AKADEMİK İSMAYIL HACIYEV - 60
FƏDAKAR ALİM VƏ
İCTİMAİ-SİYASİ XADİM
...Oxuduğu mühazirələr həm elmilik
baxımından dolğun olduğuna görə, həm
özünəməxsus pedaqoji ustalığa
söykəndiyindən, həm də ən son elmi
yenilikləri ehtiva etdiyindən onun dərslərində auditoriyamız
tələbələrlə ağzına qədər dolu
olardı. Seminar dərslərimiz o qədər canlı, o
qədər maraqlı keçirdi ki, dəqiqələrin
bir-biri ilə necə ötüşdüyünün
fərqinə varmırdıq. Bizə həmişə elə
gəlirdi ki, II kursda öyrəndiyimiz Siyasi tarix, III kursda
bizə tədris edilən Azərbaycan tarixi (müasir
dövr) fənlərinin mühazirə və seminarları
yalnız başlanğıcdan və sondan ibarətdir. Lakin bu başlanğıcla sonun arasındakı biz
tələbələrə çox qısa görünən
zaman məsafəsinə elə dərin elmi biliklər
sığırdı ki, tənəffüslərdə tələbə
yoldaşlarımızla bir yerə toplaşaraq, bir
tərəfdən mövcud dərsliklərin köhnəlmiş ideoloji konsepsiyaya
söykəndiyi, yenilərinin isə hələ ortaya
çıxmadığı bir vaxtda milli tariximizə dair
əldə etdiyimiz yeni biliklərin yaratdığı
məmnunluq hisslərini bölüşür, digər
tərəfdən tanıdığımız digər
müəllimlərdən özünün zəngin və
çox əhatəli mütaliəsi
ilə fərqlənən fənn müəlliminin
qibtəediləcək operativliklə ən son, bəzən
hətta iki-üç gün əvvəl elmi
dövriyyəyə daxil edilmiş məlumatları
tələbələrə dərhal çatdırmaq
məharətinə heyrət etməyə bilmirdik.
Başqa sözlə, tənəffüslərdə
də həmin dərslərdə olduğumuzu hiss edirdik, bu
qısa "dərslərdə" müəllimimiz
şəxsən iştirak etməsə də, onun
öyrətdiyi biliklər məsuliyyətli elmi
müzakirələrə vadar edirdi. Çünki bu
dərslərdə biz öz ixtisasını dərindən bilən, tələbələrinə tədris
etdiyi fənni sevə-sevə öyrədən əsil
pedaqoqu, tarix elminin sirlərinə yüksək
səviyyədə bələd olan, bu, elmin ən son
nailiyyətlərini tələbələrlə
bölüşən gözəl alimi, eyni zamanda, zəngin
milli mənəviyyat mücəssəməsi olan, öz
ali əxlaqi və insani keyfiyyətləri ilə
tələbələr üçün nümunəyə
çevrilən dəyərli bir insanı görürdük...
İllər
bir-birini qovdu, tələbəlik həyatımız bitdi. Tale
mənə öz əziz müəllimlərimlə eyni
kollektivdə - doğma Naxçıvan Dövlət Universitetində
birgə, çiyin-çiyinə çalışmaq
şərəfini nəsib etdi. Bu, mənim üçün
ona görə dəyərli idi ki, əmək
fəaliyyətim dövründə də bu gözəl
insanlardan bilavasitə yararlanmaq, onlardan öyrənmək
imkanı əldə etdim. Heç
şübhəsiz ki, son dərəcə böyük
məsuliyyətlə yanaşdığım elmi-pedaqoji
fəaliyyətimdə mənim üçün artıq
çox hörmətli İsmayıl müəllimin
şəxsiyyətində təcəssüm edən universitet
müəlliminin ən yüksək nümunəsi, etalonu var
idi. Başqa sözlə, on ildən
artıqdır ki, müəllim kimi universitetin
auditoriyalarına daxil olanda hiss etdiyim məsuliyyəti
məndə formalaşdıran, tələbələrlə
söhbətlərimdə dəfələrlə haqqında
söhbət açıb danışmaqdan
yorulmadığım müəllimlərimin sırasında
birinci yerdə duran, həm də mənim namizədlik
dissertasiyası üzərində işlədiyim vaxtlarda elmi
rəhbərim olmuş İsmayıl müəllimdir. Bu insan bütün tələbələrin
sevimlisinə çevrilən müəllimimiz, bu gün
nəinki özünü, hətta dediyi hər bir dərsi
unutmadığımız, artıq bütün
ölkəmizin elmi-siyasi ictimaiyyətinin
tanıdığı AMEA Naxçıvan Bölməsinin
sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin professoru,
əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevdir.
