Nərimanov rayonu uğurla inkişaf edir

 

Dünən Nərimanov rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sosial-iqtisadi inkişafının 2010-cu ilin yekunlarına həsr olunan iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov, millət vəkilləri Ağacan Əbiyev və Rasim Musabəyov, rayonun idarə və təşkilat rəhbərləri, həmçinin, rayon fəalları iştirak edib.

Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə çıxış edərək respublikada aparılan uğurlu sosial-iqtisadi siyasətdən danışıb. Bildirib ki, bu uğurlu ikişaf nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından biri olan Nərimanov rayonunda da böyük işlər görülüb: "Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində hələ keçmiş sovetlər dönəmində burada inşa olunan və özünün nəhəng istehsal həcmli miqyasına görə seçilən sənaye müəssisələri bu gün də ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edir. Rayonun, eyni zamanda, paytaxtın 5 rayonunun mərkəzində yerləşməsi buradakı nəqliyyat və digər kommunikasiya sisteminin müasir tələblərə uyğun olaraq durmadan inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nəqliyyat axınına və uzunluğuna görə paytaxtın ən iri prospektləri olan Heydər Əliyev və Ziya Bünyadov prospektləri məhz bu rayonda yerləşir. Son illər burada qeyd olunan sahələr üzrə nəqliyyat infrastrukturunun genişləndirilməsi baxımından müasir standartlara uyğun körpü və yolötürücüləri inşa olunmuş, prospekt və yollar genişləndirilmişdir".

A.Fərzəliyev onu da söyləyib ki, ümumilikdə, bütün ölkədə aparılan quruculuq və abadlıq işləri Nərimanov rayonunda da geniş vüsət alıb: "Son dövrdə respublikamızda inşa olunan dövlət əhəmiyyətli və digər sosial obyektlərin sırasında özünün müasir, modern arxitekturası, relyef mövqeyi, genişliyi və əzəmətliliyi ilə seçilən, dünyada analoqu olmayan, Ümummilli Liderimizin adını daşıyacaq Heydər Əliyev Mərkəzini şah əsəri kimi dəyərləndirmək olar. Rayonda, həmçinin, sakinlərin istirahətinin sağlam və mənalı keçirilməsi baxımından da xeyli işlər görülüb. Yalnız son, "Ekologiya ili" çərçivəsində, ümumilikdə, 7 ha. ərazi rayonun daxili imkanları hesabına abadlaşdırılıb və burada park-yaşıllıq zolağı salınıb. Ərazidə ölkəmizin müxtəlif bölgələrindən və İtaliyadan gətirilmiş müxtəlif qiymətli ağaclar əkilib".

Qeyd olunub ki, rayon ərazisində 137 sənaye obyekti, 122 tikinti təşkilatı, 1800 firma, şirkət, kiçik müəsissə və s. 40 nəqliyyat, 43 rabitə sahəsində fəaliyyət göstərən müəsissə və bir çox xarici şirkət və nümayəndəliklər fəaliyyət göstərir. Burada 8 ali, 2 orta ixtisas təhsil müəssisələri, 4 peşə liseyi, 1 gimnaziyya, 3 kollec, 20 orta məktəb, 5 kitabxana, 28 dövlət və 13 özəl tibb müəssisəsi fəaliyyət göstərir. Bundan başqa son dövrdə rayon ərazisində Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə fond tərəfindən Zərifə Əliyeva adına uşaq bağçası, Respublika Talassemiya Mərkəzi, Psixonevroloji Uşaq Evi və müasir məktəb kompleksi tikilib istifadəyə verilib, Kor və zəif görən Uşaqlar üçün Respublika İnternat Məktəbi və onun nəzdindəki musiqi məktəbi, "Ankara məktəbi" liseyi, 6 saylı uşaq poliklinikası əsaslı təmir olunub.

