Dünya iqtisadi sistemində
Azərbaycanın mövqeyi möhkəmlənir
Hazırda
Azərbaycan iqtisadiyyatı neft və qeyri - neft sektorunun
balanslaşdırılmış nisbəti əsasında
uğurla inkişaf edir. Bu amil öz növbəsində
ölkəmizin beynəlxalq nüfuzunu
yüksəltməklə yanaşı, regionun lideri kimi
geosiyasi mövqelərini də möhkəmləndirir. Dövlət
başçısı İlham Əliyev bildirir ki, neft
siyasəti təkcə iqtisadi və enerji amili ilə
bağlı deyil. Bu, geniş, geosiyasi gündəliyin
böyük bir tərkib hissəsidir. Azərbaycan bu
istiqamətdə dünya miqyasında öz rolunu oynayır
və bu rol getdikcə artır. Bir məqam da xüsusi qeyd
edilir ki, neft o zaman xalqa xidmət edir ki, dənizin dibindən
çıxarılsın və dünya bazarlarına
çatdırılsın. Azərbaycanın neft strategiyasının
əsas məqsədi də məhz budur: xarici sərmayəni
cəlb etmək, ölkədə əlverişli biznes
mühiti yaratmaq və böyük enerji şirkətlərini
Azərbaycana cəlb etmək.
"Əsrin
müqaviləsi"nin imzalanmasından ötən dövr
ərzində qazanılan uğurlar bunu bir daha
təsdiqləyir. Keçirilən beynəlxalq
əhəmiyyətli tədbirlərdə də
Azərbaycanın inkişaf strategiyası nümunə
göstərilir.
Bu gün ölkə və dünya
mətbuatından əsas müzakirə mövzularından
biri İsveçrənin kurort şəhəri olan Davosda
keçirilən ənənəvi Dünya İqtisadi
Forumudur. 100-dən artıq ölkədən 2500
nümayəndənin iştirak ilə "Yeni reallıq
üçün ümumi normalar" devizi altında keçirilən
tədbirdə müasir dövrün siyasi-iqtisadi
problemlərinin, qlobal inkişafın doğurduğu
çətinliklərin həlli üçün
işgüzar tərəfdaşlığın
genişləndirilməsi ilə bağlı
məsələlər geniş müzakirə olundu. Daha
çox diqqət yönəldilən
məsələlərdən biri Avropanın enerji
gələcəyi oldu.
Bu gün
Azərbaycan iştirakçısı və
təşəbbüsçüsü olduğu
layihələrin reallığa çevrilməsi ilə
regional iqtisadi inkişafın aparıcı
qüvvəsinə, Avratlantik məkanın enerji
təhlükəsizliyinin təminatçısına
çevrilib. BTC və BTƏ neft-qaz layihələrinin
gerçəkləşməsi iştirakçı, eyni
zamanda dünya dövlətlərinin uzunmüddətli iqtisadi
inkişafına təminat verir. Forum
çərçivəsində keçirilən
görüşlərdə də Azərbaycanın
bugünkü iqtisadi imkanları önə
çəkilərək, dünyanın enerji
təhlükəsizliyinin təminatında artan rolu geniş
təhlil edildi.
Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, "Əsrin
müqaviləsi" imzalanmasaydı, təbii ki,
Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməzdi
və bu gün biz "Şahdəniz" yatağından qaz
hasilatına nail ola bilməzdik. Zaman
keçdikcə Bakı-Tbilisi-Ceyhan haqqında deyilən
və geniş məkan mənasında işlədilən
qlobal layihə sözü təsdiqini tapdı. Kəmərin
istifadəyə verilməsi ilə regional statusdan
çıxaraq beynəlxalq əhəmiyyətli layihə kimi
dünya birliyi dövlətlərinin marağına
səbəb olan BTC-nin istismarı ilə
Azərbaycanın büdcəsi möhkəmləndi. İndi
Azərbaycanın enerji inkişafına istənilən
nöqteyi-nəzərdən yanaşsaq görərik ki, neft
və qaz ölkə əhalisinin rifahına xidmət edir.
