Korrupsiyaya qarşı
mübarizədə prokurorluq orqanlarının
üzərinə mühüm məsuliyyət
düşür
Dünən Azərbaycan Respublikasının Baş
Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi,
Naxçıvan Muxtar Respublikası və Bakı
şəhər prokurorluqlarının rəhbər
heyətinin, rayon, şəhər və ərazi hərbi
prokurorlarının iştirakı ilə 2010-cu ildə
görülmüş işlərin vəziyyəti və
qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunmuş Kollegiya iclası keçirilmişdir.
İclasda hesabat məruzəsi ilə
çıxış edən baş prokuror Zakir Qaralov
demişdir ki, 2010-cu ildə Prezident İlham Əliyevin
rəhbərliyi ilə reallaşdırılan müasir
məzmunlu siyasət nəticəsində ölkə
həyatının bütün sahələrində
böyük irəliləyişlərə, müstəqil
dövlətçiliyimizin daha da
möhkəmləndirilməsinə, vətənimizin iqtisadi
qüdrətinin artması ilə nəticələnən
möhtəşəm sosial-iqtisadi inkişaf
göstəricilərinə nail olunmuş, hüquqi, demokratik
dövlət, vətəndaş cəmiyyəti quruculuğu
istiqamətində görülən işlər yeni
müstəviyə qaldırılmışdır. Nazirlər
Kabinetinin yanvarın 17-də keçirilmiş iclasında
dövlətimizin başçısı İlham Əliyevin
dedikləri bunun əyani sübutu olmuşdur. Azərbaycan
neftçiləri tərəfindən "Ümid" qaz
yatağının kəşfi,
Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi
və digər bu kimi möhtəşəm infrastruktur layihələrinin
reallaşdırılması, Dövlət Bayrağı
Meydanının yaradılması
böyük tarixi əhəmiyyət kəsb
edən hadisələr olmuşdur. Azərbaycan Respublikası
Milli Məclisinə keçirilən şəffaf və ədalətli
seçkilər demokratiya yolunda atılan uğurlu addım
kimi tarixə
düşmüşdür.
Qeyd olunmuşdur ki, 2010-cu ildə prokurorluq
orqanlarının səyləri
ilk növbədə, dövlətimizin
başçısı İlham Əliyevin rəhbər
göstərişlərindən irəli gələn
vəzifələrin yerinə yetirilməsinə,
hərtərəfli islahatların yeni müstəvidə
və müasir məzmunda davam
etdirilməsinə, 2009-2011-ci illər üçün
Dövlət Proqramında nəzərdə tutulmuş
tədbirlərin vaxtında və keyfiyyətli icrasına,
fəaliyyət sahələri üzrə işin səmərəliliyinin
artırılmasına, mövcud olan
çatışmazlıqların, xidməti və icra
intizamının pozuntusu hallarının dərhal aradan
qaldırılmasına yönəldilmişdir.
Xüsusi vurğulanıb ki, Prezident İlham
Əliyev ali dövləti fəaliyyətinin ilk gündən
mütəşəkkil cinayətkarlığa, o
cümlədən korrupsiyaya və rüşvətxorluğa
qarşı mübarizə məsələlərini
dövlət siyasətinin prioritet istiqamətləri kimi
müəyyənləşdirməklə, bu
sahədə ən qəti tədbirlərin
görülməsini tələb etmişdir. Məhz
dövlətimizin başçısının
rəhbərliyi altında həyata keçirilmiş
məqsədyönlü tədbirlərin nəticəsi
olaraq, korrupsiya cinayətlərinə qarşı
mübarizə sahəsində son illər ərzində
uğurlu nəticələr əldə edilmiş, müasir
standartlara cavab verən "Korrupsiyaya qarşı mübarizə
haqqında" Qanun qəbul edilmişdir.
