Şabran - Azərbaycanın Əfsanələr
Paytaxtı - 2011
Ölkəmizdə
mədəniyyət müəssisələri şəbəkəsinin
genişləndirilməsi, onların fəaliyyətlərinin əhəmiyyətli
dərəcədə yeniləşdirilməsi və
canlandırılması, milli mədəniyyətimizin
inkişafı və təbliği istiqamətində mühüm
addımlar atılır. Müasir mədəni-kütləvi
tədbirlər milli dəyərlərimizlə, zəngin mədəni
irsimizlə, Milli və dini adət - ənənələrimizlə
əlaqələndirilir.
Milli-mənəvi
dəyərlərimizə, xalqın
əsrlərlə yaratdığı qeyri-maddi mədəni
irsin qorunmasına, gələcək nəsillərə
çatdırılmasına həmişə diqqət və
qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyevin
siyasəti bu gün də uğurla davam etdirilir. Bu sahədə
həyata keçirilən konseptual proqram və layihələrin
davamı kimi Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin təsdiq etdiyi “2010-2014-cü illər
üçün Xalq Yaradıcılığı
Paytaxtları” Proqramına əsasən
diyarşünaslıq, folklor və sənətkarlıq
nominasiyaları üzrə ölkəmizin şəhər və
rayonlarından daxil olmuş təkliflər, müvafiq namizəd
şəhərlərin tarixi ənənələri, xalq
yaradıcılığı subyektlərinin sayı, respublika
və beynəlxalq tədbirlərdə iştirakı, mədəniyyət
infrastrukturunun mövcud vəziyyəti və digər amillər
nəzərə alınaraq qədim Şabran şəhəri
2011-ci il üçün “Azərbaycanın Əfsanələr
Paytaxtı” elan edilmişdir. Layihənin həyata keçirilməsində
məqsəd qədim və zəngin Azərbaycan qeyri-maddi mədəni
irsinin müasir tələblərə cavab verə biləcək
formada qorunması, bərpası və istifadəsini təşkil
etməklə təbliğindən ibarətdir.
Şabranın 2011-ci il
üçün Azərbaycanın Əfsanələr
Paytaxtı seçilməsi ilə bağlı loqotip,
müvafiq lövhələr, bayraqlar, suvenirlər
hazırlanmış, təntənəli mərasim
keçirilmişdir. Təsdiq olunmuş illik plana əsasən,
müxtəlif genişmiqyaslı tədbirlərin-mərasimlərin,
elmi-praktiki konfransların, konsert, müsabiqə, sərgi və
digər mədəni tədbirlər təşkil
edilmişdir. Keçirilən tədbirlərdə əsas
diqqət ilk öncə tarixdə iz salmış şifahi
xalq yaradıcılığı nümunələrinin, əsatir
və əfsanələrin toplanıb təbliğ edilməsinə
yönəldilmişdir.
“Əfsanələr
Paytaxtı” elan edilmiş Şabranda rayon sənətkarlarının
milli-mənəvi dəyərlərimizi özündə əks
etdirən və yaşadan qədim sənət nümunələrindən
ibarət tətbiqi sənət sərgisi təşkil
edilmişdir. Milli alətlər, müxtəlif toxumalar, taxta
üzərində oymalar, balıqqulağı və
muncuqlardan hazırlanmış sənət əsərləri,
yağlı boya ilə işlənmiş rəsm əsərləri,
illüstrasiyalardakı millilik və rəngarənglik
tamaşaçılar tərəfindən xüsusi maraqla
qarşılanmışdır. Nümayiş etdirilən əsərlərin
əsas mövzusunu tarixi keçmişimiz, təbiət
lövhələri təşkil etmişdir. Xalçaçılıq
nümunələrinə də sərgidə geniş yer
ayrılmışdır. Şabran rayonunda toxunan xalçalar
nəinki Azərbaycanda, xarici ölkələrdə də
yaxşı tanınır.
Şabran
“Azərbaycanın Əfsanələr Paytaxtı-2011” elan edilməsi
ilə əlaqədar rayonun idarə və təşkilatlarında,
həmçinin, ayrı-ayrı bölgələrində
bayram tədbirləri
keçirilmişdir. Rayon Tarix- Diyarşünaslıq
Muzeyində bayram münasibətilə açıq qapı
günü keçirilmiş, muzeyə gələn qonaqlara
qeyri-maddi mədəni irsimiz olan folklor, sənətkarlıq,
milli adət-ənənələr barədə məlumat
verilmişdir. Muzeydə, həmçinin, ümumrayon
ziyalılarının elmi-nəzəri konfransı
keçirilmiş, konfrans iştirakçıları
üçün Şabranın keçmişini əks etdirən
zəngin eksponat fondu nümayiş etdirilmişdir.
