AZADLIQ,
İSTİQLALİYYƏT, ƏDALƏTƏ APARAN YOL - ULU
ÖNDƏR HEYDƏR ƏLİYEV YOLU
12 dekabr
2003-cü il hər bir Azərbaycan vətəndaşı
üçün çox ağır bir gün olaraq
yaddaşlara həkk olunub. Həmin gün
xalqımızın xilaskarı, dövlətimizin qurucusu Ümummilli Liderimiz Heydər Əliyev haqq
dünyasına qovuşdu. O gündən
axın-axın insanlar Fəxri Xiyabana gedərək, Onun
məzarını ziyarət edir, ruhuna dualar oxuyub,
abidəsi önünə gül dəstələri
düzürlər. Bununla bir
daha dahi öndərimizə
öz məhəbbətlərini ifadə
etmiş olurlar. Yeni Azərbaycan
Partiyası Qadınlar Şurasının sədri, YAP Siyasi Şurasının üzvü,
professor Nurlana
Əliyeva söhbət əsnasında bildirdi
ki, ziyalı xalqının, vətəninin
təəssübünü çəkəndə, özünün yox,
ölkəsinin milli maraqlarına xidmət
göstərəndə daha hörmətli,
sevilən və unudulmaz olur:
- Öncə, onu
deyim ki, 2003-cü ilin 12 dekabr tarixi hər bir Yeni Azərbaycan Partiyasının üzvü üçün,
hər bir qədirbilən Azərbaycan vətəndaşı
üçün çox
ağır bir gün
oldu. Çünki Ulu Öndər Heydər Əliyevin Azərbaycan
vətəndaşlarının həyatında çox müstəsna rolu
var. O mənada ki, Ümummilli Liderimiz Azərbaycanımızı məhv olmaqdan, uçurum kənarından,
həmçinin, bizləri gələcək nəsillərin
qınağından xilas edib.
Ən əsası isə, əsrlərdən bəri hər bir dövlətin, hər bir
dövrün ziyalıya, onların sözünə
və mövqeyinə böyük
ehtiyacı olub, indi də
belədir. Azərbaycan millətinin mentalitetində
böyüyə, ağsaqqala, müəllimə,
ziyalıya xüsusi münasibət,
özəl ehtiram var.
Ulu
Öndər Heydər Əliyev də daim
cəmiyyətdə ziyalı missiyasına böyük
önəm verib, ziyalıları,
xalqını və dövlətini sevənləri həmişə
yüksək qiymətləndirərək, onların fədakar
əməyini dəyərləndirib. Yeri
gələndə onlarla məsləhətləşmələr
aparıb, təkliflərini dəstəkləyib, onlara inanıb və arxalanıb.
Ulu
Öndər Heydər Əliyev xalqımızın təkidli
tələbi ilə Azərbaycanın ən çətin, ən
gərgin illərində hakimiyyətə gələrək, bu çətinlikləri öz
bacarığı, praqmatik siyasəti ilə
dəf etməyi bacardı və ölkəmizi inkişaf yoluna
çıxardı. Azərbaycan müstəqillik
qazandıqdan
sonra məhz
Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində
ötən əsrin əvvəllərində repressiyaya
məruz qalmış, mühacir həyatı
yaşamış neçə-neçə şəxsiyyətlər,
alimlər, dövlət xadimləri, şair
və yazıçılar, incəsənət adamları, ordu sərkərdələri, adı və
xidmətləri unudulmaqda
olan dəyərli ziyalılarımız
yenidən xalqın mənəvi yaddaşına
qaytarıldı. Bütün Azərbaycan
bilir ki, bu əlçatmaz həqiqətlərin
reallaşması məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
varlığını bütün dünyada təsbit etmək məramından
irəli gəlirdi. Bu, həm də
dünyanın ən böyük Azərbaycanlısı
olan Heydər Əliyevin görkəmli
dövlət xadimi olmaqla
yanaşı, eyni zamanda,
əsil ziyalılığından xəbər verirdi.
Hər
dövrdə, hər cəmiyyətdə tərbiyə o halda uğurlu
olur ki, onun əyani şəxsi nümunəsi olsun. Tarix bu
nümunəni bizə bəxş etməklə gənc nəslin
tərbiyə işinə böyük
töhfə vermişdir. Milli
ruhda tərbiyə alan
insanın ən yaxşı ideal nümunəsi
öndərin mübarizələr və qələbələr
dolu bioqrafiyasıdır. Etiraf
etməliyik ki, biz bu bioqrafiyanın əsas mənasını, pedaqoji fəlsəfəsini kifayət qədər
tədris və təbliğ edə bilmirik.
