Ailə və cəmiyyətdə qadınların
rolu böyükdür
Hicran Hüseynova: "Ötən dövr
ərzində komitəyə 6 mindən artıq
müraciət ünvanlanıb"
Cəmiyyətin bütün
incəliklərini zərgər
dəqiqliyi ilə təsdiq etmiş Ulu Öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə yaraşıq,
zinət, insanlığa
şərəf, şan-şöhrətdir.
Qadın ucalıq, ülvilik məbədidir,
ismət, qeyrət, qüdrət rəmzidir".
Məhz bu incəliyin
rəmzi olan qadınlarımızın təmsil
olunduqları Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 5 illik yubileyi keçirildi. Tədbir iştirakçıları
ilk öncə Fəxri Xiyabana gedərək, Ümummilli
Lider Heydər Əliyevin məzarını
ziyarət edib, abidəsi önünə
gül dəstələri
düzüblər. Daha
sonra komitə əməkdaşları görkəmli
alim, oftalmoloq Zərifə Əliyevanın
məzarını ziyarət
ediblər.
Qurum əməkdaşları,
həmçinin, Şəhidlər
Xiyabanında müstəqillik
uğrunda şəhid
olan qəhrəmanlarımızın
məzarını da ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan komitənin sədri H.Hüseynova AQUPDK-nin 5 illik fəaliyyəti ilə bağlı geniş məlumat verib. O bildirib ki, komitə
beş il bundan qabaq Prezident
İlham Əliyevin
361 saylı Fərmanına
əsasən yaradılıb.
Onun sözlərinə
görə, komitənin
əsas məqsədi
ailə, qadın və uşaq problemləri istiqamətində
qarşıya qoyulan vəzifələri həyata
keçirməkdir. O, vurğulayıb
ki, ötən illər ərzində ölkə rəhbərinin
komitəyə daim diqqət göstərməsi
nəticəsində qurum
üçün ayrılan
büdcə vəsaitləri
artıb, əməkdaşların
sayı 20-dən 68-ə çatdırılıb:
"Bundan əlavə,
bu müddət ərzində 11 uşaq və ailələrə dəstək mərkəzi
komitənin balansına
verilib ki, bu da fəaliyyət
imkanlarımızı getdikcə
genişləndirməklə yanaşı, məsuliyyətimizi
daha da artırıb.
Ötən dövr ərzində komitəyə
6 mindən artıq
müraciət ünvanlanıb.
Onlardan 60 faizi komitədə qəbul olunan vətəndaşların
müraciətidir".
Çıxışının davamında qurumun
5 il ərzində həyata keçirdiyi layihə və tədbirlər haqqında
məlumat verən H.Hüseynova, həmçinin,
bildirdi ki, ötən dövr ərzində komitə bir sıra beynəlxalq
təşkilatlar və
xarici ölkələrin
analoji qurumları ilə əməkdaşlıq
münasibətlərini
genişləndirməyə nail olub. Eyni
zamanda qurum rəhbəri əlavə
edib ki, AQUPDK-nın yaradılmasının
5 illik yubileyi ərəfəsində komitə
əməkdaşlarının bir qrupu "Dövlət qulluğunda fərqlənməyə görə"
medal ilə təltif olunub: "Sevindirici haldır
ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyeva ölkəmizin ictimai həyatında müstəsna
rol oynayan şəxsiyyət kimi qadınlarımızın hüquq
və imkan bərabərliyinin genişləndirilməsi,
gender balansının
qorunması və daha da
möhkəmləndirilməsi, uşaqların etibarlı
müdafiəsinin təmin
olunması prosesinə
layiqli töhfə verir. Bu gün
Heydər Əliyev Fondu ölkəmizdə elm, təhsil, səhiyyə, ekologiya sahələrində irimiqyaslı
layihələrin gerçəkləşdirilməsi
ilə yanaşı, ailə, qadın və uşaq problemlərinin həllinə
də böyük qayğı ilə yanaşır. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü
və fəal dəstəyi sayəsində
"Məişət zorakılığının
qarşısının alınması
haqqında" Qanun Milli Məclis tərəfindən qəbul
edilmişdir".
Komitə sədri ötən dövr ərzində komitənin qeyri-hökumət
təşkilatları ilə
əlaqə yaratdığını
da vurğuladı:
"Ötən dövr
ərzində əldə
edilən ciddi uğurlardan biri uşaq və qadın qeyri-hökumət
təşkilatlarının fəallığının əhəmiyyətli
dərəcədə artırılması, onların problemlərinin həlli prosesinə fəal surətdə cəlb edilməsidir".
Tədbirdə çıxış
edən millət vəkili Qənirə Paşayeva komitənin 5 illik yubileyi münasibətilə qurumun
əməkdaşlarının təbrik etdi. Q.Paşayeva komitənin qısa vaxt ərzində böyük
nailiyyətlər əldə
etdiyini vurğuladı:
"Komitə bu müddət ərzində
həyatımızın önəmli
işlərində izini
qoyub. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyeva da bu komitəyə
hər zaman dəstək olub. Komitənin əsas uğurlarından biri işini millət vəkilləri və QHT-lərlə qurmasıdır.
O, bu müddət ərzində bir çox millət vəkillərini və vətəndaş cəmiyyətini
özünə cəlb
edə bilib. Komitənin həyata keçirdiyi mühüm işlərdən biri
"Məişət Zorakılığı
haqqında" Qanun layihəsi idi ki, hazırda həmin layihə bütün ailələrin
əsasına çevrilib
".
Tədbirdə çıxış
edən millət vəkilləri Fuad Muradov, Jalə Əliyeva və digərləri komitənin
5 illik fəaliyyətini
müsbət qiymətləndirdilər
və qurumun əməkdaşlarına uğurlar
arzuladılar.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 5 fevral.- S. 9.