Təbii sərvətlərdən əldə olunan gəlir
ədalətlə bölünür ki, bu da əhalinin sosial
müdafiəsinin etibarlı təminatı üçün
başlıca amildir. "Azərbaycan nefti,
Azərbaycanın təbii sərvətləri Azərbaycan
xalqının xidmətindədir və bu əsas
məqsəddir" söyləyən dövlət
başçısı İlham Əliyev neft strategiyasının
uğurlu həllini digər aspektlərdən
qiymətləndirərək inamla vurğulayır ki, neft Azərbaycana sülh, sabitlik,
əməkdaşlıq gətirir, gözəl imkanlar
yaradır, iqtisadi cəhətdən qüdrətli
dövlətə çevirir, beynəlxalq münasibətlərdəki
mövqeyini möhkəmləndirir, tərəfdaşlıq
əlaqələrini genişləndirir. Ölkəyə
xarici investisiya axınının
sürətləndirilməsi, əlverişli sərmayə
mühitinin yaradılması , böyük enerji
şirkətlərinin marağını cəlb etmək neft
strategiyasının başlıca tələbləri kimi bu
gün də aktuallığını qoruyur. Son on ildə
ölkə iqtisadiyyatına 95 milyard dollar sərmayə
qoyulması bu faktı təsdiqləyir ki, Azərbaycanın
gələcəyinə, həyata keçirilən
siyasətə inam böyükdür.
Azərbaycan
iqtisadi göstəriciləri ilə dünyanın nüfuzlu
maliyyə qurumlarının hesabatlarında da ön yerdə
dayanır. Baxmayaraq ki, 2009 və 2010-cu illər
tarixə böhran ili kimi daxil oldu, bu dövrdə ölkə
iqtisadiyyatı dinamik inkişafı ilə dünyanın
diqqətində oldu. Ölkədə aparılan islahatlar
dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat
yaratmağa geniş imkanlar açdı. Qeyd edək ki,
ötən ilin əvvəllərində beynəlxalq maliyyə
qurumları ölkəmizdə iqtisadi inkişafla bağlı
proqnozlarını irəli sürmüşdülər. Belə ki, 2010-cu ildə ümumi daxili məhsulun
artım sürətini Beynəlxalq Valyuta Fondu 12,5 faiz,
Dünya Bankı 7,8 faiz, Avropa Yenidənqurma və
İnkişaf Bankı 6 faiz, Asiya İnkişaf Bankı 6,7
faiz proqnozlaşdırmışdı. Sözsüz ki, bu
proqnozlar uğurlu siyasətə əsaslanırdı.
Ötən il iqtisadiyyatımız 5 faiz
artmışdır.
Azərbaycana
maraq Davos İqtisadi Forumunda qabarıq şəkildə
özünü büruzə verdi. Ölkəmizlə siyasi,
iqtisadi, enerji sahəsində əməkdaşlıqda
maraqlı olan dövlətlərin sayı artmaqdadır. Forum çərçivəsində bu və ya
digər ölkələrlə müxtəlif
istiqamətləri əhatə edən sazişlərin
imzalanması da Azərbaycanın beynəlxalq aləmdə
artan iqtisadi və siyasi mövqeyinin təsdiqidir.
Şaxələndirməni enerji təhlükəsizliyinin
təminatında mühüm amil kimi dəyərləndirən
Azərbaycan dövləti ölkəmizin maraqlarına
uğyun olan layihələrin gerçəkləşməsinə
daim dəstək olur. Dövlət başçısı
İlham Əliyev bunu forum çərçivəsində
keçirilən görüşlərində, müxtəlif
mövzular üzrə sessiyalarda xüsusi vurğulayaraq,
bildirdi ki, hazırda yeni bazarların müəyyən
edilməsi prioritet məsələlərdəndir. Bu
layihələrin faydalı olması üçün
hasilatçı, tranzit və istehlakçı
ölkələrin maraqları bir araya gətirilməlidir.
Son illər Azərbaycanda neft-qaz hasilatı
böyük həcmdə artıb. Əgər 2003-cü ildə neft hasilatı 15,4 milyon ton
idisə, ötən il 51 milyon tondan artıq olmuşdur. 2003-cü
ildə 5,5 milyard kubmetr qaz hasil edilirdisə, ötən il 27
milyard kubmetrə yaxın olmuşdur. Azərbaycan artıq
təbii qaz ixracatçısına çevrilib. Qazın nəql olunması üçün isə
infrastruktur mövcuddur.
Azərbaycanın karbohidrogen
ehtiyatlarını nəql edən 7 neft-qaz kəməri var. Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu,
dünya bazarına birbaşa çıxış olmayan
ölkə üçün həlledici məsələdir:
"Neft-qaz sərvəti nə qədər olursa-olsun,
bunları dünya bazarına çıxarmaq mümkün
olmadığı təqdirdə onun heç bir mənası
yoxdur." Azərbaycanın neft-qaz
ehtiyatları artmaqdadır. Artıq
neçə ildir ki, ARDNŞ müstəqil işlədiyi
yataqlarda qaz hasilatının artırılması
məqsədilə proqram həyata keçirir. Qaz yığım-nəql sistemi yenidən qurulur.
