Şəhrizadbaletinin premyerası oldu

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Nikolay Rimski-Korsakovun musiqisi əsasında səhnəyə qoyulmuş “Şəhrizad” baletinin premyerası olub

 

Balet artistlərinin parlaq və ilhamlı çıxışları, gözəl və monumental zəngin dekorasiya və kostyumlar tamaşanı daha baxımlı və maraqlı edirdi. Əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında simfonik orkestr rus simfonik musiqisinin incisi və N.Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli əsərlərdən biri olan “Şəhrizad” simfonik poemasını çox yüksək professional səviyyədə ifa etdi və buna görə ən yüksək qiymətə layiqdir. Bütünlükdə tamaşa xüsusi bayram əhval-ruhiyyəsi şəraitində keçdi. Zaldakı tamaşaçılar, tamaşa bitəndən sonra, iştirakçılara gurultulu alqışlar və “bravo” sədaları ilə öz təşəkkürlərini ifadə edir və uzun müddət onları səhnədən buraxmaq istəmirdilər. Tamaşadan sonra balet truppasının bədii rəhbəri - Azərbaycanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva premyera haqqında fikirlərini bölüşərək bildirib: “Bugünkü tamaşada balet truppamızın professional səviyyəsi məni tam qane etdi. Şadam ki, N.Rimski-Korsakovun bu məşhur əsəri artıq bizim teatrın repertuarına daxil oldu. N.Rimski-Korsakovun simfonik əsərinin orkestr tərəfindən çox böyük ustalıqla ifa olunduğunu, xüsusilə, qeyd etmək istərdim. Onların ifası balet truppamızı daha da ruhlandırdı. Məlum olduğu kimi, qarşıda bizi Moskvaya çox məsuliyyətli qastrol səfəri gözləyir. Həmin səfər ərəfəsində balet truppası və simfonik orkestrimizin belə uğurlu çıxışı, heç şübhəsiz ki, dünyanın ən məşhur səhnələrindən biri olan Böyük Teatrda da müvəffəqiyyətlə çıxış edəcəyimizdən xəbər verir. Balet artistlərimizi öz sürəkli alqışları ilə daha da ruhlandıran çoxsaylı tamaşaçılara sonsuz minnətdarlığımı bildirmək istərdim. Tamaşadan sonra onların uzun müddət zalı tərk etmək istəməyərək, yaradıcı kollektivi alqışlaması bir daha premyeranın baş tutduğunu sübut etdi.

 

 

Zümrüd

 

Səs.- 2011.- 3 fevral.- S. 12.