Azərbaycan öz siyasətini
yalnız Azərbaycan xalqının maraqlarına uyğun
şəkildə formalaşdırır və həyata
keçirir
Yeni Azərbaycan Partiyası Sədrinin müavini -
İcra katibi Əli Əhmədovun "Trend"ə
müsahibəsi
- Yeni Azərbaycan Partiyası
2011-ci il üçün fəaliyyət planını
təsdiqlədi. Bu planda nələr nəzərdə tutulur
və YAP üçün nə dərəcədə
uğurlu olacaq?
- 2008, 2009
və 2010-cu illər Azərbaycanın siyasi həyatı
üçün zəngin və maraqlı olub. Dalbadal
prezident, bələdiyyə və parlament seçkiləri
keçirilib. Yeni Azərbaycan Partiyasının
fəaliyyəti də başlıca olaraq bu seçki
kampaniyalarının təşkili, həyata keçirilməsi
ilə bağlı olub. YAP seçki kampaniyalarının
hər üçündə böyük uğurlar
əldə edib, hər üç seçki
kampaniyasının qalibi ola bilib. Təbii ki, üç il
ərzində YAP-ın fəaliyyətinin əsas hissəsi,
əsas diqqətimiz bu seçki kampaniyalarının
təşkilinə yönəldilib. 2011-ci ildən 2013-cü
ilə qədər Azərbaycanda seçki kampaniyaları
nəzərdə tutulmur. Bu mənada, qeyd etmək olar ki,
nisbətən bu illər partiyalar, o cümlədən, YAP
üçün sərbəst illər kimi
qiymətləndirilə bilər. İstəyirik ki, bu
illərdə partiyadaxili işlərimizə daha çox
diqqət yetirək. Partiyanın daxili strukturlarının
işinin təkmilləşdirilməsi, yerli strukturlarla
əlaqələrin möhkəmləndirilməsi və
gücləndirilməsi, fəaliyyətimizin və
fəaliyyət üsullarının
təkmilləşdirilməsi üzərində
düşünək. Hesab edirik ki, 2010-cu ildə yerli
strukturlarımızda, yerli şəhər və rayon
təşkilatlarımızda konfransların
keçirilməsi üçün imkanlarımız olacaq ki,
biz bu imkandan faydalanacağıq. Digər tərəfdən,
YAP bu il ərzində partiyanın gənclər qolunun
təkmilləşdirilməsi və gücləndirilməsi
istiqamətində müəyyən addımlar atmağı
planlaşdırır. Deyərdim, kiçik
təşəbbüslər artıq edilib. Bir neçə
gün bundan öncə YAP-ın Gənclər Birliyinin
Qəbələdə əzəmətli konfransını
keçirdik. Gənclər Birliyinin yeni rəhbəri və
strukturları seçildi. Bunun özü də YAP-ın
Gənclər Birliyinin fəaliyyətinin daha da
gücləndirilməsinə yardımçı olacaq.
Digər tərəfdən, hesab edirik ki, bu illər Yeni
Azərbaycan Partiyasının beynəlxalq
əlaqələrinin genişləndirilməsi
üçün də əlverişli imkan yaradır.
YAP-ın çox geniş beynəlxalq əlaqələri
artıq mövcuddur, Qərb ölkələrində
fəaliyyət göstərən bir sıra partiyalar ilə
əlaqə saxlayırıq və bu əlaqələri daim
genişləndiririk. Avropanın sağ
partiyalarının birliyi olan Avropa Xalq Partiyası ilə Yeni
Azərbaycan Partiyası arasında çox yaxşı
münasibətlər qurulub və inkişaf etdirilir. Şərq
ölkələrində fəaliyyət göstərən
partiyalarla da Yeni Azərbaycan Partiyasının yaxşı
münasibətləri var və bundan sonra da inkişaf
etdirmək niyyətindəyik. Yeni Azərbaycan Partiyası
Asiya Siyasi Partiyalarının Beynəlxalq
Assosiasiyasının idarə heyətinin üzvüdür.
