Azərbaycan kino sənətinin Lütfəli Abdullayevi
Azərbaycan kino
sənətinə bir-birindən maraqlı obrazlar
bəxş edən, milli kinomuza
orijinallıq bəxş edən Lütfəli Abdullayev
öz naxışı ilə maraqlı aktyor olduğunu sübut etdi. Çox da uzun
olmayan ömür yaşayan aktyor heç kəsi təkrarlamadan sənət irsini təqdim etdi. Bu irs tarixdə onun imzasını yaza bildi.
1914-cü
ildə dünyaya gələn Lütfəli
Abdullayev doğulduğu
məkanda Nuxada yeddillik
məktəbi bitirəndən sonra bir neçə ay Şəki
fəhlə gənclər klubunun dram dərnəyində
çalışıb. Burada kiçik məsxərələrdə
və tərcümə olunmuş, təbdil
edilmiş vodevillərdə oynayıb.
1928-ci ilin sentyabrında Bakıya gələn
Lütfəli Abdullayev Dövlət
Konservatoriyasının valtorna sinifinin məşğələlərində
iştirak etməyə başlayıb.
Onun vokal sənətinə marağı olduğuna görə, paralel
olaraq, Berluskinin kursunda ifaçılıqla məşğul olmuş, səsinin oxu ölçü-quruluşunu cilalayıb
müəyyən qəlibə salmışdır. Dərslərinin
gedişatını müəyyən yönə salıb
sistemləşdirdikdən sonra
yaşının azlığına baxmayaraq,
müsabiqə ilə opera teatrının
xor heyətinə qəbul olunub.
Tezliklə o, yardımçı aktyor kimi sözsüz
və epizod rollarda,
qısa vaxtdan sonra
“Arşın mal alan”
operettasında Vəli rolunda oynayıb.
Onunla bağlı
yazıya alınmış mənbələrdə qeyd olunur ki,
1938-ci ildə Azərbaycan Dövlət Musiqili
Komediya Teatrı yarananda
Lütfəli Abdullayev truppaya
qəbul edilib. Teatr
1949-cu ilin yazında maliyyə çətinliyi
ilə bağlı fəaliyyətini dayandırmalı olanda Lütfəli Abdullayev
Milli Dram Teatrına keçib. Burada Tulio (“Rəqs müəllimi”, Lope de Veqa),
Rəşid (“Kimdir müqəssir?”,
Georgi Mdivani), Tağı (“Köhnə dudman”, Əbdürrəhim bəy Haqverdiyev), Oddamdı (“Od gəlini”,
Cəfər Cabbarlı), Nadir
(“Çiçəklənən arzular”, Məmmədhüseyn
Təhmasib) rollarında çıxış edib.
İki ildən sonra o, Azərbaycan Dövlət
Filarmoniyasının nəzdində estrada
ansamblı kimi çıxış edən
muskomediya truppasında işləməyə
başlayıb.
1956-cı
ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin
bədii rəhbərliyi ilə yenidən fəaliyyətə
başlayıb. Lütfəli Abdullayev
teatrın aparıcı sənətkarı kimi
Musiqili Komediya
Teatrının, demək olar ki, ən populyar, uğurlu və uzun ömürlü tamaşalarında
çıxış edib. Onun
yaradıcılığını üç
bölümə ayıraraq, belə tətbiq etmişdilər:klassik
operettalarda oynadığı rollar; tərcümə əsərlərində
ifa etdiyi səhnə
surətləri; çağdaş bəstəkarların
musiqili komediyalarında
yaratdığı koloritli personajlar.
Klassik
operettalardakı rollar siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində
oynadığı Vəli və Soltan bəy
(“Arşın mal alan”),
Hambal, Cəfər və Məşədi
İbad (“Məşədi İbad”),
Zülfüqar bəy Hacıbəyovun əsərlərində
ifa etdiyi Kəblə
Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu
(“Əlli yaşında cavan”) obrazları daxildir. Aktyorun milli və tərcümə klassik əsərlər əsasında müasir bəstəkarların musiqi bəstələdikləri
komediyalardakı Kərim (“Lənkəran xanının vəziri”,
Mirzə Fətəli Axundzadə və Niyazi),
Qulaməli (“Dərviş Məstəli şah”,
Mirzə Fətəli Axundzadə və musiqi
tərtibçisi Şəmsəddin Fətullayev),
Trufaldino (“İki ağanın
bir nökəri”, Karlo
Haldoni və musiqi tərtibçisi
Şəmsəddin Fətullayev) və s.
rollarını da buraya
daxil etmək olar.
Tərcümə
edilmiş musiqili komediyada oynadığı komik
personajlar: Hamlet (“Tiflis nəğməsi”, Levon
Cubabiriya və Şoto
Milorava), Avo (“Şirin arzular”), Çako (“Keto və Kote”, Vladimir Dolidze).
Aktyorun əlvan
yaradıcılığında çağdaş
sənətkarların yazdıqları musiqili
komediyalarda oynadığı rollar çoxluq təşkil
edir. Bunlardan əsasları
Möhsün, Qoşun,
Qəhrəman, Dursun və Kərim kişi, Məhəmməd, Güloğlan,
Murtuzov və Alanzadə və başqa obrazlarıdır. Lütfəli Abdullayev həm də populyar
kino aktyoru idi. Kinoda ilk
və son dərəcə uğurlu
işi Rza Təhmasibin
1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmində Vəli
rolu olub. O, bu rola görə
1946-cı ildə Stalin mükafatına (sonralar “SSRİ Dövlət mükafatı”
adlandırıldı) layiq görülüb. Lütfəli Abdullayev, həmçinin, “Əhməd
haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat”
(Kefcilov) filmlərinə çəkilib.
Öz
yaradıcılığında “Qaravəlli” oyun-tamaşa
estetikasının “açıq yumor” üslubundan daha çox bəhrələnən Lütfəli
Abdullayev tipik xarakterlər
yaratmağa üstünlük
verib. Bu istiqamətdə
əsasən şarjla qroteskə əsaslanıb.
Zil olmayan, lakin şirin ləhcəli
avazını oynadığı obrazların xarakterinə
uyğunlaşdırmağı məharətlə bacarıb.
Yaradıcılıq uğurlarına və Musiqili
Komediya Teatrının
inkişafındakı xidmətlərinə görə
respublikasının xalq artisti
fəxri adı ilə təltif olunub.
Xalqın
bütün zümrələrinin sevimli aktyorlarından olan
Lütfəli Abdullayev 1973-cü ilin bu günü
vəfat edib.
Zümrüd
Səs.- 2011.- 8
dekabr.- S. 12.