XALQIN ƏBƏDİ
LİDERİ
Müstəqil
Azərbaycan dövlətinin memarı, Azərbaycan
xalqının dahi oğlu Ümummilli Liderimiz Heydər Əliyevin
əbədiyyətə qovuşmasından 8 il ötür. Bu
səkkiz il ərzində xalqımız öz liderini bir an belə
unutmayıb.
12 dekabr
Ümummilli Liderimiz Heydər Əliyevin vəfatının səkkizinci
ildönümü ilə əlaqədar xalqımızın
bütün təbəqələrindən olan insanlar yenə
də axın-axın Fəxri Xiyabana gedərək,
Ümummilli Liderə olan sonsuz məhəbbətlərini və
sevgilərini ifadə edirlər. Çünki bugünkü
YENİ AZƏRBAYCANIN QURUCUSU olan və Azərbaycanın son
qırx ildən artıq bir dövrünü əhatə edən
tarixi taleyi Ümummilli Lider Heydər Əliyevin adı ilə
qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində
xalqın ictimai-siyasi və mədəni həyatının
bütün sahələrində dirçəliş məhz
böyük şəxsiyyətin adı ilə əlaqədardır.
Azərbaycanın
yüksəlişində Heydər Əliyevin rolu əvəzedilməzdir
Ulu Öndər Heydər Əliyev
Azərbaycan xalqı qarşısında böyük
xidmətlər göstərib. Bunların sırasında ən
əsası müstəqil Azərbaycan dövlətinin
qurulması üçün hələ
sovetlər dönəmində bazanın
yaradılmasıdır. Hələ ötən əsrin
70-80-ci illərində sovet dönəmində
respublikamızın inkişafında böyük
işlər görən Ümummilli Lider Heydər Əliyev tariximizə qurucu insan kimi
daxil olub. Məhz buna görə, Heydər Əliyev xalqımızın
qəlbində daim yaşayır. Böyük Öndərin ideyaları dövlətimiz
və xalqımız üçün həmişə
lazım olacaq. Heydər Əliyevin böyüklüyü zaman
keçdikcə daha əzəmətli
görünəcək. Heydər Əliyevin dahiliyi, böyüklüyü
ondadır ki, Onun xidmətləri
təkcə davamçıları, partiyasının üzvləri
tərəfindən deyil, həm də bütün ölkə ziyalıları və
dünyanın tanınmış şəxsləri tərəfindən
etiraf olunur.
Hamı qəbul edir ki,
Azərbaycanın tərəqqisində Dahi
Öndər Heydər Əliyevin rolu əvəzedilməzdir.
Heydər Əliyev və Azərbaycan dövlətçiliyi mövzusunda hələ uzun
illər müzakirələr aparılacaq. Amma
fakt odur ki, müstəqil dövlətimizin möhkəmlənməsi
üçün atılan
addımların əhəmiyyəti çox
böyükdür.
Xalqın
xilaskar Lideri
Xalq
xilas yolunu Ulu Öndər Heydər Əliyevin ölkəyə
rəhbərliyində gördüyü halda, o zaman
iqtidarda olan AXC-Müsavat cütlüyünün
hakimiyyəti habelə, hakimiyyəti itirmiş
qüvvələr və onların əlaltıları
arasında didişmə, satqınlıq, xəyanət yolu ilə, hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ
keçirmək cəhdləri baş
alıb gedirdi. Ölkənin belə
ağır günündə ziyalılar, sadə əməkçilər
böyük fəlakətin
yaxınlaşdığını hiss edərək
çıxış yolunun Heydər Əliyevin
Azərbaycana qayıtmasında görərək
Ulu Öndərin yenidən böyük siyasətə
qayıtmasını xahiş etmişdilər.
1992-ci il oktyabrın 16-da Azərbaycanın
91 nəfər nüfuzlu
ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs”
qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik
etməsi barədə rəsmi müraciət etdi.
Yeni Azərbaycan uğrunda
siyasi hərəkat genişlənirdi. Nəhayət,
Yeni Azərbaycan Partiyasının təsis
konfransı 1992-ci il noyabr
ayının 21-də Naxçıvan şəhərində keçirilib. Konfransda Azərbaycanın
müxtəlif regionlarından təşəbbüs
qruplarının 550-dən artıq nümayəndəsi iştirak edib. Konfrans Yeni Azərbaycan
Partiyasının təsis edilməsi haqqında qərar qəbul
edib. Heydər Əlirza oğlu
Əliyev konfrans nümayəndələri
tərəfindən açıq səsvermə yolu ilə Yeni Azərbaycan
Partiyasının Sədri seçilib.