Bütün bunların hamısı bizə imkan verir ki,
beynəlxalq münasibətlər, beynəlxalq
əlaqələr sahəsində işimizi daha da
genişləndirək.
Yeni
Azərbaycan Partiyası ölkənin ictimai-siyasi
həyatında daim yaxından iştirak edib. 2011-ci ildə bu
istiqamətdə də fəaliyyətimizi davam
etdirəcəyik ki, partiyamızın ictimai dayaqları, ictimai
əlaqələri daha da möhkəmlənsin. Yeni
Azərbaycan Partiyasının sıralarında artıq 530
minə yaxın insan cəmləşib. Sıralarımız
ildən-ilə genişlənir. Hər il Yeni Azərbaycan
Partiyasının sıralarına 25-30 min yeni üzvlər
qəbul olunur. 2010-cu ildə YAP-ın sıralarına 32 min
nəfər qəbul olunub. Güman edirəm ki,
2011-ci ildə də bu meyillər davam edəcək və
bütün işlərin həyata keçirilməsi Yeni
Azərbaycan Partiyasının onsuz da çox əzəmətli
olan ictimai dayaqlarının daha da
möhkəmlənməsinə imkan yaradacaq.
- Yeni Azərbaycan
Partiyasının beynəlxalq əlaqələrinin
genişlənməsi Dağlıq Qarabağ probleminin
həllinə necə təsir edir?
-
Ayrı-ayrı ölkələrdəki çox mühüm
və böyük siyasi partiyalar ilə əlaqələr
qurmağımız, sadəcə olaraq, əlaqə yaratmaq
xatirinə həyata keçirilmir. Bütün
bunlarda qarşımıza qoyduğumuz məqsəd
Azərbaycanı daha da tanıtmaq, Azərbaycan
reallıqlarını həmin ölkələrin siyasi
dairələrinə çatdırmaq, o cümlədən
də, Qarabağ problemi ilə bağlı Azərbaycanın
mövqeyini onların nəzərinə yetirməkdən
ibarətdir. Bu istiqamətdə də əlaqələr
qurduğumuz siyasi partiyalar ilə çox ciddi
əməkdaşlıqlar edirik. Avropa Xalq
Partiyası ilə əməkdaşlığımız
çərçivəsində həmin partiyanın
rəhbərliyi ilə, o cümlədən, partiyanın
prezidenti, Avropanın siyasi dairələrində çox
böyük nüfuz sahibi olan Vilfred Martens ilə
ətraflı söhbətlərimiz olub, Azərbaycanın
mövqeyi onların nəzərinə
çatdırılıb. Təqdim etdiyimiz mövqe və
məntiq onlar tərəfindən anlaşılaraq qəbul
olunub. Bütün bunlar Dağlıq Qarabağ
həqiqətlərinin beynəlxalq aləmdə təqdim edilməsinə
əhəmiyyətli töhfə verir. Partiyalararası
münasibətlər çərçivəsində
Dağlıq Qarabağ problemi ilə bağlı
Azərbaycanın mövqeyini təbliğ edə bilirik.
Azərbaycan torpaqlarının işğaldan azad olunması
tələbinin haqlı olduğunu onların diqqətinə
və nəzərinə çatdırırıq.
Şərq
ölkələrində fəaliyyət göstərən
partiyalar ilə əlaqələrimiz kontekstində də eyni
mövqe ortaya qoyulur. Asiya Siyasi Partiyalar
Beynəlxalq Assosiasiyası çərçivəsində
keçirilən bütün tədbirlərdə
Dağlıq Qarabağ ilə bağlı Azərbaycanın
mövqeyi ortaya qoyulub və Assosiasiya üzvü olan
partiyaların səsləndirdiyi bəyanatlarda bu
məsələ öz əksini tapıb. Məsələn,
2006-cı ildə Koreyanın paytaxdı Seul
şəhərində keçirilən toplantıda qəbul
olunan bəyannamədə, bütövlükdə,
təcavüzkarlığa qarşı mübarizənin aparılması
açıq şəkildə öz əksini tapıb. 2009-cu
ilin dekabrında Qazaxıstanın paytaxtı Astana
şəhərində, yenə də Asiya siyasi partiyalarının
beynəlxalq müşavirəsində qəbul olunan
bəyannamədə də Dağlıq Qarabağ probleminin
ədalətli həlli ilə bağlı açıq
şəkildə fikir ifadə olunub. Bunlar Yeni
Azərbaycan Partiyasının əlaqələr qurduğu
partiyaların rəhbərliyinə və
təmsilçilərinə Azərbaycanın Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı
mövqeyinin, sadəcə olaraq, çatdırılması
deyil, həm də bu mövqeyin bu və ya digər
dərəcədə həmin
partiyaların təmsilçiləri tərəfindən
qəbul olunmasına əhəmiyyətli kömək
göstərir. Əməkdaşlıq,
bütövlükdə, Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması istiqamətində
Azərbaycan hökuməti tərəfindən aparılan
genişmiqyaslı və səmərəli
fəaliyyətə əhəmiyyətli töhfə verə
bilir.
