Hüquqi dövlət və vətəndaşların
istirahət hüququ
Hər bir
hüquqi dövlətdə və vətəndaş cəmiyyətində
insanlar istirahət hüququna malikdirlər. İşçilərə
istirahət hüququnun verilməsi hələ XIX əsrin ikinci yarısından,
onun qanunvericiliklə tənzimlənməsinə isə ötən
əsrin əvvəllərindən başlanılıb. 1903 və
1908-ci illərdə İsveçrə, 1909-cu ildə
İslandiya, 1919-cu ildə Avstraliyada buna yönəlik qanunlar
qəbul edilib.
1936-cı
ildə Beynəlxalq Əmək Təşkilatı əmək
məzuniyyəti haqda 47 saylı tövsiyə qərarı,
52 saylı konvensiyanı hazırlayıb. Azərbaycana gəlincə,
o cümlədən, məzuniyyət hüququnu tənzimləyən
Əmək Məcəlləsi 1999-cu il iyulun 1-dən qüvvəyə
minib. Ötən 10 il müddətində məcəlləyə
bir neçə dəfə əlavə və dəyişiklik
edilib. Sonuncu belə dəyişiklik 2009-cu il mayın 14-də
reallaşıb.
Azərbaycan
Respublikasında hər kəs istirahət hüququna malikdir. O
cümlədən, hər bir vətəndaş hansı sahədə
işləməsindən asılı olmayaraq, qanunla ildə ən
azı bir dəfə və 21 təqvim günündən az
olmamaq şərtilə məzuniyyət götürə bilər.
Bu müddəa Azərbaycanın Əsas Qanununun 37-ci maddəsində
təsbit olunub. Yəni konstitusiya hər birimizə işləməklə
yanaşı, istirahət etmək hüququ da verib və
prinsipcə heç bir vətəndaş başqasının
bu hüquqdan necə istifadə etməsini spekulyasiya
mövzusuna çevirmək barədə
düşünmür. Bu da tamamilə normal və təbiidir.
Azərbaycanın
Əmək Qanunvericiliyinin V bölməsi istirahət vaxtı
və işçilərin məzuniyyət hüquqlarına həsr
olunub. 104 maddədə istirahət
günləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Hər
bir işçiyə həftələrarası fasiləsiz
istirahət günlərindən istifadə etməyə şərait
yaradılmalıdır. Həftələrarası istirahət
günlərinin sayı beşgünlük iş həftəsində
iki gün, altıgünlük iş həftəsində isə
bir gün olmalıdır.
2.
İş vaxtının cəmlənmiş uçotu
zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı
ilə razılaşdırılmış növbə cədvəlinə
uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı
olmayan iş yerlərində isə bu qayda əmək
müqaviləsi ilə tənzimlənir.
3. Hər dəfə
qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən
donorlara orta əmək haqqı saxlanılmaqla əlavə
istirahət günü verilir. Həmin istirahət günü
donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə
edilə və ya il ərzində istənilən vaxtda istifadə
edilə bilər.
110-cu maddədə
işçilərin məzuniyyət hüququ
aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1.
İşçilər vəzifəsindən (peşəsindən),
əmək şəraitindən və əmək müqaviləsinin
müddətindən asılı olmayaraq, bu məcəllə
ilə müəyyən edilmiş məzuniyyətlərdən
istifadə etmək hüququna malikdirlər.
2. Əlavə
iş yerində əvəzçiliklə işləyən işçilərin
də bu məcəllə ilə müəyyən edilmiş
məzuniyyətlərdən istifadə etmək hüququ
vardır.
3.
İşçilərin bu məcəllə ilə müəyyən
edilmiş məzuniyyət hüququ və ondan istifadə
qaydaları məhdudlaşdırıla bilməz.
111-ci maddədə
məzuniyyətdən istifadə zamanı işçilərin
hüquqi təminatları aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Məzuniyyətdə
olduğu müddət ərzində işçinin iş
yeri, vəzifəsi (peşəsi) və bu məcəllədə
nəzərdə tutulmuş hallarda orta əmək haqqı
saxlanılır, habelə, işəgötürənin təşəbbüsü
ilə əmək müqaviləsinin pozulması və
işçinin intizam məsuliyyətinə cəlb edilməsi
yolverilməzdir. Bu müddət işçinin əmək
stajına, həmçinin, ixtisası üzrə stajına
daxil edilir.
