2011-ci ilin "Turizm ili" çərçivəsində böyük layihələr həyata keçiriləcək

 

Son illər Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatın inkişafına, makroiqtisadi göstəricilərin davamlı artımına səbəb olub. Bu nailiyyətlərin əldə edilməsində turizm sənayesinin də müəyyən payı var. Azərbaycanın coğrafi təbiəti, tarixi, iqlimi, abidələri, mətbəxi, xalqımızın zəngin mədəniyyəti və digər amillər turistlərin Azərbaycana səfər etməsinə yol açmışdır. Unikal coğrafi, geosiyasi və iqlim xüsusiyyətlərinə malik ölkə kimi, turizm bölgəsi kimi təbiəti - landştaftın rəngarəngliyi, iqlimin saflığı, mineral suları və qumlu dəniz sahilləri ilə zəngin olan bölgələrə turistlər daha çox üstünlük verirlər.

 

Azərbaycanda əlverişli coğrafi mövqe, ümumiyyətlə, turizmin bir çox növlərinin inkişafına zəmin yaradır. Onu da qeyd edək ki, ölkə ərazisinin 60 faizə qədər dağlıq ərazilərin olması Azərbaycan turizm sektorunun inkişafına geniş meydan açır. Bunlar qış kurortlarının inşası üçün çox əlverişlidir. Xizəkçilər, kirşə sürmək həvəskarları üçün burada tramplinlər, enişlər və yoxuşlar yaratmaq mümkündür. Yer kürəsindəki 11 əsas iqlim qurşağından 9-nun ölkəmizdə olması bu, mövcud potensialdan istifadə turizmin gəlir gətirən bir sahəyə çevrilməsində əsas göstəricilərdir. Turistlərin il ərizində istirahətinin təşkilində Azərbaycanda hər cür şərait var. Azərbaycanın məxsusi potensialından söz açarkən, onu da qeyd edək ki, Azərbaycan həm də özünəməxsus fauna kompleksi olan bir neçə zoocoğrafi əyalətlərin qovşağında yerləşir.

Bu reallıqların nəticəsidir ki, Azərbaycan Prezidenti İlham  Əliyevin məlum Sərəncamı əsasında 2011-ci il "Turizm ili" elan olunmuşdur. Bu sənəd ölkəmizin önəmli sahələrdən biri olan turizmə diqqətin daha da armasına gətirib çıxaracaq. Dövlət rəhbəri tərəfindən bu addımın atılması turizm sektoru üçün bir avans kimi qiymətləndirilib. Bir il müddətində turizm sahəsində atılacaq addımlar həm Dövlət Proqramının icrasına, həm də turizm sənayesinin inkişafına müsbət təsirini göstərəcək.

Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı turizmin müxtəlif istiqamətlərinin inkişafı, turizm xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, peşəkar mütəxəssislərin hazırlanması, viza problemlərinin həlli, regionlarda turizmin inkişafı, turistlərin tarixi mədəniyyət abidələrinə aparılması məqsədilə yeni marşrutların və şəhər turlarının yaradılması, sərgilərdə turizm şirkətlərinin və hotellərin aktiv iştirakı, və s. məsələlər nəzərdə tutulub.

Bu ilin turizm sahəsindəki ən böyük layihələri sırasında "Şahdağ" qış-yay turizm kompleksinin tikintisindəki əsas iş infrastrukturun yaradılmasından ibarətdir. 2011-ci ilin sonuna qədər artıq bu kompleksin fəaliyyətini təmin etməyə qadir olan infrastruktur tamamlanacaq. Bu ilin yazında artıq pilot layihə, avadanlığı sınaqdan keçirəcək. Növbəti qış üçün xizək idman növü ilə maraqlananlar kompleksin fəaliyyətindən istifadə edəcəklər.

Onu da qeyd edək ki, İlham  Əliyevin məlum Sərəncamı ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində işçi qrupu yaradılıb. Həmin işçi qrupu tərəfindən "Turizm ili" çərçivəsində həyata keçiriləcək layihələrlə bağlı tədbirlər planı hazırlanır. İşçi qrupuna Azərbaycan Turizm Assosiasiyasının, təhsil ocaqlarının nümayəndələri daxildir. Hazırda tədbirlər planı üzərində işlər aparılır. Cari ilin fevral ayında layihənin ölkə rəhbərliyinə təqdim olunacağı nəzərdə tutulub. Bu layihədən sonra dövlət səviyyəli sənədin icrasına başlanılacaq.

2011-ci ilin "Turizm ili" elan edilməsi ilə turizm sahəsi cəmiyyətin hər bir fərdinin həyatının ayrılmaz hissəsinə çevriləcək. Bu il Azərbaycan turizminin inkişafında yeni mərhələnin əsası qoyulacaq.

Azərbaycanda turizm sahəsi ilə bağlı BMT-nin İnkişaf Proqramının layihəsi çərçivəsində keçirilən sorğunun maraqlı nəticələri artıq xaricilərin ölkəmizə diqqətinin artdığını göstərir. BMT-nin İnkişaf Proqramının "Turizm xidmətlərindən istifadə ilə bağlı tədqiqat" layihəsi çərçivəsində aparılan araşdırma Azərbaycanda sırf turizm bölgəsi kimi tanınan və üstünlük verilən rayonlarla bağlı olub. Sorğu zamanı ölkənin turizm xəritəsini ortaya çıxarmaq məqsədilə respondentlərdən ən çox üç rayonun turizm rayonu kimi qeyd edilməsi diqqətə çatdırılıb. Respondentlər hesab edir ki, zənginlik Quba rayonunda daha çoxdur (53,3 faiz). Sırf turizm bölgəsi kimi ikinci Qəbələnin (37, 9 faiz), üçüncü isə İsmayıllının (25, 6 faiz) adı qeyd olunur. Turizm rayonu kimi ən çox üstünlük verilən üçüncü rayon isə Şəkidir (8,9 faiz).

