Korrupsiyaya qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir

 

Azərbaycanda şəffaflığı təmin etmək üçün zəruri addımlar atılır

 

Azərbaycan Prezidenti canab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclası ölkə ictimaiyyətində geniş maraq doğurub. Komissiyanın iclasından sonra dövlət qurumlarında geniş kollegiya iclasları keçirilir, müvafiq qərarlar qəbul olunur.

Bizimlə həmsöhbət olan millət vəkilləri də bu cür məsələlərin təqdirəlayiq olduqlarını vurğulayıblar. Bildiriblər ki, ölkəmiz günü-gündən inkişaf edir. Bütün sahələrdə uğurlar təmin edilir. Məhz bu böyük yüksəlişə kölgə salan neqativ halların isə heç bir halda yolverilməz olduğun söyləyən millət vəkilləri cəmiyyətin də bu məsələdə aktivlik nümayiş etdirməsinin vacibliyini önə çəkiblər.

 

Eldar İbrahimov: "Ölkəmizin əldə etmiş olduğu uğurlara kölgə salan hərəkətlər yolverilməzdir"

 

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov yanvar ayının 27-də Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz  Mehdiyevin rəhbərliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının geniş iclasında bir çox məsələlərə toxunulduğunu bildirdi. Qeyd etdi ki, bu iclasda, həqiqətən, ölkədə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin proqram xarakterli həyata keçirilməsi önə çəkilib. Rüşvətxorluq və korrupsiya olan ölkələrdə iqtisadi, siyasi sahədə heç bir uğurun təmin edilmədiyini bildirən E.İbrahimov Azərbaycanda bu cür halların heç bir mənada baş vermədiyini və ölkəmizin günü-gündən öz inkişafının yüksək pilləsinə doğru irəlilədiyini söylədi. "Amma bütün bunların müqabilində isə Azərbaycanı  korrupsiyalaşmış ölkələrlə müqayisə etməyin yolverilməz olduğunu hər kəs çox gözəl bilir. Çünki cəmiyyətimiz özünün bütün imkanlarını və prinsiplərini müəyynləşdirməyi çox gözəl bilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, hər bir halda bu sahədə çatışmazlıqların qalması da zəruri addımların atılmasını məqbul edib. Ona görə də, bu cür neqativ halların qarşısı vaxtında və zamanında alınır" -deyən E.İbrahimov məhz Korrupsiyaya Qarşı Mübarizə  Komissiyasının çox ciddi tədbirlər hazırladığını vurğulayıb. Bu cür əks tədbirlərin həyata keçirilməsinin də, hamı kimi onlar tərəfindən də, çox müsbət qarşılandığını bildirən millət vəkili cəmiyyət üzvlərinin də bu məsələdə aktiv olmasının vacibliyini dilə gətirib. Elə bu səbəbdən də, müəyyən dərəcədə neqativ hallara yol açan belə halların qarşısının alınmasının tərəfdarı olduğunu söyləyən E.İbrahimov ölkəmizin əldə etmiş olduğu uğurlara kölgə salan hərəkətlərin yolverilməz olduğunu bildirib. "Çünki cənab Prezident İlham Əliyevin ölkəmizdə apardığı çox böyük uğurlu iqtisadi siyasətə, həyata keçirdiyi analoqu olmayan iri layihələrə hər hansı bir uyğunsuzluqla kölgə salmaq mümkün deyil. Həyata keçirilən bu böyük layihələrin və görülən işlərin müqabilində və digər zəruri prinsiplərə əsasən xalq məhəbbəti qazanan cənab Prezident İlham Əliyev həmişə öz millətinə arxalanıb. Ölkə başçımızın dediyi kimi, "Mən hamının Prezidenti olacağam sözlərinə də yüz faiz əməl edərək, bu gün xalqının böyük sevgisi ilə əhatə olunub"-deyə E.İbrahimov əlavə edib.

 

Gülər Əhmədova: "Azərbaycanın uğurlarına qarşı olan əməllərə ictimai qınağın da böyük təsiri olmalıdır"

 

Milli Məclisin üzvü Gülər Əhmədova Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Korrupsiyaya qarşı Mübarizə Komissiyasının geniş iclasında bir sıra vacib məsələlərin müzkirə olunduğunu dilə gətirib. Bildirib ki, hər dəfə səslənən fikirlərdə və verilən bəyanatlarda ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə məsələləri öz aktullağını saxlayıb. G.Əhmədova onu da əlavə edib ki, bu cür hallara qarşı mübarizə kampaniya xarakteri daşımamalıdır. Çünki gündəlik həyatımızda bizlər bu cür hallara qarşı öz iradəmizi bildirməliyik deyən G.Əhmədova cəmiyyətimizin belə məqamlarda bir qədər aktiv olmasını və lazımi strukturların işinə köməklik göstərmələrinin də məqbul olduğunu diqqətə çatdırdı. "Eyni zamanda, müəyyən bir strukturdan bir şəxsin korrupsiya ilə əlaqədar olaraq işdən çıxarılması ilə yanaşı, onun barəsində cinayət işi də açılmalıdır. Çünki qanunda bu cür hallara qarşı konkret müddəalar mövcuddur”.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 5 fevral.- S. 6.