Özəl sektor dinamik inkişaf edir

 

Ölkə Prezidenti İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Ölkə Prezidenti İlham Əliyev özəl sektorun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışarkən, müvafiq sahəyə bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirmişdir: “...Bu il də özəl sektora güzəştli şərtlərlə kifayət qədər böyük həcmdə - 125 milyon manat kredit veriləcəkdir ki, bu da özlüyündə növbəti illərdə yeni istehsalların, iş yerlərinin açılmasına və qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir “.

Qeyd edək ki, yeni iş yerlərinin yaradılması və əhalinin maddi rifah halının yüksəlməsində özəl sektor, sahibkarlıq xüsusi çəkiyə malikdir. Ölkəmizdə sahibkarlıq institutunun inkişafı daim diqqət mərkəzindədir və dövlət müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarına hər cür qayğı göstərir. Elə sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər də bunun real təzahürüdür. Cari ildə də bu istiqamətdə xeyli iş görülmüşdür. Belə ki, Sahibkarlığa Kömək Milli Fondu 2011-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycanda sahibkarlara ümumilikdə 61,9 milyon manat məbləğində güzəştli kredit verilmişdir. Bu müddət ərzində fondun vəsaitləri hesabına 743 investisiya layihəsi maliyyələşdirilmişdir. Fondun vəsaitlərindən 53,2 milyon manat 42 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir. Daha 8,7 milyon manat 701 kiçik həcmli investisiya layihələrinin maliyyələşdirilməsinə ayrılmışdır.

Yeri gəlmişkən, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinin nəticəsi olaraq bu ilin ilk yarısında “bir pəncərə” sistemi ilə qeydiyyata alınan sahibkarların 52,7 faizi regionların payına düşür. Ölkə başçısının “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanının icrası ilə əlaqədar biznes mühitinin yaxşılaşdırılması məqsədilə cari il iyul ayının 1-dən etibarən yeni elektron xidmətin göstərilməsinə başlanılmışdır. Belə ki, artıq sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən fiziki şəxslər vergi orqanlarına getmədən internet Vergi İdarəsi vasitəsilə birbaşa on-line rejimində qeydiyyata alınırlar ki, bu, qeydiyyat sahəsində mühüm bir mərhələ sayıla bilər.

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan - Polşa biznes forumunda respublikamızda özəl sektorun tərəqqisi ilə bağlı maraqlı bir məqama toxunmuşdur: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılmışdır. İqtisadi sahədə liberallaşma siyasəti aparılır, Azərbaycanda biznes strukturları güclənir. Həm böyük şirkətlər, həm də kiçik və ortahəcmli şirkətlər öz fəaliyyətlərini gücləndirir. Özəl sektorun Azərbaycanın ümumi daxili məhsulundakı payı 80 faizə çatıbdır. Nəzərə alsaq ki, cəmi iyirmi il bundan əvvəl Azərbaycanda özəl sektor faktiki olaraq mövcud deyildi, hesab edirəm, bu, çox gözəl göstəricidir. Yəni, qısa müddət ərzində həm siyasi və eyni zamanda, iqtisadi islahatlar nəticəsində Azərbaycanda liberal iqtisadiyyat tam formalaşıb, bazar iqtisadiyyatı prinsipləri tam qüvvəyə minibdir. Bu, bizə öz iqtisadi imkanlarımızı əhəmiyyətli dərəcədə artırmağa imkan verdi”.

Göründüyü kimi, ötən illərdə olduğu kimi, bu ilin ilk yarısında da dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsində isə sözügedən sahədə mühüm nailiyyətlər əldə edilmişdir.

     

 

R.Hüseynova

 

Səs.- 2011.- 28 avqust.- S. 2.