Azərbaycan iqtisadi inkişafa görə dünyanın ən qabaqcıl ölkələri
sırasındadır
İlham Əliyev: "Bizim siyasətimiz ondan ibarətdir
ki, ölkəmizi modernləşdirək, ölkəyə ən
qabaqcıl texnologiyaları gətirək"
Dünyanın ən
sürətli inkişaf edən ölkələrindən biri
kimi xarakterizə edilən Azərbaycanda sosial-iqtisadi sahədə
qazanılan nailiyyətlər beynəlxalq miqyasda da yaxından
izlənməkdə, diqqətlə öyrənilməkdədir.
Bu sahədə araşdırma aparan təşkilatların,
ekspertlərin yekun qənaəti belədir ki, Azərbaycan
iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və
artıq özünəməxsus cəhətləri olan
inkişaf modelinin əsasını qoyub. Qeyd edilənlərin
məntiqi nəticəsidir ki, son bir neçə ildə Azərbaycan
ümumi daxili məhsulun artım dinamikasına görə,
dünya dövlətlərinin lideri statusunu
daşıyır. Bunun önəmli səbəblərindən
biri də Azərbaycan iqtisadiyyatının
inkişafının təkcə enerji sektoru üzərində
köklənməyərək, digər mühüm
sferaları da əhatə etməsidir.
İqtisadiyyatın
şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul
istehsalında xüsusi çəkisinin artması, sahibkarlara
yüksək dövlət qayğısı, regionların
proporsional inkişafı, aparılan səmərəli
islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda
qazanılan uğurların miqyasının genişlənməsinə
mühüm töhfələr verir. Bununla yanaşı,
iqtisadiyyatda qabaqcıl texnologiyaların tətbiqi, yüksək
ixtisaslı kadr hazırlığına yetirilən diqqət,
enerji resurslarından digər sahələrin inkişafı
üçün istifadə olunması Azərbaycanın
qarşıdakı dövr ərzində də sosial-iqtisadi tərəqqidə
yeni möhtəşəm nailiyyətlərə imza
atacağından xəbər verir. Bu, həm də Azərbaycanın
iqtisadi siyasətinin nə dərəcədə dövrün
tələblərinə cavab verməsinin bariz göstəricisidir.
Azərbaycanın iqtisadi inkişafını səciyyələndirərkən
Prezident İlham Əliyev demişdir: "Bizim iqtisadi
inkişafımız təkcə bir sektorun inkişafına
bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi
modernləşdirək, ölkəyə ən qabaqcıl
texnologiyaları gətirək. Azərbaycanda bütün
iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə
tətbiq olunmalıdır, peşəkar kadrlar
hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməkdə
davam edəcəkdir. Bizim təbii resurslarımız var,
iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq
maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan
işlərə çox yüksək qiymət verir. Yəni
bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə,
biz ölkəmizin uzunmüddətli inkişaf
strategiyasını təmin edəcəyik".
İqtisadi sahədə
qazanılan uğurlar əhalinin maddi-rifah halının
yüksəlməsində, həyat tərzinin
yaxşılaşmasında, yeni, modern sosial infrastrukturun
yaradılmasında da özünü qabarıq büruzə
verir. Bunun nəticəsidir ki, Azərbaycan həm də
yaşayış üçün dünyanın ən
yaxşı ölkələri sırasında yer alır,
dünya miqyasında da etiraf edilir və aparılan
araşdırmaların nəticəsində öz əksini
tapır. Bu mənada, ABŞ-ın məşhur
"Newsweek" ictimai-siyasi jurnalı tərəfindən
ötən il tərtib edilən "Dünyanın ən
yaxşı 100 ölkəsi" ilə bağlı reytinq cədvəlində
Azərbaycanın da adının yer alması tamamilə təbii
qarşılanmalıdır. Məlumat üçün bildirək
ki, jurnal 100 ölkəni 5 kateqoriya - səhiyyə, iqtisadi
inkişafın dinamikası, təhsil, siyasi sabitlik və həyat
səviyyəsi üzrə müqayisə edib. Azərbaycan ən
yüksək qiyməti iqtisadi inkişafın dinamikasına
görə alıb. Ancaq o da faktdır ki, ölkəmizdə
sarsılmaz siyasi sabitlik mövcuddur. Təhsilin, səhiyyənin,
elmin səviyyəsi isə sürətlə yüksəlməkdə,
sözügedən sahələrin dünya standartları səviyyəsinə
gətirilməsi üçün müvafiq addımlar
atılmaqdadır.