Bu məqsədlə mövcud qaz
kəmərləri yenidən təmir olunur və əlavə
kəmərlər çəkilir. Yeraltı
qaz anbarlarının tutumu və kompressor stansiyalarının
gücü artırılır.
Hazırda neft
və neft məhsulları müxtəlif marşurutlar
üzrə Çin, ABŞ, İngiltərə, İspaniya,
Almaniya, İtaliya daxil olmaqla dünyanın 30
ölkəsinə ixrac edilir. İri beynəlxalq
şirkətlər tərəfindən Azərbaycan neftinə
maraq gündən-günə artır. Artıq
bir sıra neft emalı şirkətləri ARDNŞ-lə xam
neftin ixracına dair uzunmüddətli müqavilələrin
imzalanmasına üstünlük verirlər.
ARDNŞ bu
gün regionun ən iri güclü neft
şirkətlərindən biri kimi tanınır. Şirkət
müvafiq istehsal güclərinə, inkişaf etmiş
xidmət sektoruna, böyük elmi-texniki potensiala malikdir.
Ölkə üzrə ilbəil artan neft və
qaz hasilatında ARDNŞ-in xüsusi yeri və payı
vardır. Ötən il neft-qaz
sektorunda əldə olunan uğurlardan bəhs edərkən
"Ümid" qaz yatağının açılması
xüsusi qeyd edilməlidir. Bu yataqda
kəşfiyyat işləri ARDNŞ-in öz imkanları
hesabına həyata keçirilib. "Ümid"
yatağı Azərbaycanın qaz potensialına öz
töhfəsini verəcək, dünya qaz bazarlarında
ölkəmizin rolu artacaq.
Ötən il
Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və
Macarıstanın dövlət və hökumət
başçılarının görüşü
keçirildi. Görüşün yekunu olaraq
AGRİ layihəsinə dair Bakı Bəyannaməsi
imzalandı. Prezident İlham Əliyev AGRİ
layihəsini enerji sahəsində əməkdaşlıqda
yeni mərhələ kimi dəyərləndirir. Bu əminlik də ifadə edilir ki, ölkəmizin
hazırkı ixrac səviyyəsi Azərbaycanın digər
layihələrdə iştirakını
məhdudlaşdırmır.
Məlumdur ki,
Azərbaycan, Gürcüstan və Rumıniya arasında
AGRİ layihəsinin reallaşması ilə bağlı
Anlaşma Memorandumu ötən ilin aprelində Buxarestdə
imzalanmışdır. AGRİ layihəsi çərçivəsində
gələcəkdə Azərbaycan təbii qazının Qara
dəniz sahillərinə nəql olunması, burda xüsusi
terminalda sıxılması, Qara dəniz vasitəsilə
tankerlə Rumıniyanın Konstansa limanındakı terminala
çatdırılması, daha sonra isə yenidən bu
ölkənin ərazisində mövcud qaz infrastrukturu
şəbəkəsi ilə Rumıniya və digər Avropa
ölkələrinin tələbatlarının
ödənilməsinə yönəldilməsi
planlaşdırılır. Gələcəkdə
Azərbaycan qazını Avropa Birliyinə üzv
ölkələrə ixrac etmək üçün
Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru
kəmərinin çəkilməsi də nəzərdə
tutulur. Layihə
çərçivəsində Konstansa və Kulevi
limanlarında maye qaz terminalları yaradılacaq.
Layihənin
icra edilməsi məqsədilə Azərbaycan,
Gürcüstan və Ruminiya arasında yaradılacaq birgə
şirkətin nizamnaməsi və həmin layihənin
həyata keçirilməsi üzrə üç
ölkənin şirkətləri arasında Anlaşma
Memorandumu imzalanmışdır. Bu, həmçinin
ARDNŞ-in beynəlxalq əməkdaşlıq
əlaqələrinin genişlənməsinin
göstəricisidir.
Bütün
bunlar bir daha bu reallığı təsdiqləyir ki, enerji
daşıyıcılarının dünya bazarlarına
nəqli marşurutlarının
şaxələndirilməsində Azərbaycan ardıcıl
səylər göstərir. Dövlət başçısı
bildirir: "Avropanın enerji təhlükəsizliyi
Azərbaycan üçün də maraqlıdır və bu
təhlükəsizliyin təmin olunması ölkəmiz
üçün geniş imkanlar açacaq."
