Hüquqi dövlət və məhkəmə nəzarəti
Məhkəmə
nəzarəti - müəyyən sahə daxilində məhkəmə
hakimiyyətinin həyata keçirilməsinin istənilən
formasında mövcud olan bir mərhələdir. O, nəinki
cinayət tətbiqi orqanlarının vəzifəli şəxslərinin
hərəkətləri (hərəkətsizliyi) və ya qərarlarından
(o cümlədən, bəzi qətimkan tədbirləri ilə
bağlı qərarlardan) verilən şikayətlərə
baxılması, həmçinin vətəndaşların
konstitusiya hüquq və azadlıqlarını məhdudlaşdıran
prosessual məcburiyyət tədbirinin tətbiqi və ya məcburi
istintaq hərəkətlərinin, yaxud əməliyyat-axtarış
tədbirlərinin keçirilməsinin
razılaşdırılması formasında həyata
keçirilir.
Beləliklə,
məhkəmə nəzarəti anlamı mahiyyətcə
özündə aşağıdakıları ehtiva edir:
- ibtidai istintaq mərhələsində insan hüquq və
azadlıqlarının məhdudlaşdırılması
zamanı qanunçuluğa nəzarətin
cinayət prosesində tərəflərdən asılı olmayan hakimiyyət orqanı kimi
məhz məhkəmə tərəfindən həyata
keçirilməsini;
- cinayət prosesində dövlət
orqanları funksiyalarının dəqiq
bölüşdürülməsi (cinayət təqibi
orqanı cinayətlərin ibtidai
araşdırılmasını aparır və zərurət
yarandıqda təsdiqləndirilən şəxsin həbs
edilməsi məsələsinə dair təşəbbüslə
çıxış edir, məhkəmə isə müəyyən edilmiş
proseduraya müvafiq olaraq hər hansı şəxsə
qarşı irəli sürülmüş
ittihama baxır və ibtidai
istintaqın gedişində insan hüquq və azadlıqlarının (o cümlədən, azadlıq hüququnun)
məhdudlaşdırılmasına dair qərar
çıxarmasını;
-
Konstitusiya hüquq və
azadlıqlarının məhdudlaşdırılması təhlükəsinə
məruz qalan hər kəsin məhkəmə
müdafiəsi hüququndan tez və tam istifadə etmək
hüququnun təmin edilməsini.
Başlıcası
məhkəmə nəzarəti insanın azadlıq hüququnun qismən məhdudlaşdıran qanunsuz həbsdə saxlamanın bir növ
qarşısının alınması üçün
böyük əhəmiyyət kəsb edir.
Azadlığın hər cür məhdudlaşdırılmasının
hakim nəzarətinə verilməsi şəxsin
azadlığını əsassız qəsdlərdən qorumağa yönəlmişdir və bunun qarşısının
alınmasının əhəmiyyətli elementlərindən
biridir. Məhkəmə nəzarəti
ibtidai istintaqın gedişində istənilən
şəxsin özbaşınalıqdan müdafiəsinin, ədalət
mühakiməsinin səmərəliliyinin və ona olan inamın
artırılmasının mühüm təminatıdır.
Məhkəmə nəzarəti
istintaq hərəkətlərinin məcburi
aparıldığı, prosessual məcburiyyət
tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata
keçirildiyi yer
üzrə səlahiyyəti daxilində müvafiq
birinci instansiya məhkəməsi
tərəfindən həyata keçirilir.
Həmçinin,
CPM-nin 442.2-ci maddəsinə əsasən
məhkəmə nəzarətinin həyata keçirilməsi
qaydasında məhkəmə aşağıdakılara
baxır:
1.
Hər kəsin azadlıq, mənzil toxunulmazlığı,
şəxsi toxunulmazlıq hüququnu,
şəxsi sirrinin (o
cümlədən, ailə həyatının,
yazışmaların, telefon
danışıqlarının, poçt,
teleqraf və başqa
məlumatların ) saxlanılması hüququnu məhdudlaşdıran, habelə,
dövlət, peşə və kommersiya sirrini özündə əks etdirən məlumatları
ilə bağlı istintaq hərəkətlərinin
məcburi aparılmasına, prosessual məcburiyyət
tədbirinin tətbiq edilməsinə və ya
əməliyyat-axtarış tədbirinin həyata
keçirilməsinə dair vəsatət
və təqdimatlara;
2.
Cinayət prosesini həyata keçirən
orqanın prosessual hərəkətlərinə
və ya qərarlarına dair
şikayətlərə.
