Prezident Kitabxanası
Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzinə Azərbaycan
haqqında 153 kitab və elektron məlumat bazaları hədiyyə edib
Dünən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanası Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzinə (RİMM) kitablar hədiyyə edib. Bu münasibətlə
RİMM-də tədbir
keçirilib.
Tədbiri RİMM-in
direktoru Ənvər Şeyxov açaraq, Azərbaycan ilə
Rusiya arasında humanitar əlaqələrin inkişafında
bu mərkəzin rolundan danışaraq, Mərkəzə hədiyyə
edilən kitablara görə Prezident Kitabxanasına təşəkkürünü
bildirib. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov
çıxışında deyib ki, mərkəzə Azərbaycan,
rus və ingilis dillərində 153 kitab və elektron məlumat
bazaları hədiyyə edilir. Bunlar əsasən, ümummilli
lider Heydər Əliyevin, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin fəaliyyətinə,
respublikanın tarixinə, iqtisadiyyatı, mədəniyyəti
və incəsənətinə həsr edilmiş
kitablardır. Hədiyyə olunan kitablar arasında akademik
Ramiz Mehdiyevin, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun,
professorlar Əli Həsənov və İradə
Hüseynovanın, digər müəlliflərin siyasət,
diplomatiya və beynəlxalq münasibətlərə aid əsərləri
də vardır. Prezident Kitabxanası RİMM-ə "Heydər
Əliyev. Elektron sənədlər toplusu", "Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin nitqləri,
çıxışları, müsahibələri, bəyanatları",
"Xoşməramlı səfir", "XX əsrin faciəsi
- Xocalı soyqırımı" və "Odlar yurdu Azərbaycan"
adlı beş elektron məlumat bazası da hədiyyə edir.
Sonra "İnterfaks-Azərbaycan"
informasiya agentliyinin baş direktoru Aleksandr İvanov bu agentliyin
xəbər arxivləri əsasında hazırlanmış
"Heydər Əliyev haqqında teleqraf mətnləri"
adlı kitabın bir neçə nüsxəsini mərkəzə
hədiyyə edib. Mərkəzin işçilərini bu
yaxınlarda yeni binanın istifadəyə verilməsi münasibətilə
təbrik edən Rusiya Federasiyasının Azərbaycandakı
səfiri Vladimir Doroxin demişdir ki, RİMM daim Azərbaycan
dövlətinin dəstəyini hiss edir. Mərkəzə
Prezident Kitabxanası tərəfindən kitablar hədiyyə
edilməsi də bunun bir nümunəsidir. V.Doroxin onu da
vurğulamışdır ki, Azərbaycan dövləti
respublikada rus dilinin qorunmasına və inkişafına
böyük diqqət yetirir, bu isə iki ölkə
arasında humanitar əlaqələrin inkişafının
yüksək səviyyədə olduğunu göstərir.
Sonda səfir V.Doroxin Azərbaycan
kitabxanalarının əməkdaşları
üçün təşkil edilmiş seminarın
iştirakçılarına rus dilində olan informasiya
resurslarından istifadəyə dair Rusiya dövlətinin
nümunəvi sertifikatlarını təqdim edib. Seminarlar
"Possotrudniçestvo"nun təşkilati dəstəyi
ilə federal "Rus dili" məqsədli proqramı tərəfindən
təşkil olunub. Tədbirdə Milli Məclisin
deputatları, təhsil, mədəniyyət və turizm
nazirliklərinin nümayəndələri də iştirak
edirdilər.
Samir
Səs.- 2011.- 9 fevral.- S. 2.