Molla rejiminin çökməsi labüddür

 

Və ya erməniləşən "dindar"ların mövqeyi

 

Mən fars-mollabaşı İran rejiminin əsil simasını həmişə belə görmüşəm: günbəgün erməniləşən, din pərdəsi altında qonşu dövlətlərdə təxribat yaradan, Azərbaycanın güclənməsindən qorxan, insan hüquqlarını ayaqlar altına atıb tapdalayan İran dövləti.

 

İranda insan hüquqları necə pozulur?

 

Bu haqda çox yazmaq olar, amma ən ümdəsini qeyd edəcəm. Təsəvvür edin, İranda əgər biri o birisinin, belə deyək ki, toyuğunu oğurlayırsa, bir görürsən ki, bir sürü yekəsaqqal "ölüm fitvası" çıxartdılar. Ya da kimsə vəzifəli adama "bir gözlə" baxdısa, qulağından tutub dar ağacından asırlar. Bu harada görünüb ki, heç bir ağır cinayət xarakteri olmayan xətaya, lap deyək ki, xırda cinayətə görə, insanı edam etsinlər?! Budurmu iranlı "dindar"ların insan hüquqlarını qorumaları? Gecə-gündüz düyü yeyən, ət üzünə həsrət qalan İran camaatı artıq fars rejiminin əlindən bezib. Heç kəs səsini çıxarda, haqqını tələb edə bilmir. Əks halda onu edam edirlər. Xalqı qorxu ölüm xofu altında saxlamaq gec-tez üsyana səbəb olacaq ki, nəticədə fars rejimi darmadağın olacaq. Yəqin iranlı mollabaşı rəhbərlər öz dilində danışmaq istəyən azərbaycanlılara tutduqları divanı, onlara qarşı etdikləri cinayətləri unutmayıblar. Mən çox dərinə getmək istəmirəm. Amma yaxşı olar ki, "dindar" rəhbərlər Təbrizdəki, Tehrandakı (elə bu ikisi bəsdir) gizli "hərəmxana"larını bağlasınlar dillərindən düşməyən islam əxlaqına riayət etsinlər. Saqqal saxlamaqla, ölüm hökmü verməklə dindar olmaq olar, müctəhid. Yəni elə bir gün olacaqmı ki, həmin gün İranda kimsə edam olunmasın onun arvad-uşağı ağlar qalmasın?.. Əgər kimsə İranda öz hüquqlarını müdafiə edə bilirsə, rahat çörək qazana bilirsə Allah mənə lənət eləsin. Yox, əgər belə deyilsə, lənət hüquqları pozana olsun.

 

İran Azərbaycanın işinə nə üçün qarışmamalıdır...

 

Əvvəla Azərbaycan müstəqil, heç kəsdən asılı olmayan və sözünü deməyə qadir olan, problemlərini həll edə bilən qüdrətli dövlətdir. Azərbaycanın kiminsə məsləhətinə ehtiyacı yoxdur. İkincisi, Azərbaycana hər hansı yolla təzyiq etmək də mümkün deyil. Üçüncüsü, əgər İran Azərbaycanı belə çox istəyirsə, bəs bu vaxta qədər nə üçün Azərbaycanın ərazi bütövlüyünə dəstək verərək, ermənilərə dirsək göstərməyib? Bəlkə dirsəyinin qırılmasından qorxur? İranın bu mövqeyi anlaşılandır. Çünki Azərbaycan müstəqil elan olunduqdan sonra onun müstəqilliyini ən gec tanıyan dövlət İran olub. İran rəhbərləri Serj Sarkisyanla görüşəndə elə bil "din bir, dil bir", yüzillik dostları ilə görüşürlər. Digər tərəfdən Azərbaycan dünyəvi dövlətdir, dini dövlət deyil ki, ona hansısa saqqallılar müdaxilə edə bilsin. Saqallı kəsilən onlar olacaq, biz yox. Onlar narahat olmasınlar Azərbaycanda dinimizə də, imanımıza da, bəlkə də, ordan min dəfə artıq inam və etiqad var. "Nəsimi" filmindəki İbrahim xan demişkən, "nə olub bizim dinimizə" ki, farslar gəlib dinimizi bəladan qurtara?..

 

İran nə etməlidir?

 

İran çox düşünməsin. Yoxsa yenə də düşüncəsiz bəyanatlar verəcək. Azərbaycandan üzr istəsin və qonşu dövlətlərə yerli-yersiz müdaxilələr etməsin. Heç olmasa özünə tərəfdaş tapa bilsin. Çünki ABŞ İrana nə vaxtsa "dəmir armud" tullasa, haqqına səs verən olsun. Amma neyləyəsən, haqsızın nə haqqı olur ki, onun da imdadına çatasan. İnan ki, sabah İran mollabaşı idarəçilərinin səsinə heç əhalinin bir nəfəri də səs verməyəcək. Ona görə ki, iranlılar Amerika bombasını edam ağacından qurtarmağın yeganə yolunu bilirlər.

 

 

SAMİR FEYRUZOV

 

Səs.- 2011.- 1 fevral.- S. 11.