Şərh
olunan maddədə göstərilən vəsatət,
təqdimat və şikayətlərə məhkəmə nəzarəti
funksiyasını həyata keçirən məhkəmənin
hakimi tərəfindən təkbaşına
baxılır. Belə ki, CPM-nin 447.1-ci maddəsinə əsasən istintaq hərəkətinin məcburi
aparılması, prosessual məcburiyyət
tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış
tədbirinin həyata keçirilməsi məsələlərinə
dair müraciətlərə hakim tərəfindən təkbaşına,
qapalı məhkəmə iclasında baxılır. Bu zaman CPM-nin 443-454-cü
maddələrinin tələbləri ilə yanaşı, məhkəmə
baxışının cinayət-prosessual qanunvericiliklə
müəyyən edilmiş digər şərtlərinə
də şərh edilən fəslin normalarında müəyyən
edilmiş müddəalara zidd
olmayan hissədə ciddi
riayət edilməlidir.
Buradan aydındır
ki, məhkəmə nəzarəti
qaydasında materiallara hakim
tərəfindən təkbaşına baxılır. Hüquq ədəbiyyatında, eləcə də,
CPM-də anlaşılmazlıq doğuran
mühüm məsələlərdən
biri budur. Bu bəzən mübahisə doğuracaq
dərəcədə mübahisələndirilir. Lakin “təkbaşına” termini,
məhkəmə iclasında hakimin tək
olması (məhkəmə tərkibinin), məhkəmə iclas katibinin məhkəmə
iclasında iştirakının məhdudlaşdırılmaması
kimi başa
düşülməlidir. Belə ki, CPM-nin 78.2-ci maddəsinə
əsasən, böyük ictimai
təhlükə törətməyən və ya az ağır cinayətlərə
dair cinayət işlərinə və
cinayət təqibi ilə bağlı digər materiallara birinci instansiya məhkəmələrinin hakimləri
tərəfindən təkbaşına baxılır.
Bundan
başqa, CPM-nin 447.
3-cü maddəsinə əsasən, istintaq
hərəkətlərinin məcburi aparılması və ya prosessual məcburiyyət
tədbirinin tətbiq edilməsi məsələləri
üzrə qapalı məhkəmə iclasında, vəsatət
vermiş şəxs, ibtidai
araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən
prokuror, vəsatətlə
hüquqlarının məhdudlaşdırılması nəzərdə
tutulan şəxs onun
müdafiəçisi və ya qanuni nümayəndəsi iştirak
etmək hüququna malikdirlər. Lakin Məcəllənin
447. 4-cü maddəsinə əsasən, əməliyyat-axtarış
tədbirinin həyata keçirilməsi məsələləri
üzrə qapalı məhkəmə iclasında yalnız hakim, məhkəmə iclasının katibi, vəsatət vermiş
şəxs və əməliyyat-axtarış fəaliyyətinə
nəzarəti həyata keçirən prokuror
iştirak edirlər.
CPM-nin 447-ci maddəsində
göstərilən məsələlərə
baxılması üzrə məhkəmə iclasında iştirak edən şəxslərin dairəsi
konkret baxılan müraciətin xarakterindən
asılı olaraq müəyyən edilmişdir. Lakin tək əməliyyat-axtarış
tədbirinin həyata keçirilməsində (maddə 447.4)
məhkəmə iclas katibinin
adı göstərilir. Fikrimcə, qanunvericilikdə
boşluğun olmasına əyani sübutdur. Əslində, istintaq
hərəkətinin məcburi aparılması və prosessual məcburiyyət tədbirinin tətbiq
edilməsindən, cinayət prosesini həyata
keçirən orqanın prosessual hərəkətlərinin
və ya qərarlarının qanuniliyinin yoxlanılmasından fərqli
olaraq əməliyyat-axtarış tədbirinin
həyata keçirilməsi məsələləri üzrə
məhkəmə iclasında məhkəmə
iclasının katibinin
iştirakının məhz zəruriliyi qanunvericilikdə heç bir mənada
göstərilməmişdir.