Akademik İsmayıl Hacıyev 1994-1995-ci tədris
ilində bizə siyasi tarix fənnini tədris edərkən,
Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk
rəhbərliyi dövründə ölkəmizə
bəxş etdiyi kursda dahi ali təhsil ocağı olan
Naxçıvan Dövlət Universitetinin tarix
ixtisasının ikinci kursunda oxuyurduq. 1967-ci ildən Azərbaycan Dövlət Pedaqoji
İnstitutununu filialı kimi fəaliyyətə başlayıb,
1972-ci ildə müstəqil Dövlət Pedaqoji İnstitutuna
çevrilən universitetimizdə İ.Hacıyev 1978-ci
ildən assistent kimi fəaliyyətə
başlamışdı. Bizə tarix elminin ən yeni elmi
biliklərini tədris edərkən o, artıq tarix
elmləri namizədi (1992), dosent (1995) idi.
Qeyd edək ki, XX əsrin 80-ci illərinin
sonu-90-cı illərinin əvvəllərində
ölkəni öz girdabına alan anarxiya və
başıpozuqluq, bütövlükdə, təhsil sisteminə
olduğu kimi, Naxçıvan Dövlət Universitetinə
də öz ciddi mənfi təsirini göstərmişdi.
Ümummilli Liderimizin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə baş verən pozitiv
dəyişikliklər 1996-cı ilin sonlarından başlayaraq
Naxçıvan Dövlət Universitetinin həyatında da
sürətlə öz əksini tapmağa başladı.
1996-cı ilin oktyabrında universitetin rəhbərliyində
ciddi kadr dəyişiklikləri edildi, tanınmış elm
adamı və ictimai xadim, filologiya elmləri doktoru,
professor İsa Həbibbəyli rektor vəzifəsinə
təyin olundu. Məhz bundan sonra dövlət
rəhbərliyinin ölkədə ictimai-siyasi sabitliyi
bərqərar etmək üçün həyata
keçirdiyi siyasətə adekvat olaraq bu ali təhsil
ocağında da qısa müddətdə anarxiya
dövrünün bütün mənfi təsirləri aradan
qaldırıldı, universitet yeni, sürətli
və dönməz inkişaf yoluna qədəm qoydu.
1996-cı ilin oktyabrında İsmayıl Hacıyev universitetin
elmi işlər üzrə, 1997-ci ilin yanvar ayında isə
tədris işləri üzrə prorektoru
vəzifəsinə təyin olundu və 2003-cü ilin yanvar
ayınadək bu vəzifədə çalışdı.
