Əbülfəz Bahadurinin əsərlərindən ibarət
sərgi açılıb
ABŞ paytaxtının mərkəzi
“Edison Place Gallery” salonunda ABŞ-da yaşayan Azərbaycan mənşəli
rəssam Əbülfəz
Bahadurinin əsərlərindən
ibarət sərgi açılıb. “Bölünmüş rənglər: Odlar Yurdundan abstrakt mənzərələr” adlı
sərgi ABŞ-ın
“Qarabağ” Fondunun dəstəyi ilə təşkil edilib. Sərginin açılış mərasiminə
toplaşan çoxsaylı
amerikalı sənətsevərlərin
mühakiməsinə rəssamın
yağlı boya ilə işlənən
60-a yaxın əsəri
təqdim olunub. Əbülfəz Bahaduri bildirib ki, əsərlərində
canlandırdığı rəngləri
anadan olduğu doğma Təbrizdə minbir çalarlı xalçalardan beyninə köçürüb.
O, bildirib ki, onun babası Türkmənçay müqaviləsindən
sonra Qarabağdan İrana köçüb.
Ailəsi Təbrizdə yaşasa
da, Qarabağın füsunkar gözəlliyi,
zəngin mədəniyyəti,
adət-ənənələri barədə evdə həmişə danışılardı.
Onun sözlərinə
görə, əsərləri
Vətənin bölünmüş
rənglərinin xəyalında
canlanmasının əksidir.
“Xarı bülbül”,
“Azərbaycanlı çayçı”,
“Bakı dalanı”, “Urmiyada
üzümlük”, “Xəzər
sahili” və “Nar ağacı” kimi əsərlərdə
Azərbaycan mədəniyyəti
ilə ilk dəfə tanış olan bir çox
amerikalı həm Şərq, həm də Qərb elementlərinin vəhdətinin
şahidi olublar. İsti və açıq rənglər
biri-birinə qarışaraq
dünyanın o biri tayından Qarabağın səfalı
çöllərini, Təbriz
bazarlarının çeşidli
xalçalarını, Bakının
küləkli küçələrini
Vaşinqton tamaşaçılarının
gözləri qarşısında
canlandırıb. Sərginin təntənəli
açılış mərasimində
çıxış edən
“Qarabağ” Fondunun direktoru Diana Altman təşkilatın
2010-cu ildəki fəaliyyəti
ilə bağlı hesabatı təqdim etmiş, amerikalı sənətsevərləri növbəti
2011-ci ildə fondun təşkil edəcəyi
Azərbaycan mədəniyyətini
işıqlandıracaq digər sərgi və konsertlərə dəvət etmişdir.
Zümrüd
Səs.- 2011.- 2 fevral.- S. 12.