Azərbaycanda makroiqtisadi sabitlik mövcuddur
“Azərbaycanın dövlət büdcəsi
oturuşmuş büdcədir"
Ötən il Azərbaycan iqtisadiyyatında
artım və inkişaf prosesləri davam edərək, dayanıqlı makroiqtisadi
sabitlik yaranıb. Belə ki, ölkə iqtisadiyyatının maliyyə
dayanıqlığı daha
da güclənməklə,
valyuta ehtiyatları əhəmiyyətli dərəcədə
artmışdır. Ümumiyyətlə,
siyasi-iqtisadi proqnozlara
görə, ölkəmizdə
davam edən sürətli inkişaf dinamikası 2011-ci ildə
daha da yüksələcək
və bu mühüm tendensiya özünü makroiqtisadi indiqatorlarda təsdiq etmiş olacaq. Bu isə,
onu deməyə əsas verir ki, bu il
əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 10 faizdən çox artacaq.
Ölkəmizin maliyyə qüdrətinin
artmasının müqabilində
bütün bölmələrdə
pozitivliyin yüksəlməsi
gözlənilən hallardandır.
Əvvəlki illərdə
olduğu kimi, bu ildə də
ÜDM-in artımı
makroiqtisadi inkişafı
təmin etməklə
büdcə gəlirlərinin
formalaşmasına əhəmiyyətli
dərəcədə baza
yaradacaq. Bu isə, 2011-ci ilin büdcə gəlirlərinin
20 faiz artması, büdcə vəsaitlərinin
ümumi həcminin 15
milyard manata yaxınlaşması və
yaxud 18 milyard dolları ötməsi deməkdir. Büdcə gəlirlərinin artması
həm iqtisadi, həm investisiya, həm də sosial layihələrin miqyasının genişlənməsi
üçün əlavə
stimul vermiş olacaq. Eyni zamanda, 2011-ci ilin
büdcə zərfinin
başlıca istiqamətləri
ölkə iqtisadiyyatının
inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların
əvvəlki illərdə
olduğu kimi, davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının
həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını
və digər tədbirləri özündə
əks etdirəcək.
Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin keçirdiyi iclasda 2011-ci ildə də ölkəmizin ali maliyyə sənədi olan dövlət büdcəsinin həcminin
əhəmiyyətli dərəcədə
artacağını
və büdcə vəsaitləri
hesabına bütün
sahələrin inkişafının
sürətlənməsinə impuls veriləcəyini bildirərək, büdcədən
ayrılan əlavə
maliyyə vəsaitləri
hesabına infrastruktur
obyektlərinin yaradılmasının
geniş vüsət alacağını xatırladıb.
Prezident İlham Əliyev 2011-ci ilin büdcə zərfinin də əsasən investisiya yönümlü
olacağını və
infrastruktur-investisiya layihələrinin
maliyyələşdirilməsinə xüsusi diqqət göstəriləcəyini bildirib:
"Azərbaycanın dövlət
büdcəsi oturuşmuş
büdcədir. Biz çalışmalıyıq ki,
büdcəmizi maksimum
dərəcədə vergilər,
rüsumlar hesabına
təmin edək...
2011-ci ilin dövlət
büdcəsi həmişə
olduğu kimi investisiya yönümlü
olmalıdır”.
Ötən ilin 11 ayına nəzər yetirsək, görərik ki, əhalinin nominal pul gəlirlərinin 12 faiz, ev təsərrüfatlarına
bank kreditlərinin isə 14,7 faiz artımı daxili tələbin artmasına da müsbət təsir göstəribdir.
Son aylar ticarət şəbəkəsində
uzunmüddətli istifadə
əşyaları üzrə
yığılan ehtiyatların
azalması müşahidə
olunub. Eyni zamanda, ötən 11 ayda investisiya qoyuluşları 15,2 faiz, o cümlədən, qeyri-neft sektorunda 7,7 faiz artıbdır. Cari ildə tədiyə balansına ixrac qiymətlərinin yüksəlməsi,
bankların xaricdən
kredit cəlb etmək imkanlarının
tədricən bərpası,
xarici maliyyə axınlarının artması
pozitiv təsir edib. 2010-cu ilin 9 ayında cari əməliyyatlar hesabının
profisiti ötən ilin eyni dövrünə nəzərən
69 faiz yüksələrək,
12 milyard dollara yaxınlaşmışdır ki,
bu da kapital
hesabının kəsirini
örtərək valyuta
ehtiyatlarını 9,7 milyard
dollara çatmasına
gətirib çıxarıbdır.
Strateji valyuta ehtiyatları 2010-ci il dekabrın 1-nə 30 milyard
dollara çatmış
və 3 illik mal və xidmət
idxalına kifayət etmişdir. Qeyri-neft sektoru üzrə
real effektiv məzənnə, demək
olar ki, neytral qalmış, Azərbaycanın qeyri-neft
ixracının çox
hissəsinin getdiyi yaxın xarici ölkələr üzrə
isə ucuzlaşıbdır
ki, bu da
rəqabət qabiliyyətinə
müsbət təsir
göstərib.
Hesabat dövrü ərzində inflyasiya təkrəqəmli səviyyədə
qalmış, ötən
ilin yekunu üzrə orta illik inflyasiya 5,5 faiz, son bir
ildə isə 7,4 faiz təşkil etmişdir. Partnyor ölkələrdə inflyasiyanın sürətlənməsi,
xüsusən də, ərzaq istehsalının
azalması inflyasiyaya artırıcı təsir
göstərən önəmli
amil olmuşdur. Əlverişsiz təbii mühit kənd təsərrüfatı istehsalının
azalmasına səbəb
olmuş, nəticədə
kənd təsərrüfatında istehsalçı
qiyməti indeksi ötən ilin 11 ayında 3,7 faiz yüksəlmişdir.
Bütün bu faktlar bir
daha sübut edir ki, Azərbaycanın
2011-ci il üçün
dövlət büdcəsi
özünün prioritet
istiqamətləri və
strukturuna görə əvvəlki illərin büdcələrindən müsbət
istiqamətdə fərqlənməklə,
bütün makroiqtisadi
hədəflərin gücləndirilməsinə
əhəmiyyətli dərəcədə
baza yaradır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 5 fevral.- S. 8.