İranın Azərbaycanda
təxribat yaratmaq planları iflasa uğradı
Azyaşlı qızların məktəbə
çadrada gəlməsi tələblərinin dini əsası
yoxdur, bu, daha çox siyasi çalarlar daşıyır
Azərbaycanda vicdan və
dini etiqad azadlığı tam
təmin olunub, hər bir vətəndaşın hüquq və
azadlıqları dövlət tərəfindən təmin olunur və qorunur. Lakin
yaradılmış əlverişli şəraitdən
sui-istifadə edən bir sıra yerli radikal dindarlar xarici dairələrin
dəstəyi və təhriki ilə dini sabitliyi pozmaq, ölkəni
dinlərarası ziddiyyətlər meydanına çevirmək
istəyir, Azərbaycanı sivil, demokratik inkişaf yolundan
döndərmək məqsədilə əməli tədbirlər
həyata keçirməyə cəhd göstərirlər. Çox
təəssüf ki, bu cəhdlər cənub qonşumuz
İrandan qaynaqlanır.
Məktəblilərə
hicab (çadra) tələbinin heç bir hüquqi, mənəvi
əsası yoxdur
Bir müddətdir ki,
İrandan verilən tapşırıq əsasında ölkədəki
bəzi radikal dini qruplar orta məktəblərdə
azyaşlı qızların dərsə çadrada gəlməsi
tələbləri ilə gündəmə gəlməyə
çalışırlar. Təbii ki, burada məqsəd əslində,
xüsusi sifariş əsasında cəmiyyətdə
qarşıdurma yaratmaq, iğtişaş törətməkdir.
Çadra (ərəbcə-
hicab) məsələsində ölkə ictimaiyyəti,
ziyalılar ortaya vətəndaş mövqeyi qoyaraq bəyan
etdilər ki, orta məktəblərdə şagirdlərin
hicabla dərsə gəlməsi heç bir kriteriyaya
sığımır. Azərbaycan dünyəvi və
hüquqi dövlətdir, dövlət-vətəndaş
münasibətləri buna əsaslanır. Azərbaycanda
dövlətin dinə münasibəti dünyəvilik
prinsipinə söykənir. Azərbaycan məktəbləri də
dünyəvi məktəblərdir. Dünyəvi məktəblərin
də prinsipləri ondan ibarətdir ki, dünyəvilik
qaydalarını gerçəkləşdirsin. Yəni, məktəblinin
məktəb geyimi var və Azərbaycanın təhsil
ocaqları dini mədrəsə deyil.
Heç bir valideyn azyaşlı övladının başını bağlayıb məktəbə göndərə bilməz. Bu, heç də dini azadlığı məhdudlaşdırmaq deyil, bu, əslində, həmin uşağın azadlığını əlindən almaqdır. Qoy həmin uşaq böyüsün, həyata özünün baxışları formalaşsın, ondan sonra özü müəyyən etsin ki, hicabdan istifadə etsin, ya yox. Ümumiyyətlə, insanın din seçimi azaddır, bəlkə həmin uşaq yetkinlik yaşına çatdıqda şüurlu şəkildə araşdıracaq və başqa dini seçəcək və ya ateist olacaq? Bu, onun öz təbii və kontitusion hüququdur. Heç bir qüvvənin bu hüququ onun əlindən almaq haqqı yoxdur.
Millət vəkili Siyavuş Novruzovun sözləri ilə desək, əgər dinə xidmət etmək istəyirlərsə, Peyğəmbərin kəlamlarına əməl etsinlər. Həmin kəlamın birində deyilir ki, "Bir gün elmlə məşğul olmaq, qırx il ibadət etməkdən üstündür". Yəni, İranda molla alnını qırx il möhürə döyüncə, bir gün məktəbə, universitetə getsin, orada bir elmlə məşğul olsun.
"Alimin mürəkkəbi, şəhidin qanından üstündür"-deyən islam dini elmə, inkişafa, tərəqqiyə üstünlük verir. Daha demir ki, bir neçə molla hakimiyyəti ələ keçirib xalqı cəhalətdə, savadsızlıqda boğsun. Ona görə də, hesab edirəm ki, biz Peyğəmbərin kəlamlarından və "Qurani-Kərim"dən irəli gələn müddəaları yerinə yetirməliyik, daha hansısa dövlətin mollasının, axundunun dediyini yox...
18 yaşına
çatana qədər
gənclərin tərbiyəsi
üçün dövlət
məsuliyyət daşıyır
Konstitusiyamıza görə, Azərbaycanda uşaqlar 18 yaşına çatana qədər onların tərbiyəsi üçün dövlət də məsuliyyət daşıyır. Orta məktəblərdə öz övladının gələcək taleyini istiqamətləndirən valideynlər də bilsinlər ki, gənclərin sabahı üçün təkcə onlar deyil, dövlət də məsuliyyət daşıyır. Dünyəvi dövlətin dünyəvi məktəbinin prinsipini pozmaq, vətəndaşın dövlət qarşısındakı borclarını gerçəkləşdirməməsi deməkdir.
Əgər dövlətin vətəndaş qarşısında məsuliyyəti varsa, vətəndaşın da dövlət qarşısında vəzifələri var. O vəzifələrdən biri də layiqli övlad böyütməkdir. Azərbaycanda uşaqlar 18 yaşına çatana qədər həmin gənclərin tərbiyəsinə dövlət məsuliyyət hissi ilə yanaşır və onların dini, dünyəvi dünyagörüşünün formalaşması üçün əlindən gələni edir. Əgər 18 yaşından sonra gənc dünyəvi təhsil ocaqlarında deyil, dini təhsil ocaqlarında təhsil alacaqsa, onun geyiminə dövlət müdaxilə etmir.
Azərbaycan Konstitusiyasında uşaqların dini hərəkətlərə sövq edilməsi ilə bağlı bənd yoxdur. Azərbaycan sivil ölkədir, hər bir insanın dini azadlığı təmin olunub. Ölkədə mütləq sivil dövlətin əsasları orta məktəbdə ən yüksək səviyyədə təmin edilir. Konstitusiyada insan haqlarının bütün tərəfləri həll olunub. Heç kimin konstitusiyanın bəndlərini dəyişməyə ixtiyarı yoxdur.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov APA-ya müsahibəsində bildirib ki, dünyanın hər yerində orta məktəblərdə, bəzi ölkələrdə isə ali məktəblərdə də məktəbli forması tətbiq edilir. Hətta bəzi ölkələrdə dərsə hicabla getmək istəyənlər üçün ayrıca məktəb təşkil olunub. Ancaq ümumilikdə, dünya ölkələrinin məktəblərində forma tətbiq olunur və bu, bizdə də belədir. Şagird də məktəbə həmin məktəbin müəyyənləşdirdiyi formada getməlidir.
Elçin Bayramlı
Səs.- 2011.- 2 fevral.- S. 10.