Heç şübhəsiz ki, bilavasitə,
Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizə
rəhbərlik etdiyi dövrdən başlayaraq həyata
keçirilən təhsil və elm siyasətinin,
Naxçıvan Muxtar Respublikası rəhbərliyinin
ardıcıl və tükənməz
qayğısının sayəsində Naxçıvan
Dövlət Universiteti həmin illər ərzində
Azərbaycan ali məktəbləri ailəsinin ən
inkişaf etmiş təhsil ocaqlarından birinə
çevrildi. Bu inkişafda prorektor kimi işinə
novatorcasına münasibəti,
təşkilatçılıq məharəti və
ədalətli prinsipiallığı ilə İsmayıl
Hacıyevin böyük xidmətləri oldu. Bu
zamanadək universitetin tarix-filologiya fakültəsinin dekan
müavini (1985-ci il), Naxçıvan Özəl
Universitetində elmi işlər üzrə prorektor (1994-95-ci
illər il) və "İctimai elmlər"
kafedrasının müdiri (1995-ci il) vəzifələrində
elmi-pedaqoji təşkilatçılıq qabiliyyətini
göstərə bilmişdi. Amma Naxçıvan
Dövlət Universitetinin birinci prorektoru kimi hörmətli
alim bu rəhbərlik postunda özünü ən
yüksək səviyyədə ifadə etdi və
təsdiqlədi. Eyni zamanda, bu illərdə
İsmayıl müəllim gərgin elmi
axtarışlarını davam etdirdi, müxtəlif
beynəlxalq və respublika səviyyəli simpozium və
konfranslarda iştirak və tariximizin ən aktual elmi
problemlərinə dair məzmunlu, birmənalı qəbul
olunan maraqlı çıxışlar etdi, elmi məqalə,
kitab və monoqrafiyalarında apardığı tədqiqatların
mühüm nəticələrini şərh etdi, geniş
ictimai fəaliyyətlə məşğul oldu. İ.Hacıyev
1999-cu il sentyabrın 4-də maraqlı və yorulmaz elmi
axtarışların bəhrəsi kimi "Naxçıvan
Muxtar Respublikası Azərbaycanın milli
dövlətçilik tarixində" mövzusunda doktorluq
dissertasiyasını böyük uğurla müdafiə etdi. Bu qədər geniş spektrli fəaliyyət görkəmli
alim və ictimai xadim İsmayıl Hacıyevin bir
şəxsiyyət kimi obrazının kamil cizgilərlə
zənginləşdiyinin sübutu və Azərbaycan
cəmiyyətinə təqdimatı üçün
mühüm bir mərhələ təşkil etdi.
Bu
mərhələdə artıq XXI əsrin
başlanğıcında, özünün yeni intibahı ərəfəsində
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvan Muxtar Respublikasının elmi mühitində
böyük bir canlanma müşahidə olunurdu. Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin 2002-ci ilin avqust ayında imzaladığı
Sərəncamla AMEA-nın nəzdindəki Naxçıvan
Elm Mərkəzi səlahiyyətləri, strukturu, maddi-texniki,
elmi-təşkilatı bazası, kadr potensialı
genişləndirilərək, bir sözlə, əslində,
forma və məzmunu tamamilə dəyişdirilərək
daha optimal və çevik fəaliyyət
göstərən elmi müəssisəyə -
tərkibində dörd elmi-tədqiqat institutunu, Astrofizika
Rəsədxanası və Əlyazmalar Fondunu
birləşdirən AMEA-nın Naxçıvan
Bölməsinə çevrildi. Heç
şübhəsiz ki, Naxçıvan diyarının tarixini,
mədəniyyətini, təbiətini daha səmərəli
və əhatəli şəkildə öyrənməyə
yönəldilmiş bu mühüm addım Azərbaycan
dövlətinin elmə göstərdiyi qayğının
daha bir əməli nəticəsi idi.
2003-cü il
yanvar ayının 15-də tarix elmləri doktoru İsmayıl
Hacıyev AMEA Naxçıvan Bölməsinin sədri
vəzifəsinə təyin edildi, aprelin 22-də AMEA-nın
həqiqi üzvü seçildi. Müstəqillik
dövrünün ötən mərhələsinin
təcrübəsi göstərdi ki, Heydər Əliyev
dövlətçilik məktəbinin yetirməsi olanlar onun
siyasi fəlsəfəsindən yararlandıqlarından,
Azərbaycan ictimai-siyasi mühitinin ən uğurlu
xadimləridir. Çünki bu görkəmli şəxsiyyətin
özünün idarəetmə ilə bağlı aksiomaya
çevrilmiş bir fikri var: "Rəhbərlik etmək,
yəni adamları öyrətmək və
tərbiyələndirmək üçün gərək
mənəvi haqqın olsun".
