) tədricən
muğam sənətinin ictimai statusunu laxlatdı.
XX
yüzilin 30-cu illərindən başlayaraq, 70-ci illərədək
olan dövrdə Azərbaycan cəmiyyətində muğamata
primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə
başladısa da, hər halda cəmiyyətdə, onun müəyyən
bir hissəsində muğamatın populyarlığını
azaltmadı. Muğam sənətinə münasibət
yalnız XX yüzilin 70-ci illərində, YUNESKO-nun himayəsi
altında ənənəvi musiqinin ilk beynəlxalq
simpoziumları və festivallarının keçirilməsindən
və bu hadisələrin sovet cəmiyyətində geniş əks-səda
doğurmasından sonra dəyişməyə başlayır.
Bu tədbirlər ənənəvi musiqi sənətinə
marağın oyanmasına və ona yüksək dərəcəli
professional sənət olaraq baxışların
formalaşmasına rəvac verdi.
XX
yüzilin 90-cı illərindən başlayaraq Azərbaycan
muğam sənəti dünyanın hər yerində dinləyicilərin,
mütəxəssislərin və menecerlərin diqqətini
get-gedə daha geniş şəkildə özünə cəlb
etməyə başlayır. Azərbaycanın ənənəvi
musiqiçiləri beynəlxalq festivallarda iştirak edir,
dünyanın hər yerinə qastrollara çıxır,
onların diskləri Qərbin ən iri səsyazma
studiyalarında buraxılır.
Muğam
sənəti XX yüzillikdə Azərbaycan bəstəkarlarının
yaradıcılığına ilham verən qaynaq olmuş və
olaraq qalır. 1908-ci ildən - Bakıda Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyovun Azərbaycanda professional musiqi teatrının
başlanğıcı olan ilk operasının səhnəyə
qoyulduğu tarixdən muğamlar Azərbaycan musiqisindən
bir çox musiqi əsərlərinə və yeni janrlara həyat
vermişdir. Sonuncular sırasında - muğam operası,
simfonik və xor muğamları, sonata-muğam, caz-muğam
göstərilə bilər. Azərbaycan bəstəkarlarının
ayrı-ayrı əsərlərinin bu gün də
böyüməkdə olan çox uzun bir siyahısı
muğam ənənələrinə əsaslanır.
Müasir
dövrümüzdə özünün yeni bir inkişaf
dövrünü yaşayan Azərbaycan muğamı dövlət
tərəfindən qorunur və təbliğ edilir. Azərbaycan
xalqının mədəni ənənələri və
tarixində dərin köklərə malik olan muğam sənətinin
inkişafına və təbliğinə xüsusi önəm
verilir. Muğamı qorumaq, inkişaf etdirmək, onun gözəlliyini
və dərin fəlsəfəsini gələcək nəsillərə
çatdırmaq məqsədi ilə Heydər Əliyev Fondu
tərəfindən irimiqyaslı layihələrin həyata
keçirildiyini qeyd etməliyik.
“Azərbaycan muğamları” layihəsi çərçivəsində
“Qarabağ xanəndələri” musiqi albomunu nəfis şəkildə
nəşr etmişdir. Albomda 24 virtuoz muğam
ifaçısının səsləndirdiyi muğam
parçaları qədim və zəngin mədəniyyətimiz
barədə dinləyicilərdə geniş təsəvvür
yaradır.
Milli-mənəvi
dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin
təbliği sahəsində həyata keçirilmiş layihələr
arasında Azərbaycan muğamının dünyada geniş
təbliği məqsədi ilə Bakı şəhərində
Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli
yer tutur. Regionlarda da Muğam Mərkəzlərinin
yaradılmasına dəstək verən Heydər Əliyev
Fondunun təşəbbüsü ilə keçən il
Ağcabədi şəhərində Qarabağ Muğam Mərkəzi
inşa olunmuşdur.
Heydər
Əliyev Fondu tərəfindən Azərbaycan
muğamının inkişafı və dünyada
tanıdılması məqsədilə müxtəlif
müsabiqələr və beynəlxalq festivallar təşkil
edilərək həyata keçirilir. İlk olaraq fondun
birbaşa dəstəyi ilə keçirilən və Azərbaycan
muğam sənətinin inkişafına və təbliğinə
böyük töhfələr verən muğam müsabiqələrini
və beynəlxalq festivalları qeyd etmək lazımdır.
2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik
yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən
keçirilən muğam müsabiqəsi Azərbaycan
tamaşaçıları ilə yanaşı, xaricdə
yaşayan soydaşlarımız tərəfindən də
razılıqla qarşılandı. Qədim muğam sənətinin
qorunub saxlanılması, zəngin tarixə malik
ifaçılıq sənətinin gələcək nəsillərə
çatdırılması, yeni ifaçılar nəslinin
yetişdirilməsi məqsədi ilə fond 2007-ci ildən
başlayaraq hər il ardıcıl olaraq muğam müsabiqəsi
keçirilir.
Bakıda
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati
dəstəyi ilə dünyada ilk dəfə olaraq “Muğam
aləmi” Beynəlxalq Muğam Festivalının keçirilib.
Festival çərçivəsində keçirilən
Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam
Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər,
elmi tədqiqatçılar və dünyanın bir çox
ölkələrindən dəvət olunmuş xarici qonaqlar
iştirak etmişlər. Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın Azərbaycan muğam sənətinə
bu diqqət və qayğısı muğamın təbliği,
tədrisi, peşəkar musiqi
ifaçılığının, müasir dinləyici mədəniyyətinin
formalaşdırılmasında əvəzsiz rol oynayır.
2008-ci ildə,
həmçinin, Fondun Azərbaycan muğamına həsr olunmuş
yeni nəşri - “Azərbaycanın muğam ensiklopediyası”
(iki cilddə) Azərbaycan, rus və ingilis dillərində nəşr
edilmişdir.
Bu gün
Azərbaycan muğam sənətinin nüfuzlu simaları
dünya miqyasında Azərbaycan muğam sənətini təbliğ
edərək bu sənəti nadir əsər tək
tamaşaçılar çatdırırlar. Demək olar ki,
bu gün Azərbaycan muğamı dünyanı fəth edib.
Bu sənətin qocaman, yaşlı, gənc səntkarları
hər zaman öyrənir, öz üzərilərində
çalışır və Azərbaycan
müğamını çoxsaylı tamaşaçıya təqdim
edirlər. Belə bir sənət növü ilə hər
bir azərbaycanlı qürürlanmaqda haqlıdır.
Beynəlxalq Azərbaycan Muğamı
Günü və İpək yolu üzərində yerləşən
ölkələrin musiqisi günü elan olunması bir daha Azərbaycan
mədəni irsinə beynəlxalq səviyyədə verilən
qiymətdir. Dünya miqyasında keçirilən musiqi
festivalı çərçivəsində Azərbaycanın
simfonik musiqisi və muğamı günləri təşkil
olunur. Konsertlər çərçivəsində “Qarabağ
şikəstəsi”, “Cahargah”, “Heyratı” muğamları ilə
yanaşı, Üzeyir Hacıbəylinin, Cövdət
Hacıyevin, Qara Qarayevin, Müslüm Maqomayevin və digər
klassiklərimizin əsərləri Kanadanın “İpək
yolu” kamera orkestrinin ifasında səsləndirilir.
Səs.- 2011.- 26 avqust.- S. 12.