2011-ci ildə də əhalinin
sosial müdafiəsinin gücləndirilməsi siyasəti
uğurla icra ediləcək
Azərbaycan Respublikası Dövlət Sosial
Müdafiə Fondunun sədri Səlim Müslümovun
yap.org.az-a müsahibəsi
- Səlim müəllim,
ümumdünya maliyyə böhranının başa
çatmadığı 2010-cu ili ölkəmizin sosial
həyatı, o cümlədən, Dövlət Sosial
Müdafiə Fondu üçün necə xarakterizə
edərdiniz?
- Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu
islahatlar və həyata keçirilən düzgün iqtisadi
siyasət nəticəsində 2010-cu ildə
vətəndaşlarımızın yaşayış
səviyyəsi daha da yüksəlmiş, əhalinin sosial
müdafiəsinin möhkəmləndirilməsi
xüsusi diqqət mərkəzində saxlanılaraq bu
istiqamətdə mühüm addımlar atılmış,
ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da
artmışdır. Ulu Öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi və bu gün
uğurla davam etdirilən sosial-iqtisadi siyasət, strateji
proqramların səmərəli gerçəkləşdirilməsi
həyatımızın bütün sahələrində
əsaslı inkişafa gətirib
çıxarmışdır. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş geniş
iclasında qeyd etdiyi kimi: "Bu böhranlı illər
ərzində biz iqtisadi siyasətimizi inamla
aparmışıq. Ölkə qarşısında duran
bütün vəzifələr icra edildi. Bütün sosial
proqramlar öz həllini tapdı. Keçən il minimum
əməkhaqqı və pensiyanın baza hissəsi
artırıldı. Halbuki Avropanın bir çox
ölkələrində əks istiqamətdə proseslər
gedirdi, maaşlar, pensiyaların məbləği
aşağı düşürdü".
2010-cu ildə makroiqtisadi sabitləşmə və
iqtisadiyyatın dinamik inkişafı ölkə
vətəndaşlarının yaşayış
səviyyəsinin yüksəldilməsini təmin etmiş,
sosialyönümlü bazar iqtisadiyyatına üstünlük
verilməsi ilə bağlı əhalinin bütün
təbəqələrinin rifahının
yaxşılaşdırılması
məqsədilə mümkün zəruri tədbirlər
həyata keçirilmişdir. 2010-cu ildə
ölkəmizdə əhalinin pul gəlirləri
keçən ilə nisbətən 12,3 %, bir
işçiyə hesablanmış orta aylıq
əməkhaqqı 9,1 %, əmək pensiyasının orta
aylıq məbləği isə 12% artmışdır.
2010-cu ilin yekunlarına əsasən, yoxsulluğun
səviyyəsi daha da aşağı düşərək
9,1 % təşkil etmişdir.
Ölkədə həyata keçirilən
islahatların tərkib hissəsi kimi sığorta-pensiya
sisteminin təkmilləşdirilməsi və davamlı
inkişafına nail olunması 2010-cu ildə Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun
fəaliyyətinin əsas istiqamətlərini təşkil
etmişdir.
Operativ
məlumatlara əsasən, 2010-cu ildə Dövlət Sosial
Müdafiə Fondunun gəlirləri 1764,7 milyon manat
təşkil etmişdir ki, bu da 2009-cu ilə nisbətən
163,3 mln. manat və ya 10,2 faiz çoxdur.
2010-cu ildə məcburi dövlət sosial
sığorta haqları üzrə daxilolmalar 2009-cu ilə
nisbətən 7,8 faiz və ya 80,4 mln. manat artaraq 1114,8 mln.
manat təşkil etmişdir. Ötən ildə sosial sığorta
haqları üzrə daxilolmaların 58,2 faizi və ya 648,9
mln. manatı qeyri-büdcə sektorunun payına
düşmüşdür. Həmin
təşkilatların ödədikləri məcburi
dövlət sosial sığorta haqlarının
məbləği əvvəlki ilə nisbətən 12,8 faiz
və ya 73,5 mln. manat artmış, proqnoz 95,6 faiz icra
olunmuşdur. Hesabat dövrü ərzində həm fiziki
şəxslərin, həm də torpaq
mülkiyyətçilərinin sosial sığortaya cəlb
edilməsi gücləndirilmişdir. Nəticədə fiziki
şəxslərdən daxilolmalar 8,7 faiz, torpaq
mülkiyyətçiləri üzrə isə 58 faiz
artmışdır.