2010-cu ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdiyini deyən icra başçısı 2010-cu ildə istehlakçılara 320,3 milyon manatlıq sənaye məhsulunun göndərildiyini qeyd edib. O, istehsal olunmuş sənaye məhsulunun həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisinin 55,1 faiz təşkil etdiyini vurğulayıb: "Sənaye kompleksində işləyənlərin sayı il ərzində 2741 nəfər artaraq 11795 nəfər təşkil edib, onların orta nominal əmək haqqı 17,2 faiz artaraq 362,7 manat olub. Sahibkarlığın inkişaf etdirilməsi və onlara göstərilən dövlət dəstəyinin artması nəticəsində 2008-ci ildə 295, 2009-cu ildə 302, 2010-cu ildə isə 332 yeni müəssisə yaradılıb. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2003-cu ildən indiyə kimi 27834 daimi iş yerləri yaradılıb ki, bunun da 1807-si 2010-cu ilin payına düşür. Qeyd etmək lazımdır ki, daimi iş yerlərinin 56 faizi yeni yaradılmış müəssisə və təşkilatların hesabınadır".

İl ərzində bütün mənbələr hesabına əsas kapitala 51,3 milyon manatlıq investisiya qoyulduğunu söyləyən A.Fərzəliyev qoyulmuş investisiyaların 99,9 faizinin daxili investisiyalar təşkil etdiyini vurğulayıb. Tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcminin 356,2 milyon manat təşkil etdiyini dilə gətirən icra başçısı bildirib ki, bu sahədə işləyən işçilərin orta aylıq əmək haqqı 11,2 faiz artaraq 465 manat təşkil edib: "İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də artıb. Belə ki, il ərzində rayon əhalisinə 187,1 milyon manatlıq pullu xidmətlər göstərilib ki, ötən ilə nisbətən 111,2 faiz artım qeydə alınıb. Ticarət və nəqliyyat sahələri də xeyli inkişaf edib. Belə ki, il ərzində ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 712,6 milyon manat olmaqla 100,6 faiz artım sürəti qeydə alınıb. Əhaliyə göstərilən ictimai iaşə xidmətinin həcmi 26,1 milyon manat olmala 65 faiz artıb. Ticarət sahəsində işləyənlərin sayı 1170 nəfər artaraq 11992 nəfər təşkil edib".

Daha sonra isə Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva, Nərimanov rayonu Polis İdarəsinin rəisi Muradəli Babayev, MKT İstehsalat Kommersiya MMC-nin Bakı İplik Fabriki və Beynəlxalq Ticarət Mərkəzi Departamenti rəisinin müavini Səbuhi Mustafayev, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Qoşqar Məmmədov, Respublika Uşaq Stomatoloji Mərkəzinin baş həkimi Rafael Sultanov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və digərləri çıxış ediblər. Çıxışlarda 2010-cu ildə müvafiq sahələrdə əldə olunan uğurlar və yeni ildə qarşıda duran vəzifələr barədə söhbət açılıb.

 

Əli Əhmədov: "Nərimanov rayonunun sosial-iqtisadi və mədəni inkişafında böyük nailiyyətlər müşahidə olunur"

 

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov öncə  2010-cu il noyabrın 7-də keçirilən parlament seçkilərində Nərimanov rayon sakinlərinə yenidən ona etimad göstərdiklərinə görə minnətdarlığını bildirib: "Eyni zamanda, sizi əmin etmək istəyirəm ki, bundan əvvəlki 5 ildə mənə göstərilən etimada nail olmağa çalışdığım kimi növbəti 5 il ərzində də bütün gücümü, imkan və bacarığımı sərf edəcəm ki, göstərdiyiniz etimadı doğrulda bilim".

