Hüquqi dövlət və milli
mentalitet
Sosiomədəni
fenomen olan mentalitet xalqların, tayfaların xarakteri,
psixologiyası adət-ənənələrinin öyrənilməsi
ilə bağlı anlayışdır. Şərqin görkəmli
siyasətçisi Nizamülmülk özünün “Siyasətnamə”
əsərində dövlət başçılarına idarə
etdikləri ölkənin xalqlarının və
tayfalarının xarakterini, adətlərini öyrənməyi
məsləhət görürdü: “Ölkə daxilində
uzaqdan-yaxına, böyükdən-kiçiyə qədər
heç bir şey onların gözündən
qaçmasın” . Mentalitetin fəlsəfi-etik, mədəni-etnik
və tarixi səviyyələrdə öyrənilməsi
xalqların tarixi həyatının, sosial, mədəni, dini,
təbii, bioloji aspektlərinin vəhdətdə
götürülməsini tələb edir. Mentalitet sosial-fəlsəfi
fenomen olmaqla yanaşı, həm də adətlərin, əxlaqi
sərvətlərin, dini etiqadların, şüurun vərdişlərin
sayəsində formalaşmışdır .
Mentalitet
fenomeninin tədqiqatçısı H.Quliyev mentalitetin
xüsusiyyətlərindən bəhs edərkən onun arxitip
ünsürlərinin geniş zaman diapazonunda dəyişməz
qaldığına işarə edərək, bunun sayəsində
“mentalitetin tərəqqiyə münasibətdə xüsusi
immunitetə malik olduğunu, ənənəvi ictimai təsisatlara
daxil olduğunu” göstərirdi. Hazırkı keçid
dövründə baş verən yeniləşmə
zamanı bu prosesin mentalitetin xüsusiyyətlərinə
uyğunlaşması zərurəti meydana çıxdı .
R.Aslanova
mentalitetin ictimai şüur formalarını, o cümlədən,
ideologiyanı arxitipliklə əlaqələndirərək mədəni-mənəvi
inkişafa güclü təsir etdiyini diqqətə
çatdırır: “Mahiyyətcə ictimai fenomen olan
mentalitet, ictimai şüurun yüksək səviyyədə
rasionallaşdırılmış formalarını (elmi, dini,
fəlsəfəni, siyasəti, mədəniyyəti,
ideologiyanı və s.) təhtəlşüur aləminin dərin
qatları ilə arxitip “mədəni simvol və kodlarla” əlaqələndirərək
insanın bütövlükdə həyat tərzini
formalaşdırır.
Ölkədə
olan milli-mənəvi dəyərlərin və mentalitetin
zaman keçdikcə aşınması müşahidə
olunur. Bəzi
ziyalılarımız və ictimaiyyət nümayəndələri
milli mentalitetimizi inkişafımıza təsir edən amil
kimi qiymətləndirməyə çalışırlar. Təbii
ki, bu fikirlərə qarşı tənqidi mövqedən
çıxış edən ziyalılarımız da az deyil.
Lakin səsləndirilən fikirlərdən asılı
olmayaraq, son illərdə həddən artıq avropalaşma və
Avropa mədəniyyətini inteqrasiya barədə aparılan
təbliğatların sayı artıb.
Azərbaycanın
milli mentaliteti deyəndə, Azərbaycan xalqına məxsus
adət-ənənələr və Azərbaycan mühafizakarlığı
nəzərdə tutulur. Bu məsələlərin digər
pis tərəfi isə odur ki, zaman-zaman formalaşmış
adətlərimiz bizə milli mentalitet kimi təqdim olunur. Bizim
mentalitetimizin əsas hissəsi islam dinindən gəlib. Bəzi vaxtlar olur ki, milli
mentaliteti özümüzə aid olan xüsusiyyətlər
kimi xarakterizə etməyə çalışırıq. Əksər
vaxtlar milli mentalitet kimi təqdim olunan dəyərlər, hər
hansı tayfaya və ya dəstəyə aid olan adətlər
olur.”
