Qara Qarayevin həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətidən aldığımız məlumata görə, fevralın 4-də M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin növbəti nəşri olan "Qara Qarayevin həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında" kitabının təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuşdur.1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmişdi. Q.Qarayev 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında Musiqi Texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq  və Azərbaycan xalq musiqisinin əsasları siniflərinin tələbəsi olmuş, 1937-ci ildə isə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir.1938-ci ildən  1940-cı ilə qədər isə  P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində təhsil almışdır.1941-ci ildə Bakıya qayıdaraq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini və yenidən 1946-cı ilədək Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin tələbəsi olmuşdur.

1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il "Vətən" operasına görə SSRİ Dövlət mükafatı laureatı olmuş, SSRİ Bəstəkarlar İttifaqı  təşkilat komitəsinin üzvü seçilmiş və "Əmək igidliyinə görə" medalı ilə mükafatlandırılmışdır.

1948-ci ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü seçilmiş, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, "Leyli və Məcnun" simfonik poemasına görə Dövlət mükafatı laureatı olmuş və Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlamışdır.Q.Qarayev 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olmuşdur.1950-ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilmiş,1952-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri seçilmişdir.

1953-cü ildə Leninqrad Dövlət Kiçik Opera Teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur. 1954-1982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü, 1955-ci ildə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, 1958-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adlarını almışdır. 1956-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmiş, 1957-ci ildə SSRİ Kinomatoqrafiya İşçiləri İittifaqının üzvü seçilmişdir."Bir məhəlləli iki oğlan" filminin musiqisinə görə birinci Ümumittifaq sovet filmləri festivalının laureatı,1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü olmuşdur.

Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.

1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə Beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuş, həmin il "Qırmızı Əmək Bayrağı" ordeni ilə mükafatlandırılmışdır.

1963-ci ildə Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1964-cü ildə SSRİ Böyük Teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak etmişdir.

1965-ci ildə "Antoni və Kleopatra" tamaşasına yazdığı musiqiyə görə M.F.Axundov adına mükafatın laureatı  olmuş və Moskvada, Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.

1966-cı ildə Dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri olmuş, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər etmiş, Bakıda "Klassik süita"nın ilk ifası olmuşdur. 1972-ci ildə "Varşava payızı" çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq müsabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.

1973-cü ildə P.İ.Çaykovski adına Beynəlxalq Musiqi Müsabiqəsinin münsiflər heyətinin üzvü olmuş, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir.

1976-cı ildə "Gənc bəstəkarların yetişdirilməsi" simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli görüşündə iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir.

 

 

Zümrüd

 

Səs.- 2011.- 2 fevral.- S. 12.