Aşıq Ələsgər
- 190
2011-ci il “Aşıq Ələsgər ili” elan olunub
Azərbaycan
xalq şeirinin ən böyük nümayəndələrindən
və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan
olan Aşıq Ələsgər aşıq poeziyasını
zənginləşdirmişdir. Həm məzmun, həm forma rəngarəngliyi,
həm də saf, duru xalq dilindən istifadə
baxımından Aşıq Ələsgər Azərbaycan,
ümumən türk şeirinə misilsiz xidmətlər
göstərmişdir. Dövrünün tanınmış
görkəmli aşıqlarından dərs alan Aşıq Ələsgər
özündən sonra gələn aşıqlara qüvvətli
təsir göstərmişdir. Demək olar ki, aşıq
yaradıcılığının bütün sahələrinə
müraciət etmiş və Azərbaycan ədəbiyyatında
böyük iz buraxmışdir. Dodaqdəyməz, müxəmməs,
qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı,
divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər
yaradıcılığında özünü ən gözəl
şəkildə büruzə verməkdədir.
1821-ci ildə
Göyçə mahalında dünyaya göz açan
Aşıq Ələsgərin uşaqlıq və yeniyetməlik
illəri Ağkilsədə keçmiş, xüsusi təhsil
ala bilməmişdi. O, sənətin sirlərini kənd
camaatının içində, el sənətkarlarının
və ağsaqqallarının yanında öyrənmişdi.
Hələ kiçik yaşlarından tez-tez müxtəlif məclislərə
gedən Ələsgər mollaların hadisələrinə,
dərvişlərin nağıllarına, aşıqların
dastanlarına həvəslə qulaq asırdı.
Güclü yaddaşı olduğundan, eşitdiyi söhbətlərin
hamısını hafizəsində saxlayar, sonra heç bir
çətinlik çəkmədən başqalarına
danışardı.
O, ilk
şeirlərini də yeniyetməlik çağlarında
aşıqların, xalq sənətkarlarının təsiri
ilə söyləmişdir. Səhnəbanıdan
ayrılandan sonra isə ilhamı daha da
coşub-çağlamış, çalıb-oxumağa,
söz deməyə meyili çoxalmışdır. Bu zaman
atası onu qızılvəngli Aşıq Alının
yanına aparmış, Ələsgər Alının şəyirdi
olmuşdur. Bir müddət ustad yanında şəyirdlik edən
Ələsgər aşıqlıq sənətinin sirləri
ilə bərabər, ədəb və mərifət
qaydalarını da öyrənmişdir. Aşıq Alı
onu tamam hazırlayandan sonra bir toy məclisində Ələsgərlə
deyişmiş və şəyirdinin şöhrətini
qaldırmaq, onu el içində ucaltmaq məqsədilə
özünü qəsdən məğlub edərək,
sazını qalib tərəfə-Ələsgərə təslim
etmək istəmişdir. Ələsgər isə
böyük təvazökarlıq hissi ilə ustadının
qarşısında baş əyib, ona öz ehtirəmını
bu sözlərlə ifadə etmişdir:
Bir şəyir
ki, ustadına kəm baxa,
Onun gözlərinə qan damar, damar.
Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər əvvəlcə Göyçədə
aşıqlıq etmiş,
ağır toy məclisləri
aparmışdır. Tezliklə onun şöhrəti qonşu mahallara yayılmış, Ələsgər
gözəl bir sənətkar kimi Yerevana, Naxçıvana, Qazağa, Qarabağa, Cavanşir ellərinə,
Gəncəyə, Kəlbəcərə
çağırılmış, hər yerdə özünün yüksək
mərifəti, ədəbi,
gözəl səsi, bənzərsiz ifası ilə məclisdəkiləri
heyran qoymuşdur.
Aşıq Ələsgərin səsi, nəfəsi, mənəvi-əxlaqi zənginliyi
kimi zahiri görkəmi də aşıqlıq sənəti
üçün biçilmişdi. Müasirlərinin dediyinə görə,
o, ucabay, enlikürək,
bədəncə sağlam,
qüvvətli imiş.
Qara gözləri, qalın çatma qaşları, dolu sifəti, iri burnu varmış.
Əyninə uzun ətəkli
arxalıq, üstündən
çuxa, ayağına
məst geyər, başına buxara papaq qoyarmış. Başını təmiz qırxdırıb,
saqqal saxlarmış.
Sazı
sol əli ilə çalar, sağ əlini pərdələr
üzərində gəzdirər,
zil nazik səsi ilə çox şirin və məlahətli səslə oxuyarmış.
Bu keyfiyyətlər onu Azərbaycanın hər yerində şöhrətləndirmiş,
ustad bir sənətkar kimi məşhurlaşmışdır. Tezliklə aşığın ətrafına çoxlu şəyirdlər toplaşmış,
Ələsgər onlara
aşıqlıq sənətinin
sirlərini başa salmış, saz tutub, söz deməyi öyrətmişdir.
Bu aşıqların çoxu sonralar görkəmli sənətkar
kimi tanınıb məşhurlaşmışlar. Ustad özü şeirlərinin birində
çoxlu şəyirdlər
yetişdirməsini xatırlayaraq
iftixarla deyirdi:
Adım Ələsgərdi, mərdi-mərdana,
On iki
şəyirdim işlər
hər yana.
İlk məhəbbəti daşa dəyəndən
sonra uzun müddət Səhnəbanını
unuda bilməyən Ələsgər 40 yaşına
qədər subay qalmış, sonra Kəlbəcərin Yanşaq
kəndindən Anaxanım
adlı bir qızla evlənmişdir.