Hesabat
dövründə büdcədən
maliyyələşən təşkilatlar üzrə
daxilolmalar 465,9 mln. manat təşkil etmişdir. Həmin
təşkilatların ödədiyi məcburi dövlət
sosial sığorta haqları əvvəlki ilə
nisbətən 1,5 faiz və ya 6,9 mln. manat artmışdır.
Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının
qismən dəyərinin ödənilməsi və s.)
üzrə daxilolmalar 3,2 mln. manat təşkil etmişdir.
2010-cu
ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri
1764,1 mln. manat olmuşdur. Hesabat dövründə pensiya
və müavinətlərin maliyyələşdirilməsi
üçün fond tərəfindən 1704,8 mln. manat
vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilə
nisbətən 89,8 mln. manat və ya 5,6 faiz çoxdur. Pensiya xərcləri 2009-cu ilə nisbətən 5,6
faiz və ya 87,2 mln. manat artaraq 1655,7 mln. manat təşkil
etmişdir. 2010-cu ildə əhaliyə 49 mln. manat
məbləğində müavinət ödənilmişdir
ki, bunun da 37,3 faizi hamiləliyə və doğuma
görə, 28,8 faizi əmək qabiliyyətinin müvəqqəti
itirilməsinə görə, 18,2 faizi dəfn
üçün, 15,7 faizi isə digər
müavinətlərin payına düşür.
Dövlət Sosial Müdafiə Fondunun digər
xərcləri 59,4 mln. manat təşkil etmişdir. 2010-cu
ildə sığortaolunanların sanatoriya-kurort
müalicəsi və sağlamlaşdırma
tədbirlərinin həyata keçirilməsi üzrə
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
vasitəsilə maliyyələşdirilən
xərclərə 12,8 mln. manat, məşğulluq
tədbirlərinin həyata keçirilməsi,
məşğulluq orqanlarının saxlanılması
xərclərinə 9,1 mln. manat, əlillərin sosial
müdafiəsi tədbirlərinin həyata keçirilməsi
və əlillərin sosial müdafiəsi orqanlarının
saxlanılması xərclərinə 3 mln. manat
məbləğində vəsait
yönəldilmişdir.
- Təbii ki,
Dövlət Sosial Müdafiə Fondunun gəlir və
xərclərinin icrası, maliyyə
dayanıqlığının qorunması son
nəticədə pensiyaçıların sosial
müdafiəsinə xidmət edir. 2010 -cu il
pensiyaçılarımız üçün daha çox
nə ilə yadda qalmışdır?
- 2010-cu ildə ölkəmizdə əmək
pensiyaçılarının sosial müdafiəsi daha da
gücləndirilmişdir. Ötən ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
əmək pensiyaçılarının sosial
müdafiəsinin gücləndirilməsinə xidmət
edən 4 Sərəncamı Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunmuşdur.