Milli dövlətçiliyimizin
banisi
“Dövləti
olmayan xalq ölümə
məhkumdur. Dövlətçilik xalqın “ölüm,
ya olum” məsələsidir.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud
olduğu bir şəraitdə
Azərbaycan dövlətçiliyini
xilas etməsində, Azərbaycan
varlığını parçalanıb yox
olmaq təhlükəsindən qurtarmaqda idi. Azərbaycan dövlətçiliyi ona
qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli
Liderin qətiyyəti xalqa
ruh yüksəkliyi gətirdi,
inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli Liderimiz Heydər
Əliyevin Azərbaycana rəhbərlik etdiyi
dövrdə milli-mənəvi dəyərlərimiz
bərpa edilib, Onun qətiyyəti,
apardığı uğurlu daxili və xarici siyasət
sayəsində ölkəmiz xaosdan xilas olub, sivil
demokratik inkişaf yolu ilə inamla irəliləyərək
böyük nailiyyətlər qazanıb. Ümummilli Liderimiz Heydər
Əliyev bizim dahi müasirimizdir. Bu
faktın özü hər bir azərbaycanlı üçün
qürur və iftixar
mənbəyidir. Ulu Öndər Heydər
Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın
tarixi inkişaf
prosesinə təkan vermişdir. Müstəqil
Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin
ideya əsasını məhz Heydər Əliyev
yaradıb.
Zaman keçdikcə
Onun böyüklüyü
daha əzəmətli görünəcək
Bu gün
Heydər Əliyevin bizə qoyub getdiyi güclü,
müstəqil və zəngin Azərbaycan var.
Bu ölkə artıq bütün
dünyada özünə nüfuz
qazanıb və dünya millətləri
arasında millətimizin də imzası var.
Bu imza Dahi Öndər Heydər
Əliyevə məxsusdur. Çox gözəl
haldır ki, böyük
öndərin yaratdığı müstəqil və güclü yeni Azərbaycanı
bu gün Prezidentimiz İlham Əliyev
idarə edir, inkişaf
etdirir, yeni tariximizi yazır. Ölkəmiz bu gün çox
böyük inkişaf
yolundadır. Azərbaycan artıq dünyanın güclü dövlətləri
sırasındadır. Hazırda Azərbaycan Avropanın enerji təminatının qərargahına çevrilib.
Neft kontraktları
ilə bağlı danışıqlar aparılanda, o zaman çoxları bunu qeyri-reallıq kimi qəbul
edirdi. Həqiqətən də, həmin vaxt ölkədə hədsiz
qarışıqlıq var idi. Heydər Əliyevin Azərbaycan xalqı
qarşısındakı ən böyük
xidmətlərindən biri də odur ki, həmin çətin
vəziyyətdə böyük işlər
həyata keçirdi. O bilirdi
ki, dünyada silahdan da güclü
olan böyük
ideyalardır və bu ideyalar
həyata keçirilməlidir. Heydər Əliyev xalqın gen yaddaşında əbədi yaşamağa layiqdir. Zaman keçdikcə, Onun böyüklüyü daha
əzəmətli görünəcək. Çünki
zaman keçdikcə, məlum olacaq ki, tarixdə ikinci belə böyük
şəxsiyyət olmayıb. Bu gün Azərbaycan tək Cənubi Qafqazda yox, bütün
dünyada sülhün
və təhlükəsizliyin, enerji probleminin həllində dünyaya
öz töhfələrini verir. Bütün bunlar Heydər Əliyevin titanik
fəaliyyətinin nəticəsidir.
Ulu
Öndər Heydər Əliyev öz
gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə
söylədiyi məşhur kəlamına sadiq
qaldığını sübut etdi ki, “Azərbaycanın
dövlət müstəqilliyi əbədidir,
sarsılmazdır, dönməzdir”. Bu gün görülən
işlər indi də davam
edir. Onun qurduğu məktəb Prezident
İlham Əliyev tərəfindən davam etdirilir. Bugünkü nailiyyətlər, nəticələr
böyük bir
ümidlə danışmağa əsas verir
ki, Azərbaycan doğru
yoldadır. Bu istiqaməti göstərən
Ümummilli Liderimiz
Heydər Əliyevdir. Qoy Onun
ruhu həmişə şad
olsun.
TAHİR SÜLEYMANOV,
Milli Məclisin deputatı
Səs.-
2011.-10 dekabr.- S.7.