"İordaniya
- lyubov moya "kitabının təqdimat
mərasimi keçirilib
Tədbirdə kitabın İordaniya-Azərbaycan
münasibətlərinin daha da genişləndirilməsinə
əvəzsiz töhfə olduğu qeyd olunub
Əmmanda Azərbaycanın
İordaniya Haşimilər Krallığındakı səfirinin
həyat yoldaşı, Azərbaycan və Rusiya
Yazıçılar ittifaqlarının, habelə, Beynəlxalq
Rəssamlar Federasiyasının üzvü Elvira
Araslının "İordaniya - lyubov moya"
("İordaniya - mənim məhəbbətim")
kitabının təqdimat mərasimi keçirilib. Mədəniyyət
və Turizm İdarəsindən verilən məlumata görə,
İordaniya mədəniyyət nazirinin müavini Cireys Səmavinin
himayəsi altında təşkil edilmiş mərasimdə
100-dən çox yerli və xarici qonaq, o cümlədən,
C.Səmavi, İordaniya Yazıçılar
İttifaqının nümayəndələri, ölkənin
dövlət qurumlarının rəsmiləri, İordaniya-Azərbaycan
dostluq cəmiyyətinin baş katibi və idarə heyətinin
üzvləri, ölkədə akkreditə olunmuş diplomatik
nümayəndəliklərin rəhbərləri və
yüksək rütbəli əməkdaşları,
çeçen və çərkəz icmalarının rəhbərləri,
tanınmış iş adamları, elmi dairələrin, yerli
ictimaiyyətin və ölkədə yaşayan həmyerlilərimizin
təmsilçiləri iştirak ediblər. Səfirliyin mərasim
keçirilən zallarında Elvira Araslının əl
işləri, o cümlədən, rəsm nümunələri,
kollajları, təkəlduz üslubundakı əsərləri,
dünyanın müxtəlif dillərinə tərcümə
olunmuş 10-dan çox kitabı nümayiş etdirilib. Tədbiri
səfirliyin birinci katibi K.Murtuzov açaraq,
iştirakçılara təqdimatı keçirilən kitab
və onun müəllifi haqqında ətraflı məlumat
verib. Müəllif E.Araslı belə bir kitabın
yazılması ideyasının yaranma tarixçəsini, əsərin
ərsəyə gəlməsi üçün dörd il ərzində
İordaniyanı qarış-qarış gəzdiyini, bu
ölkənin təbii gözəllikləri, tarixi-mədəni
və dini abidələri ilə tanış olduğunu,
yaşlı nəsil və bədəvi tayfalarının
nümayəndələri ilə görüşərək
dost xalq, onun adət-ənənələri haqqında məlumat
topladığını diqqətə çatdırıb. O,
kitabının adını təsadüfi olaraq
"İordaniya - mənim məhəbbətim"
qoymadığını, bu adın onun qardaş ölkəyə
və onun dost xalqına bəslədiyi səmimi hisslərlə
bağlı olduğunu vurğulayıb. Təqdimat mərasimində
İordaniya mədəniyyət nazirinin müavini C.Səmavi,
Gürcüstanın, Qazaxıstanın və Ukraynanın Əmmandakı
səfirləri çıxış edərək, yeni kitab və
onun müəllifi haqqında xoş sözlər söyləmiş,
bu əsərin digər xarici dillərə də tərcümə
edilməsinin zəruriliyini qeyd etmişlər. Bu kitabın
İordaniya-Azərbaycan münasibətlərinin daha da
genişləndirilməsinə əvəzsiz töhfə
olduğu bildirilib. Mərasim ziyafətlə və
İordaniyada yaşayan həmyerlimiz İ.İbrahimovanın
arfada ifa etdiyi musiqi nömrələri ilə davam edib.
Zümrüd
Səs.- 2011.- 1 fevral.- S. 12.