"Əmək pensiyaları haqqında" Azərbaycan
Respublikasının Qanununa edilmiş əlavə və
dəyişikliklərin 1 yanvar 2010-cu ildən
qüvvəyə minməsi ilə əlaqədar Böyük
Vətən müharibəsi iştirakçılarının
əmək pensiyalarının baza hissəsi 30 manat
artırılmışdır. Bu artım
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixdə
təsdiq etdiyi "1941-1945-ci illər müharibəsində
qələbənin 65 illik yubileyinə hazırlıq və
yubileyin qeyd edilməsi üzrə milli proqram"
çərçivəsində qanunvericiliyə
aparılmış dəyişikliklə bağlı
həyata keçirilmişdir. Azərbaycan
Respublikası Prezidentinin 22 aprel 2010-cu il tarixli "1941-1945 -ci
illər müharibəsi iştirakçılarına,
həlak olmuş və ya sonradan vəfat etmiş
döyüşçülərin dul arvadlarına, arxa
cəbhədə fədakar əməyinə görə orden
və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardım edilməsi
barədə" Sərəncamının icrası ilə
bağlı Dövlət Sosial Müdafiə Fondu
tərəfindən birdəfəlik maddi yardımın
müvafiq şəxslərə çatdırılması
təmin edilmişdir. Sərəncam 37178
nəfərə şamil olunmuşdur ki, bunlardan 4186
nəfəri bilavasitə Böyük Vətən
müharibəsi iştirakçılarıdır və
onların hər birinə 500 manat məbləğində
birdəfəlik yardım göstərilmişdir. Böyük Vətən müharibəsində
həlak olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, 1941-1945-ci
illərdə arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif
edilmiş şəxslərə, İkinci Dünya
müharibəsi illərində döyüşən
cəbhələrin arxa hüdudları,
yaxud döyüşən donanmaların əməliyyat
zonaları daxilində ordunun və donanmanın mənafeyi
üçün tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin
işçilərinə, İkinci Dünya müharibəsi
dövründə Leninqrad şəhərinin
müdafiəsinə görə müvafiq medal və
döş nişanı ilə təltif edilmiş
şəxslərə, habelə, Leninqrad mühasirəsinin
iştirakçılarına isə 200 manat
məbləğində birdəfəlik maddi yardım
verilmişdir. Bu kateqoriyaya aid olan şəxslərin sayı
isə 32992 nəfər təşkil edir.
Eyni zamanda, sığortaolunanların 2006-cı ilin
yanvarın 1-dək qazanılmış pensiya
hüquqlarının
müəyyənləşdirilməsində yeni
sadələşdirilmiş qaydanın tətbiqi minimum
məbləğdə pensiya təyinatının aradan
qaldırılmasına və sosial ədalətin bərpa
edilməsinə gətirib çıxarmışdır.
Belə ki, 2010-cu ilin yekunlarına əsasən, ölkə
üzrə pensiyanın orta aylıq məbləgi 112 manat
təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə
orta aylıq məbləğ 162 manat olmuşdur. Bu qaydaların tətbiqinə qədər pensiya
təyinatı zamanı əsas problemlər 2006-cı ilə
qədər olan dövr üçün pensiya
məbləğlərinin müəyyən edilməsi
metodikası ilə bağlı olurdu və əvvəlki qayda
ilə hesablama zamanı elm, təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrdə
uzun müddət əmək stajına malik
şəxslərin əməkhaqqı
göstəricilərinin aşağı olması
səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə
ifadə edilirdi. Artıq bütün bu
çatışmazlıqlar tam aradan
qaldırılmışdır. Bunun nəticəsidir ki,
2010-cu il ərzində Fond Aparatına vətəndaşlardan
daxil olan müraciətlər əvvəlki illə
müqayisədə 24,2 faiz azalmışdır.
