Hüquqi dövlətdə ekoloji
mədəniyyət
Hüquqi dövlətin
əlamətlərindən biri ərazi təbiətin
bir hissəsi olduğu
üçün ətraf mühitin
mühafizəsilə sıx bağlıdır. Qlobal ekoloji problemin həllində ekoloji
mədəniyyət mühüm rol oynayır ki, bu da son
nəticədə hüquqi dövlət quruculuğunun səmərəliliyinin əsas
amilidir.
Y.Türkelin
yazdığı kimi, hər bir dövr ətraf mühitin dəyişdirilməsinin
miqyasını və xarakterini müəyyən
etmiş, indi ekoloji şüur
adlandırdığımız təbiətə münasibət
prinsiplərini formalaşdırmış, ekoloji
mədəniyyətin bu və ya digər xüsusi tipini yaratmışdır. Lakin çox zaman ekoloji mədəniyyət
və ekoloji şüur
kortəbii şəkildə inkişaf etmişdir. Hazırda təhsil sistemi
ekoloji mədəniyyətin şüurlu və planauyğun
şəkildə inkişaf etdirilməsi
vəzifəsini öz qarşısına
bir məqsəd qoyaraq,
praktik olaraq, həll
etmək imkanı əldə etmişdir. Bütün bunlar ekoloji tərbiyə problemlərinin
aktuallığını bir daha sübut edir. Cəmiyyət və təbiət
arasındakı ziddiyyətlərin həllindən bəşəriyyətin
varlığı, mənəviyyatı və gələcəyi
asılıdır. Həmin həll isə ekoloji
şüurun və ekoloji
tərbiyənin səviyyəsindən əhəmiyyətli dərəcədə
asılıdır.
Ekoloji
mədəniyyətin tədqiqatçıları ictimai həyatı dəyişdirilməsi əxlaqi,
estetik, mənəvi dünyagörüşü
və mədəniyyətinin də bərqərar
olmasını təmin edir.
İnsanların təbiətə münasibətində
aşağıdakı amilləri xüsusi
qeyd edirlər:
Birincisi, təbiət
insandan çox-çox
yüksəkdə durur. Bu
baxımdan, insan qeyd-şərtsiz təbiətə
tabe olmalı, təbiətin
qanunlarını özlərinin daxili
qanunlarına aid etməlidir;
İkincisi, məlumdur ki, insan ən şüurlu varlıqdır, o,
təbiətə münasibəti ictimai
münasibət kimi başa
düşməli, onu əhatə edən
təbii, ətraf mühitlə əlaqəni
qırmamalıdır;
Üçüncüsü, insan başa düşür ki, təbiətin
dəyişdirilməsi onun birbaşa fəaliyyəti ilə
bağlıdır. Buna görə də insan öz münasibətinin
ahəngdarlığını dərk etməlidir, daha doğrusu, insan düzgün qiymətləndirməyi
bacarmalıdır;
Dördüncüsü, tarixi inkişaf prosesində
insanlar özlərinin ekoloji
fəaliyyətini, ilk növbədə, praktik fəaliyyət vərdişlərinə
çevrilməlidirlər;
Beşincisi, ekoloji mədəniyyətin bütün
məzmunundan keçən ümumi cəhətlər
(biliklər, əqidələr, dünyagörüşü
və s.) insanın mənəvi sərvətinə
çevrilməli və onların varislik
prinsipləri təmin edilməlidir.
Ekoloji mədəniyyət
- ekoloji bilik, ekoloji təhsil, ekoloji əxlaqi
prinsiplərin məcmuusudur. Ekoloji mədəniyyət hüquqi
dövlətdə vətəndaş cəmiyyəti tərəfindən
irəli sürülən üsulların, ənənələrin
və tənzimləmə formalarının təsərrüfat
- iqtisadi və s. sahələrdə
təbiətlə insanın bütün
qarşılıqlı münasibətlərinin harmonikləşdirilməsidir.
