Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Azərbaycan
son dövrdə inkişaf tempini sürətləndirərək,
dünyanın aparıcı və inkişafda olan ölkələri
sırasında mövqeyi, eləcə də, mövcud
potensialı ilə seçilir. Qısa zaman ərzində əldə olunan
nailiyyətlər ölkənin milli
maraqları zəminində formalaşmış, dövlət
tərəfindən həyata keçirilən milli
strategiya, yürüdülən ictimai, siyasi və mədəni
mövqe, iqtisadiyyatın, sosial
rifahın yüksəlməsi, belə imicin
Azərbaycan ətrafında yaranması ilə
nəticələnib.
Müasir
dövrümüzdə Azərbaycan Prezidenti
İlham Əliyevin ölkə
iqtisadiyyatına neft sektoru
tərəfindən gələn gəlirdən daha artıq gəlir gətirə biləcəyi
turizmin inkişafını zəruri hesab etməsi, real faktlara əsaslanır.
Ölkənin yeraltı və yerüstü
sərvətləri, mövcud iqlimi, milli-tarixi, mədəni
və mənəvi irsi, adət-ənənələri
şərtləndirici amillərdir. Bu və
digər əsaslar Azərbaycan turizminin
inkişafı üçün lazımi
şəraitin olduğunu göstərir.
Azərbaycanda əlverişli coğrafi mövqe, ümumiyyətlə, turizmin
bir neçə növlərinin
inkişafına zəmin yaradır. Onu da qeyd edək ki, ölkə ərazisinin 60 faizə qədər
dağlıq ərazilərin olması Azərbaycan turizm sektorunun
inkişafına meydan açır. Bütün bunlar, onu deməyə əsas verir
ki, turistlərin il ərzində
istirahətinin təşkilində Azərbaycanda hər cür şərait mövcuddur.
“Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət
Proqramı” ölkədə turizmin
rastlaşdığı problemlərin həll edilməsi və
turizm sahəsinin daha da inkişaf etdirilməsinin
təmin edilməsinə imkanlar
açdı. Belə bir əhəmiyyətli
rəsmi sənəddən sonra ölkə
başçısı tərəfindən
Azərbaycanda 2011-ci ilin “Turizm
ili” elan edilməsi turizmin sürətli inkişafına təkan
verməklə yanaşı, bu sahədə
qarşıya ciddi tələblər qoyaraq, turizm sektorunun idarə olunması üçün
məsuliyyət yükünü daha da artırdı. Turizmin ölkə iqtisadiyyatının ən
dayanıqlı və rəqabətə
davamlı sahəsinə çevrilməsi istiqamətində ciddi dönüş
yarandı. Ölkəmizin zəngin tarixi-mədəni irsindən
turizm məqsədləri üçün
effektiv istifadə olunması, müvafiq infrastrukturun
yaradılması, peşəkar kadr
potensialının hazırlanması və s.
işlərin görülməsinə töhfələrini verdi.
2011-ci ilin
“Turizm ili” elan olunması ilə bağlı turizmin müxtəlif istiqamətləri inkişaf mərhələsini yaşadı. Milli dəyərləri, tarix-mədəniyyət
obyektləri, qoruqlarının təbliği, eləcə də,
tarixi əhəmiyyət kəsb edən arxeoloji ərazilərin xəritələrinin
hazırlanması məlum Sərəncam əsasında
həllini tapdı. Turizm xidmətlərinin
keyfiyyətinin yaxşılaşdırılması, turistlərin
tarixi mədəniyyət abidələrinə
aparılması məqsədilə yeni
marşrutların və şəhər turlarının
yaradılması və s. istiqamətində
görülən işlər Azərbaycanın
tanınmasında mühüm rol oynadı.
Prezidentin Sərəncamı
ilə “Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan
edilməsi ilə bağlı Tədbirlər Planı”nın
təsdiqi bu sahənin daha
da sürətli inkişafına təkan oldu. Tədbirlər Planının müvafiq bəndlərinin icrasına əsasən,
reallaşdırılan “Azərbaycanda yeni
turizm marşrutlarını kəşf edək”
layihəsi çərçivəsində Azərbaycanın
rayonlarında infroturlar təşkil olundu. Bu infoturlar
regionlarda turizmin
müxtəlif növlərini inkişaf
etdirilməsinə şərait yaratdı.
Bu,
bir həqiqətdir ki,
müstəqilliyini bərpa etdikdən sonra
yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm
qoyan, açıq bazar
iqtisadiyyatı sisteminin tələbləri
əsasında inkişaf edən Azərbaycan
beynəlxalq aləmə inteqrasiya prosesləri
çərçivəsində dünya
dövlətləri ilə əlaqələrini genişləndirib.
Ölkəmizdə bu əlaqələrin
bir qolu olan beynəlxalq turizm
münasibətlərinin inkişafı istiqamətində də
təqdirəlayiq işlər görülüb.