Azərbaycanda
qurulan sığorta-pensiya sistemi əhaliyə
ödənişlərin bazar iqtisadiyyatı
təsirlərindən qorunması elementlərini
özündə birləşdirir. Belə elementlərdən
biri də əhaliyə pensiya şəklində
ödənişlərin bazar iqtisadiyyatı üçün
səciyyəvi olan inflyasiya təsirindən
qorunmasıdır. Bunun üçün
pensiyaların sığorta hissəsi "Əmək
pensiyaları haqqında" Qanuna müvafiq olaraq hər il
Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncamla
indeksləşdirilir. Əvvəlki, yəni 2009-cu il
üzrə baş vermiş inflyasiyanın pensiyalara
təsirini aradan qaldırmaq məqsədilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 17 fevral 2010-cu il tarixində "Əmək
pensiyalarının sığorta hissəsinin
indeksləşdirilməsi haqqında" Sərəncam
vermişdir. 2009-cu ildə dövlətin həyata keçirdiyi
uğurlu antiböhran tədbirləri nəticəsində
inflyasiyanın aşağı səviyyədə
saxlanılması təmin edilmiş, bununla belə 1,5 faiz həcmində
istehlak qiymətlərinin indeksi qeydə
alınmışdır. Həmin Sərəncama
əsasən, Dövlət Sosial Müdafiə Fondu
tərəfindən istehlak qiymətləri indeksinə
uyğun olaraq, 2010-cu ilin 1 yanvar tarixinə bütün növ
əmək pensiyalarının sığorta hissəsi
indeksləşdirilmişdir. Yeri
gəlmişkən, bu günlərdə 2010-cu il üzrə
qeydə alınmış istehlak qiymətlərinin indeksi
barədə məlumat Dövlət Statistika Komitəsi
tərəfindən fonda rəsmi qaydada təqdim olunmuşdur
və bu göstəricinin səviyyəsi 5,7 faizdir. Fond
tərəfindən həmin səviyyəyə uyğun
indeksləşmənin aparılması üçün
təkliflər hazırlanmışdır və müvafiq
qərar qəbul edildikdən sonra icra olunacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Sərəncamına əsasən, 2010-cu
il sentyabrın 1-dən yaşa görə əmək
pensiyasının baza hissəsinin məbləği 85 manat
müəyyən edilmişdir. Əmək pensiyasının
baza hissəsinin məbləğinin növbəti dəfə
artırılması ölkəmizdə qısa
müddətdə çox ciddi sosial-iqtisadi islahatların
aparılmasının məntiqi nəticəsidir. Əmək
pensiyalarının baza hissəsinin 13,6 faiz
artırılmasına dair bu Sərəncam təxminən 1
milyon 254 min 200 pensiyaçıya şamil olunmuşdur. Pensiyanın baza hissəsini 100 faiz alanların (1
milyon 116 min nəfər) pensiyasının artımı 10
manat, 120 faiz həcmində alanların (15 min nəfər)
pensiyasının artımı 12 manat, 200 faiz həcmində
alanların (7631 nəfər) pensiyasının artımı
isə 20 manat təşkil etmişdir. Milli
qəhrəmanların ailə üzvlərinin
pensiyasının baza hissəsi 20 manat artırılaraq 170
manata, şəhid ailəsi üzvlərinin pensiyasının
baza hissəsi isə 18 manat 50 qəpik artırılaraq 157
manat 25 qəpiyə çatdırılmışdır.
Döyüşən ordunun tərkibində
xidmət etmiş müharibə
iştirakçılarının (Böyük Vətən
müharibəsi iştirakçıları istisna olmaqla),
habelə döyüş əməliyyatı aparılan
ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş
hərbi qulluqçuların pensiyasının baza hissəsi
11 manat artmışdır. Böyük Vətən
müharibəsi iştirakçılarının
pensiyasının baza hissəsi 11 manat, I qrup əlillərinki
25 manat 50 qəpik, II qrup əlillərinki 21 manat, III qrup
əlillərinki isə 19 manat artırılmışdır.
- 2010-cu ildə Azərbaycanda sığorta pensiya
sistemi üzrə davam etdirilən islahatlar bir sıra
beynəlxalq uğurlara imza atdı. Bu barədə,
eləcə də, qiymətləndirmələrdə əsas
götürülən meyarlar barədə bir qədər
ətraflı məlumat verərdiniz.
- 2010-cu il ölkəmizdə formalaşmış
sığorta-pensiya modelinin müxtəlif beynəlxalq
uğurlar qazanması ilə də müşahidə
edilmişdir. 3-5 mart 2010-cu il tarixində Polşa
Respublikasının Varşava şəhərində
keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondu
"Avropanın uğurlu təcrübəsi"
müsabiqəsinin "İnformasiya-kommunikasiya
texnologiyalarının tətbiqi ilə effektiv
idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan
edilmişdir.