Bu mənada, gözəl insan və
ziyalı, dəyərli alim İsmayıl Hacıyevin bu
təyinatı qısa müddətdə özünü
doğrultdu. Dövlətin maddi-texniki bazanın
möhkəmləndirilməsi, elmi-tədqiqat institutları
üçün əsas və yardımçı
binaların tikilməsi, bir sözlə, işləmək
üçün zəruri şəraitin yaradılması
istiqamətində atdığı çevik addımlara
İ.Hacıyevin rəhbərliyi və təşkilatçılığı
ilə AMEA Naxçıvan Bölməsinin elmi kontingenti
adekvat operativliklə cavab verdi. 2005-ci ildə iki
cilddən ibarət "Naxçıvan Ensiklopediyası",
"Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsi" kitabı, 2008-ci ildə
"Naxçıvan abidələri" ensiklopediyası
(Azərbaycan və ingilis dillərində),
"Naxçıvanın tarixi atlası",
"Naxçıvanın folklor antologiyası" (I cild),
"Naxçıvan Muxtar Respublikasının
Qırmızı kitabı" (I və II cildlər),
"Naxçıvan teatrının salnaməsi (1883-2008)"
və b. nəşr olundu.
Akademik İ.Hacıyev bu illərdə öz elmi
axtarışlarını da yorulmadan davam etdirdi,
Azərbaycanda, qonşu ölkələrdə
saysız-hesabsız elmi konfranslar, simpoziumlar, elmi məcmuələr
onun iştirakı və qiymətli məruzələri,
məqalələri və elmi əsərləri ilə
dəyər qazandı. "Heydər Əliyev və
milli-tarixi yaddaşın bərpası" (2003)
monoqrafiyası, "Naxçıvan Muxtar Respublikası -
80" (2004; həmmüəllif) kitabı, "Mustafa Kamal
Atatürk və Naxçıvan" (2007) (akademik İsa
Həbibbəyli ilə birlikdə), "Azərbaycan
Respublikasının ictimai-siyasi və mədəni
həyatında qadınların iştirakı (1941-1945-ci
illər)" (2008), "İntibahın 15 ili" (2010; İ.Həbibbəyli, B.İsmayılovla birgə)
monoqrafiyaları, "Azərbaycan Xalq Cümhuriyyəti və
Naxçıvan" (2010) kitabı işıq üzü
gördü, 2003-2010-cu illərdə 140-dan artıq elmi
məqaləsi dərc edildi.
Bütün
bu qeyd edilənlərlə bərabər həm də
tarixi-əməli və elmi-nəzəri təcrübə
cəmiyyətdə gedən proseslərdə
şəxsiyyətin müəyyənedici rolunun
nəzərə alınmasını zəruri edir. Bu baxımdan, son illərdə Naxçıvan elmi
mühitinin sürətli yüksəlişə nail
olunmasında akademik İsmayıl Hacıyevin və onun
rəhbərlik etdiyi AMEA Naxçıvan Bölməsinin
özünəməxsus yeri və rolu vardır. Öz ömrünü,
fəaliyyətini bütövlükdə, elmə
bağlamış, məhsuldar, zəngin
bir ömür yolu keçmiş bu böyük
şəxsiyyətin uzun illərdir ağır blokada
şəraitində Naxçıvanda mühüm elmi
nailiyyətlərə imza atdığı danılmazdır.
26 kitab və monoqrafiyanın, 230-dan çox elmi məqalənin
müəllifi olan görkəmli alimin imzası bu elmi
əsərlərin həyata vəsiqə alması
ilə yanaşı, elmi rəhbər kimi 16 nəfər
elmlər doktoru və fəlsəfə doktorlarının
yetişməsində də əhəmiyyətli rol
oynamışdır. O, 2006-cı ildən AMEA Naxçıvan
Bölməsində Dissertasiya Şurasının sədri,
Bölmənin "Xəbərlər" jurnalının
baş redaktoru və daha 10-a yaxın elmi məcmuə və
jurnalın redaksiya heyətinin üzvüdür.