Azərbaycanın turizm imkanlarının dünya miqyasında təbliği ölkənin
tanınmasında müstəsna rol
oynayır. Vyana, İstanbul, Vilnüs,
Berlin, Moskva, Kiyev, Pekin, Manama,
Dubay, Əl-Küveyt, Paris,
Tokio və digər şəhərlərində
keçirilən beynəlxalq turizm sərgilərində
iştirak edən Azərbaycanın mövcud turizm
potensialının təbliğ edilməsi məqsədilə
dünyanın aparıcı televiziya
kanallarında reklam çarxları yayımlandı
ki, bu da
beynəlxalq aləmdə ölkənin mədəniyyətinin,
milli dəyərlərinin, tarixinin və s.
tanınmasına geniş yollar
açmış oldu. Müxtəlif dillərdə
nəşr, poliqrafiya məhsulları
hazırlandı. Bu təbliğatın məntiqi
olaraq, il ərzində
dünya ölkələrindən Azərbaycana
üz tutan turistlərin
sayında artım müşahidə edildi. Rusiya, Gürcüstan, İran,
Türkiyə ilə yanaşı, Avropa
ölkələrindən gələn turistlərin də
sayı yetərincədir. Azərbaycana Yaponiya
və Çin kimi
dövlətlərdən gələn turistləri də qeyd etməliyik. Təbliğatın nəticəsi
olaraq fərdi şəkildə gələn
turistlər bu gün böyük qruplar şəklində
ölkəmizə səfər edirlər.
“Turizm ili” çərçivəsində regionlarda istirahət üçün
yararlı olan turizm mərkəzlərinin
sayı kifayət qədər olduğundan
turistlərin ölkəmizə cəlb olunması prosesini sürətləndirdi. Azərbaycanın
turizm potensialını dünyada
tanıtmaq məqsədi ilə istifadəyə verilən sayt da bu
məsələdə rola malikdir.
“Turizm ili” ilə əlaqədar
olaraq viza rejiminin sadələşdirilməsinə dair təkliflərin hazırlanması da əhəmiyyətli məsələlərdəndir.
Azərbaycanda turizm sahəsinə
ayrılan diqqətin nəticəsi olaraq
ölkəmiz beynəlxalq arenada
potensialını nümayiş etdirir, tanınır.
“Turizm ili”
xalqımızın mədəni-tarixi irsinin
geniş miqyasda
tanıdılmasına, ölkənin artan
gücünün bir daha ortaya
çıxmasına səbəb oldu. Qonşu
ölkələrin nümayəndələrinin
iştirakı ilə “Sərhədyanı turizmin
inkişaf perspektivləri” mövzusunda
beynəlxalq konfransın keçirilməsi, Azərbaycanın
diplomatik nümayəndəlikləri və
diasporları tərəfindən Azərbaycanın turizm potensialının xarici
ölkələrdə tanıdılması məqsədi
ilə təbliğat-təşviqat işinin
gücləndirilməsi və s. turizm sektoruna təsirini
göstərdi.
Bir çox
otellərin inşası ölkəmizə gələn
axının yüksək səviyyədə təminatına
əsas verən şərtlərdəndir. Yayın ilk ayında artıq Xaçmaz,
Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Masallı kimi istirahət
zonalarında istirahət edənlərin sayının
artması Azərbaycan turizminə olan diqqətin
göstəricisini ortaya qoydu.
Tamamlanmış infrastruktur layihələrin,
o cümlədən, Bakı-Şamaxı
və Bakı-Xaçmaz yolu turist axınına müsbət təsirinin də
qeyd etməliyik.
“Turizm ili”ndə
turist axını çox
olan rayonlarda “Bu Vətən bizimdir”
adlı turist düşərgələrinin
təşkil edilməsi, Azərbaycanın “Əfsanələr
paytaxtı” Şabranda, “Folklor
paytaxtı” Lənkəranda və “Sənətkarlıq
paytaxtı” İsmayıllıda milli dəyərlərin
təbliği məqsədi ilə tədbirin keçirilməsi,
eləcə də, Naxçıvan Muxtar
Respublikasında mövcud olan
türbələrin YUNESKO-nun Mədəni
İrs Siyahısına daxil
edilməsinə dair sənədlərin
hazırlanması və s. Azərbaycanın
geniş məkanda tanılmasına təsirini
göstərməkdədir.
“Şahdağ” Qış-Yay Turizm
Kompleksinin tikintisi də
il ərzində həyata keçirilən
layihələr sırasındadır. Artıq turizm
kompleksi bir neçə
aydan sonra ilk turistləri qəbul edəcək. Kompleks gündəlik 5 min
turist qəbul etmək gücündə olacaq.