Vətəndaş cəmiyyətilə təbiət
münasibətlərinin hormonikləşdirilməsi cəmiyyət
inkişafının ən vacib şərtlərindən
biri hesab olunur. Humanist münasibətlərdən bəhs edən amillər
göstərir ki, cəmiyyət əvvəlki
inkişafın bütün sərvətlərinin
saxlanması, insanın özü-özünə ictimai insan kimi,
yəni insaniyyət mənasında qayıtmasıdır.
Hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu
yolu ilə gedən Azərbaycanda ekoloji təbliğatı gücləndirmək
üçün Azərbaycan alimlərinin
ekologiya sahəsində yazdışları
əsərlərə istinad etmək
lazımdır. Belə halda,
aşağıdakılara diqqət yetirilməlidir:
1.
Ekoloji təbliğatın məzmununu zənginləşdirmək,
onun forma və
metodlarını təkmilləşdirmək, əhalinin ekoloji təhsil səviyyəsini nəzərə
almaq;
2.
Ekoloji tərbiyəni tərbiyə sisteminin digər istiqamətləri ilə
sıx əlaqələndirmək, xüsusilə, ideya-siyasi, mənəvi, əmək, vətənpərvərlik
tərbiyəsi ilə;
3.
Ekoloji tərbiyənin iqtisadi,
hüquqi, pedaqoji əlaqəsini
möhkəmlətmək onun
ardıcıl və uzunmüddətli olmasına nail olmaq lazımdır.
Tədqiqatçılar
hüquqi dövlət quruculuğu
şəraitində ekoloji tərbiyənin
səmərəliliyini yüksəltməyə kompleks münasibətin
aşağıdakı istiqamətlərinə diqqət yetirməyin
zəruriliyini göstərirlər:
1.
Bütün təhsil səviyyəsində
olan qruplarla iş aparmaq, onların fərdi
xüsusiyyətlərini nəzərə almaq;
2.
Ekoloji tərbiyənin üzünmüddətli
və cari vəzifələrini əlaqələndirmək;
3. İdeoloji
işin müxtəlif vəsaitlərinin əlaqəsini
təşkil etmək (siyasi təhsil, iqtisadi təhsil, mühazirə və başqa kütləvi təbliğat, siyasi təşviqat, radio,
televiziya, kino, mətbuat,
mədəni-maarif müəssisələri, ədəbiyyat və
incəsənət). Ekoloji tərbiyə
adamların şüuruna, tərbiyəsinə
təsir göstərmək (inandırma, kütləvi, koolektiv və fərdi təsir).
Ulu Öndər Heydər Əliyevin
və Onun layiqli varisi, ölkə Prezidenti
İlham Əliyevin Azərbaycanda ekoloji mədəniyyətin inkişafında
müstəsna xidmətləri olmuşdur.
Ulu Öndərin 2002-ci il
10 dekabr tarixli Fərmanı
ilə imzalanan “Əhalinin ekoloji
təhlil və maarifləndirilməsi haqqında” Azərbaycan
Respublikası Qanununda ekoloji
mədəniyyətin inkişaf etdirilməsi
tədbirləri də müəyyənləşdirilmişdir.
Bu Qanunda
istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
-
ekoloji təhsil - ətraf mühitin
mühafizəsi və təbii ehtiyatlardan
istifadə üzrə normaların, xüsusi
biliklərin, təcrübənin tədrisi və öyrənilməsi
prosesi;
-
ekoloji biliklər - ətraf mühitə, ekologiyaya, insan və təbiət
arasında qarşılıqlı əlaqələrə dair məlumatlar;
-
ekoloji maarifləndirmə - ekoloji mədəniyyətin
formalaşmasına yönəldilmiş ekoloji
bilik və təcrübənin
yayılması;
-
ekoloji mədəniyyət - əhalinin və
ölkənin ekoloji təhlükəsizliyinə,
insanın ətraf mühitlə qarşılıqlı əlaqəsinə
dair bilik və təcrübənin
məcmusu.
Əhalinin ekoloji
təhsili və maarifləndirilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan,
təhsil və ətraf mühitin
mühafizəsi ilə bağlı qanunlardan,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
və digər müvafiq normativ
hüquqi aktlardan ibarətdir.
