Hüquqi dövlət və qlobal ekoloji problemlər

 

Müasir qlobal problemlərin meydana gəlməsinin əsas səbəbi cəmiyyət, insan və təbiət arasındakı ziddiyyətlərdir. Bu ziddiyyətlərə ekoloji problemləri də aid etmək olar. Təbiət və cəmiyyətin qarşılıqlı münasibətləri və bu münasibətlərin təsiri nəticəsində meydana çıxan qlobal ekoloji problemlərin səbəblərinin öyrənilməsi günümüzün ən aktual məsələlərindən biridir.  Son illər dünyada baş vermiş qlobal ekoloji dəyişikliklər insanların sağlamlığına və ətraf mühitə öz mənfi təsirini göstərmişdir. Ekspertlərin hesablamalarına görə, inkişaf etmiş ölkələrdə inkişaf etməkdə olan ölkələrə nisbətən əhali 16 il artıq yaşayır.

İnsanların sağlamlığına mənfi təsir edən qlobal ekoloji problemlərin aradan qaldırılması və onların həlli yollarının öyrənilməsi çox vacibdir. Alimlərin hesablamalarına görə uzunömürlülüyün sirri əsasən havanın tərkibində kükürd 4 oksidin aşağı və suyun təmiz olmasıdır. Bunun üçün ilk növbədə müəssisələrdə tullantısız texnologiyanın tətbiq olunması, əsasən, iri yaşayış məntəqələrində şirin su təchizatının yaxşılaşdırılması, torpaqların şoranlaşmasının və meşələrin qırılmasının qarşısının alınması vacib faktorlardan biridir.

Vaqif Cəliloğlunun fikrincə, indi heç kim şübhə etmir ki, ekoloji durum, ətraf mühitin mühafizəsi aktuallığına görə əsrin ən böyük problemlərindən biridir. Bəşərin gələcəyini şübhə altına qoyan bu problem atom bombasının yaratdığı faciə ilə müqayisə edilə bilər. Artıq elmi-texniki nailiyyətlərin, yeni texnologiyaların inkişafı nəticəsində alternativ enerji növlərinin, materialların, kimyəvi birləşmələrin istifadəsinin təbiətə müdaxilə etməsi göz qabağındadır.

Sürətli və hərtərəfli inkişafın təbiətə təsirinin neqativ tərəfləri hələ tam öyrənilməsə də, fəqət, artıq məlumdur ki, təsirli və təcili tədbirlər görülməsə, nəinki flora və fauna aləminin, hətta bəşərin özünün yaşaması qeyri-müəyyən olacaq.

   Mövcud kritik vəziyyətin səbəblərindən biri, şübhəsiz ki, adi insanların, hətta mütəxəssislərin faciənin miqyasını bilməməsi, biganəlik, adi ekoloji savadsızlıqdır. Dünya okeanının təbii prosesləri tənzimləmə rolunu itirməsi, meşə fondunun azalması, meqapolislərin minlərlə hektar münbit torpağı udması, on minlərlə zavod, fabrik, elektrik stansiyaların atmosferə tulladığı zəhərli maddə və qazların təsiri, bitki və heyvan növlərinin məhvi problemlərin yalnız bir hissəsidir. Buraya quruda yer olmadığı üçün zəhərli tullantıların dəniz və çaylara axıdılması nəticəsində içməli su qıtlığı, azon təbəqəsinin zədələnməsi, qlobal istiləşmə, təmiz hava defisiti və digər amilləri də əlavə etsək, aydın olur ki, yer üzündə yaşamağa məhkum olan insan artıq bu şansdan məhrum olacaq. Bu isə əsrlər boyu təbiətdə yaranan tarazlığa son qoyulması deməkdir. Artıq insanın meymundan əmələ gəldiyini iddia edən Ç.Darvinin “Biz təbiəti dəyişdirəcək və ondan istədiyimizi alacağıq” arzusu yerinə yetirilməkdədir.

Azərbaycan Respublikası  zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilmişdir. Hazırda respublikamızda həllini təcili tələb edən bir sıra ekoloji problemlər vardır: su hövzələrinin, o cümlədən, Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar,  atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması,  torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s.

1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda qeyd edildiyi kimi, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll olunmasından asılı olacaqdır. Bu konfransda dünyada mövcud olan  ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilmiş və mühüm qərarlar, o cümlədən, artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş “Dayanıqlı inkişaf” konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada  iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi,  üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilmişdir. Buna nail olmaq üçün ilk növbədə iqtisadiyyatın  səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin  qorunması təmin olunmalıdır.

Rio konfransının davamı kimi 2002-ci ildə Yohannesburq şəhərində keçirilmiş dünya sammitində dayanıqlı inkişaf prinsipləri bir daha təsdiqlənərək onların reallaşdırılması üçün zəruri tədbirlərin görülməsi xüsusi vurğulanmışdır.        

İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır.

Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin artmasının dayanıqlı olması ölkə tərəfindən əsas prioritet qismində qəbul edilmişdir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin  iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu, həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir.

Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi “Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan “Azərbaycan Respublikasının ekoloji Konsepsiyası”nı qeyd etmək olar. Bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmışdı.

Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının  təmin edilməsi naminə  mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir.

İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin  minimuma endirilməsi tələb olunur.

Müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqamətlərini  müəyyənləşdirmək olar:

ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;

 indiki və gələcək nəsllərin  tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması;

qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də, milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.

         Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün aşağıdakı vəzifə və prinsiplər əsas götürülməlidir.

ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi;

indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən,  stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi;

eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlilik prinsipləri əsasında həyata keçirilməsi;

insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi  qorunub saxlanılması.

Prinsiplər:

qısamüddətli və uzunmüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla  qərarların qəbul edilmə prosesinin həyata keçirilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması;

ətraf mühitin mühafizəsi sahəsində qərarlar hazırlanarkən ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsinin genişləndirilməsi;

ətraf mühitin hər hansı komponentinin  bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin   qarşısının alınması;

ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün aztullantılı, güclü və çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi;

beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsi;

        əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi.

 

Vahid Ömərov,fəsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 14 dekabr.- S. 10.