“Qara Qarayevin həyat və yaradıcılığı
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin materiallarında”
Dünən M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında “Qara Qarayev. Həyat
və yaradıcılığı
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin materiallarında”
kitabının təqdimat
mərasimi keçirildi.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar,
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət
və incəsənət
xadimləri, musiqisevərlər
iştirak edirdilər.
Heydər Əliyev Fondunun
və Mədəniyyət
və Turizm Nazirliyinin birgə dəstəyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin növbəti
nəşri olan bu əsərin təqdimat mərasimində
çıxış edən
Milli Kitabxananın direktoru Kərim Tahirov dahi bəstəkarın
əbədiyaşarlığından
söz açdı. Mərasimdə
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış
edərək, hər il fevralın 5-də adı Azərbaycan mədəniyyəti tarixinə
qızıl hərflərlə
yazılmış dahi
bəstəkar, SSRİ xalq
artisti, Dövlət Mükafatı laureatı,
akademik Qara Qarayevin doğum gününün silsilə
tədbirlərlə qeyd
edildiyini, onun ölməz musiqisinin səsləndiyini bildirdi. Qara Qarayev opera,
balet, simfoniya, simfonik poema, instrumental konsert, kamera-instrumental və vokal janrlarında yaratdığı əsərlərlə,
teatr tamaşalarına
və kinofilmlərə
yazdığı musiqilərlə
dünya mədəniyyəti
xəzinəsinə böyük
töhfə vermişdir.
Onun “Yeddi gözəl” və “İldırımlı yollarla”
baletləri, simfoniyaları,
“Don Kixot” simfonik qravürləri, “Leyli və Məcnun”
simfonik poeması və bir çox
başqa əsərləri
müəllifinə dünya
şöhrəti qazandırmışdır.
Sevda Məmmədəliyeva Prezident
İlham Əliyevin müvafiq Sərəncamı
ilə 2008-ci ildə sənətkarın 90 illik
yubileyinin təkcə
ölkəmizdə deyil,
dünyanın bir çox məşhur sənət məbədlərində
geniş şəkildə
qeyd edildiyini nəzərə çatdırdı.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Qara Qarayev. Həyat və
yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin materiallarında”
kitabına yazdığı
ön sözdə Azərbaycan xalqının
bəşər tarixinə
bəxş etdiyi nadir şəxsiyyətlərdən
biri olan Qara Qarayevin yaradıcılığından söz açaraq, təqdim edilən nəşrin musiqisevərlərə dəyərli
bir hədiyyə olduğunu, bəstəkarın
sənətinin, zəngin
irsinin və şəxsiyyətinin öyrənilməsi,
təbliği və gələcək nəsillərə
çatdırılmasında əhəmiyyətini vurğulayıb.
Sevda Məmmədəliyeva
Mədəniyyət və
Turizm Nazirliyi adından bu monumental nəşrin hazırlanmasına göstərdiyi
dəstəyə görə
Mehriban xanım Əliyevaya minnətdarlığını
bildirdi. O, qeyd etdi ki, kitabda
700-ə yaxın sənəd
xronoloji qaydada təqdim edilmiş və bu sənədlərin
bir çoxu ilk dəfədir nəşr olunur. Nazir müavini çıxışını Ulu Öndər Heydər Əliyevin bu sözləri ilə tamamladı: “Qara Qarayev bizə,
özünün bədii
dəyərinə görə
valehedici irs qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir
alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır.
Bəstəkar, pedaqoq,
alim, rəhbər, ictimai xadim olan
Qara Qarayev həmişə və hər işdə alovlu musiqiçi-tribundur.
Qara Qarayevin adı, onun musiqisi ölməzdir. İllər, on illər keçəcək,
bizim kimi yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin əsərləri vasitəsilə
dərk edəcəklər”.
Tədbirdə Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət
Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor Zemfira Səfərova, dahi sənətkarın tələbəsi,
xalq artisti Musa Mirzəyev və başqaları çıxış edərək,
bu dəyərli kitabın nəşr olunmasını
yüksək qiymətləndirdilər.
Tədbirdə Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış
“Qara Qarayevin əsərləri” və
“Qara Qarayev. Elektron məlumat bazası” diskləri də təqdim edildi. Mərasimdə Azərbaycan Dövlət simli kvarteti tərəfindən Qara Qarayevin əsərlərindən
parçalar səsləndirildi
və iştirakçılar
sənətkarın həyat
və yaradıcılığına
həsr edilmiş sərgi ilə tanış oldular.
Zümrüd
Səs.- 2011.- 5 fevral.- S. 12.