Azərbaycan
sənətkarlarının dekorativ-tətbiqi sənət əsərlərinin
festivalı
İçərişəhərdə
kiçik karvansaray
binasında yerləşən
“İncəsənət Bağı”nda dekabrın 17-də Azərbaycan
sənətkarlarının dekorativ-tətbiqi sənət əsərlərinin
festivalı keçiriləcək.
Tədbirin
təşkilatçıları Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, Art Council, “İncəsənət
Bağı”dır. Azərbaycan xalqı özünün
çoxəsrlik tarixi boyunca zəngin və özünəməxsus
mədəniyyət yaratmışdır və onun fəaliyyətinin
ən yüksək inkişaf etmiş sahələrindən biri
dekorativ-tətbiqi incəsənətdir. Bu sənətin
növləri arasında xalçaçılıq, keramika, zərgərlik, batika və başqaları
özünə məxsus üslubda
formalaşmışdır.
Avropa incəsənətinə aid olan qobelen sənət
növü də Azərbaycan tətbiqi-sənətində
milli ruhda özünə məxsus yer tutmuşdur. Müxtəlif sənət növlərinin
hər biri ayrı ayrılıqda uzun və mürəkkəb
inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət
təşkil edərək, Azərbaycan dekorativ-tətbiqi sənəti haqqında tam təsəvvür
yaratmağa geniş imkan verir.
İçərişəhərdə
yerləşən “İncəsənət Bağı”nda açılışı olacaq
“Potensial” dekorativ tətbiqi sənət
festivalının əsas məqsədi də bu sənətin müasir
növlərinin
qorunması, təbliği və inkişafını
davam etdirməkdir. Azərbaycan incəsənət və sənətkarlıq
sahəsində yeni tərzdə təqdim olunan, yüksək
peşəkarlıq məktəbi əsasında yaranan yeni müasir ideyalarını ənənəvi
sənət növü çərçivəsində sərgiləmək layihənin əsas
konsepsiyasını təşkil edir. İlk dəfə olaraq
tələbə və müəllim heyətinin birgə
iştirakı ilə keçirilən festival 4 gün davam edəcək
və festival zamanı keramika,
batika və qobelen sənətində müxtəlif
üslubda işləyən rəssamların
əsərləri sərgilənəcək, master klasslar
keçiriləcək. Festivalın təşkilatçısı
olan 2002-ci ildə yaradılmış Azərbaycan Dövlət
Rəssamlıq Akademiyası (ADRA) respublikada bütün təsviri
sənət növləri üzrə professional kadrlar
hazırlayan yeganə ali təhsil müəssisəsidir.
“Dekorativ tətbiqi sənət” kafedrası
xalçaçı rəssam, bədii toxuculuq (qobelen-batika),
keramika, metal və şüşə ixtisasları üzrə
fəaliyyət göstərir. Sərginin
iştrakçılarının çox hissəsini bu ali məktəbin peşəkar müəllimləri,
məzun və tələbələr
təşkil edir. Akademiyada fəaliyyət göstərən
keramika, batika və qobelen kafedrasının təhsil
proqramı üzərində
istedadlı gənc nəslin yetişdirməsini müşahidə
etmək olar.
Layihənin
müəllifi sənətşünaslıq üzrə fəlsəfə
elmləri doktoru Əsmər Abdullayeva bildirib ki, layihənin gələcəkdə
genişlənməsi nəzərdə tutulur.
Gürcüstan, Türkiyə, Rusiya, Özbəkistan rəssamları
ilə birgə beynəlxalq dekorativ-tətbiqi sənətlər festivalını keçirmək təşkilatçıların
yaxın gələcək planlarına daxildir. Azərbaycanın
qədim sənət növlərini yeni müasir rakursdan
ictimayyətə tanıtmaq festivalın əsas məqsədlərindən
biridir.
Açılış
zamanı qonaqlara müxtəlif interaktivlər, performanslar,
xalq musiqisi və caz üslubunda musiqi nömrələri təqdim
olunacaq.
Zümrüd
Səs.- 2011.- 17 dekabr.- S. 12.