O, gözəl bir ailə başçısı
olmuş, həmişə
uşaqlarının maddi-iqtisadi
qayğılarını çəkmişdir.
Övladlarının nazı ilə
oynayan aşıq, eyni zamanda, öz
əməksevərliyi, iş-gücü
ilə onlara nümunə göstərmişdir.
Aşığı görənlərin dediyinə görə, o, zəhməti sevən, ömrünün axırına
qədər əlini işdən çəkməyən
bir adam
imiş. Yaz-yay aylarında əkinçiliklə,
qışda isə aşıqlıqla məşğul
olarmış. Lap qoca
yaşlarında əkin
əkər, yer şumlayar, taxıl və ot
biçininə gedər,
xırman işləri
görərmiş. Onun
əlindən dülgərlik,
araba bağlamaq, dəyirman sazlamaq, ev tikmək
işləri də gəlirmiş. Ömrünün çoxunu xalqın
içərisində, toy, şadlıq
məclislərində keçirən
Aşıq Ələsgər
təkcə Azərbaycanda
yox, Türkiyədə,
İranda və Dağıstanda da ustad bir sənətkar
kimi tanınmışdır.
On doqquzuncu yüzilliyin
50-ci illərindən başlayaraq,
çiynində saz müxtəlif mahalları
gəzib-dolaşan aşıq
xalqın şad günündə, toy-düyünündə
çalıb-çağırmış,
onun ağır vəziyyətini gördükdə,
baisi yamanlamış,
ona lənətlər
yağdırmışdır.
Qoca yaşlarında Aşıq Ələsgərin
həyatında bir neçə bədbəxt
hadisə baş verir. 1910, yaxud 1912-ci ildə
onun xalası oğlu Molla Rəhim 28 illik sürgündən sonra qayıdıb Ağkilsəyə
gəlir. Ələsgərin
oğlu Bəşir bilmədən onu güllə ilə vurub öldürür.Bu hadisədən möhkəm
təsirlənən Aşıq
Ələsgər:
Nagah badi-sərsər əsdi üstümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlimlə xəta dəydi özümə,
Bədəndən qolumun sağı
kəsildi-
bəndi ilə başlanan
qoşmasını yazmışdır.
1915-ci ildə
aşığın həyatında
daha kədərli bir hadisə baş verir: qardaşı oğlu, həm də kürəkəni cavan yaşında vəfat edir. Bir il sonra oğlu Bəşir kəndin kovxasını güllə ilə vurub qaçır. Bundan ötrü aşığın
qardaşı Xəlili
və ortancıl oğlu Əbdüləzizi
tuturlar. Bu hadisələr qoca aşığın qəlbində
dərin bir qüssə, qəm-kədər
əmələ gətirir.
Onun sənətkar ürəyi
elə tutulur ki, bir daha
əlinə saz alıb çala bilmir.
1918-1919-cu
illərdə daşnakların
türklərə qarşı
törətdiyi qırğın
nəticəsində Göyçə
mahalının var-yoxu
talanmış, əhali
öz dədə-baba
yurdunu tərk edib başqa yerlərə köçməyə
məcbur olmuşdur. İki ilə qədər
Yanşaqda yaşayan aşıq-şair sonra Tərtərə köçmüş,
bir neçə ay da orada qalmışdır.
Bu yerlərin hər birində aşığı hörmətlə
qarşılasalar da, onun ürəyi-gözü
Göyçədə idi.
Qəlbi
tez-tez qubarlanır, gözünü açıb
gördüyü doğma
yerlər Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.
Nəhayət, 1921-ci ildə, o, Ağkilsəyə qayıtmış,
ömrünün son illərini
doğma kəndində
yaşamışdır. Ancaq onun çal-çağırlı
günləri qurtarmışdı.
Ömrünü toylarda, şadlıqlarda
keçirən aşıq
evdə oturmaqdan darıxır, qocalıqdan,
xəstəlikdən şikayətlənirdi.
O, tez-tez keçmiş
günləri xatırlayır,
dünya, həyat barədə düşünüb
kədərlənirdi:
Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı
başım,
Daha köç təbilin çal, qoca baxtım.
Aşıq Ələsgər
1926-cı ildə doğulduğu
kənddə vəfat
etmiş, Ağkilsə
qəbiristanlığında dəfn olmuşdur. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb
yazıya almış
və nəşr etmişlər. 1972-ci ildə
Aşıq Ələsgərin
anadan olmasının
150 illiyi Azərbaycanın
hər yerində böyük təntənə
ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan
Elmlər Akademiyası
tərəfindən onun
əsərlərinin ikicildlik
elmi nəşri hazırlanmış və
çap edilmişdir.
Belə bir yaradıcılıq
irsinə malik olan sənətkarın əsərləri diqqətdədir. Onun yaradıcılığına olan isti münasibətin
nəticəsi olaraq dekabrın 14-də Heydər
Əliyev Sarayında böyük ustad Aşıq Ələsgərin
190 illik yubileyi qeyd olunacaq. Tədbir Mədəniyyət və
Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar
Birliyinin təşkilatçılığı
ilə keçiriləcək.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrini
təmsil edən aşıqlarla yanaşı,
Türkiyədən, İrandan,
Rusiyadan və Gürcüstandan dəvət
olunmuş aşıqlar
da çıxış
edəcəklər.
Xatırladaq ki, Azərbaycan
Aşıqlar Birliyi
2011-ci ili “Aşıq Ələsgər
ili” elan etmişdi. İlboyu ustad aşıqla
bağlı bir sıra tədbirlər həyata keçirilib, yubileyi ayrı-ayrı rayonlarda da yüksək
səviyyədə qeyd
olunub.
Zümrüd
Səs.-
2011.-1dekabr.- S. 12.