Cəmiyyətin inkişafında mühüm rol oynayan şəxsiyyətlərin həyatı şəxsilikdən, dar çərçivədən çıxır, ictimailəşir və ictimai inkişafın hərəkətverici qüvvəsinə çevrilmiş olur. Elə buradaca Ümummilli Liderimiz Heydər Əliyevin belə bir müdrik kəlamını da xatırlatmaq tamamilə yerinə düşür: "Ziyalılıq kütləvi ola bilməz. Alim, yazıçı, bəstəkar, rəssam - bunlar fitri istedada malik insanlardır". Bu mənada, akademik İsmayıl Hacıyev, sözün həqiqi mənasında, Azərbaycan ziyalı mühitinin tanınmış üzvlərindən olan dəyərli alim, görkəmli ictimai xadimlərdəndir. Özündə bütün insani xüsusiyyətlərlə əsil ziyalılığın hər bir komponentini ehtiva edən bu görkəmli alim kamil şəxsiyyət bütövlüyünün mücəssəməsidir.
İctimailəşmiş
həyatı, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyəti
İsmayıl Hacıyevin obrazını dolğun ifadə
etmək üçün onu bütün çalarları
ilə xarakterizə etmək zərurətini yaradır:
hər şeydən əvvəl, o, prinsipial, ciddi, səmimi
və ədalətli insandır - bu xüsusiyyətləri
ilə müsahibinə qeyri-iradi psixoloji təsir
göstərir, eyni insani xüsusiyyətləri
qarşısındakı insana da tərbiyəvi
müstəvidə aşılayır, İsmayıl
Hacıyevin ali insani keyfiyyətlərini obrazlı
şəkildə belə ifadə etmək olar: əgər
akademiklik yalnız elmə görə deyil, ali insani
xüsusiyyətlərə görə verilsəydi, o,
çox gənc yaşlarından bu titula layiq
görülərdi; İsmayıl Hacıyev gözəl
müəllimdir - tələbələr öz
müəllimlərini sevir, onunla fəal ünsiyyətə,
bu ünsiyyətdən daha çox mənimsəməyə
can atır, elmin ən son nailiyyətlərinin əks
olunduğu mühazirələrindən maksimum biliklər
əldə etməyə çalışırlar; o,
görkəmli və şöhrətli alimdir - əməkdar
elm xadimidir (2009), AMEA-nın (2003) və Nyu-York Elmlər
Akademiyasının həqiqi üzvüdür (2002),
Naxçıvan MR Ali Məclisinin (2011) və Azərbaycan
Respublikası Təhsil Nazirliyinin (2000, 2003) Fəxri
Fərmanları ilə təltif olunmuşdur, Azərbaycan elmi
qarşısındakı xidmətlərinə görə akademik
Yusif Məmmədəliyev adına mükafat və medalla
təltif olunmuşdur (2007), 2001-ci ildə ABŞ-ın Bioqrafiya
İnstitutu tərəfindən "İlin adamı"
adına, 2010-cu ildə qızıl medala layiq
görülmüşdür; o,
tanınmış ictimai-siyasi xadimdir - İsmayıl
Hacıyev 2000-2005-ci illərdə II
çağırış Naxçıvan MR Ali Məclisinin,
2005-2010-cu illərdə III çağırış
Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi
ölkəmizdə qanunyaradıcılığı prosesinin
fəal iştirakçısı olmuş, 2010-cu ildə IV
çağırış Milli Məclis
üzvlüyünə yenidən seçilmiş və
hazırda ölkə parlamentinin İnsan Hüquqları
Komitəsinin üzvü kimi demokratik, hüquqi dövlət
quruculuğu prosesinə öz töhfəsini verir; Dünya
Azərbaycanlılarının I (2001) və II (2006)
Qurultaylarının, Tunisdə İnformasiya Cəmiyyəti
üzrə Dünya Sammitinin (2005), Türk dünyası
dövlət və cəmiyyətlərinin dostluq,
qardaşlıq və işbirliyinə aid X Qurultaylarının
(2006) nümayəndəsi olmuşdur. Ölkəmizi
və elmimizi Böyük Britaniya, Rusiya,
Türkiyə, İran, Misir, Tunis, Qazaxıstan,
Türkmənistan, Xorvatiya və s. kimi yaxın və uzaq
ölkələrdə ləyaqətlə və yüksək
səviyyədə təmsil edən görkəmli elm xadimi
35-dən çox beynəlxalq simpozium və konfransların
fəal iştirakçısı olmuşdur.