- Son dövrlərdə
İrandakı bəzi dairələrin Azərbaycanın daxili
işlərinə qarışmaq cəhdlərinin şahidi
oluruq. Bu cür hallar nədən qaynaqlanır?
- Azərbaycan Respublikasının həyata
keçirdiyi siyasətin vacib prioritetlərindən və
istinad etdiyi dəyərlərdən biri ondan ibarətdir ki,
biz heç kimin daxili işlərinə
qarışmırıq və heç kimin Azərbaycanın
daxili işlərinə qarışmasını məqbul
saymırıq. Bu, seçdiyimiz xarici siyasətin vacib
dəyərlərindən biridir. Bu mənada, hansısa bir
dövlətin Azərbaycanın daxili işlərinə
müdaxilə etmək cəhdlərini qətiyyətlə
pisləyirik. Digər tərəfdən,
Azərbaycan elə bir ciddi əsaslara söykənən
qüdrətli dövlətə çevrilib ki, onun daxili
işlərinə kiminsə müdaxilə etməsi, sadəcə
olaraq, mümkün deyil. İndi Azərbaycan öz siyasətini
yalnız Azərbaycan xalqının maraqlarına uyğun
şəkildə formalaşdırır və həyata
keçirir. Kimlərinsə buna maneçilik
törətmək, Azərbaycanın daxili işlərinə
müdaxilə etmək imkanları və potensialı mövcud
deyil.
O ki qaldı
İranın Azərbaycanın daxili işlərinə
müdaxilə etmək cəhdlərinə, bunu
qətiyyətlə pisləməklə yanaşı,
ayrıca vurğulamaq istərdim ki, İran Azərbaycanla
qonşu dövlətdir. Qonşuluqdan savayı İranı
Azərbaycanla bağlayan çoxlu tarixi köklər var.
İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır.
Onlar İran vətəndaşları olsalar da,
azərbaycanlıdırlar. Bizim
qardaşlarımızdırlar. Bütün bunların
hamısı İran-Azərbaycan münasibətlərinə
xüsusi kolorit, xüsusi məna, məzmun gətirir. Bunlar
mütləq şəkildə İran tərəfindən
nəzərə alınmalıdır. Digər
tərəfdən, Azərbaycan özünün həyata
keçirdiyi siyasətdə İranın maraqlarına toxuna
biləcək hər hansı bir addım atmayıb. Bu da
mütləq şəkildə İran tərəfindən
nəzərə alınmalıdır. Bütün
bunların fonunda, bütün bunların reallıq olduğu
bir halda İranın Azərbaycanın daxili işlərinə
qarışmaq cəhdi, Azərbaycanı bəzi hallarda
aşağılamaq məqsədi güdən bəyanatlar
səsləndirməsi, İran televiziyasında bu cür
verilişlərin yer alması, hesab edirəm ki,
qonşuluq münasibətlərinə, İran-Azərbaycan
tarixi əlaqələrinə xas olmayan, ləkə
gətirən cəhdlərdir. Eyni zamanda, hesab edirəm ki,
İran tərəfi bütün bunlara açıq
şəkildə münasibətini bildirməlidir.