“Avropaya
inteqrasiya ilə milli menalitetin uzlaşmasına” da münasibət
bildirən Kənan Rövşənoğlu, uzlaşma modelini
100 il bundan qabaq Cəmaladdin Əfqani tərəfindən
verildiyini bildirdi: “Hələ 100 il bundan qabaq Cəmalədiin Əfqani
milli-mənəvi dəyərlərin Avropaya inteqrasiyası ilə
uzlaşmanın modelini təqdim edib. O, deyirdi ki, biz Qərbə
inteqrasiya eləməliyik. Amma elmi-texniki tərəqqi
yönümündən. Lakin biz öz həyatımızı
Qərbin dediyi kimi dəyişə bilmərik. XIX əsrin
sonlarından başlayaraq müsəlman Şərqində
elmi inkişafla bağlı suallar meydana çıxmağa
başladı. Hətta bəzi ziyalılar inkişaf
üçün dinin dəyişdirilməsinin zəruri
olduğunu söyləyirdilər. Lakin həmin dövrdə
olan müsəlman ziyalıların hesabına müsəlmanlar
öz dinindən ayrı düşmədilər. Cəmaləddin
Əfqani bu məsələnin dəqiq terminin qoyaraq göstərdi
ki, müsəlmanların inkişafdan geri qalmasının səbəbi
onların mənsub olduqları dini deyil. O bildirirdi ki, Qərbə
inteqrasiya etmək lazımdır. Bu, yalnız elm və texnika
sahəsində ola bilər. Lakin digər sahələrdə
xüsusilə mənəvi sahələrdə müsəlmanların
kifayət qədər öz dəyərləri var. Necə
ki, orta əsrlərdə Əndəlusda (İspaniyada)
yaşayan müsəlmanlar öz elmlərini Avropa ilə
bütün xristian aləmi ilə paylaşdılar, eyni ilə
də müsəlmanlar indiki dövrdə Avropa ilə o istiqamətdə
elmi məsələləri bölüşməlidirlər.
Necə ki, əndəluslu müsəlmanlarla elm sahəsində
paylaşan xristianlar öz dinlərini və milli-mənəvi
dəyərlərini dəyişmədilər, müsəlmanlar
da xristianlarla elm sahəsində əməkdaşlıq edib
öz dinlərini və milli-mənəvi dəyərlərini
qorumalıdırlar.”
Milli
xarakter və mentalitetin vətən amalı və azərbaycançılıq
ideologiyası ilə sıx bağlı olduğu qeyd edilməklə,
vaxtilə arxa plana keçirilən ideologiyaya milli amilin təsiri
indi “millətin real-iqtisadi, sosial-psixoloji və mədəni həyatının
potensialını - milli şüurunun xarakterik xüsusiyyətlərini,
emosional-psixoloji cəhətlərini, ictimai
inkişafını hərəkətə gətirən
mexanizm kimi nəzərdən keçirilir”. Vətən
amalında və azərbaycançılıq
ideologiyasında azərbaycanlıların milli mədəniyyət,
milli mənlik şüuru, milli təfəkkürü və
xarakterinin mental xüsusiyyətləri öz əksini
tapır. Vətənçilik hissi, vətənçilik əxlaqı
milli-mənəvi-əxlaqi fenomen kimi vətəndə - azərbaycanlıların
məskunlaşdığı müqəddəs məkanda
yaranır və inkişaf edir. Q.Əliyev yazır ki,
insanların öz doğma etnik beşiyinə üzvi məhəbbəti,
öz doğma diyarına bağlılığı xalqın
ənənələrinə və adətlərinə dərin
ehtiram dönməz sosial fenomen kimi hazırda müstəqil Azərbaycan
vətəndaşlarının yeni mental keyfiyyətlərinə
çevrilməkdədir” .
Azərbaycan
xalqının milli xarakteri və mentalitetinin təsiri
altında formalaşan milli ideologiyanı - azərbaycançılıq
ideologiyasını Ulu Öndər Heydər Əliyev azərbaycanlıların
milli ruhunun qoruyucusu, ümumdünya sivil məkanında milli
özünütəsdiqin əsas amili hesab edirdi. Heydər Əliyevin
ictimai-siyasi görüşlərində azərbaycançılıq
və milli mentalitet fəlsəfəsinin mahiyyətini dərindən
aça bilən Q.Əliyev yazır: “Heydər Əliyevin
ictimai-siyasi görüşlərində işlənib
hazırlanmış, ölkə əhalisinin rəğbətlə
qarşıladığı azərbaycançılıq vətən
amalının milli dərki kimi təqdim edilir... Heydər Əliyevin
təsəvvüründə azərbaycançılıq
ideologiyası milli-mənəvi sərvətlərimiz sistemində
ən önəmli yer tutur və mübaliğəsiz demək
olar ki, müstəqilliyin möhkəmlənməsi əqidəsində
olan bütün azərbaycanlıların milli ideologiyası
kimi funksional əhəmiyyət daşıyır”.