Verilən cavablara əsasən Azərbaycanın iqtisadi rayonlar üzrə turizm xəritəsini müəyyənləşdirdikdə məlum olur ki, ölkənin şimal-şərqində - Bakı-Xaçmaz turizm marşrutunun üstündə yerləşən Quba-Xaçmaz iqtisadi rayonu və Bakı-Abşeron və Şəki-Zaqatala turizm bölgələri arasında yerləşən Şamaxı-Qəbələ bölgəsi digərlərinə nisbətən daha çox sırf turizm bölgəsi kimi tanınır. Aparılan təhlillər göstərir ki, bu bölgələrin sırf turizm bölgəsi kimi tanınmasında Nabranda və Qəbələdə yerləşən beynəlxalq əhəmiyyətli turizm mərkəzlərinin, Şamaxıda Astrofizika Rəsədxanasının və dağ-turizm bazasının yaradılmasının, İsmayıllıda qədim qalaların, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun da böyük əhəmiyyəti var.

Xəzər sahili boyu dağlıq ərazilərdə turizmin inkişaf etdirilməsinə yönəlmiş səylər bölgənin turizm ehtiyatları zəngin və perspektivlidir. Bu baxımdan bölgəyə istirahət və əyləncə məqsədilə gələn turistlərin sayı ildən-ilə artacaq. Digər turizm bölgəsi kimi qeyd edilən regionların sıralamasına və aparılan monitorinqin təhlilinə baxdıqda, məlum olur ki, Azərbaycanın turizm sektoru təbii mənzərələrdən başqa, gəzməli yerləri, mədəniyyət ocaqları və müasir turizm kompleksləri baxımından da zəngin imkanlara malikdir. Şəki-Zaqatala, Lənkəran-Astara, Bakı və Abşeron yarımadası, Naxçıvan zonası, Şirvan və Gəncənin tarixi yerləri respondentlərin bu baxımdan xüsusilə vurğuladığı yerlərdir. Turizm bölgəsi kimi Azərbaycan bir çox xəstəliklərə təbii şəfa gətirən yerləri, istirahət zonaları və şəfalı suları ilə də zəngin olan ölkədir.

Statistik rəqəmlərə istinadən, 2010-cu ildə Qəbələyə 30 min 450 turist səfər edib. Onlardan 26 min 124-ü yerli, 4 min 326 nəfəri isə xarici vətəndaşdır. Qonaqların 26 min 850-si müxtəlif turizm obyektlərində istirahət edib, 3 min 368-i işgüzar səfərdə olub, 232-si isə sanatoriyada müalicə olunub.

   Ötən il Qəbələnin 10-dan artıq yerli və beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artmasına səbəb olmuşdur. Məlumata görə, 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə isə 29 min 855 turist səfər edib.

Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Qəbələdə müasir standartlara cavab verən turizm obyektlərinin sayı ötən 6 ildə 15-ə çatıb. Həmin turizm mərkəzlərində yüksək səviyyədə restoran və hotel xidmətlərinin, eləcə də, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, görməli yerlərə və tarixi abidələrə səyahət və s. xidmətlərin göstərilməsi üçün geniş imkanlar yaradılıb. Hazırda rayonda daha 3 belə obyektin inşası davam etdirilir.

  İsmayıllıya gələn turistlərin sayı isə 2010-cu ildə 25 min nəfər olub. Bu, əvvəlki ildə gələn turistlərin sayından 15 min nəfər çoxdur.   İsmayıllı, nəinki daxili, habelə, xarici turistləri təkcə əsrarəngiz təbiəti, gözəl flora və faunası ilə yox, həm də qədim və orta əsrlərə dair çoxsaylı tarixi və mədəniyyət abidələri ilə də cəlb edir. Hazırda rayonda dövlət qeydiyyatında olan 238 abidə var. Bu abidələrin 108-i qədim yaşayış məskəni olan Lahıc qəsəbəsindədir. 2010-cu ildə İsmayıllıda daha 55 abidə aşkarlanıb ki, onların siyahısı qeydiyyat üçün Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Bu abidələrdən 2-si qazıntı zamanı təsadüfən tapılan və eramızdan əvvəlki minilliyə aid edilən Pirdinar və Şəbiyan kəndlərinin ərazilərindəki qədim yaşayış məskənləridir. Son illər rayonda turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bu göstəricilər Azərbaycanın yaxın gələcəkdə dünyanın ən məşhur turizm ölkəsinə çeviriləcəyindən xəbər verir. Bunun  nəticəsində bu il ölkəmiz turizm sahəsində bir sıra ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirəcək. Hazırda Azərbaycanda dünyanın 20-dən çox ölkəsi ilə turizm sahəsində əməkdaşlıq haqqında saziş layihələri hazırlanıb. Azərbaycanın turizm imkanlarının körfəz ölkələri, həmçinin, Küveyt dövlətində tanıdılması məqsədilə Küveytin "Dnata" turizm şirkəti ilə Mədəniyyət və Turizm Nazirliyi arasında anlaşma memorandumunun imzalanması istiqamətində müvafiq işlər aparılır.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 1 fevral.- S. 8.