Xüsusi qeyd etmək
istərdim ki, sosial təminat sahəsində mühüm
tədbir olan Avropa Forumunda Azərbaycanın bu mükafata layiq
görülməsi ölkəmizdə pensiya
islahatlarının uğurla
gerçəkləşdiriməsinin əyani
göstəricisidir. Bununla yanaşı, 29
noyabr - 4 dekabr 2010-cu il tarixində Cənubi Afrika
Respublikasının Keyptaun şəhərində Beynəlxalq
Sosial Təminat Assosiasiyasının
təşkilatçılığı ilə
keçirilən Dünya Sosial Təminat Forumunda Beynəlxalq
Sosial Təminat Assosiasiyasının MDB və türkdilli
ölkələr üzrə Regional Koordinasiya
Mərkəzinin Bakıda yaradılması qərara
alınmışdır. Forumda Beynəlxalq
Sosial Təminat Assosiasiyasının rəhbərliyi
tərəfindən ölkəmizdə sığorta-pensiya
sahəsində aparılan uğurlu siyasətin və
islahatların nəticələrini nəzərə alaraq,
sosial sığorta-pensiya məsələləri üzrə
Beynəlxalq Tədqiqat və Tədris Mərkəzinin
yaradılması da təklif edilib. Belə
təsisatların Azərbaycanda yaradılmasının
əsas səbəbi kimi ölkəmizdə qısa
müddət ərzində bu sahədə böyük
nailiyyətlərin əldə olunması, respublikanın
iqtisadi qüdrəti, siyasi nüfuzu və idarəetmə
sahəsində böyük təcrübəsi qeyd olunub.
Həmçinin, qeyd etmək istərdim ki, 2010-cu
ilin dekabr ayında BMT İnkişaf Proqramının Avropa
və MDB üzrə Regional Bürosu Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin islahatları
üzrə layihənin, həmin büronun xəttilə
gerçəkləşdirilən layihələr arasında
birinci yerə layiq görüldüyünü
açıqlamışdır. BMT
İnkişaf Proqramının Nyu-Yorkda yerləşən
Baş qərargahı Avropa və MDB ölkələrinin
sığorta-pensiya sistemlərində son illər həyata
keçirilən islahatları təhlil edərək
ölkəmizin sığorta-pensiya sistemindəki
islahatları özündə əks etdirən
"Azərbaycan-Dəyişikliyin tarixçəsi.
Effektiv Pensiya sisteminin qurulması"
başlıqlı şərhində Azərbaycanın bu
sahədə həyata keçirdiyi islahatların
həcminə, müddətinə və digər parametrlərinə
görə daha üstün olduğunu bildirib.
Ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinə
əsaslanan, aydın başa düşülən,
şəffaf, ədalət prinsiplərini əsas götürən,
müasir tələblərə cavab verən sosial
sığorta-pensiya sistemi qurulduğu qeyd olunub, bu sistemin bir
sıra ölkələr üçün model rolu
oynadığı vurğulanıb.
Əsas
götürülən meyarlar barədə isə qeyd
etmək istərdim ki, beynəlxalq səviyyədə
aparılan qiymətləndirmələr özünün
elmi-nəzəri və praktiki yanaşma tərzinə
görə fərqlənir. Baş vermiş
maliyyə böhranının dərsləri, bu kontekstdə
sistemlərin əhatəliliyi və çevikliyi son
illərdə aparılan qiymətləndirmələrdə
əsas meyarlar kimi götürülür. 2010-cu ildə bir
sıra dövlətlərin sığorta-pensiya sistemlərində
aparılan islahatlar Azərbaycanda qurulan modelin keçid
dövrü ölkələri üçün
örnək kimi tövsiyə edilməsinin heç də
təsadüfi olmadığını
təsdiqləməklə yanaşı, ölkəmizin
islahatlarda qabaqcıl mövqeyini bir daha sübut etmiş oldu.