Xüsusi qeyd edilib ki, Prezident İlham Əliyevin
Nazirlər Kabinetinin iclasında əsassız yoxlamalar
aparılması hallarının aradan qaldırılması,
hüquq mühafizə orqanlarının
fəaliyyətində belə lüzumsuz yoxlamalara
birdəfəlik son qoyulması, rüşvətxorluğa
və korrupsiyaya qarşı daha da ciddi mübarizə
aparılması, ictimai nəzarətin
gücləndirilməsi barədə verdiyi
tapşırıqlara, cari il yanvarın 27-də dövlətimizin
başçısının tapşırığına
əsasən Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya
qarşı Mübarizə üzrə Komissiyanın geniş
yığıncağında qarşıya
qoyulan vəzifələrin icrası ilə əlaqədar
ölkə həyatının bütün sahələrində
belə mənfi təzahürlərə qarşı daha
kəskin və sistemli mübarizə aparılması,
hakimiyyət orqanları tərəfindən aparılan
əsassız yoxlamalara son qoyulması üçün
müəyyənləşdirilmiş konkret
tədbirlərə müvafiq olaraq, prokurorluq
orqanlarının üzərinə mühüm məsuliyyət
düşür.
Baş prokuror deyib ki, rüşvətxorluğa
və korrupsiyaya qarşı mübarizə ilə
əlaqədar prokurorluğun sıralarının
saflaşdırılması istiqamətində işlər
qətiyyətlə davam etdirilməli, əməkdaşlar
tərəfindən cinayət işlərinin istintaqı
və aparılan yoxlamalar zamanı rüşvət
istənilməsinə, sahibkarlıq
fəaliyyətinə qanunsuz müdaxilələrə,
korrupsiyaya qurşanmanın əlaməti kimi
dəbdəbəli həyat tərzi keçirilməsi
faktlarına qarşı ən ciddi tədbirlərin
görülməsi təmin olunmalıdır. Korrupsiyaya
qarşı mübarizəyə biz özümüzdən
başlamalıyıq ki, digərlərindən belə
münasibət tələb etməyə, onların korrupsioner
fəaliyyətlərini araşdırmağa mənəvi
haqqımız olsun. "Dövlət və
bələdiyyə əmlakının və
vəsaitlərinin idarə olunması sahəsində
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi
haqqında" Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli
Fərmanının qeyd-şərtsiz icrası prokurorluq
orqanlarının qarşısında duran əsas
vəzifələrdən biri kimi müəyyənləşdirilməklə,
Baş Prokurorluğun əlaqədar qurumları və
bütün tabe prokurorlara
həmin Fərmanın və Baş Prokurorluq
üzrə müvafiq əmrin yerinə yetirilməsi
istiqamətində zəruri işlərin davam etdirilməsi,
aşkarlanan korrupsiya hüquqpozmaları üzrə
qətiyyətli tədbirlərin görülməsi və
qabaqlayıcı tədbirlərin
səmərəliliyinin artırılması barədə
tapşırıqlar verilmişdir.
Yüksək peşəkarlıq
göstərilməklə ictimaiyyətin maraq dairəsində
olan, əvvəlki illərdə törədilməklə uzun
müddət ərzində bağlı qalan bir sıra
xüsusilə ağır və ağır cinayətlərin
keyfiyyətli istintaqının aparılması və
təqsirkar şəxslərin məsuliyyətə
cəlb olunması təmin edilmişdir. Baş
Prokurorluğun Ağır cinayətlərə dair
işlər üzrə istintaq İdarəsi
tərəfindən Gürcüstan vətəndaşı
Fərda Qədirovun qanunsuz əldə etdiyi "Makarov"
markalı tapança ilə 2009-cu il aprelin 30-da, Azərbaycan
Dövlət Neft Akademiyasında qarşısına
çıxan tələbə və müəllimlərə atəş açaraq 12 nəfəri
qəsdən öldürməsi və 13 nəfərə
müxtəlif dərəcəli bədən
xəsarətləri yetirməsi faktı üzrə
başlanılmış cinayət işi üzrə
böyük həcmdə işlər görülməklə
istintaq yekunlaşdırılmış, cinayət
işi aidiyyəti üzrə baxılması
üçün Ağır cinayətlərə dair
işlər üzrə Azərbaycan Respublikası
Məhkəməsinə göndərilmişdir. Bundan başqa, 2009-cu
il iyulun 16-da Balakən rayonundakı "Qubek"
yüksəkliyində xarici dövlətlərin və
Azərbaycan Respublikası vətəndaşlarından
ibarət mütəşəkkil silahlı dəstə
üzvlərinin Dövlət Sərhəd Xidmətinin N
saylı hərbi hissəsinin xidmətdə olan əsgərlərinə
odlu silahlardan atəş açmaqla
onları qəsdən öldürməyə, dövlət
sərhədini qanunsuz keçməyə cəhd
göstərmələri və sair faktlara görə
başlanmış cinayət işinin istintaqı tamamlanaraq,
aidiyyəti üzrə baxılması üçün
Ağır cinayətlərə dair işlər üzrə
Azərbaycan Respublikası Məhkəməsinə
göndərilməsi təmin edilmişdir.