Bilirsiniz ki,
Ermənistanla Azərbaycan arasında olan münaqişə
nəticəsində Azərbaycanın ərazilərinin 20
faizdən çoxu işğal olunub. Bunların fonunda bir
yandan guya dünya müsəlmanlığının
müdafiəsində dayanan İran tərəfindən
Ermənistana çox ciddi şəkildə kömək
göstərilir. Bu sahədə İran tərəfinin
fəaliyyəti son zamanlar xüsusilə genişlənib. Bu, onların rəsmi şəkildə dünyaya
dəfələrlə bəyan etdikləri mövqeyə, onun
məntiqinə və fəlsəfəsinə uyğun
gəlmir. Əlbəttə, demək istəmirəm ki,
İran tərəfi Ermənistan-Azərbaycan
münaqişəsinə dini prizmadan yanaşsın. Xeyr, bütün dünya tərəfindən və
beynəlxalq qurumlar tərəfindən Ermənistan
işğalçı dövlət kimi birmənalı
şəkildə qəbul olunur və reallıq da bundan
ibarətdir ki, Ermənistan öz havadarlarının
köməyi ilə Azərbaycanın iyirmi faiz
torpağını işğal edib və bu günə
qədər də işğal etdiyi torpaqlardan geri
çəkilmək istəmir. Ermənistana hər hansı
bir dəstək, kimin tərəfindən
göstərilməsindən asılı olmayaraq,
əslində, işğalçılığın
dəstəklənməsi deməkdir. Dünya,
birmənalı olaraq, işğalçılığa
qarşı mübarizə apardığı halda,
İranın işğalçı dövlətə
istər mənəvi, istər maddi dəstək verməsi
təkcə Ermənistanın və ya Azərbaycanın
düşməninin dəstəklənməsi deyil, həm
də təcavüzkarın, haqsızlığın,
ədalətsizliyin dəstəklənməsidir. Çox
arzulayardım ki, İran hakimiyyəti,
bütövlükdə, dünyada ədalət prinsipləri
haqqında bəyanatlar səsləndirərkən, bunu da
nəzərə alsın.
Digər
tərəfdən, Ermənistanın İran
tərəfindən dəstəklənməsi hər bir
Azərbaycan vətəndaşını, nəinki narahat edir,
həm də onda anlaşılmaz hisslər və duyğular
yaradır. Azərbaycanlılar və
Azərbaycan vətəndaşı iranlılardan və
İrandan tamamilə başqa münasibəti
gözləyirdilər və hesab edirəm ki, buna haqları da
var. Ən azından İranda çoxlu sayda etnik
azərbaycanlıların yaşadığını
nəzərə alsaq, hesab edirəm ki, İran hakimiyyəti tərəfindən
Azərbaycana qarşı təcavüz etmiş
Ermənistanın - təcavüzkar dövlətin
dəstəklənməsi yolverilməz haldır. Bütün
bunların fonunda İranın Azərbaycanın daxili
işlərinə qarışmaq cəhdlərini kəskin
şəkildə pisləyirik. Həm Azərbaycanda, həm
İranda Azərbaycan-İran parlament dostluq qrupları
fəaliyyət göstərir. Çox yaxşı olardı
ki, onlar bir araya gəlib bu məsələləri
müzakirə etsinlər. Dövlətlərimiz arasında
münasibətlərin korlanmasına gətirib çıxara
biləcək hərəkətlərə son qoymaq haqqında
ümumi bir məxrəcə gəlməyə ehtiyac var.
İddia edirlər ki,
iqtidarın apardığı siyasət nəticəsində
demokratik müxalifət tədricən zəifləyir və
sıradan çıxır. Bunun nəticəsi olaraq
yaranmış boşluğu siyasi islam tutmağa
başlayır və Azərbaycanda radikal islamla bağlı
problemlər yaranmağa başlayır. Sizin bu kimi iddialara
cavabınız necə olacaq?
