DİQQƏT
VƏ QAYĞININ ALİ TƏZAHÜRÜ
Ölkə
iqtisadiyyatının davamlı olaraq
şaxələndirilməsi, daxili məhsul
istehsalında qeyri-neft sektorunun
inkişafı, sahibkarlara dövlət dəstəyinin
gücləndirilməsi, regionların Dövlət
Proqramlarına uyğun şəkildə
inkişafına nail olunması, eləcə
də, özündə mühüm tərəqqini
ehtiva edən
islahatların aparılması ölkənin böyük
uğurlar qazanmasına güclü
təkan verir. İqtisadiyyatda
əldə edilən yüksək göstəricilər sosial sahənin inkişafına, ölkədə
aparılan tikinti-quruculuq və abadlıq
işlərinin genişləndirilməsinə, xüsusən
də, əhalinin rifahının daha da yaxşılaşdırılmasına
təkan verən faktorlardandır.
DAVAMLI
VƏ UĞURLU STATİSTİK GÖSTƏRİCİLƏR
Bu gün
Azərbaycanın hərtərəfli inkişafı hər bir vətəndaşın həyatında, maddi güzəranında özünü
aydın şəkildə sərgiləyir. Xalq
hər zaman belə bir
həqiqəti təsdiq edir ki, ölkədə aparılan sosial
siyasət uğurla davam
etdirilir və bundan sonra da etdiriləcək. Buna misal kimi, 2011-ci ilin ötən ayları ərzində əldə
olunan yüksək göstəricilərə
diqqət yetirdikdə, görürük ki, bu zaman
kəsimində əhalinin pul gəlirləri
19 faiz artmışdır. Əgər bu rəqəmi inflyasiya ilə
müqayisə etsək, görərik ki, əhalinin
gəlirləri iki dəfədən
artıqdır. Bu
il 900 minə yaxın
pensiyaçının pensiyası orta hesabla 40 faiz
artmışdır. Bütövlükdə götürsək,
9 ayda Azərbaycanda pensiyaların səviyyəsi
əhəmiyyətli dərəcədə - 35 faiz
artmışdır.
Ölkədə
ünvanlı dövlət sosial
yardımı üzrə proqramı çərçivəsində
də böyük uğurlar
əldə edilmişdir. Əhalinin aztəminatlı
təbəqəsinə verilən ünvanlı sosial yardım isə davamlı olaraq icra edilir. Yeni təhsil, səhiyyə,
idman-sağlamlıq ocaqlarının tikintiləri nəhəng
layihələrlə reallaşdırılır. Həmçinin,
ölkə iqtisadiyyatının inkişafına söykənən
quruculuq-abadlıq işləri geniş
vüsət almaqda davam
edir. Son illərdə
dövlət büdcəsinin 10 dəfə artırılması,
yoxsulluq səviyyəsinin qısa müddətdə
49 faizdən 9 faizə endirilməsi mütərəqqi sosial göstəricidir. Bu
isə, onu göstərir ki,
hətta dünyanı bürüyən qlobal
böhranlı ildə də Azərbaycanda yoxsulluğa
qarşı çox ciddi
mübarizə aparılıb, nailiyyətlər əldə olunub.
“...ƏSAS
İSTİQAMƏTLƏR SOSİAL SAHƏYƏ AİD
OLMALIDIR”
Əməkhaqlarının,
pensiyaların davamlı olaraq
artırılması, aztəminatlı ailələrə
müavinətlərin verilməsi, şəhid ailələrinə
və müharibə veteranlarına göstərilən maddi yardımların çoxalması dövlətin
öz vətəndaşlarına göstərdiyi
diqqət və qayğının parlaq təzahürüdür.
Aztəminatlı sosial təbəqələrin
sosial müdafiəsinin gücləndirilməsi
məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq
fərman və sərəncamları ilə minimum
aylıq əməkhaqqının məbləği, işsizlik müavinətinin, peşə
hazırlığı müddətində işaxtaran
və işsiz vətəndaşlara
ödənilən təqaüdün minimum
məbləği, işləməyən əmək
pensiyaçılarına ödənilən pensiya
və müavinətlərin ümumi məbləğinin
minimum həddi mütəmadi olaraq artırılır. Belə
ki, bu günlərdə
dövlət başçısı İlham
Əliyevin əhalinin maddi rifahını daha da
yaxşılaşdırmaq və sosial
müdafiəsini gücləndirmək məqsədilə
imzaladığı Sərəncama əsasən minimum əmək haqlarının məbləği
10 faiz artırılaraq, 93,5 manat müəyyən edilmişdir.