Q.Əliyev
Heydər Əliyevin müstəqillik dövründə milli
ideologiya və milli-siyasi şüur tərəfindən
sosial-siyasi və mənəvi sistemin dərk olunması və
öyrənilməsinin vahid sinkretik forması olan milli-siyasi
mentalitetin qarşılıqlı əlaqəsinə dair dəyərli,
dahiyanə fikirlərini də üzə çıxarıb.
Məlumdur
ki, milli-siyasi mentalitetin yaradıcısı xalq və siyasi
elitadır. Təbii mədəniyyət zəminində
formalaşan siyasi mentalitet ənənə ilə bağlı
olub siyasi həyatda gerçəkləşir.
İslam mədəniyyəti
XIX-XX əsrlərdə formalaşan milli mədəniyyətə,
o cümlədən milli ideya və milli ideologiyaya
güclü təsir göstərmişdir. Məlumdur ki, milli ideologiya
yalnız millətin yaranması ilə meydana gəlməmişdir.
Bu ideologiya Azərbaycanın tarixi inkişaf mərhələsindəki
milli-mədəni dəyərlərin, o cümlədən,
islam dini-mənəvi dəyərlərinin təsirilə
formalaşmış və onların varisi kimi təşəkkül
tapmışdır.
Demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğu yolu tutan Azərbaycanda
din dövlətdən ayrı olsa da dini-mənəvi dəyərlər
xalqın mənəviyyatı, dünyagörüşü, həyat
tərzi və ideologiyasından ayrılmazdır. Bir sözlə,
Azərbaycanda milli və dini ideya üstünlük təşkil
edir: “Hazırda Azərbaycanın ictimai həyatında iki
başlıca kommunalist ideya - dünyəvi milli-azərbaycançılıq
ideyası ilə dini-islamçılıq ideyası
üstünlük təşkil edir və bu ideyalardan hər
biri getdikcə öz sosial bazasını gücləndirir” .
R.Əliyev
çox düzgün olaraq qeyd edir ki, müstəqillik illərində
Azərbaycanda millət ideyası dirçəldi, “milli birlik,
dünyəvilik, müasirlik, avropalaşma və tərəqqi
ideyalarını rəhbər tutan milli dövlətçilik
ideologiyası siyasi nəzəriyyə və siyasət kimi
hegemon qüvvəyə çevrildi” .
Dini-islamçılıq
ideyası güclü təsirə malik olsa da, milli və dini
ideya bir-birilə birləşə bilməz. “Azərbaycanda
dövlət dindən ayrıdır. Lakin intellektual-ruhi və
ideoloji komplekslər kimi milli ideya ilə dini ideya labüd
olaraq üst-üstə düşür,
çarpazlaşır. Çoxmillətli və
çoxkonfessiyalı bir dövlət kimi Azərbaycan
Respublikasında həmin ideyaların xalqın ümumi mənafeyi
naminə yaxınlığı, müəyyən hüdudlar
daxilində əməkdaşlığı və bir-birindən
qarşılıqlı səmərəli surətdə
faydalanması mümkün və labüddür. İslam
dini-mənəvi dəyərləri əsrlər boyu
insanları müqəddəs əxlaq normaları ilə tərbiyələndirmişdir.
S.Xəlilov islamın iki istiqamətdə qurulduğunu
göstərir: “1. İnsandan Allaha - müqəddəslik
duyğusu. 2. Allahdan insana - necə yaşamağın konkret
yolları” . İslamda dini-mənəvi dəyərlər
dünyanı qoruyan, cəmiyyətdə insanların
davranışını tənzimləyən nizamın
cövhərini təşkil edir. İslam cəmiyyətdə
yüksək mənəvi fəzilətlər,
yaxşılıq, xeyirxahlıq, əmanətə sədaqət,
düzlük, başqalarına təmənnasız yardım
hissləri tərbiyələndirir, müsəlmanların
birliyini, nəsillərin mənəvi-ruhi varisliyini qoruyub
saxlayır.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2011.- 10 dekabr.- S. 15.