-
Əvvəla, Azərbaycanda bəzi müxalifət partiyalarının,
xüsusilə də, radikal müxalifətin
mövqelərinin zəifləməsinin Azərbaycan
hökumətinin siyasəti ilə
əlaqələndirilməsini düzgün yanaşma hesab
etmirəm. Düşünürəm ki,
Azərbaycanda insanların sərbəst şəkildə
siyasi mövqelərini ifadə etməsi üçün,
siyasi fəaliyyətlə məşğul olması
üçün həm qanunvericilik səviyyəsində,
həm də praktik siyasət səviyyəsində lazım
olan imkanlar və şərait yaradılıb.
Azərbaycanda çoxlu sayda siyasi partiyalar fəaliyyət
göstərir. Azərbaycanda qeydə alınmış,
mövcud olan partiyaların mütləq əksəriyyəti
də müxalif yönümlü partiyalardır.
O başqa
məsələdir ki, Azərbaycanda bir sıra müxalif
yönümlü siyasi partiyalar səmərəli
şəkildə fəaliyyət göstərə
bilmirlər. Düşünmürəm ki, bütün
bunların səbəbləri haqqında geniş
şəkildə danışmaq imkanlarımız var. Amma
çox qısa şəkildə bəzi
məsələləri qeyd etmək istəyirəm.
Azərbaycanda qırxdan yuxarı qeydə alınan siyasi
partiya var. Kiçik Azərbaycanda bu qədər siyasi
partiyanın səmərəli şəkildə
fəaliyyət göstərməsi imkanları mövcud deyil.
Deməli, müxalifət qüvvələri özlərinin
partiya yaratmaq həvəsinin həddən artıq çox
olması nəticəsində parçalanıblar,
dağılıblar. Bunların mövqelərinin zəif
olmasının səbəblərindən biri budur. Digər tərəfdən, uzun müddət uğur
əldə edə bilməyən müxalifət
partiyalarının nə siyasətində, nə
tərkiblərində hər hansı bir islahat həyata
keçirilməyib. Üçüncü bir
tərəfdən, onlar işlərində ona görə
uğur qazana bilmirlər ki, insanlar tərəfindən
dəstəklənə biləcək hər hansı bir
bəyanat və yaxud proqramlar
müəyyənləşdirə bilməyiblər. Onların
mövqelərinin zəif olması, bilavasitə,
özlərinin fəaliyyətinin, seçdikləri
fəaliyyət strategiyasının birbaşa
nəticəsidir. Mütləq şəkildə qeyd
olunmalı cəhətlərdən biri də odur ki,
Azərbaycan müxalifəti cəmiyyətin
istəklərindən fərqli olaraq, radikallaşmaya meyil
edirlər. Azərbaycan cəmiyyəti radikalizmi qəbul
etmək istəmir. Bu, Azərbaycanın son illər
ərzində ictimai-siyasi sabitliyinin ortaya qoyduğu
reallıqdan biridir. İnsanlar ictimai və siyasi sabitliyi
yüksək qiymətləndirirlər və radikalizmi, aqressivliyi
ölkəmizdə hamı üçün faydalı
sayılan ictimai-siyasi sabitliyə təhlükə
sayırlar. Müxalifət nə qədər
radikallaşırsa, aqressiv metodlara əl atırsa, o
dərəcədə ictimaiyyət və insanlar arasında
dayaqlarını itirir. Siz bunu son bir neçə ilin
təcrübəsi əsasında da təhlil edib görə
bilərsiniz. Son bir neçə ildə Azərbaycan
müxalifətinin mövqelərinin ciddi şəkildə
itirilməsinin çox mühüm səbəblərindən
biri bir sıra müxalifət partiyalarında radikalizm
meyillərinin güclənməsidir. Azərbaycan
müxalifəti həyatın müasir
tələblərindən əhəmiyyətli
dərəcədə geriyə qalıb və 2011-ci ildə
90-cı illərin ortalarının şüarları ilə
insaları cəlb etmək və maraqlandırmaq mümkün
deyil. Azərbaycan sürətlə inkişaf edir,
dəyişib. İnsanların həyat səviyyəsi
əhəmiyyətli dərəcədə yüksəlib. Bu,
Azərbaycanın danılmaz reallıqlarıdır. Təbii ki, bütün bu reallıqlar
istiqamətində işini uğurla quran Yeni Azərbaycan
Partiyasının mövqeləri möhkəmlənir,
sıraları genişlənir. Əgər YAP-ın
sıralarına hər il 25-30 min civarında yeni üzvlər
cəlb olunursa, bu, o deməkdir ki, müxalif
partiyaların mövqeləri zəifləyir, Azərbaycan
vətəndaşları, xüsusilə də, gənclər
daha çox YAP-ın onların istəklərinə və
maraqlarına uyğun siyasət həyata keçirdiyini
dərk edirlər. Bütün bunların fonunda siyasi
partiyaların ictimai mövqeyinin parametrlərini
müəyyənləşdirən proseslər gedir. O ki
qaldı siyasi proseslərdə islam faktoru
məsələsinə, mən müəyyən
dərəcədə belə bir meyilin olduğunu qeyd
etməklə yanaşı, buna kəskin şəkildə
mənfi münasibətimi bildirmək istəyirəm. Dinin
siyasiləşməsi heç bir ölkəyə hər
hansı siyasi dividend və heç bir xalqa uğur
gətirməyib. Din tamam başqa bir müstəvidə
fəaliyyət göstərməli olan ictimai hadisədir.
