Hüquqi dövlət və müasir dövrün sosial-qlobal problemləri

 

Bəşəriyyət bizim sivilizasiyamızın tarixində cürətlə həlledici adlandırıla biləcək XXI əsrə qədəm qoymuşdur. Ötən yüzilliyin çoxsaylı nailiyyətləri ilə yanaşı, biz yeni əsrə həll olunması lazım olan problem paketini gətirmişik. Və əgər əvvəllər insanlar yerli münaqişələr və problemlərin həlli ilə məşğul olmaq zərurəti ilə qarşılaşırdılarsa, indi onlar bütün bəşəriyyətə aidiyyəti olan və həll olunmasında dünyanın bütün xalqlarının iştirak etməsi tələb olunan qlobal problemlər ilə qarşılaşırlar. Bax, bu səbəbdən bu gün dünyanın aparıcı siyasətçiləri yorulmadan “qloballaşma”, “dezinteqrasiya” və “sosial və ekoloji fəlakətlər” kimi sözləri təkrar edirlər. Hələ 1989-cu ilin yayında “böyük yeddilərin” başçılarının toplantısında gündəliyə ətraf mühitin problemləri və iqlim fəlakətləri kimi məsələlər daxil edildi. Və insanlar bu suallara cavabı yalnız onları qlobal miqyasda nəzərdən keçirəcəkləri halda tapa bilərlər. 2000-ci il sentyabr ayının 7-də Minillik Sammiti zamanı dövlət başçıları qarşısında çıxış edərkən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev demişdir: “İndiki mərhələdə beynəlxalq inkişafın əsas tendensiyası qloballaşmadır. Bu mürəkkəb və heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşünməyə məcbur edir.”

Amma biz hansı problemləri qlobal hesab etməliyik? İctimai, milli regional problemləri qlobal problemlər ilə qarışdırmamaq üçün biz problemin qloballığını mühakimə etmək üçün kriteriyaları müəyyən etməliyik. Birincisi, bu problemlərin bütün bəşəriyyətin və ayrılıqda hər bir fərdin həyati maraqlarına aidiyyatı olmalıdır. İkincisi, onlar kəskin və aktual olmalı və müasir sivilizasiyanın mövcudiyyətinin obyektiv amili kimi çıxış etməlidir. Üçüncüsü, onlar özlərində sosial və təbii təzahürləri birləşdirməli və ictimai-təbii, və biososial münasibətləri əks etdirməlidir. Dördüncüsü, onlar bütün dövlətlərin və xalqların maraqlarına toxunmalıdır. Burada qeyd etmək lazımdır ki, bu kriteriyalar yalnız məcmu halda problemin qloballığını göstərir, belə ki, onların hər biri ayrı-ayrılıqda həlledici amil ola bilməz, baxmayaraq ki, bu barədə alimlər arasında müəyyən fikir ayrılığı mövcuddur.

Bu kriteriyaların qiymətləndirilməsi daha aydın başa düşməyə imkan verir ki, qlobal problemlərə laqeyd münasibət göstərilməsi bütövlükdə bəşəriyyətin, ayrılıqda hər bir fərdin mövcud olmasında özünü göstərə bilən düzəldilməsi mümkün olmayan nəticələrə aparıb çıxara bilər. Buna görə də bəşəriyyətə dünya dinini gətirmiş Məhəmməd peyğəmbər (s.a.s) belə problemlərin yaranması barədə xəbərdarlıq etmiş, onların səbəblərini göstərmiş, daha aydın ifadə olunacağı şəraiti vurğulayaraq, insanların onlardan necə yayına və həll edə biləcəklərini izah etmişdir.

Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır.

“Qlobal” problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə “qlobal problemlər” aşağıdakı meyarlarla müəyyən olunur:

a) miqyasına və əhəmiyyətinə görə ən geniş, çox mühüm əhəmiyyətli, bütün dünya ölkələrini əhatə edən;

b) sintetik mahiyyət daşıyan, bütün sahələri əhatə edən;

v) ümumbəşəri, planetar, beynəlxalq səciyyə daşıyan.

İkinci mövqeyə görə “qlobal problemlər” müəyyənləşdirilərkən aşağıdakı dörd cəhət əsas tutulmalıdır:

a) o hadisələr “qlobal” xarakter daşıyır ki, onlar çox aktual ziddiyyətlərdir, ictimai tərəqiyyə mane olur və sivilizasiyanı məhv etmək təhlükəsi yaradırlar;

b) onlar bütün xalqların və dövlətlərin, bütün bəşəriyyətin mənafeyinə toxunurlar;

v) onlar özlərində ictimai və təbii prosesləri birləşdirərək sosial-təbii və biososial mahiyyət daşıyırlar;

q) onların həll edilməsi kollektiv nəzarət, beynəlxalq əməkdaşlıq tələb edir.

Müasir dövrdə qlobal problemləri belə qruplaşdırmaq olar:

a) planetar bəşəri təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal  problemlər:  müharibə və sülh probemi, hərbiləşmə, iqtisadi fəlakətlər və s.

b) planetar təbii təhlükə doğuran qlobal problemlər:  təbiətin mühafizəsi və ondan səmərəli istifadə edilməsi;

v) əhali artımı və mənəvi tənəzzüllə bağlı meydana çıxan demoqrafik-mənəvi qlobal problemlər: əhalinin surətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi.