Hesab
edirəm ki, prosessual
məcburiyyət tədbirlərinin tətbiqinə dair, habelə, CPM-nin
177.3.4-177.3.6-cı maddələrində göstərilənlər
istisna olmaqla digər istintaq hərəkətlərinin məcburi
aparılmasına dair müraciətlərə
baxılmasında hakim, məhkəmə
iclasının katibi, baxılan vəsatəti vermiş müstəntiq
və ya başqa səlahiyyətli
şəxs, vəsatəti müdafiə edərək, məhkəməyə
təqdimat vermiş ibtidai
araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokuror, habelə,
müvafiq istintaq hərəkətinin
məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiqi
ilə hüquqlarının məhdudlaşdırılması
nəzərdə tutulmuş şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi
iştirak edə bilər. Lakin AR ərazisindən kənarda
istintaqdan gizlənən və
axtarışda olan təqsirləndirilən
şəxslər barəsində istintaq hərəkətlərinin
məcburi aparılması və prosessual
məcburiyyət tədbirlərinin tətbiq edilməsinə dair müraciətlərə onların özlərinin,
müdafiəçilərinin və ya qanuni nümayəndələrinin
iştirakı olmadan baxılır.
Şərh olunan
maddədə göstərilmiş məsələlərə
baxılarkən qapalı məhkəmə iclasında iştirak edən şəxslər (o cümlədən, tərcüməçi,
şahid və s.) orada araşdırılmış məsələlərin
konfidensiallığının qorunması haqqında CPM-nin 23-cü fəslində nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməli və onlardan belə məlumatları
yaymayacaqları barədə iltizam
alınmalıdır, çünki
“Dövlət sirri haqqında” 7 sentyabr 2004-cü il tarixli AR Qanununun 5.4-cü
maddəsinə əsasən əməliyyat-axtarış, əks-kəşfiyyat
fəaliyyətinə dair bir
sıra məlumatlar dövlət sirrini
təşkil edir.
Məhkəmə nəzarəti
qaydasında icraat zamanı hakimin və iclasda iştirak edən digər şəxslərin bütün prosessual hərəkətləri,
habelə, onların söylədikləri fikirləri və
çıxışları məhkəmə iclasının
protokolunda qeyd edilməlidir. Protokol məhkəmə iclasının bütün gedişini
özündə əks etdirməlidir. Və bunun
üçün məhkəmə
iclası katibinin məhkəmə
iclasında iştirakı birmənalıdır. Buradan da məhkəmə
iclasının ədalətli araşdırma hüququnun
üzərində qurulması daha
aydın səpkidə özünü
büruzə verir.
CPM-nin 447-ci maddəsində
nəzərdə tutulmuş məsələlərə
dair müraciətlərə
baxıldığı qapalı məhkəmə iclasında
zərurət olduqda digər şəxslər
də iştirak edə bilərlər. Belə
ki, hakim vəsatətdə
göstərilmiş məsələləri dəqiqləşdirmək,
qəbul edəcəyi qərarı əsaslandırmaq üçün şahidləri, zərərçəkmiş
şəxsi, eksperti və s.
şəxsləri çağırıb dindirmək hüququna malikdir. Bundan başqa, zərurət
olduqda qapalı məhkəmə
iclasında tərcüməçinin iştirakı da təmin olunmalıdır. Eyni
hal üzrə məhkəmə iclas katibinin məhkəmə
iclasında iştirakı əhəmiyyətli dərəcədə
vacibdir (bax, CPM-nin 297-ci və 298-ci maddələri).
Məhkəmə
nəzarətinin həyata keçirilməsi üzrə materiallara baxılması nəticəsində
hakim müvafiq qərar
qəbul edir. Lakin CPM-in
448.3-cü maddəsinə əsasən, məhkəmə nəzarəti
funksiyasını həyata keçirən hakimin
qərarında məhkəmə iclasının katibinin adı göstərilmir (hətta CPM-in 447.4-cü maddəsində əməliyyat-axtarış
tədbirinin həyata keçirilməsi məsələləri
üzrə qapalı məhkəmə
iclasında məhkəmə iclas katibinin iştirakı göstərilsə də
belə).
Məhz məhkəmə nəzarətinin
həyata keçirilməsində məhkəmə iclas katibinin rolu, məhkəmə nəzarətinin həyata
keçirilməsində obyektivliyinə ədalətli məhkəmə
araşdırması hüququnun istifadə
olunmasına, insanın hüquq və
azadlıqlarının yetərincə qorunmasına, məhkəmə nəzarətinin
həyata keçirilməsində məhkəmə iclas katibinin əhəmiyyəti
işə məhkəmə hakimiyyətinin ədalətliliyini,
qanuniliyini və keyfiyyətliliyini
artırmağa xidmət edir.
Vahid Ömərov, fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2011.- 6 dekabr.- S. 13.