HEYDƏR
ƏLİYEV - YENİ AZƏRBAYCANIN QURUCUSU
Müstəqil
Azərbaycan dövlətinin memarı, Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə
qovuşmasından 8 il ötür. Bu 8 il ərzində xalqımız
öz liderini bir an belə unutmayıb. Hər zaman müasir
Azərbaycanın qurucusu,
dünyaşöhrətli siyasi
xadim, ümumtürk dünyasının böyük
oğlu Heydər Əliyev bütün tarix boyu fəxr
hissi ilə yad edilib. Hər gün xalqımızın
bütün təbəqələrindən
olan insanlar axın-axın Fəxri Xiyabana gedərək, Ümummilli Liderə olan sonsuz məhəbbətlərini
və sevgilərini ifadə edirlər. Millət vəkili Ayaz Orucov “Səs”
qəzetinə verdiyi eksklüziv açıqlamada
Ümummilli Liderin parlaq xatirəsi xalqımızın yaddaşına
əbədi həkk olunduğunu bildirdi:
- Azərbaycanın
son 40 ildən artıq
bir dövrünü əhatə edən tarixi taleyi Heydər
Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.
Bu illər ərzində
xalqın ictimai-siyasi və mədəni həyatının bütün
sahələrində dirçəliş
məhz Onun adı ilə əlaqədardır. Ümummilli Liderimiz
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində
daim tərəqqisi üçün çalışdığı,
zəngin mədəniyyəti,
böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin
taleyi üçün
düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən
olan Ulu Öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan
öz milli-mənəvi
dəyərlərini qoruyaraq,
üçüncü minilliyə
inamla qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin zəkası bütün sədləri
yararaq və qarşıya çıxan
heç bir çətinliyə baxmayaraq,
Azərbaycanı olduqca
mürəkkəb zamanın
dalğaları arasından
salamat çıxarıb
ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.
Olduqca mürəkkəb
bir dövrdə xalqın xidmətində dayandığını nümayiş
etdirən Ulu Öndər Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini
gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə
XX və XXI əsrlərin
tanınmış siyasi
xadimləri sırasında
həmişəlik öz
layiqli yerini tutub.
Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən
olan Heydər Əliyev yaşadığı
fırtınalı həyatı
boyu hər zaman xalqını və vətənini düşünürdü. Onun ürəyi Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi,
doğma xalqının
xoşbəxtliyi üçün
çırpınırdı. Heydər Əliyev bir dövlət başçısı
kimi Azərbaycanın
ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş,
ölkəsini bəlalardan
qurtarmağı bacardı.
Müasir Azərbaycanda
dövlət quruculuğunun,
iqtisadi dirçəlişin,
siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə
edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi
şəxsiyyətin - Ulu
Öndər Heydər
Əliyevin adı, əməli fəaliyyəti
ilə, gerçəkləşdiyi
konkret işlərlə
bağlıdır. Azərbaycanın müstəqil dövlət
quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən, məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdı. Bu baxımdan
Heydər Əliyevin respublika rəhbərliyinə
gəlməsindən sonrakı
dövr milli özünüdərkin, milli
özünəqayıdışın başlanğıcı kimi
qəbul edilir. Onun respublikaya rəhbərlik etməyə
başladığı ilk günlərdən
Azərbaycanın görkəmli
şəxsiyyətlərinin yubileylərinin müntəzəm
surətdə qeyd olunması bir ənənə halını
almış, bu isə Azərbaycan xalqının ümummilli
problemləri ilə sıx bağlı olub milli ruhun,
milli özünüdərkin
yüksəlişi, xalqın
tarixi yaddaşının
özünə qayıtması,
müstəqil dövlətçilik
ideyalarının gerçəkləşdirilməsi
üçün zəmin
yaratmışdı. Hələ Naxçıvan
Ali Sovetinin Sədri işləyərkən Heydər
Əliyevin müstəqil,
tarazlı və cəsarətli siyasət yürütməsi bütün
Azərbaycan xalqının
diqqətini cəlb edir, ona ümidləri
artırırdı. İqtidar
isə, Onun siyasətini separatçılıq
kimi qiymətləndirir
və Naxçıvan
Muxtar Respublikasında
hakimiyyət çevrilişi
etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə
cəhd edirdi. Bu, elə bir
dövr idi ki, daşnakların “böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın
siyasi xəritəsindən
silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik
əlamətə görə
parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.
Xalq xilas yolunu
Heydər Əliyevin ölkəyə rəhbərliyində
gördüyü halda
iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə, hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları
arasında didişmə,
satqınlıq, xəyanət
yolu ilə hətta Azərbaycanın
müstəqilliyi bahasına
hakimiyyəti ələ
keçirmək cəhdləri
baş alıb gedirdi. Gəncədə
1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı.
Burada hökumətə tabe olmayan bir qrup
zabit “hərbi birlik” yaratmışdır.
Onlara Surət Hüseynov rəhbərlik edirdi.
709 saylı hərbi
hissə Müdafiə
Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin
öhdəsindən gələ
bilmirdi. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük
fəlakətin yaxınlaşdığını
hiss edirdilər. Bununla yanaşı,
xalqın sağlam qüvvələrinə arxalanan
qurtuluş hərəkatı
meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi
Heydər Əliyevin ətrafında toplaşırdı.
Ziyalı insanlar dəfələrlə
Naxçıvana gedib
yenidən böyük
siyasətə qayıtmasını
xahiş etmişdilər.
1992-ci il oktyabrın 16-da Azərbaycanın
ziyalıları “Səs”
qəzeti vasitəsilə
Heydər Əliyevə
Qurtuluş hərəkatına
rəhbərlik etməsi
barədə rəsmi
müraciət etdi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında ümumxalq tələbi nəticəsində siyasi
hakimiyyətə gəlməsi
ilə YAP-ın inkişafında yeni mərhələ başladı.
Həmin
dövrdə YAP-ın
qarşısında bir
tərəfdən iqtidar
partiyası kimi cəmiyyətin siyasi sistemində özünün
aparıcı mövqeyini
təsdiq etmək, digər tərəfdən
isə müstəqil
dövlət quruculuğu
proseslərində yaxından
iştirak etmək vəzifəsi dayanırdı.
Heydər Əliyev Yeni
Azərbaycan Partiyasının
fəaliyyətini daim
diqqətdə saxlayırdı.
O, YAP-ın Sədri kimi partiyanın ildönümlərinə həsr
edilmiş tədbirlərdə
daim iştirak edər, proqram xarakterli nitqlər söyləyər, partiya həyatı və fəaliyyətilə əlaqədar
zəruri tapşırıqlar
verərdi. Öz sıralarında ictimaiyyətin
bütün təbəqələrini
təmsil edən 560 mindən artıq üzvü birləşdirən
YAP, Ümummilli Liderin
parlaq ideyalarının
daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu günü-gündən
möhkəmləndirməkdədir. Müstəqil Azərbaycan dövlətinin
qurucusu kimi milli dövlətçiliyimizin
ideya əsasını
məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını
öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan
xalqının tarixində
dərin iz buraxaraq, əsil dövlət idarəçiliyi
məktəbinə çevrilib.
Azərbaycan xalqının hələ
neçə-neçə nəsli
bu böyük məktəbdən, Heydər
Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı
naminə faydalanacaq.
Ulu Öndər Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən
dahi siyasətçi kimi dəfələrlə
söylədiyi məşhur
kəlamına sadiq qaldığını sübut
etdi ki, “Azərbaycanın dövlət
müstəqilliyi əbədidir,
sarsılmazdır, dönməzdir”.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 3dekabr.-S.3.