Bütün
bunlar akademik İsmayıl Hacıyevin bütöv, kamil
şəxsiyyətinin ayrı-ayrı cizgiləri olmaqla,
elmi-ictimai fəaliyyətinin, siyasi
dünyagörüşü sisteminin zənginliyini
şərtləndirir. Birbaşa qeyd edək ki,
Ümummilli Lider Heydər Əliyevin müstəqil
dövlətçilik və azadlıq ideyalarının
fəal tədqiqatçısı və
təbliğatçisi olan alim öz siyasi
görüşlərində aydın mövqeli,
qətiyyətli Heydər Əliyevçi, ardıcıl yeni
azərbaycançı və dönməz etatistdir.
Azərbaycan dövlətçiliyinə və xalqına
xidmət onun yalnız ictimai-siyasi
dünyagörüşünün deyil, həm də bir alim,
ziyalı və şəxsiyyət kimi ən ümdə
amalıdır. O, tələbə
auditoriyasından tutmuş ən yüksək səviyyəli
elmi simpoziumlaradək, ali dövlət tədbirlərindəki
bütün nitqlərindən tutmuş monoqrafiyalarına
qədər, həmişə və hər yerdə
Azərbaycan dövlətçiliyinin,
Azərbaycançılıq ideologiyasının elmi-siyasi təhlilinə
böyük diqqətlə yanaşır. Həm
siyasi əqidəsinə, həm də ideoloji
baxışlarına görə özünün
vətənpərvər Azərbaycançı
obrazını çəkinmədən ifadə edir, öz
elmi əsərləri ilə bugünkü və
gələcək nəsilləri milli ruha kökləyir,
qarşısındakı auditoriyaya uğurla inandırıcı
və istiqamətverici təsir göstərir. Burada Ulu
Öndər Heydər Əliyevin ölməz
ideyalarının akademik İsmayıl Hacıyevin
ziyalı-vətəndaş mövqeyinin özülünü
təşkil etdiyi bariz görünür: "Müstəqil
Azərbaycan dövlətinin əsas ideyası
Azərbaycançılıqdır. Hər bir
azərbaycanlı öz milli mənsubiyyətinə
görə qürur hissi keçirməlidir və biz
azərbayjançılığı - Azərbayjan dilini, mədəniyyətini,
milli-mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıyıq".
Görkəmli alim özünün milli
dövlətçilik və mənəvi-əxlaqi
müstəvidə dünyagörüşünü ifadə
edən ideyaları ilə mütərəqqi konservatordur, onun
milli məsələlərdəki mənəvi
dəyərlərin yüksək tutulduğu ictimai-siyasi
mövqeyini elm təşkilatçısı
və müəssisə rəhbəri kimi yenilikçiliyi
tamamlayır, zənginləşdirir. İsmayıl
Hacıyevin ictimai-siyasi görüşlərinin
kökündə möhkəm dövlətçilik
əqidəsi dayanır, ölkəmizə,
Vətənimizə münasibətdə istənilən
mövqeyə bu prizmadan münasibət göstərilir ki,
bu da tanınmış ictimai-siyasi xadimin bu portretinin
qabarıq cizgisi kimi özünü aşkar büruzə
verir və cəmiyyət tərəfindən
rəğbətlə qarşılanır. Görkəmli
alimin Ümummilli Liderimizin dövlətçilik təliminin
ayrı-ayrı məsələləri üzrə
apardığı araşdırmalar,
Azərbaycançılıq, vətənçilik və
milli dövlətçilik təliminin məhək
daşı olan Əliyevşünaslıq təliminə konseptual yanaşma
tərzi "Heydər Əliyev və milli-tarixi yaddaşın bərpası" monoqrafiyasında,
"Heydər Əliyev və Azərbaycan tarixi
məsələləri", "Heydər Əliyev və
Naxçıvanda elmin inkişafı", "Heydər
Əliyevin milli tarix konsepsiyası", "Heydər
Əliyevin həyatı və fəaliyyətinin
Naxçıvan dövrləri", "Heydər Əliyev
və Naxçıvanın görkəmli tarixi
şəxsiyyətləri" və s. bu kimi onlarla elmi
məqalə və əsərlərində özünü
qabarıq şəkildə göstərir.