İqtisadi inkişafa gəlincə,
bundan əvvəl müxtəlif təşkilat və
institutlar, ekspertlər tərəfindən açıqlanan
hesabatlarda, proqnozlarda da Azərbaycan daim yüksək səviyyədə
qiymətləndirilib. Məsələn, cari ilin əvvəllərində
dünyanın nüfuzlu nəşrlərindən hesab edilən
"İnternational Living" jurnalı ölkələrin
2009-cu il üçün kateqoriyalar üzrə reytinq göstəricilərinə
dair hesabatda Azərbaycanın MDB və region ölkələri
arasında ən güclü iqtisadiyyata malik olduğunu
bildirib.
Xatırladaq ki,
jurnalın həyat səviyyəsi, mədəniyyət,
iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik
və iqlim sahələri üzrə apardığı
araşdırmalar 194 ölkəni əhatə edib və bu sahələr
üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib.
Jurnalın açıqladığı reytinq göstəricisində
Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq
görülüb. Bu, MDB və region ölkələri
arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək
nəticə hesab edilir.
Diqqəti cəlb edən
daha bir fakt ondan ibarətdir ki, "İnternational Living"in
hesablamaları göstərir ki, Azərbaycan iqtisadi göstəricilərinə
görə təkcə MDB və region ölkələrindən
deyil, həmçinin, inkişaf etmiş və inkişaf etməkdə
olan bəzi dövlətlərdən də irəlidədir. Həmçinin,
iqtisadi tərəqqisinə görə Azərbaycan artıq
inkişaf etmiş ölkələrlə daha çox
müqayisə edilir. Məsələn, "İnternational
Living" jurnalının açıqladığı reytinq
göstəricisində dünyanın inkişaf etmiş
ölkələrindən olan İspaniyanın iqtisadi göstəriciləri
Azərbaycanla eyni səviyyədə qiymətləndirilib.
Dünyanın ən
böyük təşkilatı olan BMT-nin "Dünyanın
iqtisadi vəziyyəti və perspektivlər 2010" adlı
hesabatında Azərbaycanın 2009-cu ildə yüksək
iqtisadi artım nümayiş etdirdiyi, cari il ərzində də
bu artım tempinin qorunub saxlanacağı bildirilir. Azərbaycan
iqtisadiyyatının qazandığı uğurlara təkcə
BMT yox, dünyanın digər nüfuzlu qurumları,
araşdırma institutları, nəşrləri səviyyəsində
də xüsusi diqqət yetirilir, ölkəmizin bu kateqoriya
üzrə postsovet məkanında lider mövqedən
çıxış etdiyi vurğulanır.
Bəzi nüfuzlu beynəlxalq
qurumların araşdırmalarından və dərc etdikləri
hesabatlardan o da aydın olur ki, əslində, iqtisadi inkişaf
göstriciləri ilə yanaşı, islahatlar tempinə
görə də Azərbaycan dünya miqyasında öndə
gedən dövlətlər sırasında yer alır. Məsələn,
Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Hesabatı
2009-2010" adlı sənəddə bildirilir ki, qlobal rəqabətlilik
indeksi baxımından Azərbaycan MDB-nin lider dövləti
mövqeyindədir. Azərbaycanın belə yüksək
göstəriciyə nail olmasını şərtləndirən
amillər sırasında ilk olaraq ölkəmizdə
mövcud olan güclü makroiqtisadi sabitlik və bu sahədə
daim edilən islahatlar mühüm rol oynayıb. Bundan əvvəl
isə Dünya Bankı və Beynəlxalq Maliyyə
Korporasiyası dünyanın 183 ölkəsində biznes
qurulması şəraiti ilə bağlı "Doing
Business-2010" adlı hesabatında bəyan edib ki, biznes sahəsində
həyata keçirilən son islahatlar sayəsində Azərbaycan
iş prosesinin gerçəkləndirilməsi
üçün çox əlverişli mühit yaradıb. Ötən
il açıqlanan yeni hesabatda isə bildirilib ki,
sahibkarlıq fəaliyyətinin rahatlığı və əlverişliliyi
baxımından Azərbaycan yenə də bir çox MDB
dövlətlərini qabaqlayır.
Bütün bunlar bir
daha göstərir ki, Azərbaycanın sosial-iqtisadi sahədə
nümayiş etdirdiyi dinamik inkişaf tempinə beynəlxalq
maraq böyükdür. Dünyanın nüfuzlu beynəlxalq
qurumlarının, araşdırma mərkəzlərinin, nəşrlərinin
və ekspertlərinin ümumi rəyindən isə belə
aydın olur ki, Azərbaycan bundan sonra da iqtisadi sferada sürətli
inkişaf tempini qoruyub saxlayacaq.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 1 fevral.- S. 2.