40 gün sənsiz...

 

Və yaxud gözəl bir insanın hekayəti

 

Bu gözəl ziyalı insan haqqında yazı yazmaq mənim üçün həm ağır, həm də çox şərəfli bir vəzifə borcu oldu. Bu ağrıları ona görə keçirdim ki, 8 il bir təşkilatda işlədiyimiz dövr ərzində Ramiz Bağırlı vücudu, onun ali şəxsiyyəti gözüm önündə kino lenti kimi ötdükcə, bir vətəndaş kimi bu xalqın kiçik yaradıcı nümayəndəsi kimi pərişan oldum və qəlbən kövrəldim. Göz yaşlarımla bu misralar vərəqlərə süzüldü:

 

Yaxşıları aparmaq

Fələyin vərdişidi

Fərman Allahdan deyil,

Bu, iblisin işidi.

 

Mən Ulu Öndərimiz Heydər Əliyevin şəxsi göstərişi ilə 2002-ci ilin dekabr ayının 27-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İxtisaslaşdırma və İxtisasartırma İnstitutuna direktor təyin olunduğum gündən bu gözəl ziyalı, əsil tərbiyə məktəbi keçmiş oturuşunda-duruşunda alicənablığı ilə hamıdan fərqlənən dilindən nəciblik, lətafət, dürr tökülən insanla yaxından tanış oldum. Yaş fərqimiz beş yaş olsa da, sanki mən özümü daha yüksəkdə dayanan əsil müəllim, əsil ziyalı və daha doğma ata qarşısında hiss etdim. Doğurdan da, Ramiz müəllim əsil tərbiyə məktəbi idi. Çünki o, Ulu Öndərimiz Heydər Əliyev məktəbinin ən əlaçı, sevimli şagirdlərindən biri olmuşdu. Ramiz müəllim rəhmətlik, əbədiyaşar Heydər Əliyevi xatırlayarkən, həmişə gözləri dolub kövrəlirdi və bu sözləri deyirdi: "Mən bütün ömrüm boyu Bu Dahi şəxsiyyətə minnətdaram. Bu halal çörəyi O mənə verib. Uzaq Göyçaydan Bakıya gəlib fəhləlikdən Gəncə kimi iri sənaye şəhərinin birinci katibi olmağım, SSRİ Ali Sovetinə deputat seçilməyim, döşümü orden və medalların bəzəməsi və bütün ailə problemimin həlli Ulu Öndərimizin adı ilə bağlıdır. Onunla işlədiyim birgə dövr ərzində özümə və işimə qarşı həmişə məsuliyyətli olmuşam. Çalışmışam ki, Heydər Əliyev şəxsiyyətinin inamını itirməyim. Verdiyi bütün tapşırıqları və göstərişləri hər zaman canla-başla yerinə yetirmişəm".

İnstitutumuzda Ramiz müəllim Yeni Azərbaycan Partiyasının yaranmasının ilk təşəbbüskarı olmuşdu. O, tez-tez gənc işçilərlə söhbətində Ulu Öndərimiz Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan danışar, Onun vətənə, xalqa dərindən bağlılığını gənclərimizə də tövsiyə edirdi. Ramiz müəllim doğma vətəni Azərbaycanı canından artıq sevirdi. O, çalışırdı ki, bugünkü müasir gənclər müstəqil Azərbaycanımızın əsil gözəl, layiqli aparıcıları olsunlar.

Bu gün 40 gündür ki, Ramiz Bağırlı aramızda yoxdur. İnstitutumuzun bütün əməkdaşlarının üzündən təbəssüm, gülüş sanki qeybə çəkilib. Oturduğu kabinetə, boş qalan stuluna baxdıqca, ürəyimizdən qara qanlar axır. Sanki onun ruhu qulağımıza bu sözləri pıçıldayır: "Sükanı bərk tutun. İnstitutumuzun şərəfini, şöhrətini günü-gündən ucaldın. Həmişə məsuliyyətli və ciddi olun. Mənim sizə öyrətdiyim iş qaydalarına riayət edin. Bu, belə olsa, onda bilin ki, mənim də ruhum sizin yanınızdadır və şaddır".

Allah sənə rəhmət eləsin, Ramiz müəllim. Sən direktor müavini yox, əsil ağsaqqal, institutumuzun rəhbəri kimi qəlbimizdə həmişəlik qaldın. Səndən biz həyat məktəbini, həyatı sevməyi öyrəndik. Düzlüyü, halallığı, vətənə bağlılığı öyrəndik. Qoy Tanrı sənin yarımçıq ömrünü övladlarına, nəvələrinə versin. Onların toylarında sənin adından mən danışım. O gül balalara səadət, xoşbəxtlik diləyim.

 

 

RAMİQ MUXTAR

 

Səs.- 2011.- 4 fevral.- S. 10.