Həmçinin, Prezident İlham Əliyev dövlət büdcəsindən
maliyyələşdirilən təhsil müəssisələrində
(ali təhsil müəssisələri istisna olmaqla)
çalışan işçilərin aylıq vəzifə
maaşlarının 10 faiz
artırılması barədə mühüm
Sərəncam imzalayıb.
Dövlət
başçısı dəfələrlə bəyan edib: “Əsas istiqamətlər sosial
sahəyə aid olmalıdır. Biz, ilk növbədə, sosial müdafiəni gücləndirməliyik
və büdcəyə ediləcək əlavələr ən
əvvəl sosial məsələlərin
həllinə yönəldilməlidir.”
Hər
il dövlət büdcəsinin xərclər
bölümünün tərtibi
zamanı sosial müdafiəyə
ehtiyacı olan təbəqəyə xüsusi diqqət göstərilir. Bu kateqoriyaya aid insanların sosial
müdafiəsinə ayrılan məbləğ ildən-ilə
daha da
artırılır. Belə ki,
2010-cu ilin dövlət büdcəsində
sosialyönümlü xərclərin
çəkisi 34,4 faiz (3 milyard
878 milyon manat) təşkil
etmişdir ki, bu da 2009-cu ilin
büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. 2011-ci ildə
isə sosial yönümlü
xərclərin dövlət büdcəsindəki xüsusi çəkisi 33,3 faiz
(4 milyard 234 milyon manat) təşkil etmişdir
ki, bu da
ötən illə müqayisədə 8,8 faiz
çoxdur.
2012-ci
ilin dövlət büdcəsində əhalinin
sosial müdafiəsinin daha
da gücləndirilməsi əsas istiqamət
kimi müəyyən edilib.
Ümumiyyətlə, növbəti ilin
büdcəsi investisiya yönümlü
və sosialyönümlü büdcə hesab edilir. Builki büdcə ilə
müqayisədə 2012-ci ilin dövlət
büdcəsinə ediləcək artımlar nəzərdə
tutulan bütün sosial layihələrin uğurlu
icrasına, əhalinin həyatının daha
da yaxşılaşdırılması üçün əlavə tədbirlər
görməyə imkan verəcəkdir.
GƏLƏCƏK
PRİORİTETƏ HESABLANMIŞ UĞURLU SİYASƏT
Dövlət
başçısı İlham Əliyev
xüsusilə vurğulamışdır ki,
görüləcək işlərdə konkret
sosial proqramların icrası nəzərə
alınmalıdır: “Həmişə olduğu
kimi, büdcə həm investisiya
yönümlü, həm də sosial yönümlüdür,
konkret sosial
proqramların icrası nəzərə alınmalıdır.
İldən-ilə büdcə xərclərimiz də
artır. Gələn il dövlət
büdcəmizin xərcləri təqribən 22 milyard dollar həcmində
olmalıdır. İcmal büdcə isə
25 milyard dollar səviyyəsində
olacaqdır. Bu, çox
böyük rəqəmdir, böyük məbləğdir. Əgər biz adambaşına düşən büdcə
xərclərini hesablasaq, görərik ki, bu göstərici
üzrə Azərbaycan dünya
miqyasında ön sıralardadır.
Növbəti aylarda, xüsusilə,
2012-2013-cü illərdə biz
çalışmalıyıq ki, ölkə
qarşısında duran əsas infrastruktur layihələrini icra
edək”.
Azərbaycan
xalqı bu siyasətə səmimiyyətlə,
ürəklə inanır və qətiyyətli olaraq əmindir ki, əhalinin
həyat səviyyəsi ildən-ilə daha
da yaxşılaşacaq. Və
şübhə yoxdur ki,
gələcək illərdə də bütün
əsas məsələlər öz həllini
tapacaqdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün
bu işlər, təbii ki,
Azərbaycanın iqtisadi qüdrətinin
artırılması, ölkə əhalisinin sosial
müdafiəsinin daha etibarlı təminatı
üçün görülür.
RÖVŞƏN NURƏDDİNOĞLU
Səs.- 2011.-
8 dekabr.- S. 2.