Yaşamaq üçün ölməyi bacardın

 

7 fevral Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür

 

Zaman dayanmadan hərəkətdədir. Odlu-alovlu nər igidlər milli ruhun qarşısında tab gətirmədən döyüşdə qəhrəmanlıq göstərirlər.  Bu sırada ismi qəhrəmanlıq tariximizdə yer alan, Azərbaycan tarixinin milli qəhrəmanları sırasında adını əməlləri ilə həkk edən Mübariz İbrahimov da var. O, əməlləri ilə şanlı ordunun mübarizə əzmini göstərdi. Vətən təəssübkeşliyi, vətən sevgisi, vətən aliliyi onu qəhrəmanlıq tariximizdə adını yaşatdı. Mübariz İbrahimov yaşından asılı olmayaraq, hər kəsə örnək oldu.  Bu meydanda qəhrəman zirvəsinə yüksəlmək arzusunda olan insanlar Mübariz yolu getməyə hər an  hazırdılar.

Mübarizin göstərdiyi igidlik təsadüf olaraq hücuma keçən ermənilərin qarşısını almaq həmləsi zamanı büruzə verilməmişdir. Bu düşünülmüş addımın məntiqidir. Artıq o, bu şəhidliyə hazır vəziyyətdə olaraq şəhidlik zirvəsinə yüksəldi. Mübariz İbrahimovun özündən sonra bizlərə gəlib çatan məktubundakı sətirlər bunu deyir. O, ölümün gözünə dik baxaraq, "Vətən sağ olsun!" deyib ömür yolunu müəyyənləşdirdi. Çox həssaslıqla yazılmış məktubun səhifələrində bir qəhrəman cüssəli Azərbaycan oğlunun simasını görürük. "...Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim". Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək, qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır. Bu, bizlər üçün qəhrəmanımızdan qalan tarixi sənəddir. Onun kimliyi, ən əsası isə  Mübarizlə bir tanışlıq nümunəsidir. Sətirlər onun sonu görünməyən bir yola getdiyini və vətənin yolunda  şəhid olaraq görəcəyi işlərin əksidir. Bu ölümdən bütün Azərbaycan danışır. Qısa bir zamanda əfsanəvilik qazandı, bu ömür yolu ilə. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, oradan məhz onun yaşadığı evi, onu böyüdən və ona tərbiyə verən ana və atanın ziyarətinə gəlməsinlər.

Bu gün Azərbaycan övladlarına Mübariz İbrahimov bir örnək olmuşdur. Yaşından asılı olmayaraq, onun  igidliyindən danışır. Bir ailənin oğlu Azərbaycanın oğluna çevrildi. Bu igidliyin yolu kiçik yaşlarından Mübarizin özünün tərbiyəsindən başlamışdır. Məktəbə qədəm qoyduğu ilk gündən Azərbaycan bayrağını yüksəkliklərə qaldırmağı özünə qürur hesab etmişdir. Bütün həyatı boyu insan əxlaqına zidd olan meyilləri pisləmiş, hətta  yalan və rüşvət məfhumlarına nifrətlə yanaşmışdır. Vətən boyda bir sevgi onun qəlb evində yuva salmışdı. Həyata baxışı onu vətənə sadiq və bu sadiqliyi nümayiş etdirməyə doğru yönəltmişdi. Ya hərbçi, ya da idmançı olmaq arzusu onu döyüşə hazırlaşdırdı. Bu sevgi həyatının meyarı tək onu yaşatdı və ölümün ən yüksək zirvəsinə yüksəltdi. Ailə üzvlərinin dediyinə görə, Mübariz hər zaman üstündə Azərbaycan sözü yazılmış, bayrağı həkk olunmuş paltarlar geyərmiş. Bu xırda detallar olmuş olsa da, onun hikmətində çox böyük düşüncənin, Azərbaycançılıq işığının olduğunu göstərir.

Onun bu qəhrəmanlığı bir məktəbdir. Dövlətimiz tərəfindən görülən işlər Mübarizin qəhrəmanlığına məhəbbətin ifadəsidir. Xalq belə insanları yaşadır. Azərbaycan Prezidenti İlham Əliyev şəhid gizirə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə "Azərbaycanın Milli Qəhrəmanı" adı verdi. Biləsuvar rayonunun orta məktəblərindən birinə, eyni zamanda, Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsi qərara alındı.

Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilən gəmi hazırda milli qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov "2010-cu ilin adamı" seçildi. Bu ad ona Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Azərbaycan xalqının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini, nəyin bahasına olur-olsun, yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə verilmişdir.

Keçdiyi yolun və göstərdiyi igidliyin nəticəsidir ki, bu gün çoxları mən də Mübariz kimi olacam, düşmənləri öldürəcəyəm,-deyə düşünür:

 

Qisas üçün öz əhdində dayandın,

Bir örnəkdi hər bir kəsə bu andın.

Ölümünlə ölməzliyi qazandın,

Yaşa sən ey türk oğlu, azər oğlu.

 

Görməmişdi yağı belə tamaşa,

Döyüş etdin düşmən ilə baş-başa.

Hələ yenə səsləyəcək savaşa,

Vətən sən tək neçə-neçə ər oğlu.

 

Yol açmısan zəfərlərə çatmağa,

Qarabağa bayrağımı sancmağa.

Qoymayacaq qanınızı batmağa,

Baş Komandan ər İlham Heydər oğlu.

 

 

NƏZAKƏT ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 5 fevral.- S. 10.