Dinin siyasiləşməsi siyasətə onun mahiyyətini
dəyişən elementlərin gəlməsi ilə
müşayiət oluna bilər. Ona görə də heç
bir ölkədə, o cümlədən, Azərbaycanda dinin
siyasətə müdaxilə etməsini məqbul saymıram.
Biz hamımız birlikdə dinin ölkəmizdə siyasi
proseslərə müdaxilə etməsinə ciddi
şəkildə sinə gərməliyik.
Xüsusilə
də, dini radikalizmin siyasi proseslərə müdaxilə
etməsini xoşagəlməz hal hesab edirəm. Ona görə də ölkənin bütün siyasi
dairələrinin, o cümlədən, siyasi partiyaların
qarşısında duran bir nömrəli vəzifəni dinin
siyasətə müdaxilə etməsinə ciddi
müqavimət göstərilməsində, dini radikalizmin yer almasına
imkan verilməməsində görürəm. Bu, hər
bir vətəndaşın, hər bir siyasi
təşkilatın öz vətəndaşlıq mövqeyi
kimi qəbul olunmalı olan məsələlərdən
biridir. Amma onu da vurğulamaq istəyirəm ki, belə bir
vakuumun yaranması elə həddə çatmayıb ki, indi
onu xüsusi təhlükə kimi qeyd edək. Ancaq hər
kəsin ayıq-sayıq olması vacib
şərtlərdən biridir. Bu mənada ki, siyasət
elə bir sfera sayılmalıdır və elə bir sfera kimi
də qorunub saxlanmalıdır ki, orada din elementləri,
nəinki həlledici amilə, bütövlükdə, siyasi
proseslərə təsir edə biləcək prosesə
çevrilməsin. Azərbaycandakı sabitlik də,
əmin-amanlıq da, inkişaf da Azərbaycanın
dünyəvi dövlət olması ilə
əlaqədardır. Heç vəchlə Azərbaycanın
dünyəvi dövlətçilik prinsiplərinə,
siyasətimizin dünyəvi məzmununa kənar və
təhlükəli elementlərin daxil olmasına imkan
verməməliyik.
- Bir müddət öncə, Yeni
Azərbaycan Partiyası siyasi partiyaların yenidən
qeydiyyatdan keçirilməsi ilə bağlı
təkliflər səsləndirdi və bu mövzuya ölkə
mətbuatı da geniş yer ayırdı. Siz bu prosedurun
hansı formada aparılmasını təklif edirsiniz?
-
İfadələri gərək düzgün
işlədək. Partiya belə bir təklif verməyib,
partiyanın belə bir ümumiləşmiş təklifi
olmayıb. Ayrı-ayrı partiya təmsilçiləri, o
cümlədən, bəzi hallarda mən özüm də
siyasi partiyalar haqqında qanunun dəyişilməsinə
ehtiyac olması barədə təklif səsləndirmişik.
