Uğurlu neft strategiyası
"Azərbaycan neft gəlirlərindən səmərəli
istifadə edərək təkcə indiki nəslin deyil, həm
də gələcək nəsillərin firavan həyatını
indidən təmin edib"
Bu gün dünyada neft-qaz ehtiyatları ilə zəngin olan xeyli sayda ölkə var. Azərbaycan da məhz zəngin neft-qaz ehtiyatı olan və bunu xalqın rifahı üçün sərf edən az sayda ölkələrdən biridir.
Strateji inkişaf konsepsiyası
Ümummilli Lider Heydər Əliyevin milli neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycan dövlətinin enerji təhlükəsizliyi sahəsində güclü və müstəqil tərəfdaşa çevrilməsini təmin edib. Neft strategiyasının reallaşmasının ilkin mərhələsində və neft hasilatının aşağı olduğu bir vaxtda Dövlət Neft Fondunun yaradılması Ulu Öndər Heydər Əliyev tərəfindən atılmış uzaqgörən və strateji bir addım idi. Neft ilə zəngin olan ölkələrdə neft fondu və yaxud bu kimi qurumların təsis edilməsi bu dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli, məqsədyönlü və şəffaf şəkildə idarə edilməsinə şərait yaradır.
Ulu Öndərin neft strategiyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılarkən 271 milyon ABŞ dollarına bərabər aktivlərinin həcmi ildən-ilə artaraq, 2008-ci ildə ilk dəfə olaraq 10 milyard ABŞ dollarını, 2010-cu ilin 11 ayının yekunlarına görə isə, artıq 20 milyard ABŞ dollarını keçib.
Son 3 il ərzində neft fondunun aktivləri təxminən 10 dəfə artıb. Xam neftin cari qiymətləri ilə və fondun xərclərinin cari il səviyyəsində saxlanması şərti ilə növbəti 5 il ərzində neft fondunun aktivlərinin 50 milyard ABŞ dollarına qədər artması proqnozlaşdırıla bilər. Həm 2007-ci ilədək olan dövrdə, həm 2008-2009-cu böhran illərində və həm də dünyanın yarısından çoxunun resessiyada olduğu 2010-cu ildə də sürətlə inkişaf edən Azərbaycan həyata keçirilən iqtisadi siyasətin düzgün və dayanıqlı olmasının təsdiqidir.
Azərbaycanın neft strategiyası haqda Ümummilli Lider Heydər Əliyev demişdir: "Neft strategiyasının əsas prinsipləri ölkəmizin zəngin neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
Hesablamalara görə, Azərbaycanın karbohidrogen ehtiyatları, bütün kateqoriyaları üzrə 4 milyard tondan çoxdur ki, bu da ölkəmizin dünyanın ən iri neft regionları sırasında olduğunu göstərir. Yaxın gələcəkdə Azərbaycanda neft hasilatının önəmli dərəcədə yüksəlməsi, 2010-2015-ci illərdə isə 65 mln. tona çatacağı proqnozlaşdırılır.
Beləliklə, Azərbaycan neft sektorunun sürətli inkişafı ilə böyük irəliləyişlər əldə edib ki, bu da ümumi iqtisadi tərəqqinin əsasını qoyub. Neft sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi isə yeni bir prosesə təkan verib. Bu, strateji inkişaf konsepsiyasıdır.
Azərbaycan həm də iri qaz
ixracatçısına çevrilir
Son elmi araşdırmalara görə, Xəzərin Azərbaycan sektorundakı qaz ehtiyatlarının həcmi təxmin edildiyindən də çoxdur. ARDNŞ-də isə hesab edirlər ki, hazırda yalnız "Azəri-Çıraq-Günəşli" yatağının çıxarıla bilən karbohidrogen ehtiyatları təxminən 1 mlrd. ton neft və 0,3 trilyon kubmetr qaz həcmindədir. Qeyd edək ki, Azərbaycanın təbii qaz ehtiyatları 2 trilyon kubmetr həcmində qiymətləndirilirdi. Lakin son vaxtlar yeni kəşfiyyat məlumatları bu proqnozların daha artıq ola biləcəyini ortaya qoyub.
Belə ki, ötən ay Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizində yeni qaz yatağı aşkara çıxarıb. "Ümid" adlandırılan yatağın ehtiyatları 200 mlrd kubm həcmində qiymətləndirilir. Prezident İlham Əliyevlə görüşdə şirkətin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, əgər Azərbaycanın 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.
Azərbaycan üzrə, bütövlükdə, "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", "Ümid", "Babək", eləcə də, Xəzərin Azərbaycan sektorunda açıla biləcək qaz-kondensat yataqlarının imkanlarını nəzərə alaraq, qaz hasilatının həcminin 2015-ci ildə 50 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. İşin gedişi göstərir ki, bu məqsədə çatmaq üçün heç bir əngəl olmayacaq. Beləliklə, Azərbaycan dünyada ən böyük qaz ixracatçılarından birinə çevrilməkdədir. Bu da ölkəmizin beynəlxalq mövqelərini önəmli dərəcədə möhkəmləndirir.
