Azərbaycan dünya mətbuatında

 

Türkiyənin nüfuzlu qəzetləri Azərbaycan haqqında nə yazırlar?

 

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri ərəfəsində Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə qardaş ölkənin nüfuzlu qəzetlərinin ölkəmizdə olmuş müxbirləri dərc etdirdikləri məqalələrdə öz təəssüratlarını oxucuları ilə bölüşmüşlər.  Nüfuzlu “Zaman” qəzetinin “Tək dostumuz Türkiyə” başlıqlı məqaləsində Azərbaycanın baş nazirinin müavini Əli Həsənovun ölkəmizin mürəkkəb coğrafi məkanda yerləşdiyini və yeganə əsil dostunun isə Türkiyə olduğunu söylədiyi vurğulanır. Məqalədə bildirilir ki, Azərbaycan Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe nümayiş etdirdiyi üçün qardaş ölkəyə minnətdardır. Qərbin bu münaqişənin həlli istiqamətində tərəddüdləri isə Türkiyəni qane etmir.

Azərbaycan dövlətinin digər rəsmisi - Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da qardaş ölkəmizin Türkiyə ilə əlaqələrə əhəmiyyət verməsini, xüsusilə, mətbuat nümayəndələri arasında əməkdaşlığın möhkəmlənməsinin zəruriliyini söyləməsi də məqalədə qeyd olunmuşdur.

İngiliscə nəşr olunan “Daily News” və “Radikal” qəzetlərindəki məqalələrdə ölkəmizdə iqtisadi inkişaf, neft strategiyası, paytaxt Bakıda abadlıq-quruculuq işləri barədə geniş söhbət açılmışdır.

“Todays Zaman” qəzeti də Türkiyə jurnalistlərinin səfəri zamanı dövlət və hökumət rəsmiləri və məcburi köçkünlərlə görüşündən ətraflı bəhs edən məqalə dərc etmişdir. Məqalədə 12 yaşlı azərbaycanlı qız Aytacın erməni işğalı altında olan Füzuli rayonunu yalnız valideynlərinin çəkdirdikləri şəkillərdə gördüyü, 1 milyon qaçqın və məcburi köçkündən biri olan bu qızcığazın və həmyaşıdlarının Azərbaycan dövlətinin xüsusi qayğısı nəticəsində normal həyata döndükləri bildirilir. Hazırda onlar üçün ölkəmizdə 67 müasir tipli qəsəbə salındığı, 100 minə yaxın insanın evlə təmin olunduğu, hələ 400 minə yaxın məcburi köçkünün də mənzilə ehtiyacı olduğu qeyd edilir. O da vurğulanır ki, dövlətimiz qaçqın və köçkünlərin həyat şəraitinin normal məcraya düşməsi üçün 6,4 milyard dollar vəsait xərcləmişdir. Məqalədə türk “Qızıl Ay” təşkilatının da vaxtilə öz yurd-yuvalarını tərk etmiş azərbaycanlılar üçün çadır şəhərciyi qurduğu da xatırladılır.

“Yeni Çağ”, “Haber Türk” və “Hürriyyət” qəzetlərində dərc olunmuş məqalələrdə də Türkiyə jurnalistlərinin Azərbaycan haqqında təəssüratları yer almışdır. Baş nazirin müavini Əli Həsənovun bütün dünyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini bildiyi, münaqişənin həll olunmamasının nə Türkiyə, nə Avropa, nə də işğalçı Ermənistanın xeyirinə olmadığını vurğuladığı qeyd olunur.

Türkiyəli jurnalistlər cəbhə bölgəsindəki real vəziyyət, azyaşlı uşaqların və dinc vətəndaşların ermənilər tərəfindən qətlə yetirilməsindən də bəhs etmişlər.

