Maddi tarixi abidələrə qarşı talançılıq siyasəti

 

Uzaq keçmişdən başlanılan bu siyasət bu gün Ermənistan tərəfindən həyata keçirilir

 

Azərbaycan tarixən özünün milli-maddi sərvətləri ilə zəngin olmuşdur. Çoxəsrlik tarixə malik xalqın müxtəlif dövrləri əhatə edən milli sərvətləri - abidələri insanların memarlıq üslubunu, yaşayış tərzini, məşğuliyyətini, mədəniyyət və incəsənətini əks etdirir. Bu nümunələrin bir qismi dünya əhəmiyyətli abidələr, bir qismi yerli əhəmiyyətli abidələr olaraq qiymətini alıb.

Həmin abidələr xalqın etnoqrafiyasını öyrənmək baxımından da əhəmiyyətlidir. Belə nümunələr Azərbaycanın, demək olar ki, bütün rayon və şəhərlərində mövcuddur. Xüsusilə də, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda. Qeyd edək ki, bu ərazidə sənətkarlıq, memarlıq geniş yayıldığından tarixin daş yaddaşına çevrilən belə abidələr Dağlıq Qarabağ ərazisində daha çox mövcuddur.

Təəssüf hissi ilə vurğulayaq ki, ötən əsrin son onilliyində baş verən ictimai-siyasi proseslər nəticəsində xalqın milli varlığını, onun tarixini əks etdirən abidələr Ermənistan təcavüzkarları tərəfindən dağıdılıb, bir qismi də erməni təcavüzündə qalaraq qurbana çevrilib. İctmai-siyasi proseslər nəticəsində Azərbaycan ərazisində baş verən dağıntılar işğalçı dövlət tərəfindən xalqın əsrlər boyu yığdığı maddi və mənəvi sərvətlərinə zərbə endirir. Belə ki, Azərbaycan torpaqları Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri işğal altındadır. Göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi baş verdiyi dövrdən başlayaraq, Azərbaycan memarlıq abidələrinə və mədəniyyətinə külli miqdarda ziyan dəymişdir. Dəymiş maddi və mənəvi ziyan əsrlərlə yaradılan xalqın milli sərvətinə qarşı olan bir terror aktıdır. Ermənistan tərəfindən Azərbaycana qarşı əsassız ərazi iddiasının irəli sürülməsi və zəbt etdikləri ərazilərdə maddi abidələrə qarşı talançılıq siyasətinin yeridilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Birləşmiş Millətlər Təşkilatına üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınmış ərazisinin 20 faizini ermənilər hərbi təcavüz yolu ilə işğal ediblər. Həmin ərazilərdə Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına uçurub dağıtmışlar. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları Ermənistan ərazisində qalaraq hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir. Bu sırada Azərbaycanın tanınmış ədiblərinin, eləcə də, musiqiçilərinin ev-muzeyləri, abidə və büstləri də var. Şuşa tarixi-memarlıq qoruğunun ərazisində işğalçı vandallar şəhərin Şərq memarlığı xüsusiyyətlərini əks etdirən milli üslubda inşa edilmiş abidələri dağıdıb, məhv etmişdilər. Belə ki, həmin ərazilərdə yerləşən bir çox yaşayış evlərini, qədim qəbiristanlığı, daş heykəlləri, qədim qəbirləri, kurqanları dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar. İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar geniş miqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Bütün bunlar beynəlxalq hüquq normalarına ziddir.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkə ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” beynəlxalq əhəmiyyətli qanunua zidd olaraq həyata keçirilir.

Azərbaycanın maddi-mədəni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı faktlar mövcuddur və bu istiqamətdə zəruri istintaq işləri aparılır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, deportasiya, işgəncə və digər epizodlar hüquqi qiymətini almalıdır. Sülh və insanlıq əleyhinə törədilmiş müharibə cinayətləri çərçivəsində banditizm, qəsdən adamöldürmə və digər  hallar baş vermişdir. Təkcə qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan dəyib.  Azərbaycanın ermənilər tərəfindən işğal altında olan ərazisində 1890 mədəniyyət abidəsi qalıb. İşğal altında və Ermənistanda qalan Azərbaycan mədəniyyət abidələrinin əksəriyyəti məhv edilib. Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyu tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xətləri dağıdılıb. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır.

Tarixin uzaq keçmişindən miras qalmış belə talançılıq işlərini müasir dövrdə Ermənistanın həyata keçirməsi təkcə Azərbaycan üçün deyil, dünya ictimaiyyətinə təhlükədir.

 

 

NƏZAKƏT  ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 28 avqust.- S. 10.