YAP Gənclər
Birliyi "Milli Mənəvi Dəyərlər
və Gənclik" mövzusunda dəyirmi masa keçirib
YAP Gənclər Birliyinin III konfransından sonra yanvarın 29-da Qəbələ şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Milli Mənəvi Dəyərlər və Gənclik" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı YAP Gənclər Birliyinin sədri, YAP Gənclər Birliyinin sədr müavinləri və birliyin 100-dən çox üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov açıb. Tədbirdə Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində görülən işlərdən söhbət açılıb, bu istiqamətdə əldə olunan uğurlar vurğulanıb, dəyirmi masa geniş diskussiya və fikir mübadiləsi şəraitində keçib.
Tədbirdə həmçinin, Azərbaycanın təhsil sahəsində qazandığı uğurlar, təhsilimizin dünyaya inteqrasiyası istiqamətində görülən işlərin əhəmiyyəti qeyd olunub. İştirakçı gənclər müzakirə zamanı narahatlıq doğuran bəzi məsələlər barədə fikir mübadiləsi aparıblar. Onlar milli-mənəvi dəyərlərimizə zidd olan bəzi televiziya verilişlərini və müəyyən internet portallarının fəaliyyətini, eləcədə də erkən nikah hallarını mənfi hall kimi qiymətləndiriblər.
Sonda YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı çıxış edib. O, ilk öncə YAP Gənclər Birliyinin yeni seçilmiş heyətini təbrik edib. İcra katibinin müavini mövzunun çox geniş olduğunu qeyd edərək bildirib ki, milli-mənəvi dəyərlər mədəniyyətin bir hissəsidir. Millət vəkili vurğulayıb ki, hər bir millətin, xalqın əldə etdiyi nə varsa, bunlar onun mənəvi dəyərləridir. M.Qurbanlı gənclərə elmi biliklərini artırmağı, iqtisadiyyatı və digər vacib sahələri dərindən öyrənməyi tövsiyə edib. Onun fikrincə, bu yöndə biliklərə yiyələnənlər həyatda uğurlar qazanırlar. O, milli-mənəvi dəyərlərin adət-ənənəmizlə tarixdən bizə ötürülən yazılmamış qayda-qanunlar olduğunu dilə gətirib. Millət vəkili bu gün mətbuatın azad olduğunu, ancaq bəzi televiziyalarda milli-mənəvi dəyərlərimizə yad olan verilişlərin verildiyini, bu verilişlərin reklam hesabına saxlanıldığını vurğulayıb. O, qeyd edib ki, ictimaiyyət belə verilişlərlə bağlı mövqeyini ortaya qoymalıdır, bu yöndə fəallıq göstərməlidir.
Dəyirmi masada iştirak edən gənclər müxtəlif maraqlı fikirlər təklif edib və konfransın ümumi gedişatında qərara alınıb ki, bu kimi kütləvi görüşlər, dəyirmi masalar tez-tez keçirilsin.
Səs.- 2011.- 1 fevral.- S. 5.