2. Əmək
müqaviləsində, habelə, kollektiv müqavilələrdə
məzuniyyətdə olan işçilər üçün
əlavə təminatların verilməsi nəzərdə
tutula bilər.
Əsas və
əlavə məzuniyyətlərdən ibarət olan əmək
məzuniyyəti hansı qaydalarla verilir? Kimin nə qədər
istirahət hüququ var? “Media forum” saytı qanunların bu məsələni
necə tənzimlədiyinə aydınlıq gətirib.
1999-cu ildə
qüvvəyə minmiş Əmək Məcəlləsinə
görə, işçilər vəzifəsindən (peşəsindən),
əmək şəraitindən və əmək müqaviləsinin
müddətindən asılı olmayaraq məzuniyyətlərdən
istifadə hüququna malikdirlər. Məzuniyyət hüququ
və ondan istifadə qaydaları məhdudlaşdırıla
bilməz.
Əmək
məzuniyyətinin müddəti təqvim günü ilə
hesablanır. O, müvafiq peşə (vəzifə) üzrə
əmək funksiyasını yerinə yetirən
işçilərə verilən illik əsas məzuniyyətdən
və istehsalın, əməyin xarakterinə və əmək
stajına görə, habelə, uşaqlı qadınlara verilən
əlavə məzuniyyətdən ibarət olub istər
birlikdə, istərsə də ayrılıqda verilə bilər.
Əmək
məzuniyyəti hər il müvafiq iş ili
üçün verilir. İş ili işçinin işə
götürüldüyü gündən başlanır və
növbəti ilin həmin günü başa çatır. Əgər
işçinin iş ili onun əmək məzuniyyətinə
çıxmaq üçün müraciət etdiyi vaxtda
başlanmayıbsa, onda ona əmək məzuniyyəti
yalnız iş ili başlanandan sonra verilə bilər. Bir
iş ilinə görə yalnız bir əmək məzuniyyəti
verilə bilər. Təqvim ili ərzində işçinin
iki iş ilinə görə məzuniyyət hüququ olduqda
o, həmin təqvim ilində hər iki iş ilinə görə
məzuniyyətdən birlikdə və ya
ayrı-ayrılıqda istifadə edə bilər.
Əmək
məzuniyyətlərinin müddətlərinə gəlincə,
işçilərə ödənişli əsas məzuniyyət
21 təqvim günündən az olmayaraq verilməlidir. Kənd
təsərrüfatı məhsullarının istehsalında
çalışan işçilərə, məsul vəzifələrdə
(vəzifənin məsulluğunu işin xüsusiyyətləri
nəzərə alınmaqla işəgötürən
müəyyən edir) çalışan dövlət
qulluqçularına, müəssisənin rəhbər
işçilərinə və mütəxəssislərinə,
xüsusi rejimli tədris müəssisələri istisna
olmaqla, tədris müəssisəsində pedaqoji iş
aparmayan rəhbər işçilərə və inzibati-tədris
heyəti işçilərinə, habelə, məktəbdənkənar
uşaq müəssisələrinin rəhbərlərinə,
tədris müəssisələrinin metodistlərinə,
baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına,
kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə,
dayələrə, dəyişək xidmətçilərinə,
bədii rəhbərlərinə, elmi dərəcəsi
olmayan elmi işçilərə, həkimlərə, orta
tibb işçilərinə və əczaçılara əsas
məzuniyyət 30 təqvim günü müddətində
verilməlidir.
Əmək
şəraitinə və əmək funksiyasının
xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər
də var. Yeraltı işlərdə çalışan, əmək
şəraiti zərərli və ağır, habelə, əmək
funksiyası yüksək həssaslıq, həyəcan, zehni
və fiziki gərginliklə bağlı olan işçilərə
əməyin şəraitinə və əmək
funksiyasının xüsusiyyətlərinə görə əlavə
məzuniyyətlər verilir. Əmək şəraitinə və
əmək funksiyasının xüsusiyyətlərinə
görə əlavə məzuniyyətin müddəti 6 təqvim
günündən az olmamalıdır.
