2012-ci ildə
Azərbaycanın büdcəsi 25 milyard...
Ermənistan
parlamenti ölkənin 2012-ci ilə olan dövlət büdcəsini
təsdiq edib. Erməni mətbuatının verdiyi xəbərə
görə, Ermənistanın dövlət büdcəsinin gəlirləri
2012-ci ildə 911,6 milyard dram və ya 2,4 milyard dollar təşkil
edir. Ermənistan dövlət büdcəsinin defisiti ölkənin
ümumdaxili məhsulunun 3,1 faizi təşkil edir. Azərbaycanda
isə, bu göstərici 6 dəfə aşağı- 0,5
fazidir.
Qeyd edək
ki, Azərbaycan parlamenti tərəfindən təsdiq edilən
2012-ci il üçün dövlət büdcəsinin xərcləri
22 milyard dollardan çoxdur. Ümumilikdə, 2012-ci ilin
dövlət büdcəsinin xərcləri 87,6 milyon manat və
ya 0,5 faiz artırılıb. Bununla
da dövlət büdcəsinin xərcləri 16 milyard
984 milyon manatdan 17 milyard 72 milyon manata çatdırılıb.
Dövlət büdcəsinin gəlirləri isə, 16 milyard
438 milyon manat müəyyənləşdirilib.
Ermənistan
indi böyük cari hesab defisiti ilə üzləşir və
onun ümumi borcları ötən 3 il ərzində 2 dəfədən
çox artıb. Ümumiyyətlə, Ermənistanda
sosial-iqtisadi böhran və siyasi gərginliyin artacağı
ilin əvvəlindən gözlənilirdi. Yerli informasiya mənbələri
2011-ci ilin əvvəllərindən müşahidə edilən
bahalaşmanın sürətlə davam etdiyi barədə dəfələrlə
məlumatlar yayırdılar.
Ekspertlər
deyirdilər ki, tendensiya bu cür davam edərsə,
bahalaşma total xarakter alacaq. Onların qənaətincə,
istehlak qiymətlərinin artması və inflyasiyanın dərinləşməsi
fonunda maaşların artmaması isə yoxsulluğun səviyyəsinin
yüksələcəyini deməyə əsas verir.
“Moodys Investors Service” Beynəlxalq Reytinq Agentliyinin son hesabatı və
bir az əvvəl Dünya Bankının Ermənistanla
bağlı verdiyi açıqlamada da işğalçı ölkədə yoxsulluğun səviyyəsinin artacağı
göstərilib. Dünya Bankının Avropa və Mərkəzi Asiyada
yoxsulluğun azaldılması və iqtisadi siyasət departamentinin
direktoru İvonna Sikata bildirib ki, regionun 5 ölkəsində
yoxsulluğun səviyyəsinin xeyli yüksəlməsi mümkündür:
“Bunlar Ermənistan, Gürcüstan,
Qırğızıstan, Moldova və
Tacikistandır. Region əhalisinin yoxsul hissəsi yüksək inflyasiyadan,
ərzaq və enerji
daşıyıcılarının qiymətinin yüksək
olmasından əziyyət çəkir”.
Ermənistanın
düşdüyü ağır sosial-iqtisadi durum ölkə
ziyalıları və siyasətçiləri tərəfindən
də tez-tez vurğulanır. “Azadlıq”
partiyasının sədri, Ermənistanın sabiq
baş naziri Qrant Baqratyan bəyan edib ki, Yerevan
sosial-iqtisadi durumla
bağlı ciddi tədbirlər görməsə,
2013-cü ildə Ermənistanda iqtisadi fəlakət
baş verəcək. Onun
sözlərinə görə, iqtisadi
böhranın davam etdiyi
dövrdə Ermənistan ciddi sosial-iqtisadi problemlər içindədir,
hökumət isə vəziyyəti düzəltmək
iqtidarında deyil: “İqtisadi tənəzzül
davam edir, əziyyəti
isə xalq çəkir. Ermənistanda iqtisadi böhran getdikcə
dərinləşir”.
“Çorrort İnknişkhanuyun”
qəzetinin yaydığı xəbərə görə,
ötən illərə nisbətən Ermənistanda iqtisadi vəziyyət bu il daha ümidsiz
şəkil alıb. Qəzetin yaydığı xəbərdə
qeyd olunur ki, hökümətin böhrana
qarşı yürütdüyü iqtisadi tənzimlənmə proqramı öz effektini verməyib.