"2010-cu il bütövlükdə Azərbaycanın inkişafında uğurlu il olduğu kimi, eyni dərəcədə Bakı şəhərinin Nərimanov rayonunun sosial-iqtisadi və mədəni inkişafında da böyük nailiyyətlərlə müşahidə olunub" deyən YAP İcra katibi əlavə edib ki, ümumiyyətlə, 2010-cu il və bütövlükdə 21-ci əsrin yola saldığımız 10 ili Azərbaycan üçün kifayət qədər böyük nailiyyətlərlə tariximizə yazılıb: "Həm bu illər ərzində, həm də 21-ci əsrin birnici onilliyinin son ili olan 2010-cu il ərzində həyatımızın bütün sahələrində-iqtisadiyyatda, sosial həyatımızda, digər sahə və sferalarda böyük nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin böyük mənası həm də öz ifadəsini onda tapır ki,  bir neçə ildir dünyanın güclü iqtisadiyyata, böyük iqtisadi gücə malik olan ölkələrində ciddi iqtisadi sıxıntıların müşahidə olunmasına baxmayaraq, Azərbaycan özünün iqtisadi inkişafını davam etdirə bilmişdi. Və iqtisadi inkişafla yanaşı olaraq insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdı. Təbii ki, Azərbaycan ayrıca bir adada yaşamır, bunu hər birimiz dərk edirik, dünyada baş verən proseslər bu və ya digər dərəcədə istər-istəməz Azərbaycana da təsirsiz ötmür. Lakin bütün bunlara baxmayaraq, Prezidentimizin rəhbərliyi altında müəyyənləşdirilmiş və uğurla həyata keçirilən siyasət Azərbaycanı və Azərbaycan vətəndaşını dünyanın, dünya iqtisadiyyatının hiss etdiyi çox ciddi sıxıntılardan əhəmiyyətli dərəcədə qoruyub saxlaya bilmişdi. Bizim nə iqtisadiyyatımız geriliyir, nə də insanların sosial rifahında hər hansı bir çətinliklər və geriləmələr müşahidə olunur. Əksinə, burada qeyd olunan rəqəmlərdə göstərildiyi kimi iqtisadiyyatımız əhəmiyyətli dərəcədə inkişaf edib".

YAP-ın Sədr müavini, İcra katibi, millət vəkili Ə.Əhmədov onu da bildirib ki, bütövlükdə, hakimiyyət strukturlarının qarşısında duran çox əhəmiyyətli vəzifələrindən biri xırda və orta sahibkarlığa dəstəyin gücləndirilməsindən ibarətdir: "Çünki xırda və orta sahibkarlığın inkişafı iş yerlərinin çoxalması, insanların işlə təminatı səviyyəsinin artırılması, həmçinin, ölkənin iqtisadi qüdrətinin güclənməsi, büdcəyə çoxlu sayda əlavə vəsaitlərin daxil olması və bunun vasitəsilə insanların rifah halının yaxşılaşdırılması üçün imkanların genişlənməsi deməkdir. Qarşımızda duran çox əhəmiyyətli vəzifələrdən biri də gənclərlə işin yenişləşdirilməsi və bütövlükdə gənclər siyasətinə yeni prizmadan yanaşmaqla əlaqədardır. Bütün bunlarla yanaşı, bizim hər birimizdə çox böyük bir daxili inam mövcuddur ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 21-ci əsrin qarşıda duran 10 ili də Azərbaycana yola saldığımız on illər qədər, bəlkə də uğurlar gətirəcək. Qarşıda duran 10 il ərzində həyata keçiriləcək islahatlar nəticəsində ölkəmizdə iqtsadiyyat daha da güclənəcək, insanlarımızın rifahı daha da yaxşılaşacaq, Azərbaycanın qüdrəti daha da artacaq. Bütün bunların sayəsində bu günə qədər həll edə bilmədiyimiz yeganə problemin həllinə nail olacağıq və Prezidentimizin rəhbərliyi altında işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcəyik".

İclasın sonunda 2010-cu ildə Nərimanov rayonunda müxtəlif sahələr üzrə fərqlənən şəxslər rayon icra hakimiyyətinin fəxri fərmanı təltif edilib və televizorla mükafatlandırılıb.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 9 fevral.- S. 7.