Heydər Əliyev Fondu beynəlxalq arenada

 

Dünyanın nüfuzlu qəzetləri Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanizm prinsipini yüksək qiymətləndirirlər

 

Heydər Əliyev Fondu yarandığı vaxtdan Azərbaycanın mədəniyyəti və tarixinin geniş təbliği, əhalinin sağlamlığının mühafizəsi, ekoloji mühitin sağlamlaşdırılması, informasiya texnologiyalarının tətbiqi, sosial problemlərin həlli ilə əlaqədar bir sıra genişmiqyaslı layihələr həyata keçirir. Respublikanın bütün regionlarında, ən ucqar kəndlərdə fondun  təşəbbüsü ilə həyata keçirilən layihələrin nəticələrin görmək mümkündür. Geniş coğrafi məkanı əhatə edən bu layihələr fondun beynəlxalq təşkilatlarla da sıx əməkdaşlığına gətirib çıxarıb. Belə ki, fond dünyanın ən inkişaf etmiş ölkələri ilə təhsil, səhiyyə, mədəniyyət, sosial təyinatlı obyektlərin tikintisi, yenidən qurulması, maddi təchizatı sahəsində əməkdaşlığı nəzərdə tutan saziş imzalanmayıb. Əməkdaşlığın əsas prinsiplərini tənzimləyən bu sənədlərdə elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafı, birgə layihələrin işlənib hazırlanması, fəaliyyətin əlaqələndirilməsi həyata keçirilib.

Bildiyimiz kimi, hər zaman humanizm prinsiplərinə söykənən Heydər Əliyev Fondu bu əməkdaşlıqda sosial məsələlərin həllini diqqətə çəkmiş, onların əsas yolları müəyyənləşmişdir. Heydər Əliyev Fondu BMT İnkişaf Proqramı arasında imzalanmış çox önəmli saziş - kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihə həyata keçirilib. Azərbaycanda 320 min əlil insan yaşayır. Onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların həyata qoşulmasına, onların informasiya kommunikasiyaları vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına, ümumən, bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xidmət edir. Bu saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın ilk təməli olmuşdur. Heydər Əliyev Fondu yaradıldığı ilk gündən cəmiyyətimizin ən zəif təbəqələrinə böyük diqqət və qayğı ilə yanaşır. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat", "Yeniləşən Azərbaycana yeni məktəblər", "Uşaq evi və internat məktəblərinin inkişafı" proqramları qısa bir zamanda həyata keçirilmiş və nəticədə minlərlə insana yardım göstərilmiş, kimsəsiz uşaqlara qayğı artırılmış, mühüm sosial problemlər həllini tapmışdır. Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur.

Bu gün Heydər Əliyev Fondu beynəlxalq səhnəyə çıxır. Dünyanın ən mötəbər, ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə birgə fəaliyyətdədir. Bu fəaliyyəti irimiqyaslı layihələrin təqdimatı ilə gerçəkləşməsi, beynəlxalq münasibətlərdəki əməkdaşlığın reallıqları dünya ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul olunur və qiymətini tapır. Bunu beynəlxalq aləmdə dərc olunan nüfuzlu qəzetlərin səhifələrində görmək olur. Nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetində Heydər Əliyev Fondu ilə bağlı geniş şəkildə dərc etdirdiyi məqaləsində Heydər Əliyev Fondunun məqsədi, fəaliyyəti, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva haqqında ətraflı məlumat verilmişdir. Onun bu fəaliyyətinin məqsədyönlüyü qəzetdə əksini tapır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fondun gündən-günə inkişaf ediyini qeyd edərək, qəzet Azərbaycanın tərəqqisinə yönəlmiş qurumun ölkənin mədəniyyətinin və tarixinin geniş təbliği üçün layihələr həyata keçirdiyini oxucuların diqqətinə çatdırır. Qəzetdə fondun bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində müxtəlif sahələri əhatə edən və cəmiyyəti düşündürən, Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasına yönələn genişmiqyaslı layihələr həyata keçirdiyi də xüsusi vurğulanır. Belə ki, qurumun təhsil, səhiyyə, mədəniyyət, sosial, idman, elm və texnologiya, ekologiya və s. sahələrdəki fəaliyyətinə də geniş yer verilir. Qurumun bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək fəaliyyətinin təkcə Azərbaycan ilə məhdudlaşdırmadığı, Pakistanda, bir sıra digər ölkələrdə layihələr həyata keçirdiyi vurğulanır. Pakistanda çoxlu insan tələfatına və böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Müzəffərabad şəhərinin Rara ərazisində inşa olunmuş məktəb binası haqqında məlumat verilən yazıda ölkəmiz tərəfindən edilən yardımlar da yüksək qiymətləndirilir.