Bu baxımdan inkişaf etmiş bir sıra
ölkələrdə pensiya sistemi ilə bağlı
təklif olunan islahatların məzmunu xeyli diqqəti
çəkir. Təklif olunan variantlardan biri sistemin
genişləndirilməsi məqsədilə
hərbçilərin, daxili işlər orqanlarında
çalışanların və bu kimi digər
şəxslərin məcburi dövlət sosial
sığortasına cəlb edilməsidir. Qeyd
olunmalıdır ki, Azərbaycanda bu istiqamətdə
hələ dörd il bundan öncə islahat tədbirləri
həyata keçirilib. 2007-ci il yanvarın 1-dən
respublikamızda hərbi qulluqçular və xüsusi
rütbəli şəxslərin məcburi dövlət sosial
sığortasına cəlb edilməsinə və fərdi
uçotla əhatə olunmasına, həmin
şəxslərin əmək pensiyaları ilə
təminatına keçilmişdir. Bu
tədbirlər nəticəsində hərbi qulluqçular
və xüsusi rütbəli şəxslərin yeni
sığorta-pensiya sisteminin üstünlüklərindən
(natamam hərbi xidmət müddətinin pensiya
məbləğlərinə təsirinin təmin olunması,
hərbi qulluqçular və dövlət qulluqçularının
gələcəkdə
sığorta-pensiya sistemində yığım komponentinin
tətbiqində iştirakı, pensiyalarının fondun
hesabına verilən plastik kartlarla ödənilməsi və
s.) istifadə etmələrinə imkan
yaradılmışdır. Bundan başqa,
bəzi ölkələrdə vaxtından əvvəl pensiyaya
çıxan şəxslər üzrə
ödəmələr pensiya sisteminin mürəkkəb
problemlərindən biri kimi qiymətləndirilir, bu
sahədəki güzəştlərin ləğvi əsas
islahat istiqaməti kimi
müəyyənləşdirilmişdir. Xatırladaq ki,
Azərbaycan Respublikasında hələ 2009-cu ildə bu istiqamətdə
zəruri tədqiqatlar aparılaraq qanunvericiliyə müvafiq
dəyişikliklər edilmişdir. Sığorta-pensiya sistemi
və dövlət sosial yardımı sistemlərinin bir-birindən
ayrılması bazar iqtisadiyyatı şəraitində sosial
müdafiənin gercəkləşdirilməsi
baxımından ən arzuolunan variant kimi
qiymətləndirilir.
Məlum olduğu kimi, Ümummilli Lider Heydər
Əliyevin təyin etdiyi islahat istiqamətlərinə
uyğun olaraq, ölkəmizdə sığorta-pensiya və
dövlət sosial yardımı sistemlərinin
ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında
fəaliyyət göstərmələri tam təmin
olunmuşdur. Bu proses 2010-cu ildə də
dərinləşdirilmişdir. Belə ki,
məcburi dövlət sosial sığorta haqları
hesabına maliyyələşdirilən bir sıra
qeyri-sığorta ödəmələrinin
(məşğulluq tədbirlərinin həyata
keçirilməsi (işsizliyə görə verilən
müavinət istisna olmaqla), məşğulluq
orqanlarının saxlanılması, əlillərin sosial
müdafiəsi tədbirlərinin
həyata keçirilməsi və əlillərin sosial
müdafiəsi orqanlarının saxlanılması, miqrasiya
idarəsinin saxlanılması ilə bağlı
xərclərin) dövlət büdcəsinin vəsaiti
hesabına maliyyələşdirilməsi barədə
qanunvericiliyə müvafiq dəyişikliklər edilmişdir.
Növbəti
əsas təklif pensiya sistemində yığım
komponentinin tətbiqi ilə bağlıdır. Bu
istiqamətdə səslənən arqumentlər ondan
ibarətdir ki, pensiya sistemində hazırkı qaydada
yığım komponentinin tətbiqi maliyyə
bazarlarının mövcud vəziyyəti ilə
üst-üstə düşmür və bu
səbəbdən də vəsaitlərin
yerləşdirilməsində yaranan problemlər nəinki
nəzərdə tutulan dividendləri, hətta
inflyasiyadan qoruma imkanını da vermir. Digər
tərəfdən, yığım hissəsinin pensiyaların
cari maliyyələşdirilməsinə sərf olunmaması
pensiya fondlarının büdcə kəsirini daha da dərinləşdirir,
böhran halında isə tamamilə müflis olmalarına
gətirib çıxarır. Bununla bağlı
pensiyaların yığım hissəsinin perspektivinə dair
təkliflərdə bir neçə variant
səsləndirilir. Bunlardan biri pensiyaların yığım
hissəsi məsələsinin tamamilə istisna edilməsidir.