Rəhbərin həyat yolunu əks etdirən
materialların, əyani vasitələrin, kitab
və filmlərin azlığı və natamamlığı
hiss olunur. Mövcud kino
materiallarında sovet dövrünün
təbliğat kitabları çox
qabarıqdır. Bu ştampların
arxasında Öndərin şəxsiyyətinin milli səciyyəsi, onun milli zəmin və dəyərlərlə
bağlılığı öz əksini
bəzən çox zəif tapmışdır.
Heydər Əliyev şəxsiyyətindən söhbət gedərkən
buraya Azərbaycanı da
əlavə etmək lazım gəlir. Çünki
Heydər Əliyev şəxsiyyəti Azərbaycanla
bütövləşmiş, onun ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə keçmişdir.
Azərbaycanın
milli-mənəvi dəyərlərinə Ulu
Öndərin ruhən bu qədər vurğunluğunu da, görünür, elə bu
bağlılıqda axtarmaq
lazımdır. Heydər Əliyevin milli-mənəvi
dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, bu
problemin həlli ilə bağlı müəyyənləşdirdiyi
xətt, atdığı addımlar bəzən əsil mahiyyəti
üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən
yanlışlıqlara yol verilir.
Ümummilli Liderin
bu sahədə
xidmətlərinin, sadəcə olaraq, Azərbaycan
ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə,
təhsilinə, səhiyyəsinə yüksək
qayğı kimi səciyyələndirilməsi
bu işlərin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Çünki
görülən bu işlər sadəcə
qayğı göstərilməklə məhdudlaşa bilməz.
Bütün bunlar ulularımızdan bizə
gəlib çatan müqəddəs irsi göz bəbəyi tək
qorunaraq gələcək nəsillərə
əmanət edilməsi, Azərbaycan şüurunun,
mentalitetinin, əxlaqının bütün dünyada təbliği,
qəbul olunması üçün
atılan düşünülmüş
məqsədyönlü addımlardır.
Bu gün
qüdrətli Azərbaycan öz şərəfli
tarixi keçmişi
ilə müasir dövrlərimizə qədər
qətiyyətli addımlarla irəliləmişdir. Bu cür tarixi
mərhələləri keçən ölkəmiz bu günlərdə daha bir qalibiyyət şərəfini xalqına və
beynəlxalq aləmə sübut etdi. Azərbaycanın nüfuzlu
beynəlxalq təşkilatlarda aktiv fəaliyyət
dövrünə daha biri
də əlavə olundu ki,
bu təşkilatın nüfuzu
dünyada baş verən
qlobal dəyişikliklərə sirayət
edir. Belə ki, Azərbaycanın
da BMT kimi nüfuzlu qurumda söz demək və qərar vermək
imkanının yaranması ölkəmizin ali
qüdrətinin bariz nümunəsidir. Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilməsi isə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının
qəlbini qürur hissi
ilə doldurur. Dünyanın
hər yerindən gələn rəylər, xoş
sözlər bunu söyləməyə əsas
verir. Çünki
ölkəmizin Dağlıq Qarabağ kimi köklü bir probleminin həlli
istiqamətində belə mötəbər bir
təşkilata üzvlüyün kömək
olacağını hamı yaxşı başa
düşür. Azərbaycanın artan gücünə və nüfuzuna
yalnız düşmənlər sevinməyə bilər. Ulu Öndər
Heydər Əliyev xalqımızın təkidli tələbi
ilə Azərbaycanın ən çətin, ən gərgin
illərində hakimiyyətə gələrək praqmatik siyasəti ilə bütün
çətinlikləri dəf edərək ölkəmizi inkişaf yoluna
çıxardı. Heydər Əliyevin həmin illərdə
görmüş
olduğu böyük
işlərdən biri də YAP-ın
yaradılması idi. YAP o dövrdə ölkənin istinadgahı,
dayağı kimi, özünü
Azərbaycanın xilasına həsr etməyi bacaran
insanların bir araya gəldiyi
qurum kimi
yaranmışdı. YAP-ın təsis olunması və Ulu Öndərin rəhbərliyi altında
ölkəmizin böyük
ziyalılarının bir araya
gəlməsi çox mürəkkəb
durumda olan dövlətimizin
gələcəyi baxımından da mühüm hadisə idi.
