Ölənlə öldüm, sevənlə sevdim

 

Bu gün Əlibala Hacızadənin doğum günüdür

 

Bir vaxtlar yaradıcılığına qibtə etdiyimiz, ədəbi nümunələrinin nəşrini səbirsizliklə gözlədiyimiz və əsərləri əldən-ələ gəzən Azərbaycan yazıçısı Əlibala Hacızadə müasirlərinin ən sevimli qələm sahibi kimi böyük məhəbbət və sevgi içində yaşadı. Ömrünübu isti münasibətlər fövqündə sona yetirdi.

Əsərləri ömrü yaşadacaq nümunə kimi nəsillərə yadigar qaldı. Qəhrəmanlarının taleyi ilə yaşayan və yaradan yazıçı sözünün çəkisi ilə, maraqlı süjet xətti və ən əsası sevdiyi obrazları ətrafında həssaslıqla dialoq qurmaq, onların hadisələrin içinə gətirməklə bir-birindən duzlu və oxucunu arxasınca aparmağı bacaran neçə-neçə kitablarını pərəstişkarlarının ixtiyarına verdi. Qısa bir zamanda bəlkə özü də hiss etmədən Azərbaycanın məşhur Əlibala Hacızadəsinə çevrildi. Yaşından, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs onun yaradıcılıq dünyasının izinə düşdü. Sanki yazıçıdan yeni bir əsər tələb etməyə başladı. Bu işləmə manevri, hadisələrə yanaşma tərzi, inandırıcı tərzdə təqdimat, qəhrəmanları ülviləşdirmək və s. baxımından Əlibala Hacızadəni sevdirdi. Bu məhəbbət sənət üzərində quruldu. “Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..” Bəli, qəhrəmanlarının dili ilə dediyi sözlər elə öz həyatının izharı idi. Yazıçının “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindən götürülən bu sözlər yazıçı şəxsiyyətinin etirafıdır.

Bu gün Əlibala Hacızadə əsərləri ilə bizim yol yoldaşımızdır. Yaşadığı ömür yolunun soraqları onun fərdi xüsusiyyətləri və yaradıcılıq görüşləri ətrafında mənən birləşir.

Tərcümeyi-halından oxuyuruq. Əlibala Hacızadə tarixin bu günü 1935-ci il avqustun 28-də  anadan olub. Orta məktəbi bitirdikdən sonra  Bakı Dövlət Universitetinin (Azərbaycan Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyası Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Sonralar 1966-1970-ci illərdə  Əfqanıstanda mütərcimlik edib. Ömrünün qısa bir hissəsini Əfqanıstanda keçirib. Əfqanıstanda 4 il tərcüməçi işləyib. SSRİ-nin Müdafiə Nazirliyinin xətti ilə bu ölkəyə yol almışdı. O zaman Əfqanıstanda sovet hərbi texnikası işlədirdilər. Əlibala Hacızadə isə bu texnikalardan istifadə etmək qaydalarını əfqan hərbçilərinə tərcümə edirdi.

Özünün “Şah əsəri” olan “İtkin gəlin”i də elə həmin ölkədə yaradıb. Çoxları onu öz adı ilə yox, elə bu əsərin müəllifi kimi tanıyır. “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsində” kimi əsərlərin həmişəyaşar müəllifi olan Əlibala Hacızadə. Özünün yaradıcılığımın zirvəsi hesab etdiyi “İtkin gəlin” romanını da elə Əfqanıstanda olarkən yazıb. Senzuradan kənarda yaradılan bu əsərdə bütün ürəyində olanları qələmə ala bilib. Buna görə də, bu əsər ona daha doğma və əzizdir.

   Yenidən Bakı həyatı başlayıb. Bir müddət Əfqanıstanda çalışdıqdan sonra yenidən AMEA-nın Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsinə təyin edilir. 1976-cı ildən başlayaraq, ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışıb. Bu institutla ömrünün 51 ilini bağlayıb.

  Əlibala Hacızadə 1994-96-cı illərdə “Nizami” jurnalının baş redaktoru olub. “Mənim müəlliməm” adlı ilk hekayəsi 1956-cı ildə “Gəncliyin səsi” almanaxında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxışları olub.  “İtkin gəlin” romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib.

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. Bu, təbii ki, onun yarım əsrdən artıq çalışdığı mühitlə əlaqədardır. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. “Vəfalım mənim” romanı üstündə başı çox bəlalar çəkdi. Kitabın içindəki obrazlar canlı şəkildə qarşısına çıxdılar. Hətta onu öldürməyə, işdən qovmağa çalışırdılar. Bir dəfə işdən də  çıxartmışdılar, yenə mübarizə meydanında olan Əlibala Hacızadə yenidən öz işinə qayıtdı.

Əsərlərinin belə məzmunlu və oxunaqlı alınması insanlara olan sevgisi ilə izah olunur. Özünün dediyi kimi, “tək özümün dərdimi çəkməmişəm. Ölənlə öldüm, sevənlə sevdim, ac qalanla ac qaldım”. Odur ki, oxucu tələbatı nəticəsində kitabları 100 minlərlə tirajla çap olub. Özü də dəfələrlə.

1980-ci illərin ikinci yarısında Əlibala Hacızadənin qələmə aldığı “Möcüzə” romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi. Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu, böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa, o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə, həmçinin, bir sıra orta əsr mənbələrini dilimizə tərcümə edib.

Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. İrandaÖlməz şəxsiyyətlərmükafatına layiq görülüb. Çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib.

Tanınmış yazıçı 2009-cu ilin oktyabr ayında vəfat edib.

 

 

Səs.- 2011.- 28 avqust.- S. 12.