Digər bir variant kimi bu komponentin könüllülük
prinsipi əsasında tətbiqi irəli sürülür.
Üçüncü variant isə yığım
hissəsinin həcminin azaldılmasıdır.
Qeyd olunmalıdır ki, Azərbaycan
Respublikasının pensiya qanunvericiliyi də baza,
sığorta və yığım hissələrindən
ibarət olmaqla üçpilləli pensiya təminatını
nəzərdə tutur. Ölkədə qurulmuş yeni
sığorta-pensiya sistemi çərçivəsində
əmək pensiyalarının baza və sığorta
hissələrinin təyini və artırılması
mexanizmləri uğurla tətbiq edilmişdir və bu
prosesdə dövlətin həlledici rolu,
pensiyaçıların sosial müdafiəsinə birbaşa
dəstəyi aydın görünür. Yığım
komponentinin tətbiqi ilə bağlı isə son
dərəcə ehtiyatlı (konservativ) mövqe tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr
2008-ci il tarixli 111 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı"nda yığım komponentinin
tətbiqinin daha mürəkkəb mərhələ olmaqla,
ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının
inkişafından və sığorta-pensiya sistemindən
kənar digər amillərdən çox asılı
olduğu xüsusilə qeyd olunmuş, bunun üçün
beynəlxalq təcrübənin öyrənilməsi,
əvvəlcə sosial sığorta haqlarının fərdi
hesabın yığım hissəsinə (fərdi yığım hesablarına)
yönəldilməsi mexanizmləri və həmin
vəsaitlərin idarə olunması qaydalarının
düzgün müəyyən edilməsi, bundan sonra sosial
sığorta haqlarının fərdi yığım
hesablarına toplanmasına başlanılması
müəyyənləşdirilmişdir. Dünya
maliyyə böhranı Azərbaycanda məhz
üçpilləli sistemin tətbiqinin, dövlətin sosial
müdafiədə aktiv rolunun saxlanılmasının və
real yığım elementinin tətbiqi
məsələsində ehtiyatlı davranmanın nə
dərəcədə doğru olduğunu da sübut etmiş
oldu. Belə məsələlərin
siyahısını daha da genişləndirmək olar.
- 2011-ci il ərzində
pensiyaçıların sosial müdafiəsinin
gücləndirilməsi və sığorta-pensiya islahatlarının
təmin edilməsi üçün hansı tədbirlər
həyata keçiriləcəkdir?
- İlk növbədə, Dövlət Sosial
Müdafiə Fondunun əsas maliyyə sənədinin - 2011-ci
il üçün büdcəsinin icrası ilə
bağlı Azərbaycan Respublikası Prezidentinin verdiyi
tapşırıqlar fondun orqanları qarşısında
mühüm vəzifə kimi durur. İnanıram ki,
əvvəlki illərdə olduğu kimi, bu büdcənin
icrası da xalqımızın həyat
səviyyəsinin yüksəldilməsinə
yönəldilmiş ali siyasətin
reallaşdırılmasına mühüm töhfə
verəcəkdir. 2011-ci ildə əhaliyə
ödənişlər fondun xərclərinin 97,2 faizi
səviyyəsində və ya 1916,98 mln. manat
proqnozlaşdırılır. Əhaliyə
ödənişlərin 2011-ci il üçün
nəzərdə tutulmuş proqnozu 2010-cu ilə
nisbətən 200,0 mln. manat və ya 11,7 faiz çoxdur. 2011-ci
ildə əmək pensiyalarının ödənişi
xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur
ki, bu da 2010-cu ilə nisbətən 11,4 faiz və ya 189,9
mln. manat artıqdır. Bu il "2009-2015-ci illərdə
Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı"na uyğun
olaraq islahat tədbirləri davam etdiriləcəkdir. Bura sığorta-pensiya sisteminin perspektiv
inkişafının aktual modelləşdirmə