Müasir qlobal problemlərin müəyyən qismi təbiət-cəmiyyət, təbiət-insan qarşılıqlı münasibətlərindəki tarazlıq qanunauyğunluqların pozulması nəticəsində baş vermişdir. Bunları müasir sosial və elmi-texniki tərəqqi şəraitində meydana çıxmış “ekoloji böhran” adlandırmaq olar: təbiət, su, torpaq getdikcə daha böyük sürətlə çirklənir, insan öz mövcudluğunu təhlükə altına alır.

Hazırda təbiət-insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünyagörüşü formalaşması zərurəti meydana çıxmışdır. F.Engels “Təbiətin dialektikası” əsərində dəfələrlə qeyd edirdi ki, insanın böyüklüyü ondadır ki, o, təbiət qanunauyğunluqları öyrənir, təbiəti öz məqsədlərinə tabe olmağa məcbur edir.

Gələcək cəmiyyət inkişafının proqnozlaşdırılması problemi də xoşbəxt gələcəyi qabaqgörənlik biliyi ilə potensial imkanları qeyd etmək olar. Elmi qabaqgörənlik və sosial proqnozlaşdırma metodundan da istifadə olunur. Onlardan ən ümumiləri bunlardır:

ektrapolyasiya - müəyyən bir sahəyə, dövrə aid olan hadisələrin, qanunların başqa bir sahəyə aid edilməsi;

         tarixi analogiya;

 kompüter modelləşdirilməsi;

 gələcəyin ssenarisi;

 eksperiment qiymətləndirilmə və s.

Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmanı məzmun və məqsədinə görə dörd əsas növə bölmək olar: axtarıcı; normativləşdirici; analitik; xəbərdaredici proqnozlar.

Qloballaşma nəinki cəmiyyətin qarşısında əməyin yüksək məhsuldarlığını təmin edən geniş imkanlar açır, həmçinin, sənayenin ən müasir texnologiyaları bazasında yenidən təchiz edilməsi və vahid dünya bazar sisteminin formalaşmasına yardım edən müasir yüksək sürətli kommunikasiya sistemi və rabitə vasitələrinin inkişafı üçün bütün zəruri şərtləri yaradır. Elmi-texniki proqresin bu körpəsi müasir dünya bazarının kəskin problemlərini ortaya çıxarır, əhalinin sosial baxımdan daha az müdafiə olunmuş təbəqələrinin yaşayış vəziyyətini pisləşdirir və insanın ekoloji yaşam mühitinə çox mənfi təsir edir. Qlobal rəqabətin təzyiqi isə bir çox siyasətçilərə və monopolistlərə gələcəkdə planetin ekoloji sağlamlığının ağırlaşması təhlükəsini düzgün qiymətləndirməyə imkan vermir.

Qloballaşmanın bizim həyatımızın bəzi sahələrinə aşkar mənfi təsirinə baxmayaraq, bu proses müasir cəmiyyət üçün qaçılmazdır və buna görə də o, Məhəmməd peyğəmbərdən (s.a.s) bizə gəlib çatan müqəddəs müsəlman hədislərində öz əksini tapmışdır. Bir çox hədislər mövcuddur ki, orada islamın peyğəmbəri (s.a.s) insan cəmiyyətinin inkişaf perspektivləri və onun qarşılaşacağı problemlərin bəziləri haqda qabaqcadan məlumat vermişdir. Bu gün biz Onun bəşəriyyətin hal-hazırda üzləşdiyi ekoloji və sosial təlatümlərlə bağlı peyğəmbərcəsinə xəbər verdiyi məlumatların doğruluğunun şahidi oluruq və bu müqəddəs yazılar, nəinki bizi bu qlobal problemlərin yaranma səbəbləri barədə düşünməyə məcbur edir, həmçinin, bizə onların həll edilməsi üçün amerikalı tarixçi, riyaziyyatçı və astronom Maykll Xart tərəfindən əsaslı olaraq tarixdə ən böyük şəxsiyyət adlandırılan Məhəmməd peyğəmbər (s.a.s) tərəfindən təklif olunmuş effektiv üsulları göstərir.

“Qlobal problemlər” fenomeni, “qloballaşma” prosesi və “sabit inkişaf” anlayışları bir-biri ilə qarşılıqlı əlaqədədir. Qloballaşma yeni tarixi və sosial- mədəni şəraitdə qlobal problemlər fenomeninin başa düşülməsi deməkdir. Lakin əgər “qlobal problemlər” əhəmiyyətli dərəcədə planetar miqyaslı real ziddiyyətlərin konstatasiyasını (fakt kimi qəbul edilməsini) bildirirsə, “qloballaşma” ümumibəşəri proseslərin dinamikasına diqqəti yönəldir. Bununla yanaşı, “sabit inkişaf” anlayışı “insan- sosium-biosfera” sistemində qlobal ziddiyyətlərin aradan qaldırılması imkanları və koevolyusiya prosesləri səviyyəsinə çıxışla əlaqələnir. Qloballaşma və sabit inkişafın anlaşılması prosesində iki son yanaşma özünü aydın şəkildə göstərir.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2011.- 16 dekabr.-S. 7.