Muzeydə
keçirilən digər tədbir “Ümummilli Liderimiz Heydər
Əliyev Şabranda” adlı elmi-praktiki konfrans və
eyniadlı fotosərgi də tamaşaçılar tərəfindən
maraqla qarşılanmışdır.
Şabranın
2300 illik yubileyi ilə əlaqədar rayonda bir sıra tədbirlər
həyata keçirilmişdir. Bu münasibətlə xatirə
kitabı işlənib hazırlanaraq nəşr edilməsi nəzərdə
tutulmuşdur. Rayondan kənarda yaşayan elm adamları və
yaradıcı ziyalılarla görüşlər
keçirilmiş, Tarix-Diyarşünaslıq Muzeyində
onların həyat və fəaliyyətindən
bəhs edən guşə yaradılmışdır. Yubiley
münasibəti ilə görkəmli incəsənət
ustalarının iştirakı ilə geniş konsert təşkil
edilmiş, “Rayonumuzun tarixini öyrənək” mövzusunda dəyirmi
masa, inşa-yazı müsabiqələri və sual-cavab gecələri
keçirilmişdir.
Ana dilinin inkişaf etdirilib
qorunmasında əvəzsiz rolu olan yazıçı, akademik
Mirzə İbrahimovun 100 illik yubileyi təntənə ilə
qeyd edilmişdir. Xalq yazıçısının ailə
üzvlərinin, “Ulduz” jurnalının baş redaktoru
E.Hüseynbəylinin də iştirak etdiyi tədbirdə
yazıçının həyat və
yaradıcılığı barədə geniş məlumat
verilmiş, Şabran şəhər Mədəniyyət
Sarayının bədii özfəaliyyət kollektivlərinin
ifasında yazıçının qızı bəstəkar
Sevda İbrahimovanın atasının sözlərinə bəstələdiyi
mahnılar səsləndirilmiş, “Həyat” pyesindən bir
hissə və yazıçının “Azad” hekayəsi əsasında
səhnələşdirilmiş parça nümayiş etdirilmişdir.
Son illər
respublikamızın hər yerində olduğu kimi, Şabran
rayonunda da aparılan quruculuq işləri nəticəsində
Şabran şəhəri inkişaf edərək, yeni görkəm
almış, tarixi abidələr
abadlaşdırılmış, mədəniyyət müəssisələri
bərpa edilmiş, yenidən əsaslı şəkildə
inşa edilərək xalqın istifadəsinə
verilmişdir. Ulu Öndərin adını daşıyan “Heydər
Əliyev Muzeyi”, “Uşaq Yaradıcılıq Mərkəzi”,
Tarix-Diyarşünaslıq Muzeyinin ərazisində
yaradılmışdır. Şabran şəhər Mədəniyyət
Sarayı da əsaslı təmir edilərək, istifadəyə
verilmişdir. Çox sevindirici haldır ki, bu müəssisələrin
açılışında Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Şabran
şəhər Mədəniyyət və İstirahət
Parkında abadlıq və yenidənqurma işləri başa
çatmış, park əhalinin istirahət yerinə
çevrilmişdir.
Ölkəmiz
öz maddi və mənəvi zənginliyi baxımından həm
də canlı, açıq səma altında etnoqrafik
muzeydir, mükəmməl maddi-mədəniyyət
ocağıdır. Bu zənginliyin gələcək nəsillərə
çatdırılması üçün mühafizə etmək
isə hər birimizin borcudur.
Şabran rayonu ərazisində yerləşən
“Şabran” və “Çıraqqala” tarixi abidələrinin də
qorunması, abadlaşdırılması istiqamətində
müəyyən işlər görülmüşdür. Bu
tarixi abidələrlə bağlı əfsanə və rəvayətlər
toplanaraq Aydın Tağıyevin “Uzaqlardan gələn karvan” kitabında
çap olunmuşdur.
Zümrüd
Səs.- 2011.-14 dekabr.- S. 12