Beynəlxalq enerji
bazarlarına çıxmaq üçün xarici investisiya
layihələrini qətiyyətlə davam etdirən
ARDNŞ-in Kulevi Qara Dəniz Terminalında yenidənqurma
və modernləşdirmə işləri aparması,
Gürcüstanın "SOCAR Energu Georgia"
törəmə şirkətində fəaliyyətinin
yaxşı təşkili, Türkiyənin ən iri neft-kimya
şirkəti olan "Petkim"in idarəçiliyini
həyata keçirməsi, bu müəssisənin
nəzdində neft emalı zavodunun tikintisini
planlaşdırması şirkətin sərmayə ayırmaq
imkanlarını genişləndirir. Bu uğurlara isə
sözsüz ki, "Əsrin müqaviləsi" nin imzalanması ilə nail olunmuşdur.
Ulu
öndər Heydər Əliyevin uzaqgörən siyasətinin
məntiqi nəticəsi olaraq yaradılan Dövlət Neft
Fondunun aktivlərinin həcminin ildən-ilə artması,
mühüm sosial-iqtisadi layihələrin həyata
keçirilməsi də Azərbaycanın bugünkü reallıqlarıdır. Azərbaycan
Hasilat Sənayesi üzrə Şəffaflıq
Təşəbbüsünə qoşulan ilk ölkə kimi
tanındı. Neftdən əldə olunan gəlirin xalq
arasında ədalətli paylanması və əhalinin sosial
müdafiəsinin təminatı, qeyri- neft sektorunun
inkişafı naminə sərf olunması üçün
yaradılan Dövlət Neft Fondunun aktivlərinin 20 milyard
dollardan artıq olması neft strategiyasının uğurla
davam etdirilməsinin nəticəsidir.
Dövlət
Neft Fondu dövlət siyasətinin prioritetlərini ifadə
edir. Ötən
il istifadəyə verilən
Oğuz-Qəbələ-Bakı su kəməri də Fondun
vəsaitləri hesabına həyata keçirilmişdir. Dövlət başçısı İlham
Əliyev bildirir ki, əgər iqtisadi imkanlarımız
olmasaydı, biz bu layihəni həyata keçirə
bilməzdik.
Həyata
keçirilən mühüm, nəhəng layihələr
Azərbaycan dövlətinin gücünün,
qüdrətinin, potensial imkanlarının
göstəricisidir. Oğuz-Qəbələ-Bakı su
kəməri öz strateji əhəmiyyətinə
görə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə
bərabər tutulacaq layihədir. Azərbaycan
dövləti bu su kəmərini çəkməklə bir
daha sübut etdi ki, öz qüvvəsi, maliyyə imkanları
hesabına ən mürəkkəb layihələri icra
edə və onu məntiqi sonluğa çatdıra bilər.
Avropaya
açılan üçüncü qapı kimi
dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolu da
Dövlət Neft Fondunun vəsaitləri hesabına
gerçəkləşdirilir. Davos Forumunda dövlət
başçısı İlham Əliyev qeyd etdi ki, bu
layihə yeni etibarlı alternativlərin yaranmasına imkan
verəcək və bütün tərəflər
üçün faydalı, səmərəli marşurut
olacaq. Bu layihənin gerçəkləşdirilməsi
istiqamətində atılan addımlar da Azərbaycan dövlətinin
iqtisadi və maliyyə imkanlarının hansı
səviyyədə olduğunu açıqlayır.
Dövlət Neft Fondunun fəaliyyətində
şəffaflıq prinsiplərinin öndə
saxlanılması, vəsaitlərin ədalətli
bölünməsi mühüm əhəmiyyətli
sosial-iqtisadi layihələrin həyata
keçirilməsinə stimul verir.
Davos İqtisadi Forumunda da qeyd olunduğu kimi, son
illər ölkəmizdə həyata keçirilən
sosial-iqtisadi islahatların əhəmiyyəti,
Azərbaycanın malik olduğu potensial
qarşılıqlı əməkdaşlıq
əlaqələrinin inkişafına öz müsbət
təsirini göstərir. Azərbaycan investisiya
cəlbediciliyini qorumaqla dünyanın diqqətindədir.
Ötən 10 ildə ölkə iqtisadiyyatına 95 milyard
dollar vəsait qoyulub. Yalnız 2010-cu ildə iqtisadiyyata qoyulan
investisiyaların həcmi 15,5 milyard dollar təşkil
etmişdir. Bu, ölkəmizdə yaradılan normal investisiya
mühitinin təsdiqidir.
Dünya İqtisadi Forumunda əldə olunan
uğurları bir daha diqqətə çatdıran
dövlət başçısı İlham Əliyev bildirdi
ki, biz gələcəyimizi regionda yaxşı mövqeyə
və qonşularla yaxşı münasibətlərə, o
cümlədən Avropa ilə strateji əlaqələrə
malik olduqca dinamik və inkişaf etmiş ölkə kimi
görürük.
Səs.- 2011.- 2 fevral.- S. 6.