YAP yaranandan dərhal sonra
bütün fəallarımız,
ziyalılarımız, cəmiyyətin hər təbəqəsindən
olan insanlar, o cümlədən, qadınlarımız
mütəşəkkil şəkildə partiyanın
sıralarına gəldi. Mən Ümummilli
Liderimizin anım günü
ərəfəsində Onun ruhu qarşısında baş
əyirəm. Azərbaycanda qeydə alınan iqtisadi
inkişaf tempi beynəlxalq
aləm tərəfindən də təqdir edilir.
Onu da qeyd
edim ki, Ulu Öndər Heydər Əliyevə qədər
Azərbaycan qadınını böyük
işlərə pərvazlandıran, ruhlandıran, onları
dövlət idarəçiliyinə cəlb edən ikinci dövlət başçısı
olmayıb. Qadınların hər zaman
aparıcı qüvvə olduğunu
bildirən Ümummilli Liderimiz
onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsadüfi deyil ki, Ümummilli Liderimiz Heydər Əliyevin ikinci
dəfə dövlət rəhbərliyinə
qayıdışından sonra
qadınlarımızın ictimai-siyasi həyata
transformasiyası, onların dövlət idarəçiliyində
təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə
bərabər hüquqlara
malik olması dövlət idarəçiliyi
kursunun prioritet istiqamətlərindən
birinə çevrilib. Müstəqil Azərbaycan
dövləti BMT-nin “Qadınlara
münasibətdə ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması” haqqında Konvensiyaya qoşulub. Ulu Öndər Heydər Əliyevin Fərmanı
ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi
yaradılıb. Yeri gəlmişkən, onu da qeyd
edim ki, YAP Qadınlar
Şurası da 1995-ci ildə məhz Ulu Öndərimizin təşəbbüsü
ilə yaradıldı. O zaman cəmiyyətin
bütün fəal qadınları
partiyamızın sıralarına qoşuldular.
Bu gün YAP cəmiyyətin
siyasi avanqardı, respublikamızın ən
nüfuzlu siyasi
qüvvəsidir. Bizim, doğrudan
da, geniş potensialımız
var. Bəlkə, elə buna görə də, yaşadığı
zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu
əxz etdiyi milli-mənəvi dəyərlərini,
mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan
qadını gələcək taleyini daim inandığı, etimad
bəslədiyi siyasi qüvvəyə
etibar etmək istəyib. Hazırda Azərbaycan
qadını beynəlxalq müstəvidə ölkəmizi,
xalqımızı layiqincə təmsil edir.
Xüsusilə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın fəaliyyəti bu
baxımdan hər bir Azərbaycan
qadını üçün bir örnəkdir. Mehriban
xanımın fəaliyyəti nəticəsində xeyriyyəçilik
ölkədə bir hərəkata çevrilib. “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi hər bir vətəndaşın arzusunun
reallaşmasının ifadəsidir. Azərbaycanın
zəngin mədəniyyətinin incisi
sayılan muğamın geniş təbliği,
milli-mədəni dəyərlərimizin qorunub
saxlanması istiqamətində atdığı addımlar, təhsilin,
səhiyyənin inkişafına verdiyi əvəzsiz
töhfələr Mehriban xanım
Əliyevanın Azərbaycan qadınlarını layiqli şəkildə təmsil etdiyinin bir nümunəsidir.
Bu gün
Ulu Öndər Heydər Əliyevin
ideyalarını həyata keçirən Mehriban
xanım Əliyeva miqyası və mahiyyəti etibarı ilə
böyük işlərin təşəbbüskarıdır.
Və son olaraq demək
istəyirəm ki, Heydər Əliyev ideyalarının
əsasında dövlətçilik fəlsəfəsi
dayanır. Mən xüsusilə demək istəyirəm ki, Ulu Öndər Heydər
Əliyevin qoyduğu bu
yol bizi məbədə
aparır. O məbəd azadlıq, istiqlaliyyət, ədalətli
insanların məbədidir, o məbəd
zəhmət, hünər məbədidir. O məbəd daima bizi özünə tərəf
səsləyir. Biz o məbədə tərəf
getməyə bilmərik. Çünki həmin
məbədin təməlində Ümummilli
Liderimiz Heydər Əliyevin sarsılmaz
ideyaları, Prezident İlham
Əliyevin Azərbaycanın daha da qüdrətlənməsinə
hesablanmış böyük, qlobal işləri durur.
RƏFİQƏ
KAMALQIZI
Səs.-
2011.- 8 dekabr.- S. 6.