Neft gəlirləri xalqın
rifahına sərf olunur
"Əsrin müqaviləsi" imzalanan ərəfədə Azərbaycanın neft ehtiyatlarının təxminən 30 illik olduğu proqnozlaşdırılırdısa, indi vəziyyət dəyişib. Bəzi ekspertlər Azərbaycanın hələ 100 illik neft-qaz ehtiyatlarının olduğunu güman edirlər. Onu da nəzərə almaq lazımdır ki, ölkənin təkcə Abşeron yarımadasında və Xəzərin Azərbaycan sektorunda deyil, həm də bir sıra bölgələrdə də neft-qaz ehtiyatları var. Dünya iqtisadi sistemində neftin və qazın nə dərəcədə ciddi rol oynadığına nəzərə salanda Ümummilli Lider Heydər Əliyevin nə üçün neft strategiyasını Azərbaycanın strateji inkişaf konsepsiyasının əsası hesab etdiyini dərk etmək olur. Ölkəmiz bu strategiyanın bəhrələrini yaşamaqdadır.
"BP"-nin hazırladığı proqnozlara görə, neftin bir barrelinin qiyməti 50-60 dollar olarsa, Azərbaycan neftdən 250 milyard dollar gəlir götürəcək. Ümumiyyətlə, qarşıdakı illərdə neftin orta illik qiymətinin ən azı 70-90 dollar aralığında dəyişəcəyi gözlənilir.
Göründüyü kimi, neft hasilatı və ixracı ildən-ilə artır. Hökumətin bundan istifadə edərək, qeyri-neft sektorunu inkişaf etdirmək cəhdləri beynəlxalq iqtisadi və maliyyə təşkilatları tərəfindən təqdir olunur.
Gələcək nəsillərin
əmanəti
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsi olan məsələlərdən biri də neftdən əldə olunan gəlirlərin Azərbaycan vətəndaşları arasında ədalətli şəkildə bölünməsi, ölkə iqtisadiyyatının sonrakı inkişafında rol oynaması və gələcək nəsillər üçün bir əmanət kimi saxlanılmasıdır. Neft gəlirlərindən bugünkü və gələcək nəsillərin mənafeyi naminə səmərəli istifadə olunması məqsədi ilə yaradılmış Dövlət Neft Fondunun fəaliyyəti tam şəffaflıq prinsipləri üzərində qurulub. Dünyanın ən mötəbər beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Neft Fondunun fəaliyyətindəki şəffaflığı daha yüksək qiymətləndirərək, 2007-ci ildə Şərq və MDB ölkələrinin dövlət təşkilatları arasında, ilk dəfə olaraq, "BMT-nin Dövlət Qulluğu Mükafatı"na layiq görüb.
Dövlət Neft Fondunun vəsaitlərinin xərcləndiyi ünvanlara diqqət yetirərkən Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı yada düşür: "Azərbaycanın karbohidrogen ehtiyatları və digər təbii sərvətləri, bütövlükdə, xalqın hər bir fərdinin sərvətidir. Ona görə də neft gəlirlərinin idarə edilməsi və xərclənməsi zamanı dövlət yüksək səviyyədə ədalət nümayiş etdirməlidir və bu yolu tutmuşuq".
Məhz ədalət yolunu tutan Azərbaycan dövləti neft gəlirlərinin toplandığı Dövlət Neft Fondunun vəsaitlərini, ilk növbədə, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının içməli su təminatı ilə bağlı yaranmış problemlərin həllinə, ölkənin meliorasiya- irriqasiya sisteminin inkişafına, "Bakı- Tbilisi-Qars dəmir yolu" layihəsinin tikintisinə və humanitar layihələrə sərf edib.
Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsində imzaladığı çoxsaylı layihələr, xüsusən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" da məhz Neft Fondu tərəfindən maliyyələşdirilir.
Neft gəlirləri təkcə bugünkü nəslin deyil, həm də gələcək nəslin firavan həyatını təmin etməyə qadirdir. Neft gəlirləri Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə yaradılmış Neft Fondunda yığılır ki, bu da ölkəmizin gələcək inkişafının qarantıdır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan artıq təkcə hazırkı nəslin deyil, həm də gələcək nəsillərin firavan həyatını indidən təmin edib.
Bu gün əminliklə, demək olar ki, həyata keçirilən bu siyasət sayəsində dövlətimizin iqtisadi qüdrəti bundan sonra daha da artacaq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edəcək və xalqımızın maddi rifah halı ildən-ilə yaxşılaşacaqdır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 4 fevral.- S. 7.