 

Düşənbədə nəşr edilən “Biznes i politika” qəzetində Azərbaycanın müvəqqəti işlər vəkilinin müsahibəsi dərc olunub

 

Düşənbədə rus dilində nəşr edilən “Biznes i politika” qəzetində Azərbaycan və Tacikistanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar ölkəmizin buradakı müvəqqəti işlər vəkili İlham Zamanovun “Bizim xalqlarımız sıx mədəni tellərlə bir-birinə bağlanmışdır” sərlövhəli müsahibəsi dərc olunmuşdur. Materialda Azərbaycan və Tacikistan arasında əlaqələrin inkişafı haqqında geniş söhbət açılır. Qeyd olunur ki, Azərbaycanın və Tacikistanın dövlət başçıları İlham Əliyev ilə Emomali Raxmon arasında həm Bakıda, həm də Düşənbədə keçirilən görüşlər, aparılan danışıqlar dövlətlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə təkan vermişdir.

Müsahibədə deyilir ki, ölkələrimiz BMT, MDB və digər beynəlxalq təşkilatlar səviyyəsində uğurla əməkdaşlıq edir. Materialda Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlar, son illər ölkəmizdə aparılan iqtisadi islahatlar, Azərbaycan ilə Tacikistan arasında əlaqələrin əsas istiqamətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri, dövlətlərimiz arasında humanitar sahədə görülən işlər, Tacikistanda yaşayan və işləyən azərbaycanlılar və digər məsələlər haqqında geniş söhbət açılır.

 

Frankfurt Sülh Tədqiqatları İnstitutunda azərbaycanlı gənc tədqiqatçının elmi jurnalı dərc edilib

 

Almaniyanın tanınmış Frankfurt Sülh Tədqiqatları İnstitutunun (HSFK) “HSFK-Report” elmi jurnalının yeni-üçüncü nömrəsi işıq üzü görmüşdür.  Jurnalın bu nömrəsinin müəllifi həmyerlimiz, siyasi elmlər doktoru Azər Babayevdir. Jurnalda gənc tədqiqatçının ABŞ və Almaniyanın timsalında Avropa Birliyinin Belarusla bağlı siyasətinə dair elmi araşdırması yer almışdır. Qərbin hər iki güc mərkəzinin siyasətini müqayisəli şəkildə araşdıran həmyerlimiz, Belarusa qarşı indiyədək həyata keçirilən sanksiyalar siyasətinin səmərəli olmadığını nəzərə çarpdırır, bu siyasətin “tənqidi dialoq” formasında davam etdirilməsinin daha məqsədəuyğun olmasına yazır. Jurnalın yeni sayı artıq Almaniyanın ən aparıcı elmi və siyasi dairələrinə göndərilmişdir. Jurnalın abunəçiləri arasında ölkənin prezidenti Kristian Vulf kansler Angela Merkel vardır.

Almaniyanın ilk ən böyük sülh tədqiqatı institutu olan HSFK ölkə üzrə 86 tədqiqat institutunu birləşdirən Leibniz Cəmiyyətinin üzvüdür. İnstitutun əsas məqsədi beynəlxalq daxili münaqişələrin araşdırılması, sülh şərtlərinin tədqiq edilməsi habelə, sülh ideyasının dəstəklənməsidir. Həmçinin, siyasi məşvərət funksiyasını həyata keçirən institutun əldə etdiyi tədqiqat nəticələri Almaniya federal hökumətinin bu istiqamətdə konkret siyasi qərarlarının qəbul olunmasına da töhfəsini verir. Bununla yanaşı, HSFK müvafiq mövzularda alman ictimai fikrinin formalaşmasında da önəmli rol oynayır.

Azər Babayev hazırda həmin tədqiqat institutundaHakimiyyət sosial sülhdepartamentinin elmi əməkdaşı kimi postdoktorluq-akademik karyerasını davam etdirir. O, artıq Cənubi Qafqaz regionunda gedən siyasi proseslərə, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinə dair məqalələri, habelə, konfranslarda çıxışları ilə alman elmi dairələrində Cənubi Qafqaz üzrə ekspert kimi tanınmaqdadır.

 

 

Səs.- 2011.- 28 avqust.- S. 14.