İqtisadçı
ekspertlər, eyni zamanda,
böhranın aradan qaldırılması
üçün ayrılan vəsaitin bəzi
şəxslər tərəfindən mənimsənildiyini bildirir. Qəzet yazır ki,
“elit” binalarda əyləşən
Ermənistan rəsmiləri yalnız bir
funksiyanı yerinə yetirirlər: “Onlar
yalnız korrupsiya ilə məşğul
olurlar. Ermənistanın mərkəzi ölü şəhər görünüşü
verir. Görəsən, dərinləşən
böhran şərtlərində hər
hansı birinin o iqamətgahlarda
olan şəxslərin süni
olaraq şişirdilmiş
qiymətlərlə bağlı verdiyi bəyanatları
anlamaq üçün
çox böyük bir ağılmı lazımdır?
Əlbəttə
ki, bir az
düşünən və riyaziyyatdan bir az anlayışı olan şəxs başa
düşər ki, deyilənlərin
hamısı cəfəngiyyatdır. Deyək ki,
havadan gələn pulların olduğunu anladıq. Ancaq
onlarla daha əhəmiyyətli
problemlər həll etmək mümkün
deyilmi? Korrupsiya ilə
məşğulsunuz, dinmirik, ən
azından xalq qarşısında öhdəlikləriniz
var. Bunları yerinə yetirin”.
Qeyd edək ki, rəsmi açıqlamada Ermənistanın
dövlət borcunun 3,8 milyard
dollar olduğu bildirilir. Onun ödənməsi
qrafikinə nəzər saldıqda, pikin həqiqətən
2013-cü ildə olacağı görünür.
Həmin il Ermənistan təxminən 300 milyon dollar borc
ödəməlidir.
Hökumətin iqtisadi
siyasətini kəskin tənqid edən Mərkəzi Bankın keçmiş sədri, parlament
üzvü Baqrat Asatryan qeyd edib
ki, belə bir vəziyyətdə
iqtisadiyyatın 9,2 faiz artımını
nəzərdə tutan 2012-ci ilin büdcə layihəsinin qəbulu məntiqsizlikdir. Onun sözlərinə görə, Ermənistanda
iqtisadiyyatın tənəzzülü təhlükəli vəziyyətə
çatıb.
Asatryanın
proqnozlarına görə, ilin sonunadək
Ermənistan əhalisinin 70 faizi gəlirlərinin
ən azı 17 faizini itirəcək. Ermənistan
iqtisadiyyatının əsas göstəriciləri ilə
bağlı rəsmi Yerevanın sonuncu rəqəmlərini
şərh edən Asatryan statistika
xidmətinin yaydığı məlumatın həqiqəti əks
etdirmədiyini bildirib.
Ermənistanda nəinki qiymətlərin
azalması, heç azalma
meyili də müşahidə edilməyib.
“Ölkədə hökm sürən bu vəziyyət hakimiyyətin yanlış
siyasətinin nəticəsidir”- deyən iqtisadçı Ermənistan
iqtisadiyyatının inkişaf perspektivlərinin
sıfıra bərabər olduğunu
vurğulayıb.
Azərbaycanda qeyd
etdiyimiz kimi, gələn
il dövlət büdcəmizin xərcləri
təqribən 22 milyard dollar,
icmal büdcə isə 25 milyard
dollar səviyyəsində olacaq. Əgər biz
adambaşına düşən büdcə xərclərini hesablasaq, görərik ki,
bu göstərici üzrə Azərbaycan
dünya miqyasında ön
sıralardadır.
Hazırda
Azərbaycanda adambaşına düşən ümumi
daxili məhsul təxminən 6 min dollar səviyyəsindədir.
MDB məkanında da bu,
ən yüksək göstəricilərdən biridir. Dövlət başçısı
Nazirlər Kabinetinin sonuncu
müşavirəsində qeyd edib ki, buna
qane olmaq lazım deyil: “Biz
çalışmalıyıq ki, növbəti
illərdə bu rəqəmi ən
azı 2 dəfə artıraq. Baxmayaraq ki, son 8 il
ərzində Azərbaycanda ümumi daxili məhsul 3 dəfə (300 faiz) artıb. Bu, dünya praktikasında bəlkə də
görünməmiş bir hadisədir”.
Göründüyü kimi, Ermənistanla Azərbaycanın iqtisadi göstəriciləri müqayisəyə
gələcək deyil. Bu
fakt bir daha hansı ölkənin daha
doğru yolda olduğunu və daha düzgün siyasət həyata keçirildiyinin göstəricisidir.
Elçin Bayramlı
Səs.-
2011.- 14 dekabr.- S.11.