Prinsip etibarilə, hesab edirəm ki, hər bir qanunun
təkmilləşməyə ehtiyacı var, o
cümlədən də, siyasi partiyalar haqqında qanunun. Amma
digər tərəfdən, onun da fərqindəyəm ki,
Azərbaycanda "Siyasi partiyalar haqqında" qanun
fəaliyyət göstərir və məhz elə bunun
nəticəsində qeyd etdiyim kimi, 40-dan yuxarı partiya
qeydiyyatdan keçib. Bəziləri fəaliyyət
göstərir, bəziləri isə, faktiki olaraq,
fəaliyyət göstərmir və bunların sadəcə
adı qalıb. Arzu edərdim ki, Azərbaycanda siyasi
partiyaların fəaliyyətində və
ümumiyyətlə, mövcudluğunda nizam-intizam
yaradılsın. Mövcud olan siyasi partiyalardan təxminən
10-u Azərbaycanın siyasi mühitində fəaliyyət
göstərə bildiyini nümayiş etdirir. Yerdə qalanları
isə nə vaxtsa qeydiyyatdan keçiblər, lakin indi
onların rəhbərləri bəlkə də
müəyyən siyasi partiyanın başçısı
olduqlarını unudublar. Bəlkə də bu hala son qoymaq
vaxtı gəlib çatıb. Amma hesab etmirəm ki, bunun
üçün mütləq siyasi partiyalar haqqında qanun
dəyişdirilməlidir. Mövcud siyasi partiyaların
fəaliyyətini tənzimləyən qanunda da bunlar
nəzərdə tutulub. Eyni zamanda, bu, o demək deyil ki, siyasi
partiyaların fəaliyyətini tənzimləyən qanunun
təkmilləşdirilməsinə ehtiyac yoxdur. Xeyr, var. Bu
barədə düşünmək, fikirləri daha da cilalamaq
lazımdır ki, mövcud qanun yalnız
dəyişdirilmək xatirinə deyil, daha yaxşı
işləmək xatirinə yeniləşsin.
Bu gün
Azərbaycanda siyasi partiyalar haqqında qanunun
təkmilləşdirilməsi təklifini çox
ciddi-cəhdlə irəli sürənlərin
arqumentlərindən biri və hətta ən əsası
siyasi partiyaların maliyyələşdirilməsi ilə
əlaqədardır. Bu məsələyə
də prinsip etibarilə müsbət yanaşıram.
Ölkəmizdə siyasi partiyaların fəaliyyətinin
maliyyələşdirilməsinə yeni yanaşmaya ehtiyac var,
amma siyasi partiyaların fəaliyyət göstərməsi
üçün yeganə şərt onun dövlət
tərəfindən maliyyələşdirilməsi deyil.
Dünyanın heç bir yerində siyasi partiyalar
dövlətdən maliyyələşdiyinə görə
fəaliyyət göstərmir. Çoxlu sayda
ölkələrin adını çəkmək olar ki, bu
ölkələrdə partiyalar dövlət
tərəfindən maliyyələşdirilmir. Bir sıra
ölkələrdə partiyaların normal şəkildə
fəaliyyət göstərməsi üçün
dövlət tərəfindən müəyyən
kömək göstərilir. Amma dövlət
tərəfindən göstərilən maliyyə
yardımı o ölkələrdəki partiyaların
fəaliyyət göstərməsi üçün
yetərli deyil. Bu, sadəcə olaraq, partiyaların
fəaliyyətinə müəyyən dərəcədə
dövlət dəstəyidir. Elə bir
ölkəni nümunə gətirmək mümkün deyil ki,
orada siyasi partiyalar yalnız dövlətin verdiyi vəsait
hesabına fəaliyyət göstərirlər.