Mehriban Əliyevanın fəaliyyəti beynəlxalq mətbuatın hər zaman diqqətində olduğundan, mütəmadi olaraq, bu, analiz olunur, Onun humanizm missiyasına aydınlıq gətirilir. Bu baxımdan "Nezavisimaya qazeta"da dərc olunuan "Qəbələ Verbye ilə rəqabət aparır. Azərbaycan musiqi forumu ümumdünya festivalına çevrilir " məqaləsi də maraq doğurur. Rusiyanın "Nezavisimaya qazeta" nəşrinin müxbiri, Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş Qəbələ Musiqi Festivalını işıqlandıran əcnəbi jurnalistlər qrupunun üzvü Viktoriya Panfilovanın məqaləsi belə adlanır. Məqalədə yazılır ki, artıq Azərbaycanın Qəbələ şəhərində ikinci dəfə keçirilən Beynəlxalq Musiqi Festivalına dünyanın hər yerindən ifaçılar, klassik musiqi biliciləri və pərəstişkarları buraya toplaşırlar. Bu yaxınlaradək Qəbələ ölkənin rayon mərkəzlərindən biri idi, indi isə artıq Azərbaycanın musiqi və mədəni mərkəzinə çevrilir. Bu diyarın nadir təbiəti, mənzərəli dağları Qəbələni "kiçik İsveçrə" kim qələmə verilməsinə səbəb olmuşdur. Musiqiçilər və festivalın qonaqları burada İsveçrədə keçirilən Verbye festivalını yada salıblar.

Azərbaycanda beynəlxalq musiqi festivallarının keçirilməsinin təşəbbüskarı da məhz Mehriban xanımdır. Festival çərçivəsində YUNESKO-nun baş direktoru İrina Bokova mədəniyyətlərarası dialoqun qurulmasında xidmətlərinə görə Mehriban xanıma "Qızıl Motsart" medalı təqdim etmişdir.

Bu gün fəxarətlə deyə bilərk ki, dünyanın hər bir yerindən fondun xoş sədaları eşidilir. Mehriban Əliyevaya verilən yüksək adlar, Onun şərəfinə və fəaliyyətinə söylənilən dəyərli fikirlər, təqdimatlar Heydər Əliyev Fondunun beynəlxalq aləmdə nə qədər nüfuza malik olduğunu göstərən faktlardır. Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirərək, bunu ictimai mühitdə yaradılmış ab-havanın ənənəsinin olduğunu və ideoloji xəttin məhz azərbaycançılığa söykəndiyini göstərir. Qubernator mövcud vəziyyətə diqqət yetirərək vurğulayır ki, Azərbaycanla bizim çox səmimi münasibətlərimiz vardır. Heydər Əliyevin uzaqgörənliyi məhz onların düçar olduqları bəladan qurtarmasında rolu müstəsna olmuşdur:"1983-cü ildə çoxlu sayda insanın həlak olması ilə üzləşdiyimiz bir dövrdə buraya gəldiyinə və bizim bu bəladan tezliklə yaxa qurtarmağımıza kömək etdiyinə görə Ona ürəkdən minnətdarıq. Biz Onun şərəfinə iki prezidentin - Dmitri Medvedevin və İlham Əliyevin iştirakı ilə şəhərimizdə Heydər Əliyev meydanı açdıq".

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Fransa Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit rütbəsi ilə təltif edilməsi də təsadüfi deyildi. Bu orden Fransaya Mehriban Əliyeva tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə görə verilmişdir.

Göründüyü kimi, ölkələr arasında əlaqələrin inkişafında Mehriban xanım Əliyevanın xidmətləri yüksək dəyərləndirilir.

Müasir həyatımızda Mehriban Əliyeva tərəfindən davam etdirilən xeyriyyəçilik missiyası, humanizm beynəlxalq aləmdə qiymətini almışdır. Onun həyata keçirdiyi layihələri miqyası dünyanın bir çox ölkələrini əhatə edir. Ulyanovsk vilayətinin qubernatoru yaşadığı ərazidə Mehriban Əliyevanın fəaliyyətini qeyd edərkən bildirib ki, Ulyanovsk şəhərinin ən gözəl məktəblərindən birinin bərpasında Mehriban Əliyeva bizə kömək edib. Bu məktəb ən müasir texnika ilə tam həcmdə təchiz edilib. Məktəb praktiki olaraq yenidən tikilib, orada çox gözəl bir muzey yaradılıb. Bu muzeyə müxtəlif millətləri təmsil edən çoxlu sayda insan gəlir. Burada həm məktəbin abadlaşdırılması ilə, həm də Azərbaycan milli-mədəni muxtariyyətindən olan azərbaycanlı uşaqlara yardım göstərilməsi ilə əlaqədar bir neçə layihə hazırlanıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva   bu gün, nəinki Azərbaycanda, eləcə də, dünya ölkələrində humanizm addımları, xeyriyyəçilik missiyası ilə seçilir və tanınmış şəxsiyyətlər tərəfindən yüksək qiymətləndirilir.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 4 fevral.- S. 3.