Alt Komitənin fəaliyyəti real vəziyyətin qiymətləndirilməsi deməkdir

 

Aydın Mirzəzadə: "AŞPA-nın Ermənistanı sanksiyadan kənarda qoyması yolverilməz bir məsələdir"

 

- Aydın müəllim, AŞPA Belarusda qeyri-demokratik keçirilən seçkilərə görə, bu ölkəyə sanksiya tətbiq etdi. Amma Ermənistanda iğtişaşlar və insan qırğını ilə müşayiət olunan 2008-ci il 1-2 mart olaylarına görə, işğalçı ölkə cəzadan kənarda qaldı. Bu ikili mövqeyi necə şərh edərdiniz?

- Təbii ki, bu, çox təəssüf doğuran hal və istənilən təhlil üçün çox ciddi materialdır. İşğalçı dövlət olan Ermənistanın durumu Belarusdakı vəziyyətdən olduqca qat-qat ağır və çətindir. Ermənistanda 30-dan çox insan öldürüldü, seçkilər saxtalaşdırıldı, dinc nümayişçilərə qarşı güc tətbiq edildi, silahlı qüvvələr və polis gücü hesabına cəmiyyət bir az sakitləşdirildi. Lakin yenə də hər gün Ermənistanda çox ciddi toqquşmalar baş verir. Onlar Sarkisyan rejiminin devrilməsini lehinədirlər. Ermənistanda baş verən bu cür qarşıdurmaya, insan qırğınına beynəlxalq təşkilatlar, ilk növbədə, AŞPA tərəfindən heç bir reaksiya verilmədi. Baxmayaraq ki, bu gün Ermənistan cəmiyyəti tamamilə  çalxalanır, Sarkisyan hakimiyyətinin saxta olduğu bildirilir və yeni seçkilər tələb edilir. AŞPA-nın Belarusa qarşı sanksiya tətbiq etməsi və işğalçı ölkə olan Ermənistanı sanksiyadan, cəzadan kənarda qoyması yolverilməz bir məsələdir. Ermənistana olan bu cür mövqe ikili standartın nəticəsidir. Çox təəssüf ki, beynəlxalq təşkilatların özündə ədalət və hüquqi nailiyyətlərə çağırış olsa da, biz əməldə tamam fərqli münasibətləri görürük. Heç də gizli deyil ki, burada erməni diasporunun, lobbilərinin çox böyük rolu var. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatların tribunasından Ermənistanın beynəlxalq hüquq normalarına meydan oxuması məsələsini qaldırır. Amma hər dəfə çox yumşaq ifadələrlə müxtəlif qurumlar tərəfindən Ermənistan, sadəcə olaraq, unutdurulmağa çalışırlar.

- İşğalıçı ölkə olan Ermənistan AŞPA-da Alt Komitənin fəaliyyət göstərməsinin əleyhinədir. Nə ilə izah etmək olar?

- Alt komitənin fəaliyyəti faktların toplaması və real vəziyyətin qiymətləndirilməsi deməkdir. Reallıq isə, işğalçı dövlətə, təbii ki, sərf etmir. İşğalçı dövlətdən silahlı qüvvələrinin Ermənistanda nəyə görə yerləşdirilməsi, Dağlıq Qarabağ rejiminin Yerevandan Xankəndinə göndərilməsi soruşulacaq, 100 min nəfərlik bir icma üçün müstəqil dövlətin qeyri-müəyyənliyini ortaya qoyulacaq. Bu zaman isə, işğalçı dövlətin deməyə söz haqqı  olmayacaq. Amma Alt Komitənin bərpasını dayandırmaq istiqamətində erməni lobbilərinin bütün "fədakar" cəhdləri boşa çıxdı və səsvermə nəticəsində alt komitənin bərpası həll olundu.

- Hər dəfə olduğu kimi, bu dəfə də faktaraşdırıcı missiya regiona etdiyi növbəti səfərinin hesabatını gecikdirir. Sizcə, faktaraşdırıcı missiyanın bu ənənəvi "gecikdirmə" taktikası Ermənistan maraqlarının təmin olunmasına hesablanırmı?

- Görünür, faktaraşdırıcı missiya Ermənistan əleyhinə o qədər faktlar ortaya çıxarıb ki, indi onları ört-basdır etmək mümkün deyil. Həmin faktları eynən olduğu kimi vermək işğalçı dövləti ittiham etmək deməkdir. Faktaraşdırıcı missiya isə, bu gün, sadəcə olaraq, heç bir tərəfi narazı salmayan bir mövqedə durur. Yəqin ki, bir çox faktları yumşaltmaq, Ermənistan tərəfini narazı salmamaq üçün həmin hesabatın üzərində çox ciddi iş gedir.

- Sizcə, faktaraşdırıcı missiyanın təqdim etdiyi hesabat ədalətli olacaqmı?

- Hər halda, necə olmasından asılı olmayaraq, mütləq ortada olan faktlar Ermənistanın əleyhinə işləyəcək.  Amma 2005-ci ilin hesabatında kifayət qədər göz yumulan və hər iki ölkəyə eyni mövqe nümayiş etdirən hallar mövcud olub. Bütün bunların fonunda söhbət işğal olunmuş torpaqdan gedir, həmin torpaqların Ermənistan tərəfdən qeyri-qanuni surətdə digər ölkə vətəndaşlarının yerləşdirilməsindən gedir. Ona görə də həmin məruzə mütləq işğalçı dövlətin əleyhinə yönələcək.

 

 

AYLANA RZAYEVA

 

Səs.- 2011.- 9 fevral.- S. 6.