əsasında proqnozlaşdırılmasının təmin
edilməsi, avtomatlaşdırılmış pensiya
təyinatı sisteminə keçidin təmin olunması
məqsədi ilə tədbirlərin həyata
keçirilməsi, dövlət sosial sığorta
sistemində sığortaolunanların fərdi məlumatlarının qorunması
mexanizmlərinin gücləndirilməsi, fondun mərkəzi
aparatı və yerli orqanları arasında elektron məlumat
mübadiləsini təmin edən korporativ
şəbəkənin qurulmasının başa
çatdırılması, fondun fəaliyyətinin
avtomatlaşdırılması istiqamətində
işlərin yerinə yetirilməsi və digər
mühüm vəzifələr daxildir. Hazırda mühüm
tədbirlərdən olan pensiya təyinatının
avtomatlaşdırılması istiqamətində işlər
sürətlə davam etdirilməkdədir. Dövlət
Proqramında pensiya təyinatının tam
avtomatlaşdırılması yolu ilə
əməliyyatların vahid mərkəzdən
aparılmasına keçidin təmin edilməsi 2013-cü
ildə nəzərdə tutulub. Fond bu prosesin Dövlət
Proqramında müəyyən olunan qrafikdən əvvəl
həyata keçirilməsini hədəfləyib ki, bu da MDB
məkanında ilk göstərici olacaqdır. Qeyd olunan
istiqamətdə görülən əsas
tədbirlərdən biri fərdi uçot sistemində sığortaolunanlara
dair ödənilmiş məcburi dövlət sosial
sığorta haqları üzrə hesabatların qəbulu
prosesidir. Ayrı-ayrı sığortaolunanlar üzrə
2006-cı ildən sonrakı illərdə ödənilən
sığorta haqları barədə bəyannamələrin
qəbulu, onların hesablara işlənilməsi
sürətlə davam etdirilir. Azərbaycanda
fərdi şəxsi hesabı olan sığortaolunanların
sayının 1 milyon 800 min nəfərə yüksəlməsi,
mövcud pensiyaçıların sayının 1 milyon 292 min
nəfər təşkil etməsi və fərdi uçot
sahəsindəki qanunvericiliyə əsasən sosial müdafiə
hüquqlarının
gerçəkləşdirilməsi üçün
uçota götürülməli olan göstəricilər
sistemi nəzərə alınarsa, bu işin necə genişmiqyaslı
olmasını aydın görmək mümkündür. Digər əsas məsələ isə belə
böyük informasiya-əməliyyat sistemini əhatə
edəcək müasir infrastrukturun qurulmasıdır.
İndiyə qədər DSMF-nin 70-dən yuxarı
şöbəsində müasir kompüter infrastrukturu
yaradılmış, DSMF-nin bütün
şöbələrində maddi-texniki baza və kadr
potensialı gücləndirilmiş, bütün
işçilər kompüter sistemləri ilə təchiz
edilmişlər. DSMF-nin bütün şöbələri
müxtəlif növ proqram təminatı ilə təmin
edilmişdir və hazırda əksər işlər
kompüter sistemləri vasitəsilə aparılır.
Görülən işlərin nəticəsində DSMF-nin
serverlərində unikal elektron məlumat bazaları
yaradılmışdır. Qarşıdakı dövrdə bu
istiqamətdəki vəzifələrin sürətlə
yerinə yetirilməsi üçün bütün
səylər səfərbər olunacaqdır.
Dövlət
Sosial Müdafiə Fondu möhtərəm Prezident İlham
Əliyevin "Tam əminəm ki, 2011-ci il də
ölkəmizin hərtərəfli inkişafı
üçün uğurlu il olacaqdır. Buna
nail olmaq üçün hamımız yaxşı
işləməliyik ki, ölkəmizi daha da
gücləndirək" tapşırığını
əldə rəhbər tutaraq 2011-ci il ərzində də
pensiyaçıların sosial müdafiəsinin
gücləndirilməsi və sığorta-pensiya
islahatlarının təmin edilməsi siyasətini uğurla
icra edəcəkdir.
Səs.- 2011.- 4 fevral.- S. 5-6.