2011-ci ilin “Turizm ili” elan
olunması turizmin inkişafına xüsusi təkan oldu. Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə
inkişaf edir. Əvvəlki
illərlə müqayisədə fəaliyyət göstərən
mehmanxana və mehmanxana
tipli müəssisələrin sayı 4 dəfədən
çox artmışdır ki, bu da
turistləri qəbuledilməsi baxımından əhəmiyyətə
malikdir. Turizm
zonalarına gələnlərin sayında artım
müşahidə olunmaqdadır. Təkcə Qəbələyə
bu ilin 6 ayı ərzində
16 mindən çox turist
gəlmişdir. 2011-ci il ərzində isə
Qəbələyə 35 min yerli və xarici turistin səfər etməsi, fikirlərimizi əsaslandıran
dəlildir. Bunun əsas səbəblərindən
biri də Heydər Əliyev Fondu tərəfindən təşkil olunan Qəbələ III Beynəlxalq Musiqi Festivalı ilə bağlıdır. Turist axınındakı fərq əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 3 min 600 nəfər çoxdur.
Hazırda rayonda 100-dək turizm-istirahət
obyekti fəaliyyət göstərir. Qəbələdə
müasir turizm obyektlərinin
sayı beş dəfə artaraq
19-a çatıb. Eyni vaxtda
1223 turistə hotel və restoran
xidmətlərinin göstərilməsi mümkündür.
Azərbaycana turist
səfərlərinin bu sayda
olmasında Qəbələdə yerləşən beynəlxalq
əhəmiyyətli turizm mərkəzlərinin,
Şamaxıda Astrofizika Rəsədxanasının
və dağ-turizm bazasının
yaradılmasının, İsmayıllıda qədim
qalaların, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun da böyük əhəmiyyəti var. Bu yay
turizm mövsümündə istirahət
mərkəzlərində xidmətlərə görə qiymətlər
ötən illə müqayisədə xeyli
aşağı enmişdir.
Onu
da qeyd edək ki, müstəqilliyimizin bizə verdiyi imkanlar nəticəsində
Bakıda yeni beşulduzlu
hotellər, 43 mehmanxana istifadəyə verilib. Ölkə Prezidenti
İlham Əliyevin turizmin
inkişaf etdirilməsi ilə
bağlı məlum sərəncamları bu
sahənin inkişafını daha da sürətləndirib. Statistik rəqəmlərə
istinad etsək görərik ki, bütövlükdə ötən il Azərbaycana xaricdən 1 milyon
968 min turist gəlmişdirsə,
dövlət başçısı tərəfindən
2011-ci ilin “Turizm ili” elan olunmasının məntiqi
olaraq bu ilin təkcə ilk 6
ayı ərzində bu göstərici
1 milyon 16 minə yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə
müqayisədə 14,8 faiz çoxdur. Bütün bunlar Azərbaycana gələcək turistlərin
sayının artmasına və
ölkəmizin turist ölkəsi tək
beynəlxalq miqyasda yer
qazanmasına səbəb olur.
Azərbaycanın
turizm imkanları dünyada
tanıdılır. Hər bir
regionun milli koloriti təbliğ olunur. Xarici dövlətlərdə
Azərbaycanın müxtəlif və zəngin folkloru, mətbəxi
və ənənələri ilə yaxından tanış
olurlar. Azərbaycanın daxili turizm imkanlarının sistemləşdirilməsi
baxımından da onun təbliği məqsədəyönlüdür.
Azərbaycanın hər
qarış torpağının yerli əhali tərəfindən lazımı şəkildə
tanıdılmasına da xüsusi diqqət ayrılıb. “Turizm
ili” çərçivəsində,
aztəminatlı ailələrin, dövlət himayəsində
olan əlil və kimsəsiz uşaqların Azərbaycanın
müxtəlif yerlərinə xüsusi səyahətlərinin
təşkili də reallaşdı ki, bu da önəmlidir.
Turizm nümayişi obyektlərinə tələbələrin
və şagirdlərin ekskursiyalarının təşkili, Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümünə həsr olunmuş müvafiq tədbirlərin
təşkilini də qeyd etməliyik. Bütün bunlar Azərbaycan
tarixinin öyrənilməsində önəmlidir.
Onu da vurğulayaq ki, gələn
il Azərbaycanın Avropanın maraqla izlədiyi “Eurovision -
2012” Mahnı Müsabiqəsinə ev sahibliyi etməsi ölkənin
tanıtması üçün də əlamətdar hadisədir.
Belə bir tarixi zamanda turizm sektorunun da üzərinə məsuliyyət
düşür. Bu qonaqlara meydan vermək, onların rahatlığının
təminatına şərait yaratmaq vacib məsələlərdəndir
ki, “Turizm ili” çərçivəsində bununla
bağlı artıq bir sıra layihələr gerçəkləşmişdi.
Məlumdur ki, bu
gün Azərbaycanda turizm
bazarı açıq, rəqabətə davamlıdır. Bu
sahənin inkişafı və turizm sektorunun ölkə
iqtisadiyyatının aparıcı sahələrindən birinə
çevrilməsi Azərbaycanda ən mühüm vəzifə
olaraq qarşıda durur.
Nəzakət BAYRAMOVA
Səs.- 2011.- 16 dekabr.- S. 8.