Bu
Qanunun təsir dairəsinə ekoloji təhsil prinsiplərini özündə
əks etdirən və dövlət təhsil standartlarına uyğun fasiləsiz ekoloji
təhsil və maarifləndirmə sistemi,
həmçinin, təhsil müəssisələrində ekoloji təhsilə aid informasiya məkanı daxildir.
Bu
Qanun ekoloji təhsil və
maarifləndirmə sahəsində idarəetməni həyata
keçirən dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarına, təhsil müəssisələrinə, əhalinin
maarifləndirilməsi ilə məşğul olan,
həmçinin, digər aidiyyəti hüquqi
və fiziki şəxslərə şamil edilir.
Əhalinin ekoloji
təhsili və maarifləndirilməsi sahəsində dövlət
siyasəti ətraf mühitin mühafizəsi
və təhsil haqqında qanunvericiliyin tələblərinə,
müvafiq dövlət proqramlarına,
habelə, bunlara dair
ölkədə və beynəlxalq təcrübədə mövcud olan prinsiplərə
uyğun həyata keçirilir.
Əhalinin
ekoloji təhsili və maarifləndirilməsi
sahəsində dövlət siyasətinin prinsiplərinə
aşağıdakılar aiddir:
-
ümumi ekoloji biliklərə
yiyələnməsi üçün hər
kəsə bərabər şəraitin yaradılması;
- orta təhsil sistemində
ekoloji biliklərin tədrisinin icbariliyi;
- ekoloji təhsil və
maarifləndirmə prosesinin fasiləsizliyi;
- ekoloji təhsil və
maarifləndirmə sahəsində aşkarlığın təmin
olunması;
- ekoloji təhsil və
maarifləndirmə sahəsində dövlət siyasətinin
həyata keçirilməsində əhalinin və
qeyri-hökumət təşkilatlarının
iştirakına şərait yaradılması.
Ulu Öndər Heydər
Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə
gəldiyi dövrdən davamlı inkişaf
konsepsiyasını dəstəkləmişdir. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü il
18 fevral tarixli 1152 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair” milli proqramı
üzrə ölkəmizdə çoxsaylı tədbirlər
həyata keçirilmişdir. Bundan sonra davamlı inkişaf
ideyası ölkəmizdə bir sıra dövlət əhəmiyyətli
sənədlərdə, xüsusən, Azərbaycan
Respublikasının hazırkı Prezidenti İlham Əliyevin
14 aprel 2009-cu il tarixdə imzaladığı Fərmanla təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nda öz əksini
tapmışdır. AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı,
professor Şaiq İbrahimovun fikrincə, davamlı inkişafda
insan cəmiyyəti və onun hər bir üzvü ilə ətraf
mühit arasındakı qarşılıqlı münasibətlər
ətraf mühitin qorunması ilə yanaşı, həm də
ondan iqtisadi və sosial məqsədlər üçün məqsədəuyğun
və səmərəli şəkildə istifadəni nəzərdə
tutan yeni, daha yüksək səviyyədə
qurulmalıdır. Davamlı inkişafa keçidlə əlaqədar
sosial-iqtisadi fəaliyyətdə tələb olunan dəyişikliklərin
həyata keçirilməsi üçün əhalinin
bütün təbəqələrinin ətraf mühitin
mühafizəsi sahəsindəki dünya görüşləri
məqsədyönlü istiqamətləndirilməlidir ki, bu
da ekoloji maarifləndirmə və ekoloji təhsil
qarşısında müvafiş vəzifələr qoyur.