Akademik İsmayıl Hacıyevin elmi
fəaliyyəti, ziyalılığı,
vətənpərvərliyi, şəxsiyyətinin
bütövlüyü, Ulu Öndər Heydər Əliyevin
azadlıq və müstəqil dövlətçilik
ideyalarının tədqiqi və təbliği onun Yeni Azərbaycan
Partiyası sıralarında aktiv siyasi fəaliyyətinin
mayasını təşkil edir. O, istər muxtar respublika
miqyaslı, istərsə də, respublika miqyaslı partiya
tədbirlərinin fəal iştirakçısıdır. On
beş ilə yaxındır ki o, üzvü olduğu Yeni
Azərbaycan Partiyasının elmi-siyasi kontingentində
ləyaqətlə təmsil olunur. Elə buna
görədir ki, ən ali partiya tədbirlərində və
orqanlarında görkəmli akademikin iştirakı
tamamilə təbii qarşılanır. İsmayıl
Hacıyev Yeni Azərbaycan Partiyasının III (2005) və IV
(2008) Qurultaylarında təmsil olunmuşdur, YAP
Naxçıvan MR Təşkilatının III (2004) və IV
(2007) konfranslarında təşkilatın Siyasi
Şurasının üzvü seçilmişdir.
Akademik İsmayıl Hacıyev ciddi elmi əsaslara
istinad edən zəngin intellekti, vətənpərvər,
işgüzar, təəssübkeş, dövlətçi
əqidəyə, qanunun aliliyinə və tarixi milli əxlaqa
söykənən, ümumbəşəri ideyalarla zəngin
dünyagörüşə malik olan görkəmli ictimai-siyasi
xadimdir. Onun yüksək səviyyəli
innovasiyalılığı, geniş ictimai-siyasi
məlumatlılığı, düşüncə
konstruktivliyi, müasir beynəlxalq proseslər
barəsindəki geniş siyasi informasiyalılığı,
nitqlərindəki siyasi savadlılıq İsmayıl
Hacıyevin ictimai-siyasi xadim kimi portretinin kamilliyini təmin
edən başlıca xarakterik cizgilərdir.
Bütün cəmiyyətlər təbii inkişaf
qanunauyğunluqları ilə yanaşı, ayrı-ayrı
lider şəxsiyyətlərinin fəaliyyətinin
nəticəsi olaraq inkişaf edir. Öz həyatının
kamillik dövrünü haqlamış Azərbaycan aliminin
hələ bundan sonra da elmimizin və cəmiyyətimizin
inkişafında böyük xidmətləri
olacağı şübhəsizdir. Çünki artıq
böyük şəxsiyyətinin özünütəsdiqi
prosesini çoxdan keçmiş İsmayıl
müəllimin fəaliyyəti öz sərhədlərini
daha da genişləndirərək özünün
yetirmələrini hazırlamaqla cəmiyyətə təqdim
etmək, vətənin və dövlətçiliyin
inkişafına həm də ardıcılları vasitəsilə
yeni-yeni töhfələr vermək istiqamətində də
uğurlarla zənginləşmişdir. Heç bir
tərəddüdsüz qeyd etməliyik ki, əməkdar elm
xadimi, AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru,
professor İsmayıl Hacıyev cəmiyyətin
inkişafında belə bir geniş fəaliyyət sahibi olan
görkəmli alim və ictimai-siyasi xadimdir.
ELMAN CƏFƏRLİ
Səs.- 2011.- 9 fevral.- S. 5-6.