Fars şovinizmi heç bir halda ölkəmizin daxili işlərinə qarışmamalıdır

 

İranın səyləri həm ictimaiyyət, həm siyasilər tərəfindən qınanılmaqdadır

 

Daxili və xarici siyasət hər zaman, hər bir ölkənin beynəlxalq aləmdəki xarakterini, nüfuzunu formalaşdırır. Çünki baş verən müxtəlif siyasi hadisələr istənilən halda, istənilən mühitdə  həmin ölkənin dövlətçilik prinsiplərinin və xalqın mənəviyyatının toxunulmazlığında mühüm rol oynayır. Son zamanlar İranın "Səhər 2" və "Kompas" telekanallarının ardıcıl olaraq ölkəmizin daxili işlərinə müdaxilə etməsi, eləcə də, təxribat xarakterli verilişlər yayımlaması, bu vasitələrlə hərc-mərclik toxumları səpməsinə cəhd göstərməsi ictimaiyyət tərəfindən şiddətlə qınanılmaqdadır.

Eyni zamanda, Azərbaycanın dünya ölkələri arasında dini dözümlülüyünə, tolerantlığına da kölgə salmağa çalışan şovinist qüvvələr bilavasitə panfarsizmin qol-qanad açaraq, daha genişmiqyaslı təxribatlara yönəlməsinə istiqamət verirlər. Təbii ki, ölkəmizdə formalaşmış təməlli dövlətçilik siyasəti, müdrik idarəçilik prinsipi, eləcə də, sarsılmaz dövlət-xalq vəhdəti bu cür oyunların qarşısını almaq qadirindədir. Baxmayaraq ki, bu ikrahdoğucu panfarsizm siyasətinə  İran tərəfindən külli miqdarda vəsaitlər ayrılır...

Məsələyə münasibət bildirən "Olaylar" İnformasiya Agentliyinin baş direktoru,  tarixçi- politoloq Yunus Oğuzun mətbuata verdiyi açıqlamasında da maraqlı məqamlara toxunulmuşdur. Belə ki, politoloqun fikrincə, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra, nədənsə İran İslam Respublikası bunu öz bütövlüyü üçün "təhlükə" hesab edib. Eləcə də, İrandakı din-dövlət faktoru müstəqil , demokratik ölkəmizdə kübar cəmiyyətin formalaşmasını da həzm edə bilmir: "İranı əsas narahat edən məsələlərdən biri də Azərbaycanın kübar dövlət olması, inkişaf etməsi və dünyada öz mövqeyini möhkəmlətməsidir".

Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda gedən yüksək templi inkişaf,  tükənməz enerji resursları, iqtisadiyyatın tərəqqisi və inkişafı, xalqın rifah halının günü-gündən yaxşılaşması molla rejimini qonşu ölkə kimi qane etmir. Əgər qane etsəydi, fars rejimi birbaşa işğalçı Ermənistan dövlətinə yardımlarda bulunmaz, eyni zamanda, işğal olunmuş ərazilərimizdə müxtəlif biznes sahələri qurmazdı. Bu barədə də fikir bildirən politoloq dedi ki, İranı, əslində, islam deyil, fars ideologiyası maraqlandırır və onun məqsədi ərazisində yaşayan 35 milyonluq azərbaycanlıya fars ideologiyasını yeritməkdir. O, eyni zamanda, bildirib ki, Azərbaycan heç bir dövlətin, eləcə də, qonşu İranın daxili işlərinə qarışmayıb: "Azərbaycan heç bir vaxt İranın daxili işlərinə qarışmayıb. Bakı həmişə cənub qonşusu ilə dostluq münasibətlərini qorumağa çalışıb. Lakin İranın bəzi din  xadimləri ölkəsinin baş mollasından (ayətullahdan) tapşırıq alaraq Azərbaycanın daxili işlərinə müdaxilə edir və ölkəmizi kübar ölkələr sırasından uzaqlaşdırmağa çalışır".

Marqlıdır ki, problemlər girdabından çıxa bilməyən İran dövləti, demək olar ki, bütün Avropa dövlətləri ilə elə də isti münasibətlərini qoruyub saxlaya bilmir. Fars rejiminin yürütdüyü siyasət yalnız onun özü üçün yararlı hesab olunur. Yəni bu "yararlılıqda" başqa dövlətlərin marağına hansı təsirlərin ola biləcəyi barədə düşünülmür. Və əslində, İran dövləti öz problemləri barədə düşünsə, daha yaxşı olardı. Bununla bağlı digər maraqlı nüansa toxunan Yunus Oğuz növbəti amilə diqqət yetirərək bildirdi ki, nəyə görəsə İranda spirtli içkilərin satışı qadağan olunsa da, oradakı ermənilər nəinki bunun satışını həyata keçirirlər, eləcə də onu aşkar şəkildə qəbul edib, rahat-rahat gəzirlər: "Əgər ölkə islam respublikası adlanırsa, onda bu cür icazə islam dəyərlərinə görə ziddir. Maraqlısı odur ki, hər hansı bir Avropa ölkəsində Məhəmməd Peyğəmbərin ünvanına təhqirlər səslənirsə, İran buna reaksiya vermir. Ancaq Azərbaycanda hicab məsələsi gündəmə gəldikdə, İranın din xadimləri ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir."

Daha bir amil də maraq  kəsb etməyə bilməz. Əgər nəzərə alsaq ki, ölkəmizdə müsadirə olunan narkotiklərin böyük əksəriyyəti İrandan gətirilmiş olursa, o zaman belə bir qənaətə gəlmək mümkündür ki, panfarsist ideologiyasına xidmət edən İran rejimi ölkə gənclərini müəyyən vasitələrlə öz məqsədləri üçün istifadə etməyə maraq göstərir. Yəni bu da İranın öz məqsədi üçün hesabladığı ikrahdoğurucu addımlardan biridir.

Sonda onu da vurğulamaq mümkün olardı ki, hər vəchlə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərən fars ideologiyası, panfarsizm "ideyaları" ölkəmizin möhkəm, demokratik, sarsılmaz təməlinə heç bir zərər vura bilməyəcək. Çünki Azərbaycan azad bir ölkədir. Bu qənaətə münasibət bildirən Yunus Oğuz xatırladıb ki, İrandan buraya gələn soydaşlarımız bütün bunların şahididir: "Onlar İrandan fərqli olaraq bizim küçələrdə sərbəst gəzir, sərbəst danışır. Bu isə Tehranı "narahat" edir. Çünki Azərbaycandan İrana qayıdan insanlar burada gördükləri ilə ətrafdakıların fikirlərini bölüşür və yerli əhali Azərbaycanda hökm sürən demokratik mühit kimi bir mühitdə yaşamağı arzulayır. Onlar mətbuat, fikir, vicdan azadlığını istəyirlər..."

 

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 2 fevral.- S. 10.