Professor Şaiq
İbrahimov “Azərbaycanda davamlı inkişafa keçid
dövründə ekoloji maarifləndirmə və ekoloji təhsil”
məqaləsində müasir müstəqillik, demokratikləşmə
və hüquqi dövlət quruculuğu şəraitində
ekoloji mədəniyyətin yüksəldilməsinə dair
maraqlı mülahizələr irəli
sürmüşdür. Müəllif yazır: “Ekoloji mədəniyyətin
yüksəldilməsi məqsədi ilə ölkəmizdə
dövlət hakimiyyəti və yerli özünüidarə
orqanları, ictimai birliklər, kütləvi informasiya vasitələri,
tədris və mədəniyyət müəssisələri,
həmçinin, ayrı-ayrı mütəxəssislər və
ziyalılar tərəfindən ekoloji təhlükəsizlik, ətraf
mühitin durumu, təbii sərvətlərdən istifadə
və ətraf mühitin mühafizəsi haqqında
qanunvericilik barədə maarifləndirmə prosesi həyata
keçirilir. Əhalinin təhsil səviyyəsi yuxarı
qalxdıqca, insanların ətraf mühitin mühafizəsində
olan problemlərin mərhələli həllinin davamlı
inkişafa keçidin mühüm bir elementi olduğunu dərk
etməsi imkanları da artır ki, bu da ekoloji maarifləndirmə
prosesində öz əksini tapmalıdır. Belə ki, təbiətin
tullantılarla çirklənməsinin
qarşısının alınmasına, meşələrin və
su hövzələrinin qorunmasına,
yaşıllığın artırılmasına
çağıran şüarlarla yanaşı, insanın ətraf
mühitlə vəhdətini, müasir dövrdə iqtisadi,
sosial və ekoloji məsələlərin bir-birinə sıx
bağlılığını, davamlı inkişafın
mahiyyətini və əhəmiyyətini, əmək fəaliyyəti
və istirahət zamanı insanların təbiətdəki
davranış normalarını açıqlayan məlumatlara
tələbat getdikcə artır.
Ekoloji maarifləndirmə
və ekoloji mədəniyyət formalaşdırılması
proseslərinin uğuru xeyli dərəcədə yerli hakimiyyət
və idarəçilik orqanlarının əməli
işindən asılıdır. Belə ki, təbiətin
qorunmasına, onun zibillənməsinin qarşısının
alınmasına olan çağırışlar, cərimələr
barədə xəbərdarlıq, xüsusi mühafizə
olunan ərazilərin çəpərlənməsi ilə
yanaşı, yolların kənarlarında zibil
qutularının qoyulması, təbiətdə istirahət
etmək üçün və avtomobil dayanacaqları
üçün xüsusi yerlərin ayrılması və bu
kimi başqa tədbirlərin keçirilməsi ilə dəstəklənməsə,
onların effektliyi kifayət qədər yüksək olmaz”.
İ.İbrahimov
müstəqillik qazanan müasir Azərbaycanda ekoloji təbliğatın
məzmununun da dəyişdiyinə diqqət yetirir:
“Keçmiş Sovet İttifaqında Vətənin
ucsuz-bucaqsız, onun sərvətlərinin isə tükənməz
olması fikri geniş yayılmışdı, bədii ədəbiyyatda
və kinofilmlərdə də tez-tez qeyd edilirdi. Buradan belə
nəticə çıxarmaq olardı ki, Vətənin təbii
ehtiyatlarının israfçılıqla istismar edilməsinin
də elə bir ziyanı yoxdur. Təəssüf ki, bizim
indiki cəmiyyətimizdə də bu yanlış təsəvvürlər
müəyyən qədər qalmaqdadır və müasir
ekoloji maarifləndirmə prosesinə öz zərərli təsirini
göstərir. Bununla əlaqədar olaraq, ekoloji təbliğat
aparılarkən təbii sərvətlərimizin məhdud
olduğu və buna görə də onlara xüsusi
qayğı ilə yanaşılmasının vacibliyi hökmən
qeyd edilməlidir.
Tədricən
insanların şüurunda xalq musiqisi və ədəbiyyatı,
vətən təbiəti ilə yanaşı, “Ekoloji vətən”,
yəni xalqla onun yaşadığı ölkənin təbiəti,
cəmiyyətlə ətraf mühit arasında harmonik vəhdət
təşkil edən qarşılıqlı münasibətlər
haqqında düzgün təsəvvürlər
formalaşmalıdır. Bu zaman heç də vətənin
“dünyada ən gözəl ölkə” olduğunu qeyd etmək
vacib deyildir, çünki vətən hər bir kəs tərəfindən
başqa yerlərdən gözəl olduğuna görə
yox, onun mənsub olduğu xalqın məskəni olduğuna
görə sevilir”.
Vahid Ömərov,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2011.- 23 dekabr.- S. 15.