2010-cu ildə böyük uğurlar əldə edilib

 

Dünya iqtisadiyyatında vəziyyətin hələ də gərgin olması fonunda, 2010-cu il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Ötən il ÜDM 5 faiz artaraq, 41 milyard manatı ötüb. Orta illik inflyasiya idarə olunan səviyyədə saxlanılıb və 5,7 faiz təşkil edib. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faiz artaraq 29 milyard dolları ötüb.

 

Makroiqtisadi göstəricilər: Azərbaycan ötən ili necə başa vurub?

 

Ötən il 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilib, sənaye 2,6 faiz artıb. Qeyri-neft sektorunun dinamik inkişafı davam edib və onun real artım tempi, ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən, qeyri-neft sənayesində 6,6 faiz, rabitədə 29,7 faiz, nəqliyyatda yük daşınması 3,1 faiz təşkil edib.

Prezident müşavirədə bildirib ki, 2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə 5 faiz artıb. "Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır. 

Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşlar, pensiyaların məbləği aşağı düşürdü.

Əlbəttə ki, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır. Bizim iqtisadiyyatımız artıq çoxşaxəli iqtisadiyyatdır, təkcə bir sektora arxalanmır. Bizim məqsədimiz məhz ondan ibarət idi ki, ölkədə çoxşaxəli iqtisadiyyat yaradaq.

Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti bir neçə dəfə, demək olar, 4 dəfə düşmüşdü, bizim iqtisadiyyatımız yenə də artmışdır. Əminəm ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacaqdır. Bunu deməyə bütün əsaslar var".

 

Neft-qaz sektorunda böyük uğurlar əldə olunub

 

2010-cu ildə ölkənin neft-qaz sektorunda böyük inkişaf əldə olunub. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında belə deyib: "Bizim iqtisadiyyatımız üçün əsas olan sektorda- neft-qaz sektorunda keçən il bütün planlar yerinə yetirildi. 51 milyon ton neft hasil edildi ki, onun da böyük hissəsi ixrac olundu. 27 milyard kubmetr qaz hasil edildi. Hesab edirəm ki, bu il qazın hasilatı və ixracı daha da artmalıdır".

Dövlət başçısı bildirib ki, ötən il Azərbaycan neftçiləri ölkədə yeni resurslar aşkar edib: "Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən böyük qaz yatağı aşkar edilmişdir. "Ümid" yatağı bizim qaz potensialımıza əlavə həcm gətirir. Artıq bizim təsdiq edilmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdir. Ümid edirəm ki, bu il və gələn il aparılacaq kəşfiyyat nəticəsində bu rəqəm daha da artacaqdır".

Göründüyü kimi, ölkəmiz dünyada enerji ixrac edən ölkə olaraq bu sahədə böyük uğurlar əldə edir. Artıq Azərbaycanın neft-qaz resurslarının proqnozlardan daha çox olduğu ortaya çıxır. Bu da ölkəmizin hələ uzun onillər enerji ölkəsi olaraq qalacağına və iqtisadi qüdrətinin yüksək olacağına təminat verir.

 

Neft gəlirləri qeyri-neft sektoruna yatırılır

 

Müşavirədə qeyd edildiyi kimi, ötən ilin yekunlarına nəzər salsaq, görərik ki, 2010-cu ildə ölkə iqtisadiyyatı 5 faiz artıb, makroiqtisadi durum sabit olaraq qalıb. 2009-cu ildə bir çox ölkələrdə milli valyutanın dəyəri aşağı düşərək, devalvasiyaya uğrayıb. Azərbaycanın milli valyutası isə sabit olaraq qalır. Bu da ölkə iqtisadiyyatı üçün çox vacib bir amildir.

Neft sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi həmin sahələrin də inkişafını stimullaşdırır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulub.

2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulub. Bir maraqlı məqamda var ki, daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu, onu göstərir ki, həm dövlət tərəfindən, həm özəl sektor tərəfindən ölkə iqtisadiyyatına böyük məbləğdə investisiyalar qoyulur.

Daha bir maraqlı məqam- qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq üçün əməli-praktik tədbirlər görülür.

 

Valyuta ehtiyatlarımız 30 milyarda çatıb

 

Ötən il Azərbaycanın valyuta ehtiyatları da artıb. Baxmayaraq ki, bəzi ölkələrdə valyuta ehtiyatları azalıb, çünki həmin ölkələr sosial məsələlərin həlli üçün ondan istifadə edib. Ölkəmizdə isə, dövlət büdcəsi sosialyönümlü olsa belə, maliyyə problemi yaranmayıb.

Ölkə başçısı bununla bağlı bildirib: "İlin sonuna olan məlumata görə, valyuta ehtiyatlarımız 29,1 milyard dollar təşkil edirdi. Dünən mənə verilən məlumata görə, artıq bu rəqəm 29,4 milyard dollara çatmışdır. Yəni təkcə on gün ərzində bizim vəsaitimiz nə qədər artır. Əlbəttə, növbəti illərdə bu, daha da artacaqdır.

Yəni biz artıq həm Azərbaycanda, həm də başqa ölkələrdə istənilən infrastruktur və sərmayə layihəsini icra edə bilərik, edirik. Artıq Azərbaycan şirkətləri xaricə də vəsait qoyur. Hesab edirəm ki, bu, ölkə iqtisadiyyatı və gələcək planlarımızın həyata keçirilməsi üçün vacib amillərdir".

Ötən il  inflyasiya cəmi 5,7 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 12,3 faiz artıb. Bu, onu göstərir ki, əhalinin gəlirləri inflyasiyanı üstələyir. 2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşüb və artıq bu göstərici 9,1 faizdir.

Bu, bir daha göstərir ki, Azərbaycanda aparılan islahatlar və iqtisadi artım, ilk növbədə, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilib. Bir də onu göstərir ki, Azərbaycanda enerji sektorunda görülən işlər nəticəsində ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur. Şübhə yoxdur ki, cari- 2011-ci il də belə olacaq. Buna Azərbaycan Prezidenti təminat verir.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 4 fevral.- S. 2.