Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində

 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə 28-29 avqust tarixlərində Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş “Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində” mövzusunda konfrans və “Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində” mövzusunda dəyirmi masa keçiriləcəkdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Səs” qəzetinə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası  Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının icraçı katibi Nazim İbrahimovun, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun, Milli Məclisin üzvləri Musa Qasımlının, Qənirə Paşayevanın, Gülər Əhmədovanın, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadənin və başqalarının iştirakı nəzərdə tutulub. Tədbirə, həmçinin, Gürcüstanın Diaspor Məsələləri üzrə Dövlət naziri Mirza Davitaya, Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə Dövlət naziri xanım Yekaterina Teşelaşvili, Gürcüstanın Ombudsman Aparatının rəhbəri Georgi Tuquşi və Gürcüstanın azərbaycanlıların kompakt şəkildə yaşadıqları bölgələrin icra strukturlarının rəhbərləri və digərləri dəvət olunub.

“Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində” mövzusunda konfransın gedişatı zamanı Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən ötən iyirmi il ərzində ölkədə aparılan dövlət quruculuğu, siyasi, iqtisadi, sosial, mədəniyyət və turizm sahəsində həyata keçirilən islahatlar və onların nəticəsi olaraq, Azərbaycan Respublikasının Cənubi Qafqazın iqtisadi və siyasi inkişafında rolunun güclənməsindən bəhs edən məruzələr dinlənəcəkdir.

“Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində” mövzusunda dəyirmi masada bu inteqrasiyaya nail olmaq üçün iki ölkə arasında qarşılıqlı əməkdaşlıq mexanizmləri, Gürcüstanda azərbaycanlı icmasının yeri, Azərbaycan və gürcü xalqları arasında tarixi köklərə malik dostluq münasibətlərinin azərbaycanlıların cəmiyyətə inteqrasiyasında rolu, Gürcüstanda müsəlman icmasının dini etiqad azadlığının təmin olunması sahəsində mövcud vəziyyət, azərbaycanlılara gürcü dilinin tədrisinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının regionda sülhün, təhlükəsizliyin və iqtisadi tərəqqinin vacib şərti olmasına dair məruzə və çıxışlar səslənəcək, onların ətrafında müzakirələr aparılacaqdır.

Gürcüstanın Batumi şəhərində keçirilən iki günlük konfrans və dəyirmi masa çərçivəsində “Müstəqilliyimiz əbədidir”, “Bir səfərin təəssüratı, yaxud sizi deyib gəlmişdik”, “Gücümüz birliyimizdədir” sənədli filmlərinin nümayişi, mədəni-kütləvi tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş “Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində” mövzusunda konfrans və “Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində” mövzusunda dəyirmi masanın işini Azərbaycan və Gürcüstandan olan 30-dək KİV nümayəndəsinin işıqlandıracağı gözlənilir.

 

 

ZÜMRÜD

 

Səs.- 2011.- 28 avqust.- S. 6.