Qanunvericilik
əmək stajına görə əlavə məzuniyyətlərin
müddətləri və verilmə qaydasını da müəyyən
edir. Əmək stajından asılı olaraq işçilərə
beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim
günü, on ildən on beş ilədək əmək
stajı olduqda 4 təqvim günü, on beş ildən
çox əmək stajı olduqda 6 təqvim günü
müddətində əlavə məzuniyyət verilir.
Əsas və
əlavə məzuniyyətlərin müddətindən
asılı olmayaraq, 14 yaşınadək iki uşağı
olan qadınlara 2 təqvim günü, bu yaşda üç
və daha çox uşağı olan, həmçinin, 16
yaşınadək əlil uşağı olan qadınlara isə
5 təqvim günü müddətində əlavə məzuniyyət
verilir. Uşaqlarını təkbaşına böyüdən
ataların, həmçinin, uşaqları
övladlığa götürmüş şəxslərin
də əlavə məzuniyyət hüququ var.
Bəzi
kateqoriyadan olan işçilərə əmək məzuniyyəti
56 təqvim günü müddətində verilməlidir.
Onların içində illik normanın üçdə bir
hissəsindən az olmamaqla pedaqoji iş aparan tədris müəssisələrinin
rəhbər işçiləri, tərbiyəçiləri,
təlimatçıları, dərnək və musiqi rəhbərləri,
konsertmeysterlər, xormeysterlər, bütün ixtisas və
adlardan olan müəllimlər, hərbi rəhbərlər və
s. var.
Uşaq evlərinin,
məktəbəqədər uşaq tərbiyə müəssisələrinin
rəhbər işçilərinə, tərbiyəçilərinə,
musiqi rəhbərlərinə, praktik psixoloqlara; metodika
kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə,
metodistlərinə və təlimatçılarına; məktəbyanı
internatların tərbiyəçilərinə; məktəbdənkənar
uşaq müəssisələrinin dərnək rəhbərlərinə,
kütləvi işçilər, məşqçi müəllimlərə,
elmi-tədqiqat müəssisələrinin, habelə, ali məktəblərin
elmi-tədqiqat bölmələrinin elmlər namizədi elmi dərəcəsi
olan əməkdaşlarına, rəhbərlərinə və
onların elmi işlər üzrə müavinlərinə,
elmi katiblərinə əmək məzuniyyəti 42 təqvim
günü müddətində verilməlidir.
Yaşı
16-dan az olan işçilərə əmək məzuniyyəti
42 təqvim günündən, 16 yaşından 18
yaşınadək işçilərə isə 35 təqvim
günündən az olmayaraq verilir. Əlilliyin qrupundan, səbəbindən
və müddətindən asılı olmayaraq, işləyən
əlillərə əmək məzuniyyəti azı 42 təqvim
günüdür.
Azərbaycan
Respublikasının azadlığı, suverenliyi və ərazi
bütövlüyü uğrunda xəsarət alan
işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına,
Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər
müharibəsində döyüş əməliyyatlarında
iştirak etmiş, habelə, hərbi xidmətdə olmuş,
lakin döyüş əməliyyatlarında iştirak etməmiş
hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə,
Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyünün müdafiəsi ilə
bağlı digər dövlət təltifləri ilə təltif
olunmuş işçilərə məzuniyyət 46 təqvim
günündən az olmayaraq verilir.
Teatr-tamaşa
müəssisələri, televiziya, radio və kinematoqrafiya
qurumlarının bədii və artist heyətləri
42 təqvim günü, bilavasitə, səhnəyə
xidmət edən işçilər isə 35 təqvim günü müddətində məzuniyyətə
çıxmalıdır.
Əmək Məcəlləsinə
görə, işçiyə əmək məzuniyyətinin
verilməməsi qadağandır. İşçi
müvafiq iş ilində
əmək məzuniyyətindən istənilən səbəbdən
istifadə etmədikdə, ona həmin iş ili (iş
illəri) üçün istifadə
edilməmiş əmək məzuniyyətinə görə
müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
Vahid Ömərov, fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2011.- 1 dekabr.- S.13.