Əslində, siyasi partiyaları bu və ya digər ictimai
qrup siyasi proseslərdə fəal iştirak etmək və
uğurlu siyasət həyata keçirə
biləcəkləri halda hakimiyyətdə təmsil olunmaqdan
ötrü yaradır, onun maliyyələşmə
formalarını və mənbələrini müəyyən
və təmin edir. Beləliklə,
ayrı-ayrı qrupların maraqlarını ifadə edən
təşkilatlar meydana gəlir və həqiqi mənada, o
qrupun maraqlarını ifadə edə bilirsə, hakimiyyət
iddialarını ortaya qoyursa, həmin qruplar da qanuni
şəkildə o təşkilatların fəaliyyət
göstərməsi üçün lazımi şəraiti
yaradır. Belə deyək, üzvlük haqları,
ianələr vermək və s. vasitəsi ilə
maliyyələşdirir, digər zəruri fəaliyyət
resursları ilə təmin edir. Dünyada formalaşmış,
geniş yayılmış həlledici təcrübə bundan
ibarətdir. Və bu, təkcə ondan ötrü edilmir ki, bu
və ya digər qrupun ümumiləşmiş
maraqlarını ifadə edən hər hansı bir qurum
yaradılsın və onun üçün maliyyə
mənbələri təmin edilsin. Bunun ən
böyük mənası və məntiqi ondan ibarətdir ki,
məhz bu yolla bir yandan cəmiyyət formalaşmış
qurumların nə dərəcədə onları yaratmış
qrupun marağını ifadə etdiyini göstərir, ikinci
bir tərəfdən isə formalaşmış qrup bu
marağı nə dərəcədə ifadə
etmək iqtidarında olduğunu sübut etmiş olur.
Məsələn, ABŞ-da prezident seçkilərində
namizədlərinin seçki kampaniyasını
keçirmək üçün partiyaya və onun
namizədinə cəmiyyətin daha çox maliyyə
dəstəyi göstərdiyi partiyalar qalib gəlirlər. Ona
görə yox ki, onlar çox pul yığıblar. Onlar daha
çox insan onu dəstəklədiyinə görə,
çox pul yığa biliblər. Yəni
partiyanın üzvlük haqları sadəcə onun fəaliyyətinin
maliyyə mənbəyi demək deyil - baxmayaraq ki, bu
maliyyə olmadan partiya fəaliyyət göstərə
bilməz - həm də o partiyanın nə
dərəcədə cəmiyyət tərəfindən
dəstəkləndiyinin ən bariz ifadəsidir. Bu
mənada, partiyaların özlərini
maliyyələşdirməsi cəmiyyət
tərəfindən onların nə dərəcədə
dəstəkləndiklərinin ifadəsi kimi başa
düşülməlidir. Bu, partiyaların dövlət
tərəfindən maliyyələşdirilməsinə
qarşı çıxmağım kimi qəbul
olunmamalıdır. Mən də Azərbaycan dövlətinin
siyasi partiyaların dəstəklənməsinə kömək
etməsinin tərəfdarıyam. Amma digər
dövlətlərlərdə olduğu kimi, Azərbaycanda da
partiyalara dövlət tərəfindən edilən yardım
həmin partiyaların fəaliyyət
göstərməsinə kifayət edəcək qədər
olmayacaq. Dövlət öz üzərinə öhdəlik
götürmür ki, hərə gündə bir partiya yaradacaq,
dövlət də onu maliyyələşdirəcək.
Dövlət yalnız müəyyən prinsiplər
əsasında, xüsusilə də parlamentdə təmsil
olunma prinsipləri əsasında partiyaların
maliyyələşdirilməsinə yardım
göstərə bilər. Mən prinsip etibarilə bunun
əleyhinə deyiləm. Bu fikirləri sadəcə ona
görə dedim ki, "Siyasi partiyalar haqqında" qanunun
təkmilləşdirilməsi üçün
təkliflər irəli sürülərkən, daha çox
bu arqumentə istinad edilir. Azərbaycanda siyasi partiyaların
fəaliyyətinin təkmilləşdirilməsinə, bu
sahədə bir nizam-intizam yaradılmasına, bunun
üçün də qanunvericilik bazasının
təkmilləşdirilməsinə ehtiyac hiss olunduğunu
bildirmək istəyirəm. Güman edirəm ki, bu
barədə düşünmək və işləmək
lazımdır.
Səs.- 2011.- 5 fevral.- S. 3-4.