Azərbaycan Respublikasında tolerantlığın
hökm sürdüyü, din və etiqad azadlığı,
bütün dinlərin bərabər inkişafı
üçün hərtərəfli təminatların
yaradıldığı bir şəraitdə, rəsmi
dövlət qeydiyyatından keçmədən qanunsuz
fəaliyyət göstərən, məlum xarici dövlətin əlaqədar dairələrinin təsiri
altında olan, ənənəvi islam ideyalarından
açıq-aşkar kənara çıxmaqla gəncləri
öz ətrafında birləşdirmək üçün
hər cür vasitələrə əl atan İslam
Partiyasının üzvləri tərəfindən
hakimiyyətə qarşı itaətsizliyə və mövcud
konstitusiya quruluşunun zorla dəyişdirilməsinə
yönələn çağırışlar
səsləndirilmişdir. Başlanmış
cinayət işinin istintaqı gedişində
barələrində həbs qətimkan tədbiri
seçilmiş 7 partiya tərəfdarının
yaşadıqları və qərargah kimi istifadə olunan
ünvanlarda keçirilən axtarışlar
nəticəsində çoxlu sayda silah və
döyüş sursatı aşkar edilərək götürülmüşdür.
Tapşırıq verilmişdir ki, bu cinayət işinin
qısa müddətdə yüksək peşəkarlıqla
istintaq olunması, bütün əlaqədar şəxslər
aşkar edilməklə onların məsuliyyətə
cəlb edilməsi təmin olunsun. Xüsusi
vurğulanmışdır ki, müstəqil Azərbaycan
Respublikasında pozuculuq fəaliyyəti ilə
məşğul olmaqla, dövlətçiliyimizin
maraqlarına qəsd edən cinayət xarakterli
əməllərə yol vermiş həmin şəxslər,
onları ölkə daxilində və xaricdən
dəstəkləyənlər birmənalı
şəkildə başa düşməlidirlər ki,
heç bir qüvvə Azərbaycanı sivil və demokratik
inkişaf yolundan döndərə bilməz,
ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına
yönəlmiş bütün qanunsuz
hərəkətlərin qarşısı qətiyyətlə
alınacaq.
Baş prokurorun müavini-hərbi prokuror Xanlar
Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru
Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru
Əziz Seyidov, baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və
Xocalı rayon prokuroru Elşən Abdullayev
çıxış edərək 2010-cu ildə
görülmüş işlər barədə ətraflı məlumat veriblər, "Prokurorluq
haqqında" Qanunda nəzərdə tutulmuş
istiqamətlər üzrə fəaliyyətin
səmərəliliyinin daha da artırılması, prokurorluq
orqanlarının işinin müasir məzmunda
təkmilləşdirilməsinə yönəldilmiş
konkret təkliflər irəli sürülüb. Kollegiya iclasına yekun vuran baş prokuror Zakir Qaralov
əmin olduğunu bildirib ki, Azərbaycan Respublikası
Prokurorluğunun kollektivi qüvvələrini
səfərbər edərək, bundan sonra da digər
əlaqədar dövlət təsisatları ilə
birlikdə dövlətçiliyimizin maraqlarının,
ölkəmizdə bərqərar olmuş dayanıqlı
ictimai-siyasi sabitliyin və
əmin-amanlığın qorunması,
cinayətkarlığın bütün
təzahürlərinə və hər cür qanunsuzluqlara
qarşı mübarizənin gücləndirilməsi, insan
və vətəndaş hüquq və
azadlıqlarının etibarlı müdafiəsi
üçün səlahiyyət hədləri daxilində
zəruri tədbirlərin görülməsini təmin
edəcəkdir.
Səs.- 2011.- 5 fevral.- S. 7.